Facebook Twitter WhatsApp

Süd qardaşlıq

Sual: Bir uşaq bir qadının südünü əmsə, uşaq kimlərlə süd qardaşı olar?

CAVAB

İki yaşından kiçik iki uşaq, eyni qadından süd əmərsə, süd qardaşı olurlar.

Bir uşaq bir qadının südünü əmərsə, bu südün hasil olmasına səbəb olan kişi bu uşağın süd atası olduğu kimi, bu kişinin atası da süd babası, anası da süd nənəsi, qardaşları da süd əmi və süd bibisi olar.

Uşağın süd anası və süd atası ilə və bunların anaları, ataları, qardaşları, uşaqları və hər nəsildən nəvələri ilə evlənməsi əbədi haramdır. Bunlara qandan qohum olsaydı, yenə evlənə bilməzdi. Bu uşağın övladları, onun süd anası və ya süd atası ilə evlənə bilməz. Uşağın xanımı uşağın süd atası ilə və uşağın əri də uşağın süd anası ilə evlənə bilməz. Eyni qadından əmən oğlan ilə qız, süd ataları başqa olsa və başqa illərdə əmmiş olsalar belə, bir-biri ilə və bir-birlərinin uşaqları və nəvələri ilə evlənə bilməz.

Sual: Böyük qardaşımın xanımı bir qızı əmizdirmişdi. Bu qızla evlənməyim haramdır?

CAVAB

Bəli, haramdır. O qız böyük qardaşınızın qızı sayılır, sizin də qardaş qızınız olur. Öz qardaşın süd qızı ilə evlənmək haram olduğu kimi, süd qardaşın öz qızı ilə və süd qardaşın süd qızı ilə də evlənmək haramdır.

Sual: Böyük qardaşım əmimin xanımını əmmişdi. Əmimin qızı ilə evlənə bilərəm?

CAVAB

Bəli, evlənə bilərsiniz.

Sual: Bir uşaq mənim xanımımı əmdi. Bu uşağın bacısı mənə naməhrəmdir?

CAVAB

Bəli, yaddır.

Sual: Əmimin xanımını əmdim. Bu xanım öləndə əmim başqa bir qadınla evləndi. Bu qadın da mənə süd anam kimi məhrəmdir?

CAVAB

Bəli məhrəmdir, yəni yad deyildir. Süd atanın başqa xanımı da məhrəm olur.

Sual: Xanımımdan süd əmən uşaq böyüdü və evləndi. Onun xanımı mənə yaddır?

CAVAB

Süd oğlunun xanımı, öz oğlunun xanımı kimi gəlinin olur, yəni yad deyil, məhrəmdir.

Sual: Südünü əmdiyim qadının qardaşı, yəni süd dayım, mənim bacımla evlənə bilər?

CAVAB

Süd ananın və ərinin, yəni süd atanın, qan və süd əmizdirməklə hasil olan qohumun hamısı süd uşağın qohumudur. Lakin, süd uşağın qohumu süd anasının və süd atasının qohumu deyildir. Məsələn; süd ananın qardaşı, süd uşağın bacısı ilə evlənə bilər. Süd atasının qardaşı da evlənə bilər.

Sual: Böyük qardaşım əmimin xanımını əmmişdi. Əmimin qızları mənimlə də süd bacı olar?

CAVAB

Əminizin bütün qızları böyük qardaşınızla süd bacı-qardaşdır. Sizinlə heç biri süd bacı olmazlar.

Sual: Süd qardaşlığında, “Süd aşağı axar, yuxarı axmaz” sözü doğrudur?

CAVAB

Belə bir şeyin əsli olmadığı Neməti-İslam kitabında yazılmışdır. Məsələn; bir qız bir qadından süd əmsə, bu qadının bütün uşaqları ilə süd bacı olur. Lakin, bu qadının uşaqları, əmən qızın bacısı və kiçik qardaşları ilə də evlənə bilər. Yalnız bu qız onlara süd bacı olar. Böyük-kiçik digərləri süd bacı və ya qardaş olmaz.

Sual: Əmimin böyük qızı anamı əmmiş. Əmimin digər qızları ilə süd bacı olarıq?

CAVAB

Ananızdan süd əmən böyük qız ilə hamınız süd bacı olarsınız. Ananızı əmməyən digər qızların heç biri heç birinizlə süd bacı olmaz.

Sual: Süd qardaşın süd qızı da, süd qardaş hökmündədir?

CAVAB

Bəli, süd qardaş hökmündədir.

Sual: Bir şəxs xanımının süd qızına şəhvət ilə toxunsa, öz qızına toxunmuş kimi hörməti-müsahərə hasil olar?

CAVAB

Bəli.

Sual: Bir qadın əmziyə südünü sağsa, əmziyin içində inək südü də olsa və bu süd başqa birinin kiçik uşağına içirilsə, bu uşaq südünü içdiyi qadının uşaqları ilə süd qardaş (bacı) olar?

CAVAB

Qadının südü, inək südündən çox isə süd qardaş (bacı) olar. Az isə süd qardaş (bacı) olmaz. Qadının südü qatıq edilsə, uşağa bu qatıq yedirilsə yenə süd qardaş (bacı) olmaz. (Mərakıl fəlah, Dürər, Tahtavi)

Süd qardaşın bacısı

Sual: Süd oğlunun və ya süd qızının bacısı ilə evlənmək caizdir?

CAVAB

Bəli, caizdir.

Süd qardaş qızı

Sual: Süd qardaşının və ya öz qardaşının süd qızı ilə evlənmək caizdirmi?

CAVAB

Xeyr, caiz deyildir. Çünki qardaşınızın qızı deməkdir.

Sual: Oğlumun süd anasının qızı ilə evlənməyim caizdir?

CAVAB

Bəli, caizdir.

Sual: Qardaşımın qızını əmizdirən qadının qızı ilə evlənmək caizdir?

CAVAB

Bəli, caizdir.

Qardaşın süd qardaşı

Sual: Kiçik qardaşımın əmdiyi qadının qızı ilə və ya bu qadınla evlənməyim caizdir?

CAVAB

Bəli, caizdir.

Sual: Oğlum bir qadını əmmişdi. Bu qadınla evlənməyim caizdir?

CAVAB

Bəli, oğlunun süd anası ilə evlənmək caizdir.

Sual: Süd qardaşımın yanında başı açıq dayana bilərəm?

CAVAB

Bəli. Normal qardaşınızdan fərqi yoxdur. Dinən qardaşınızın yanında necə dayana bilərsənizsə, onun yanında da elə dayana bilərsiniz. 

Sual: Uşaqlarımızı bir-birinə süd qardaşı etməyin faydası və ya zərəri nə ola bilər? Nələrə diqqət etməyimiz lazımdır? Hər iki uşaq da bir-birinin anasını əmməsi lazımdırmı, yoxsa biri kafidirmi?

CAVAB

Süd qardaşlıq ümumiyyətlə tövsiyə edilməz. Amma ehtiyac olarsa, yəni birlikdə böyümə kimi zərurətlər varsa, süd qardaş edilər. Birinin əmməsi kifayətdir. Əmən əmdiyi qadının bütün uşaqları ilə qardaş olar. 

Sual: Uşağımız olmur. Xanımdan süd gəlməyə başladı. Kiçik bir qız uşağını əmizdirmişdi. Xanımım süd ana oldu?

CAVAB

Doqquz yaşından böyük bakirə qızdan süd gəlsə, südünü bir uşağa əmizdirsə süd ana olar. Xanımınız da əmizdirdiyi uşağın süd anası olur. Südün gəlməsinə siz səbəb olmadığınız üçün, bu əmizdirilən qız uşağı sizin ögey süd qızınız olsa da əvvəlki xanımdan olan uşaqlarınız bu qadının əmizdirdiyi uşaqla süd qardaş olmaz. (Hindiyyə)

Sual: İslamiyyətdə övladlığa götürülən uşaq gerçək övlad olmadığı və ana-ataya naməhrəm olduğu üçün qız və ya oğlan uşağını süd övlad etməklə bundan xilas olmaq mümkündür?

CAVAB

Süd övlad edilərsə mümkündür.

Sual: “Bu barədə xanımın süni bir şəkildə məməsindən süd alınıb uşağa içirilir və beləliklə özü və ərinin varsa sair uşağın və s. süd qohumu olurmuş” Belə bir üsul caizdir?

CAVAB

Qadının südü varsa caizdir. Əmən uşağın da iki yaşını keçməməsi lazımdır. Başqa yolu da vardır. Uşaq oğlandırsa qadın o uşağı böyük qardaşının xanımına əmizdirər, yaxud bacısına əmizdirər, beləcə qardaş (bacı) oğlu olar. Uşaq qızdırsa kişi eyni şeyi edər, yəni qardaşlarından birinin xanımına əmizdirər və ya bacılarından birinə əmizdirər, beləcə qız onun qardaş qızı olar. 

Sual: Bu vəziyyətdə qardaşının xanımına əmizdirdiyi üçün süd əmməsinə görə qardaş uşağı olan bu uşaq ilə əbədi məhrəm olar? Yoxsa əgər böyük qardaşı ilə xanımı boşansalar qohumluq sona çatdığından bu uşaq ilə olan naməhrəmlikdə bitərmi?

CAVAB 

Əbədi məhrəm olar. Anası ilə əlaqəsi olmaz. O onun hər vaxt qardaş uşağıdır.

Sual: Atası Şafii, anası Hənəfi olan 2 yaşından kiçik bir qız uşağına Hənəfi olan bir xanım qaşıqla süd versə süd anası olar?

CAVAB

Hənəfiyə görə süd ana olar, Şafiiyə görə süd ana olmaz.

Sual: Dayımın oğlu ilə bacım süd qardaşdırlar. Biz 3 uşağıq onlar da 3 qardaşdır. Dayım oğlu və bacım evin ortancılıdırlar. Mən bacımın süd qardaşının böyüyü olana məhrəməm?

CAVAB

Əgər, bacınız dayınızın xanımını əmmiş isə, dayınızın bütün uşaqları ilə qardaş olar. Dayınızın oğlu ananızı əmmişsə, əmən uşaq ananızın bütün uşaqları ilə qardaş olar.

Bacınızın süd qardaşının böyüyü sizə yaddır, naməhrəmdir, məhrəm deyildir. Onunla evlənə bilərsiniz.

Sual: Bir qızın böyük qardaşı xalasını əmmiş. Və o qız hal-hazırda xalasının oğlu ilə evləndi. Bunların vəziyyəti nədir?

CAVAB

Bir zərəri yoxdur. Süd qardaşı olmaz. Əgər qız xalasını əmsəydi, xalasının oğlu ilə evlənə bilməzdi. Böyük qardaşının əmməsinin əhəmiyyəti olmaz. Süd aşağı filan axmaz. 

Süd qardaşlıq səbəbi ilə təqlid

Sual: Hənəfi məzhəbindəki bir kimsə, evlənib uşaqları olduqdan sonra, xanımının özünün süd qardaşı olduğu meydana çıxsa nə edilməsi lazımdır?

CAVAB

Bir kişinin xanımı ilə süd qardaş olduqları, amma 1-2 dəfə əmmiş olduğu aydın olsa, Hənəfiyə görə nikahları pozular. Bunu qurtarmaq üçün digər məzhəblərdə bir çarə axtarılar. Məsələn; Şafii və ya Hənbəli təqlid edilir. Çünki Şafidə və Hənbəlidə ayrı-ayrı beş dəfə doyunca əmmədikcə süd qardaşı olmaz.

“Artıq olan olmuş, evlənmişlər, uşaqları olmuş, ailəni dağıtmaq uyğun olmaz” deyərək evliliyə davam edilə bilməz. Belə hallarda, yalnız o barədə başqa bir məzhəbi təqlid edərək ailənin dağılmasının qarşısı alınar. Hənəfidə iki yaşından kiçik bir uşaq, bir qadını bir dəfə əmsə, o qadının bütün uşaqları ilə süd qardaş olar. Şafidə isə ayrı-ayrı beş dəfə doyunca əmməsi lazımdır. 2-3 dəfə əmərək süd qardaş olan belə ər-arvad, Şafii məzhəbini təqlid edərək evliliklərini davam etdirə bilərlər. Şafini təqlid etmədən evliliklərini davam etdirmələri mümkün olmaz.   

“Şafiyə görə süd qardaş olmaz” deyərək, bir Hənəfi süd qardaşı ilə evlənə bilməz. Ancaq, evləndikdən sonra süd qardaş olduqları meydana çıxmışsa, o vaxt bir ailənin dağılmaması üçün Şafii məzhəbi təqlid edilər. Belə bir zərurət olmadan süd qardaşla evlənmək caiz olmaz, nikah batil olar. 

[Hənəfi və Malikidə bir dəfə, bir qurtum əmməklə süd qardaş olar. Şafidə və Hənbəlidə isə ayrı-ayrı 5 dəfə doyunca əmməsi lazımdır. Şafidə iki yaşından yuxarı ikən əmən, süd qardaş olmaz. İmamı-Azəmə görə, 30 aydan, Malikiyə görə 26 aydan sonra əmən süd uşağı olmaz. Hənbəlidə, bir qövlə görə hər yaşda süd əmən süd qardaş olar.]

Süd qardaşlığında yaş

Sual: Bir kişi xanımının südünü içsə, nikahına zərəri olar?

CAVAB

Nikahına zərəri olmaz, ancaq, qadın südünü zərurətsiz içmək caiz deyildir. Bilərək içmək günah olarsa da, böyük yaşda olan şəxs süd əmməklə süd uşağı və ya süd qardaşı olmaz. Hənbəlidə bir qövlə görə hər yaşda süd əmən süd qardaşı olar. İmamı-Azəmə görə 30 aydan, Maliki məzhəbində isə 26 aydan sonra əmən süd qardaşı olmaz. Hənəfi və Malikidə bir dəfə, bir qurtum əmməklə süd qardaşı olar. Şafii və Hənbəlidə isə ayrı-ayrı 5 dəfə doyunca əmməsi lazımdır.

Sual: Qardaşımın xanımı (Fatma) ata-nənəsini əmmişdir. Fatmanın bibisi oğlu Fatmaya məhrəmdir?

CAVAB

Bəli, məhrəmdir. Çünki Fatma nənəsini əmməklə nənəsinin süd qızı oldu, yəni bibisi ilə süd bacısı oldu. Bibisinin oğlu da bacısının oğlu olur. Bacı oğlu məhrəm olur.

Süd qardaşla danışmaq

Sual: “Süd qardaş olan qadınla danışmaq haramdır” deyilir. Belə bir şey vardır?

CAVAB

Elə bir şey yoxdur. Süd qardaş öz bacısı kimidir, fəqət xəlvət vəziyyətində diqqətli olmaq lazımdır. Səadəti-Əbədiyyə kitabında deyilir ki:

Əbədi məhrəm olan 18 qadından biriylə xəlvət caiz isə də, yalnız süd qardaşla və gənc qayınana və ya gəlinlə fitnə şübhəsi olarsa məkruhdur. Xəlvət, bağlı bir otaqda tək qalmaqdır.

Süd ataları fərqli olsa

Sual: Əri öldükdən və ya özünü boşadıqdan sonra başqasına ərə gedən bir qadını bir oğlan ilk evliliyi zamanı əmsə, bir qız da yeni əriylə evliykən əmsə, bu oğlan və qız bir-biriylə evlənə bilər?

CAVAB

Xeyr. Eyni qadından əmən oğlan ilə qız süd ataları başqa olsa və başqa illərdə əmmiş olsalar belə bir-biriylə və bir-birinin uşaqları və nəvələri ilə evlənə bilməzlər. (S.Əbədiyyə)

Süd uşağın ana və ataları

Sual: Bir qadının südünü əmərək onun süd övladı olan uşağın öz anasıyla süd atası və öz atasıyla süd anası məhrəm olur?

CAVAB

Xeyr, məhrəm olmaz. Yəni, öz anasıyla öz atası və süd anasıyla süd atası ayrılarsalar, öz anasıyla süd atası, öz atasıyla da süd anası evlənə bilərlər.

Süd qardaşlıq

Sual: Süd qardaşlıqda ölçü nədir?

CAVAB

Bu beytdə bildirilmişdir:

Süd ana-ata qohumlarının hamısı,

Süd uşaq övladı, zövc və ya zövcəsi.

Birinci misranın şərhi belədir:

Bir uşaq bir qadından süd əmərsə, əmdiyi qadın onun süd anası olur, qadının əri süd atası olur. Eynilə qanla olan qohumluq kimi olur. Süd anasının bacısı xalası olar, qardaşı dayısı olur. Süd anasının anası nənəsi olar. Süd anasının bütün uşaqları onun bacı-qardaşı olur, bunların uşaqları da qardaş uşaqları olar. Yəni, süd anasının nəvələri bunun qardaş uşaqları olur. Heç biriylə evlənə bilməz. Süd atasının qohumları da eynidir. Süd atasının qardaşları əmisi, bacıları bibisi olur. Süd atasının atası onun babası olur. Nəvələrinin hamısı onun bacı-qardaş uşaqları olar.

İkinci misranın şərhi belədir:

Süd övladın özü kimi, onun uşaqları da süd anaya, süd ataya məhrəmdir. Süd qızın əri, süd oğlanın xanımı da süd anaya, süd ataya məhrəmdir.

Süd qardaşın süd qızı da məhrəm olur.

Bir qayda da belədir: Bir qadını bir uşaq əmsə, o uşağa bu qadının bütün uşaqları məhrəmdir, hamısı süd bacı-qardaş olur. Süd əmizdirən qadına isə yalnız əmizdirdikləri məhrəm olur, əmizdirmədikləri məhrəm olmaz.

Süd qardaşın qızı

Sual: Mən doğulmadan əvvəl anam bibimi əmizdirmişdi. Bibimin qızıyla evlənə bilərəmmi?

CAVAB

Əmizdirəndə bibiniz, ananızın qızı, yəni sizin bacınız olur. Onun qızı da sizin bacınızın qızı olur. Bacı qızı ilə evlənmək olmaz. Onun qızının qızıyla da evlənmək olmaz.

Süd qohumlar

Sual: Saytınızda, “Bir kişi süd xala və süd bibisiylə, bir qadın da süd əmi və süd dayısıyla evlənə bilməz” deyə yazılır. Bunlar necə olur? Örnək verə bilərsiz?

CAVAB

Bir qız bir qadını əmsə, o qadının süd qızı olur. Bu süd qız əmdiyi qadının bütün uşaqlarına süd bacı olur. Bu qadının kişi övladlarının uşaqlarına süd bibi, qız övladlarının uşaqlarına isə süd xala olur.

Bir oğlan uşağı bir qadını əmsə, o qadının süd oğlu olur. Bu süd oğlan əmdiyi qadının bütün uşaqlarına süd qardaş olur. Bu qadının kişi övladlarının uşaqlarına süd əmi, qız övladlarının uşaqlarına isə süd dayı olur.

Süd atasının bacısına süd bibi, qardaşına süd əmi deyilir. Bunun kimi süd anasının qardaşına süd dayı, bacısına süd xala deyilir.

Süd xala, süd bibi, süd əmi, süd dayı, öz xalamız, bibimiz, əmimiz və dayımız kimi bizə məhrəmdir. Atamızın və anamızın süd bibi, süd xala, süd əmi və süd dayıları da bizə eyni şəkildə məhrəmdir.

Süd atanın xanımı

Sual: Süd atam yeni bir qadınla evləndi. Bu qadın mənə məhrəmdir?

CAVAB

Bəli, məhrəmdir. Öz atanızın xanımı kimi olur.

Süd oğlun xanımı

Sual: Süd oğlumun xanımı mənə məhrəmdir?

CAVAB

Bəli, məhrəmdir. Öz gəlininiz kimidir.

Süd qardaşın qardaşı

Sual: Anamdan  süd əmən qızın anasıyla və ya bacısıyla evlənməyim caizdir?

CAVAB

Bəli, caizdir.

Süd bankı

Sual: Könüllü qadınların verəcəyi südlərlə süd bankı qurulur. Südü olmayan analar bu südlərdən alaraq körpələrini bəsləyirlər. Bunun dinən bir zərəri olar?

CAVAB

Bir qadının südünü içən körpə onun süd uşağı olur. Bu qadının südünü əmən bütün uşaqlarla da süd qardaş olur. Evlənmə baxımından  süd qardaş öz qardaş kimidir. Süd əmilən ananın heç bir uşağıyla evlənə bilməz. Belə bir süd bankından hər körpəyə təsadüfi verilərsə, gələcəkdə bilmədən süd qardaşıyla evlənənlər ola bilər. Bu haram olur. Tibbi cəhətdən də uşaqların xəstə olmasına səbəb olar. Ona görə də südlər bir-birinə qarışdırılmaması lazımdır. Hansı anadan süd alındığı və kimlərə verildiyi qeyd edilərsə, tutulan bu qeydlər südü alınan anaya və süd verilən körpənin yaxınlarına verilərsə, süd qardaşla evlənməyin qarşısı alınmış olar.

Süd qardaşlıq üçün

Sual: Hənəfidə süd qardaşlıq üçün ən az nə qədər süd əmmək lazımdır? Qadın südü, əmziklə, qaşıqla və ya inək südünə qarışdırılıb körpəyə verilsə yaxud körpə, südlə bişmiş yeməkdən yesə, süd qardaşlıq gerçəkləşmiş olur?

CAVAB

İki yarım yaşından kiçik uşaq bir damcı süd əmsə süd qardaşlıq olur. Hətta qadın südü körpənin burnuna damcıladılarsa və ya qaşıqla, əmziklə verilsə də süd qardaşlıq olar. Əmzikdə inək südü varsa, inək südü qadının südündən azsa yenə süd qardaşlıq olur.

Qadın südüylə bişmiş yeməyi yeməklə süd qardaşlıq olmaz. Süd bişməmişsə və yarıdan çoxdursa süd qardaşlıq olur.

Ölünün südü

Sual: Bir uşaq ölmüş qadının südünü əmsə, o qadının uşaqlarıyla süd bacı-qardaş olarmı?

CAVAB

Bəli, olar.

Qocanın süd qardaşlığı

Sual: Subay qadınam. Bacımın evindən başqa qalacaq yerim yoxdur. Mənə yad olan bacımın əri ilə eyni evdə yaşamaq məcburiyyətindəyəm. Ehtiyac halında məzhəb təqlidi caiz olduğuna görə, Hənbəli məzhəbini təqlid edərək bacımın südünü əmib, bacımın ərinin süd qızı ola bilərəm?

CAVAB

Zərurət olanda məzhəb təqlidi caizdir. Hənbəlidə hər yaşda əmən süd qızı olar. Ancaq Şafiidə və Hənbəli məzhəbində ayrı-ayrı 5 dəfə doyunca əmmək lazımdır. İkinci bir xüsus da, böyük bir kimsənin, anasının südünü belə əmməsi caiz deyildir. Əgər haramı mübah edəcək bir zərurət varsa, o halda Hənbəli məzhəbini təqlid edib, bacınızı beş dəfə doyunca əmsəniz, bacınızın ərinin süd qızı ola bilərsiniz. 

Süd qohumluğu

Sual: Evlənməmiş bir qızdan süd əmilsə, süd qohumluğu gerçəkləşmiş olar?

CAVAB

Evlənməmiş qızdan ümumiyyətlə süd gəlməz. Sarı maye gələrsə süd hökmündə olmaz. Çünki din kitablarında belə yazılır:

Məcmuəyi-Zühdiyyədə deyilir ki: Süd ancaq doğuş edə bilən qadından gələr. Doğuş etməmiş kiçik qızın məməsindən çıxan mayenin süd olacağına hökm verilməz. Bu səbəblə bakirə qızın döşündən çıxan sarı suyun əmizdirilməsiylə nikahın haramlığı sabit olmaz. (İbni Abidin)

Bakirə qadının döşündən çıxan sarı suyu əmməklə süd qohumluğu olmaz. (Əl-fiqhi ələl məzahibil-ərbəa)

Çox nadir də olsa subay qızın döşündən süd gələ bilir. Çünki, Neməti İslam kitabında, “Doqquz yaşında olan bakirənin döşlərindən süd gəlsə, bu südlə süd qohumluğu hökmü sabit olar” deyilir.

Süd qardaşın anası

Sual: “Əmənin, əmizdirənə öz şəxsi və füruu (uşaqları) haram, əmizdirənin isə, usul (ana, ata, baba və nənələri) və füruu haramdır deyilir. Bu nə deməkdir? Məsələn; anamı əmən birinin anasıyla və qızıyla evlənə bilərəm?

CAVAB

Bir uşaq bir qadını əmərsə, o uşaq o qadınla evlənə bilməz, çünki o qadın onun süd anasıdır. Bu uşağın uşaqları da, bu qadınla evlənə bilməz, çünki əmizdirən qadın onların nənələri olur.

“Əmizdirənin isə, əmənə usul və füruu haramdır” demək, “Əmən uşaq, əmdiyi qadının ana, ata, baba və nənələriylə, oğulları, qızları və nəvələriylə evlənə bilmədiyi kimi, bu qadını əmən yad qadınlarla da evlənə bilməz” deməkdir.

Bir kişi öz anasından süd əmən süd qardaşının anası və bacısıyla evlənə bilər. (S.Əbədiyyə)

Bilmədən süd qardaşla evlənmək

Sual: Məzhəbsiz bir din adamı, “Bilmədən süd qardaşıyla evlənən 4-5 uşağı olmuşdur. Bu günə qədər nikahsız yaşamış, zina etmişlər. Mənə bu soruşuldu. Mən də fiqhi sualları bir xocaya soruşun dedim” deyir. Bu evlilik zina olmuşdur?

CAVAB

Belə deməsindən onun həqiqətən fiqhi mövzuları bilmədiyi aydın olur. Çünki süd qardaş olduqlarını bilmədən evlənmək günah olmaz. “Zina etmişlər” deməsi çox səhvdir. Cənabı Haqq heç kimi gücünün çatmadığı bir şeydən ötəri məsul tutmaz. Ortada qəsdli edilən bir iş yoxdur. Bir kimsənin içdiyi südün içində spirt olduğu sonradan meydana çıxsa, bunu içən haram işləmiş olmaz. Fiqh kitablarında belə şeylərin üzr olduğu, günah olmadığı bildirilir. 

Yoxa çıxan, illərlə gəlməyən ərinin öldüyü və ya üç talaq verdiyi xəbərini ədalətli bir Müsəlmandan öyrənən qadın başqasıyla evlənə bilər. Öldüyünü eşidib və ya boşadığını bildirən məktubunu alıb, başqasıyla evləndikdən sonra birinci əri gəlsə, ikincisinin nikahı batil olar. (Neməti İslam) [İlk ərini öldü zənn etdiyi üçün başqasıyla evlənməsi günah olmur. Süd qardaş olduqları sonradan meydana çıxanda ilk evlilikləri niyə günah olsun?]

Nikah pozulmuşsa, məsələn, süd qardaş olduqları meydana çıxmışsa, qazı dərhal onları boşayar. Ər, qadından bir şey istəyə bilməz. (Hindiyyə)

Ər-arvadın süd qardaş olduqları birinin və ya hər ikisinin bir dəfə əmmiş olduğu aydın olarsa, Hənəfi məzhəbinə görə nikahları pozular. Ya ayrılarlar, yaxud Şafii məzhəbini təqlid edərlər. Əgər doyana qədər beş dəfə əmmişsə, Şafii məzhəbini təqlid də mümkün olmaz. Ayrılmaları lazım olar. (S.Əbədiyyə)

Xoca, zina etmişlər demədən, “Mən bilmirəm, bunu bilən bir xocaya soruşun” desəydi, məqsədə uyğun olardı. Amma o, “Zina etmişlər” deyərək məzhəbsizliyini və cahilliyini göstərmiş olur.

Eyni qadından süd əmmək

Sual: Bir qadın bir-birinə yad olan qız və oğlan uşaqları əmizdirsə, əmizdirdiyi uşaqlar böyüyəndə bir-birləriylə evlənə bilərmi?

CAVAB

Eyni qadından əmən uşaqların hamısı süd bacı-qardaş olar. Biri digəriylə evlənə bilməz.

Süd ananın nəvəsi

Sual: Süd anamın oğlundan və ya qızından olan qızıyla, yəni süd anamın nəvəsiylə evlənməyim caiz olar?

CAVAB

Caiz olmaz, çünki süd ananızın nəvələri sizin qardaş uşaqlarınız olur. Qardaş uşağı ilə evlənmək olmaz.

Böyük qardaşımın süd qardaşı

Sual: Böyük qardaşımın süd qardaşıyla və ya süd anasıyla evlənməyim caizdir?

CAVAB

Bəli, caizdir.

Qoca qadından süd gəlməsi

Sual: Bir körpə qoca bir qadını əmsə, qadının da südü gəlsə körpə bu qadının süd uşağı olar?

CAVAB

Bəli, süd uşağı olar. Bunun kimi, 9 yaşındakı bir qız uşağını da əmsə, onun da südü gəlsə, bu qızın da süd uşağı olar.

Süd qardaşlıq

Sual: Yeddi yaşındakı bir oğlan uşağı bir qadını əmsə, o qadının qızıyla evlənə bilər?

CAVAB

Yeddi yaşında əməndə, süd qardaş olmaz. O qadının qızıyla evlənə bilər. Çünki iki və ya iki yarım yaşından sonra əməndə süd qardaşlıq gerçəkləşmir. 

Süd qardaşın süd qızı

Sual: Süd qardaşın süd qızıyla evlənmək caizdir?

CAVAB

O da süd qardaş uşağı olur. Evlənmək caiz olmaz.

Ananın süd qardaşı

Sual: Ananın süd bacısıyla evlənmək caizdir?

CAVAB

Xeyr, caiz deyildir. O qadın onun xalası olur. Xalayla evlənmək olmaz.

Oğlunun süd anası

Sual: Oğlunun süd anasıyla evlənmək caizdir?

CAVAB

Bəli, caizdir.

Süd atanın xanımı

Sual: Ölmüş süd atamın, südünü əmmədiyim xanımı ilə evlənməyim caizdir?

CAVAB

Xeyr, caiz deyildir. Süd atanın bütün xanımları sizin süd ananız sayılır.

Süd oğlun xanımı

Sual: Süd oğlumun boşadığı qadınla evlənməyim caizdir?

CAVAB

Xeyr, caiz deyildir. O qadın sizin gəlininiz sayılır. Gəlinlə evlənmək olmaz.

Bacımın əmizdirdiyi qız

Sual:Bacımın əmizdirdiyi qızla evlənməm caizdir?

CAVAB

Xeyr, caiz deyildir. O qız sizin qardaş qızınız olar. Qardaş uşağıyla evlənilməz.

Oğlumun süd anası

Sual: Oğlumun süd anasının qızıyla evlənə bilərəm?

CAVAB

Bəli, zərəri olmaz.

Nənəmin süd qızı

Sual: Ana nənəmin və ya nənəmin əmizdirdiyi qızla evlənə bilərəm?

CAVAB

Xeyr, evlənə bilməzsiniz. Çünki ana nənənizin əmizdirdiyi qız sizin xalanız, nənənizin əmizdirdiyi qız da bibiniz olur. Bibi və xalayla evlənmək olmaz. 

Süd qardaşımın süd qızı

Sual: Süd qardaşımın süd qızıyla evlənə bilərəm?

CAVAB

Xeyr, evlənmək olmaz, çünki o qız sizin qardaş uşağınız olur.

Böyük qardaşının süd qızı

Sual: Böyük qardaşımın və ya bacımın süd qızıyla evlənə bilərəm?

CAVAB

Xeyr, evlənə bilməzsiniz, çünki onlar sizin qardaş uşaqlarınız olur.

Süd atanın oğlu

Sual: Süd atamın başqa qadından olan oğlu ilə evlənə bilərəmmi?

CAVAB

Xeyr, evlənə bilməzsiniz, çünki süd ata həqiqi ata hökmündədir, onun oğulları da qardaşınız deməkdir. Qardaşla evlənmək olmaz.

Xanımının süd qızı

Sual: Bir qadın bir qızı əmizdirir. Qız evlənəcək yaşdadır. Bu qızla evlənsəm onun süd anası mənə yaddır? Tərsinə süd anasıyla evlənsəm, bu qız mənə yad olar?

CAVAB

Qadınla evlənəndə o qadının süd qızı da sizin süd qızınız olmuş olar. Yad olmaz. Tərsinə qızla evlənsəniz, o qadın sizin ananız hökmündə olar.

Süd qardaşın qardaşı

Sual: Anamın və ya bacımın əmizdirdiyi uşağın bacısıyla və ya süd qardaşıyla evlənə bilərəm?

CAVAB

Bəli, evlənə bilərsiniz. Sadəcə ananızın və ya bacınızın əmizdirdiyi qızla evlənə bilməzsiniz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину