Sual: Allah ruziyə zamin durduğuna görə bir adam üçün, “Aclıqdan öldü” demək caizdirmi?
CAVAB
Allahü təala, hər kəsin ruzisinə zamindir, amma bu, aclıqdan ölməyə əngəl deyil. Hər kəs üçün bəlli bir ruzi, bəlli sayda nəfəs təqdir edilmişdir. Əcəli gələn ölür. Kimi xəstəlikdən, kimi avtomobil qəzasından, kimi də aclıqdan ölür. Allahü təala ümumiyyətlə, işləri səbəblərlə yaradır. Məsələn, ruzini Allah verir, amma çalışmağı səbəb qılmışdır. Çalışmadan ruzi gözləyən, aclıqdan ölə bilər. Xəstəliklərə şəfanı verən Allahü təaladır. Ancaq həkimi, dərmanı səbəb qılmışdır. Həkimə getməyən, müalicə və dərman qəbul etməyən, xəstəlikdən, yeyib-içməyən aclıqdan ölə bilər. İki hədisi-şərif:
“Əzabla qorxudulduğunuz şeylərin hamısını, bu qıldığım namazda gördüm. Ac və susuz saxlayıb, böcəyi belə yeməsinə mane olmaq üçün aclıqdan ölənə qədər pişiyi bağlayan qadını da gördüm.” [Müslim]
“Bu üç insandan başqası dilənə bilməz: 1- Aclıqdan öləcək olan, 2- Borca boğulmuş insan, 3- Diyət ödəmək məcburiyyətində olan.” [Nəsai]
Həzrəti Ömərin xəlifəliyi dövründə qıtlıq olmuşdu. Əshabı-kiramdan Bilal ibn Hars Rəsulullahın türbəsinə gedib, “Ya Rəsulallah! Ümmətin aclıqdan ölmək üzrədir. Yağış yağmasına vəsilə olmağın üçün sənə yalvarıram” dedi. O gecə yuxusunda Rəsulullah ona, “Xəlifəyə məndən salam söylə! Yağmur duasına çıxsın” buyurdu. Həzrəti Ömər yağmur duasına çıxdı. Duadan sonra yağış yağdı. (M. Nəsihət)
Aclıqdan ölmək üzrə olana leş, zərurət miqdarı donuz əti yemək və alkoqollu içki içmək haram olmaz. (Bəriqa)
Aclıqdan və susuzluqdan öləcək olana, leş və şərab haram deyil. (Bəzzaziyyə)
Bir şəhərin bir küncündə bir Müsəlman aclıqdan ölsə, şəhərdəki zənginlərdən birinin, az bir zəkat borcu qalsa, onun qatili sayılır. (S. Əbədiyyə)
Bir insanın aclıqdan ölməsinin, əzəldə təqdir edilmiş olmasına əlamət, “Əzəldə aclıqdan ölmək alnıma yazılıbsa, yeyib-içmək fayda verməz” düşüncəsinin qəlbinə gəlməsidir. Belə düşündüyü üçün, yeyib–içməz və aclıqdan ölər. (S. Əbədiyyə)
Aclıqdan ölmək üzrə olan, leş də yoxdursa, başqasının malını ölməyəcək qədər yeyə bilər. (Muhit)
Bu da bir həqiqətdir ki, çox ac qalan, zamanla xəstələnib ölə bilər. Ölüm hər nə qədər xəstəlikdən olsa da, aclıq səbəb olduğu üçün, “Aclıqdan öldü” deməyin zərəri yoxdur.
Ruzinin mahiyyəti
Sual: Allah ruziyə zamin olduğuna görə, aclıqdan ölmək necə olur? Ruzinin mahiyyəti nədir?
CAVAB
Ruzi deyildikdə adətən qida anlaşılır. Ev və geyim əşyası da ruzidir.
Allahü təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların, heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi, hər insanın ruzisi də bəllidir. Ruzi heç dəyişməz. Azalmaz və çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Heç kim öz ruzisini yeyib bitirmədən və ya istifadə etmədən ölməz.
Allahü təala hər kəsin ruzisinə ölənə qədər zamindir. Hər kəs üçün müəyyən bir ruzi, müəyyən sayda nəfəs təqdir edilmişdir. Əcəli gələn ölür. Kimi xəstəlikdən ölür, kimi avtomobil qəzasında ölür, kimi intihar edərək ölür, kimi də aclıqdan ölür. Bunlar öldükdə, Allahü təalanın zamin olduğu, təqdir etdiyi ruzi bitmiş olur. Heç kim təqdir edilən ruzisini bitirmədən və ya istifadə etmədən ölməz. Ruzi üçün narahat olmaq düzgün deyil. Bir hədisi-şərif məali belədir:
“Ruzi üçün kədərlənmə, təqdir edilən [əzəldə ayrılmış olan] ruzi səni tapar.” [İsfəhani]
Allahü təala çox şeyi səbəblərlə yaradır. Məsələn, xəstəliklərə şəfanı verən də Allahü təaladır. Ancaq həkimi, dərmanı səbəb qılmışdır. Dərmana şəfanı verən də Odur. Həkimə getməyən, müalicəni, dərmanı qəbul etməyən xəstəlikdən ölə bilər. Bu xəstə ona təqdir edilən ruzisini bitirdikdən sonra ölür. Ruzini Allah verir, amma çalışmağı, yeyib-içməyi səbəb qılmışdır. Çalışmayan və ya yeyib- içməyən aclıqdan ölə bilər. Bu da, o insana təqdir edilən ruzisini bitirdikdən sonra ölür. Yəni ona zamin olunan ruzini yeyib və ya istifadə edib, amma zamin durulan ruzidən məhrum qalmayıb.
Həmçinin, çox ac qalan insan zamanla xəstələnir və ölür. Ölüm hər nə qədər xəstəlikdən olsa da, aclıq səbəb olduğu üçün, aclıqdan öldü deməyin bir zərəri yoxdur.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0