Sual: İblis, lənətlənmədən əvvəl mələklərin ustadı idi?
CAVAB
Bəli, mələklərin ustadı və rəisi idi. İslam alimləri buyururlar ki:
Allahü təalanın əmri ilə bütün mələklər Adəm əleyhissalama doğru səcdə etdilər. Mələklərin ustadı, müəllimi olan İblis əmri dinləmədi, səcdə etmədi. İmam Saləbi həzrətlərinin, İbni Abbas həzrətlərindən rəvayət etdiyinə əsasən, İblis mələklərlə bir idi. Oddan yaradılan cinlər tayfasından idi. Mələklər isə nurdan yaradılmışdılar. İblisin əvvəlki adı Əzazil idi. Cənnətin keşikçilərindən idi. Dünya səmasının mələklərinin rəisi, dünya səmasının və yerin sultanı idi. Elmdə mələklərdən üstün idi. Göylə yer üzünün arasını idarə edirdi, buna görə özünü böyük gördü. Bu halı onu Allaha üsyana sürüklədi. Allahü təala da onu rəhmətindən uzaqlaşdırdı. (Camiul Əhkam)
İbni Abbas həzrətləri buyurur ki:
“İblis, Cənnət keşikçilərindən idi, dünya səmasının işlərini idarə edirdi.” [Beyhəqı]
Said ibn Müseyyib buyurur ki:
“İblis Mələklərin rəisi, ustadı idi.” [İbni Cərir, İ. Süyuti]
Əhməd Rıfai həzrətləri tələbələri ilə söhbət edərkən insanların özlərini bəyənmələri haqqında bir suala verdiyi cavabda buyurdu ki:
Elminin və əməlinin çox olması ilə qürurlanan insan mərifət sahibi deyil. Çünki şeytan da çox böyük biliyə sahib idi. Səhv məntiq irəli sürərək, odun torpaqdan daha üstün olduğunu iddia etdi. Halbuki mələklərə müəllimlik edirdi. Sonunda öz nəfsinin üstün olduğunu söyləyib təkəbbürə düşdü. Beləliklə, Allahü təalanın qəzəbinə gəldi və lənətə müstəhaq oldu. Əbədi olaraq rəhmət dərgahından qovuldu. (Övliyalar ensiklopediyası)
Mələklərin başçısı iblis idi. (Rəhbər ensiklopediyası)
Sual: Quranda, İblisə deyil, mələklərə səcdə əmri verildiyi bildirilir. Şeytana belə bir əmr verilmədiyi halda, nə üçün şeytan cəzalandırılıb lənətləndi?
CAVAB
Xeyr, haşa, Allahü təalanın yanlış, lazımsız bir şey etməsi, xəbərdarlıq etmədən, təqsirsiz bir məxluqunu cəzalandırması, yəni zülüm etməsi, əlbəttə mümkün deyil! İblis Mələklərlə birlikdə yaşayırdı, onların müəllimi idi. Allahü təala içərisində İblisin də olduğu mələklər topluluğuna əmr verdi. O topluluqda İblis olmasaydı, verilən əmrdən məsul olmazdı. Ayəti-kərimələrdə, “Lakin İblis səcdə etmədi” buyurulduğuna görə, İblis də, səcdə əmri verilənlərdən idi. Bir ayəti-kərimə məali belədir:
“Mələklərə, “Adəmə səcdə edin” demişdik. İblis xaric, hamısı səcdə etmişdi. O, cinlərdən idi. Rəbbinin əmrindən çıxdı. İndi siz məni qoyub, İblisi və onun havadarlarını özünüzə dost edirsiz? Halbuki onlar sizin düşməninizdir. [Şeytanın yolundan gedənləri özlərinə dost edərək, Cənnəti verib Cəhənnəmi almaq] zalımlar üçün necə də pis bir alış-verişdir.” [Kəhf 50]
Şeytanın səcdə ilə əmr olunduğunu bildirən iki hədisi-şərif məalı belədir:
“Adəmoğlu, səcdə ayəsini oxuyub, səcdə etdikdə, şeytan ağlayaraq uzaqlaşır. Sonra belə deyir: Adəmoğlu səcdəylə əmr olundu və səcdə etdiyi üçün Cənnətə qovuşdu. Mən bədbəxt də səcdəylə əmr olundum, amma üsyan etdiyim üçün Cəhənnəmə müstəhaq oldum.” [Müslim]
“Təkəbbürdən çəkinin. Təkəbbür, şeytanı səcdə etməməyə sövq etdi.” [İ. Əsakir]
Sual: İblis, Həzrəti Adəmə səcdə etmədiyi üçün niyə lənətləndi? Şeytanın Həzrəti Adəmə səcdə etməməsi ilə, Allaha üsyanın nə əlaqəsi var? Həm Allaha üsyan etmiş olsa belə, üsyan lənətliyə, küfrə səbəb olurmu? Niyə Allah Özünə deyil, Həzrəti Adəmə səcdə edilməsini əmr etmişdi?
CAVAB
Səcdənin Adəm əleyhissalam üçün deyil, Allah üçün olması istənmişdi. Yəni Həzrəti Adəmin istiqamətində Allaha olması əmr edildi. Biz də Kəbə istiqamətində Allah üçün səcdə edirik. Kəbəyə səcdə etmirik. İblisə, Mələklərlə birlikdə Adəm əleyhissalam istiqamətində Allaha səcdə etmək əmr edildi. İblis isə bu əmri səhv əmr hesab edərək, səcdə etmədi. Yəni İblis səcdə əmrini yerinə yetirmədiyinə görə deyil, Allahın əmrini səhv, lazımsız qəbul etdiyi üçün lənətlik oldu.
Namaz qılmayan, oruc tutmayan insana, Allaha üsyan vəziyyətində olsa da, kafir deyilməz. Amma namazı, orucu lazımsız görərsə kafir olur.
Burada da şeytan Allahın əmrini doğru hesab etməyib, “Mən oddan, o isə torpaqdan yaradılıb. Oddan yaradılan bir varlığın, torpaqdan yaradılan bir varlığı qiblə qəbul etməsi yanlışdır” deyərək səcdə etmədi və əbədi lənətliklərdən oldu.
Mələk və şeytan
Sual: Hər insanın yanında bir mələk və bir şeytan varmı? Bir də, “İslam Əxlaqı” kitabında “Şeytanım Müsəlman oldu” hədisi keçir. Şeytanım Müsəlman oldu nə deməkdir?
CAVAB
Hər insanın yanında bir şeytan olduğu kimi, hər kəsin yanında bir də mələk var. Şeytan insanın qəlbinə pis düşüncələr, vəsvəsələr gətirir. Mələk isə, insana gözəl düşüncələr ilham edir. Üç hədisi-şərif məalı:
“Mələkdən gələn ilham İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə İslamiyyətdən ayrılmağa səbəb olur.” [Tirmizi]
“Allahü təala məni yanımdakı şeytanın vəsvəsələrindən mühafizə etdi.” [Bəriqa]
“Allahü təala mənə ehsan etdi. Şeytanım Müsəlman oldu.” [Bəriqa]
Buradakı Müsəlman oldu demək, yəni təslim oldu, mənə zərər verə bilmədi deməkdir. Kəlimə etibarilə Müsəlman təslim olan, qeydsiz-şərtsiz boyun əyən deməkdir.
Şeytan niyə kafirdir?
Sual: Şeytan Allahı tanıyır, Cənnəti və Cəhənnəmi gördü. Günah işləyənlərin Cəhənnəmdə cəza görəcəyini bilir. Buna görə insanlara vəsvəsə verir. Günaha və küfrə təşviq edir. Küfrə girənlərin Cəhənnəmdə cəzalanacağını bilir ki, durmadan vəsvəsə verir. Şeytan bir Müsəlmanın inanması lazım olan hər şeyə inanır. Sadəcə Allahın bir əmrini yerinə yetirmədi. Müsəlman da Allahın çox əmrinə riayət etmir. Şeytan bir günahdan ötrü niyə əbədi cəhənnəmlikdir?
CAVAB
Şeytan günahdan ötrü deyil, küfürdən ötrü əbədi cəhənnəmlik oldu. Allahın əmrini yerinə yetirmədiyinə görə deyil, bəyənmədiyinə görə, yəni Allahın, oddan yaradılan bir qulunun, torpaqdan yaradılan bir qula səcdə etmə əmrinin yanlış olduğunu söylədiyi üçün küfrə girib və küfrünə peşman olmadı. İndi bir Müsəlman heç içki içməsə də, “Sərxoş etməyəcək qədər az içki içmək günah olmaz” desə küfrə girmiş olacaq, kafir olacaq. Çünki dinin əmrini bəyənməmiş sayılır. Şeytan da Allahü təalanın əmrini bəyənmədiyi üçün kafir olmuşdur. Ona görə də dinimizin hər hansı bir əmrini bəyənməməkdən çox çəkinmək lazımdır.
В корзине: 0 шт.
на сумму: 0