Sual: Axirətdə hər kəs nə üçün iynədən sapa qədər hesaba çəkiləcək?
CAVAB
Allahü təala yeganə mülk və qüdrət sahibidir, necə istəyirsə elə edir. Cənnət möminlər üçün əbədi mükafat yeri, Cəhənnəm də kafirlər üçün əbədi cəza yeridir. Cənnət, fikrə, xəyala gəlməyən nemətlərlə doludur. Cəhənnəm də, ağla gəlməyəcək əzablarla doludur. Mükafat və əzablar bir hal işidir. Yaşanmadıqca izahı olmaz. Mükafat və cəza böyük olduğu üçün sorğu-sual işi də böyük olacaq. Allahü təala hədisi-qüdsidə buyurdu ki:
“Saleh qullarım üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta ağla gəlməyən, xəyal edilməyən nemətlər hazırladım.” [Müslim]
Qurani-kərimdə məalən, “Onlar üçün, əməllərinə mükafat olaraq gözoxşayan neçə-neçə nemətlər hazırlandığını heç kim bilə bilməz” buyuruldu. (Səcdə 17)
Cəhənnəm əzabının şiddəti də müxtəlif ayəti-kərimələrlə bildirilmişdir. Belə böyük mükafat və böyük cəza üçün, əlbəttə, böyük imtahan olmalı və hər bir xırdalıq soruşulmalıdır. Ayəti-kərimədə məalən buyurulur ki:
“Zərrə qədər xeyir iş görən savabını, zərrə qədər şər iş görən cəzasını görər.” [Zilzəl 7, 8]
Axirətdə heç kimə zülüm edilməz. Ayəti-kərimədə məalən buyurulur ki:
“Rəbbin qullarına zülümkar deyil.” [Füssilət 46]
Haqsızlıq edilməyəcək, amma mükafat verilərkən də bol-bol ehsan ediləcək. Ayəti-kərimədə məalən buyurulur ki:
“Şübhə yoxdur ki, Allahü təala zərrə qədər haqsızlıq etməz, [pisliyin cəzasını ədalətlə verər], zərrə qədər bir yaxşılığın savabını da qat-qat artırar, ondan da böyük əcr verər.” [Nisə 40]
İbtidai sinif imtahanı ilə üniversitet imtahanı eyni olmadığı kimi, hər fakültənin imtahanı da fərqlidir. Təmizlik işçisinin imtahanında fizikadan, cəbrdən sual olmur. Zərgərin kiçik tərəzilərində yüngül çəkilər ölçülür. Nə üçün 3–5 kiloqramı çəkmir deyə soruşulmur. 40–50 tonluq böyük ağırlıqlar, nəhəng tərəzilər də niyə 3-5 qramı çəkmir demək olmaz. Hər kəs gücünə görə imtahan edilir. Hər kəsə nə nemət verilibsə, onun hesabatı tələb olunur. Kor göz nemətindən, lal dildən hesaba çəkilməz. Müdirin məsuliyyəti ilə xadiməninki fərqlidir. Alim ilə cahilinki fərqlidir. Dağda, meşədə və ya çöldə yaşayıb Müsəlmanlığı eşitməyənlər hesaba çəkilməz. Qurani-kərimdə məalən buyurulur ki:
“Özlərinə peyğəmbər göndərilənlərdən və göndərilən peyğəmbərlərdən də əlbəttə hesabat istəyəcəyik.” [Əraf 6]
Müsəlmanlığı eşidənlərdən mütləq hesabat olacaq. “Rəbbin haqqı üçün, onların hamısına etdiklərindən əlbəttə hesabat tələb olunacaq” məalindəki ayəti-kərimə bunu bildirir. (Hicr 92, 93)
Hər insanda olan kiramən katibin mələkləri insanların etdiyi bütün işlərin rəsmini çəkir, hər anını lentə alır. İnsanların edəcəyi işləri Allahü təala əzəldə bildiyi üçün lövhi-məhfuza da qeyd etmişdir. Ən cüzi bir səhv və haqsızlıq olmaz. Qurani-kərimdə məalən buyuruldu ki:
“Heç kim gücünün çatdığından artığı ilə məsuliyyət daşımır. Dərgahımızda haqqı söyləyən bir kitab vardır. Heç kim haqsızlığa uğramaz.” [Möminun 62]
Hər kəsin hesabı çox qısa bir vaxtda olacaq. Qurani-kərimdə, ”Vallahü səriul-hisab” ifadələri keçir. “Allah, hesabı çox tez görür” deməkdir.
Hər kəs sorğu-suala hazırlaşmalıdır! Bir iş görmədən əvvəl ağlına gələnə diqqət etməlidir. Yaxşı şeylər gəlirsə etməli, pis şeylər gəlirsə, nəfsin arzusundan olduğunu düşünərək Allahü təaladan utanmalı, özünə belə istək gəldiyi üçün nəfsini danlayıb ona qəzəblənməlidir! Bu işin pisliyini, zərərini və Qiyamətdəki cəzasını düşünmək fərzdir. Hədisi-şərifdə buyuruldu ki: “Qulun istəyərək gördüyü hər iş üçün qarşısına üç dəftər qoyulur: Nə üçün etdin, necə etdin, kim üçün etdin? Birinci sualın mənası, bunu Allah üçünmü, nəfsinə və ya şeytana uyduğun üçünmü etdin? Bundan qurtularsa, necə sualına növbə gələcək. Hər haqqın bir şərti, ədəbi və elmi vardır. Etdiyin elmə uyğun idimi, yoxsa cahilliyi asan görərəkmi etdin? Şərtlərinə uyğun edib bu sualdən da qurtularsa, kim üçün sualına növbə gələr. Bunu ixlasla, yalnız Allah rızası üçün etmisənsə mükafatını görəcəksən. Başqası üçün etmisənsə, get qarşılığını ondan istə. Dünya üçün etmisənsə onsuz da nəsibin yoxdur. Başqası üçün etdinsə, sıxıntıya və cəzaya məruz qalacaqsan, deyiləcək.”
Bunları bilən, özünü hesaba çəkməkdən qafil olmaz.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0