Facebook Twitter WhatsApp

Ölümü xatırlamağın fəziləti

Sual: Ölümü xatırlamağın fəziləti nədir? Ölüm nədir, ölümdən qorxmaq lazımdırmı?
CAVAB
Hər müsəlman Cənnət və Cəhənnəmə inanır. Cəhənnəmdən qurtulmaq, Cənnətə girmək istəyən ağıllı insan, ölümə hazır olub, onu gözləməlidir. Çünki Peyğəmbər əfəndimiz, Ağıllı kəs odur ki, özünü hesaba çəkib, ölüm üçün hazırlaşsın buyurur. Bir şey üçün hazırlaşmaq, onu tez-tez yada salmaqla olur. Yada salmaq isə, xatırladıcı şeylərə baxmaqla, onları etməklə mümkündür. Ümumiyyətlə bütün insanlar ölümdən qafildirlər. Bir ayəti- kərimədə, Hesab vermə vaxtının yaxınlaşmasına baxmayaraq, insanlar qəflət içində bundan üz çevirirlər buyurulur. (Ənbiya 1)

Dünyanın faydasız zövqlərinə aldanan ölümdən xəbərsiz yaşayır. Yanında ölümdən bəhs ediləndə, nifrət edir, xoşuna gəlmir. Peyğəmbər əfəndimiz, Kim ölümdən nifrət edirsə, Allah da ondan nifrət edir buyurur. Allahü təala da, O qaçdığınız ölüm, bir gün sizi mütləq yaxalayacaq buyurur. (Cümə 8)
Günahlardan çəkinib ibadətlərini edən şəxs, ölümü istəməsə, ölümdən nifrət etmiş sayılmaz. Çünki, o qüsurlarını örtmək, günahlarını yumaq dərdindədir. Bir insana sevdiyi dərhal gəl desə, o kəs də, tez yuyunsa, təraş olsa, yeni paltar geyinməklə, sevdiyinə hədiyyələr almaqla məşğul olsa, gecikdiyi üçün sevdiyinə qovuşmaqdan nifrət etmiş sayılmaz. Yəni ölümdən xoşlanmaması qorxulu deyil. Çünki ölüm üçün hazırlıq görürdü.

Əbu Süleyman Darani həzrətləri, salehə bir xanıma, “Ölümü sevirsənmi?” dedi. O da “Xeyr, sevmirəm” dedi. Səbəbini soruşduqda, “Birinə qarşı bir qəbahət iş görsəm, onun üzünə baxmağa utanıram. Onu görmək istəmirəm. Bu qədər günah içində ola-ola, günahlardan qurtulmadan, necə Allahü təalanın hüzuruna çıxmağı sevə bilərəm?” dedi.
Ariflər isə ölümü davamlı xatırlayırlar. Çünki onlar ölümə hər zaman hazırdırlar. Həm də onlar bilir ki, ölüm sevgili ilə görüş zamanıdır. Ölüm, dostu dosta qovuşduran bir körpüdür. Bu körpüdən keçməyən sevgilisinə qovuşa bilməz. Ariflər buna görə ölümü sevirlər.
Həzrəti Mövlana da Əzrayıl əleyhissalama, Tez gəl, canımı tez al, məni Rəbbimə dərhal qovuşdur demişdir. Heç sevən sevgilisi ilə görüş gününü yadından çıxararmı, o günün bir an öncə gəlməsini şiddətli şəkildə arzu etməzmi? Hətta ölümün gecikməsinə ürəyi sıxılar. Bir an öncə ona qovuşmağa can atar.
Həzrəti Huzeyfə ölüm döşəyində, Dost ani bir basqınla gəldi, peşmanlıq fayda verməz. Ya Rəbb, yaşamaq haqqımda xeyirlidirsə, yaşamağı nəsib eylə, ölüm haqqımda xeyirlidirsə, ölüm yolunu mənə asanlaşdır deyə dua etmişdir. Müsəlmanlar da belə dua etməlidir.
Hər zaman, yaxşı və pis halda da ölümü xatırlamağın fəziləti çoxdur. Çünki dünyanın faydasız ləzzətlərinə bərk-bərk sarılan insan belə, ölümü düşünə-düşünə dünyanın çirkli işlərindən uzaqlaşmağa başlayar. Zamanla dünyanın külfəti ona ağır gələr, ləzzətləri artıq xoşuna gəlməz. Beləcə dünyanın faydasız işlərindən soyudan hər şey bir qurtuluş səbəbidir.

Hədisi-şəriflərdə buyurulur ki:
“Ölümü anmaq günahlardan qoruyur.” [İbni Əbiddünya]
“Ölümü anmaq sədəqə vermək kimi savabdır.” [Deyləmi]
“Ölümü çox qatırlayanın qəlbi əhya olur, ölümü də asanlaşır.” [Deyləmi]
“Ölümü çox anmaq, insanı dünyadan çəkər, günahlardan sıyırar.” [İbni Lal]
“Ən ağıllınız, ölümü çox xatırlayan, axirət üçün azüqə toplamaqda tələsəndir. Ölümü çox xatırlayan, dünya və axirət səadətinə qovuşar.” [Tabərani]
“Ləzzətləri yox edən, ağız dadını pozan, ümidləri qıran ölümü çox anın! Ölümü darlıqda düşünən rahatlayar. Bolluqda düşünən lazımsız işdən, israfdan qaçar, qənaətkar olar.” [İ. Hibban]
“Allahdan utanan ölümü düşünmədən yatmaz, haram tikə yeməz, zinadan qaçar, dilini, gözünü və qulağını haramlardan uzaq tutar, öldükdən sonra çürüyəcəyini düşünər.” [Tabərani]
“Ölümü anmaq günahlardan qoruyur və dünyadan [Allahü təalanın rızasına mane olan hər şeydən] əl çəkdirər.” [İbni Əbiddünya]
“Dəmir paslandığı kimi, qəlblər də günahla paslanır. Qəlblərin cilası ölümü çox xatırlamaq və Qurani-kərim oxumaqdır.” [Beyhəqı]
“Ölümü çox anıb, günahlardan qaçanın qəbri Cənnət bağçası olur. Ölümü unudub günahlara dalan kəsin qəbri də, Cəhənnəm çuxuru olur." (Süfyanı Sevri)
Bir şəxsi çox tərifləyirdilər. Orada olan Rəsulullah əfəndimiz, “O şəxs ölümü xatırlayırmı?’’ buyurdu. “Ölümdən bəhs etdiyini eşitmədik” dedilər. “Ölümü anmayan dəyərli ola bilməz” buyurdu. (İ.Əbiddünya)

Sual: Dünya sıxıntılarından, xəstəliklərdən, yoxsulluqdan qurtulmaq üçün ölümü istəməyin zərəri varmı?
Cavab: Xəstəlikdən və dünya sıxıntılarından qurtulmaq üçün ölümü istəmək caiz deyil. Dində sıxıntı və fitnələrdən qorxaraq Allahü təaladan ölümü istəmək sünnətdir. Allah yolunda şəhid olmağı istəmək də belədir. Məkkəyi- mükərrəmədə, Mədinəyi-münəvvərədə olduğu zamanda və övliya türbələrinin yanında ölümü istəmək də caizdir. Allahü təalaya qovuşmağı sevdiyi üçün ölümü istəmək müstəhəbdir. Hədisi-şərifdə buyuruldu ki:
“Bir kəs Allahü təalaya qovuşmağı sevərsə, Allahü təala da ona qovuşmağı sevər.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину