Sual: Axirət gününə iman nədir?
CAVAB
İmanın beşinci şərti, Axirət gününə imandır. Aməntüdəki "Vəl yəvmil axiri...vəl-bəasü bəadəlməvti haqqun" ifadəsi axirətə, öldükdən sonra dirilməyə iman etməyi bildirir.
Bu zamanın başlanğıcı, insanın öldüyü gündür, qiyamətin sonuna qədərdir. Son gün deyilməsi, arxasından gecə gəlmədiyi və ya dünyadan sonra gəldiyi üçündür. Hədisi-şərifdə bildirilən bu gün bildiyimiz gecə-gündüz demək deyildir. Bir vaxt, bir zaman deməkdir. Qiyamətin nə vaxt qopacağı bildirilmədi. Lakin, Peyğəmbər əfəndimiz bir çox əlamətlərini və başlanğıclarını xəbər verdi:
Həzrəti Mehdi gələcək, İsa əleyhissalam göydən enəcək, Dəccal çıxacaq. Yəcüc Məcüc adlanan kəslər hər yeri qarışdıracaq. Günəş qərbdən çıxacaq. Böyük zəlzələlər olacaq. Din bilikləri unudulacaq. Fisq, pislik çoxalacaq. Dinsiz, əxlaqsız insanlar əmir olacaq, Allahü təalanın əmrlərinə əməl etmək qadağan olacaq. Haramlar hər yerdə işlənəcək, Yəməndən bir atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq. Dənizlər bir-birinə qarışacaq və qaynayıb quruyacaq.
Günah işlər görən Müsəlmanlara fasiq deyilir. Fasiqlərə və bütün kafirlərə qəbirdə əzab vardır. Bütün bunlara əlbəttə inanmaq lazımdır. Ölü qəbrə qoyulanda, bilinməyən bir həyat ilə diriləcək, nemət və ya əzab görəcək.
Münkər və Nəkir adlı iki mələyin bilinməyən qorxunc insan şəklində məzara gəlib sual soruşacaqlarını hədisi-şəriflər açıq-aşkar xəbər verir. Qəbir sualı bəzi alimlərə görə bəzı əqaiddən olacaq, bəzilərinə görə isə, bütün əqaiddən olacaq. [Buna görə də uşaqlarımıza “Rəbbin kimdir? Dinin nədir? Kimin ümmətindənsən? Kitabın nədir? Qiblən haradır? Etiqadda və əməldə məzhəbin nədir?” suallarının cavablarını öyrətməliyik! Əhli-sünnət olmayanın doğru cavab verə bilməyəcəği “Təzkirəyi Qurtubi”də yazılmışdır].
Gözəl cavab verənlərin qəbri genişlənəcək, buraya Cənnətdən bir pəncərə açılacaq. Səhər-axşam Cənnətdəki yerlərini görəcəklər. Mələklər tərəfindən yaxşılıqlar olacaq, müjdələr veriləcək. Yaxşı cavab verə bilməyənə dəmir toxmaqlarla elə vurulacaq ki, bağırtısını insandan və cindən başqa hər məxluq eşidəcək. Qəbir o qədər daralacaq ki, sümüklərini bir-birinə keçirəcək kimi sıxacaq. Cəhənnəmdən bir pəncərə açılacaq. Səhər-axşam Cəhənnəmdəki yerini görüb, məzarda məhşərə qədər acı əzablar çəkəcək.
Öldükdən sonra, yenidən dirilməyə inanmaq lazımdır. Sümüklər, ətlər çürüyüb torpaq və qaz olduqdan sonra bədənlər təkrar yaradılacaq, ruhlar bədənlərinə girib, hər kəs məzardan qalxacaq. Buna görə bu zamana Qiyamət günü deyilir.
[Bitkilər havadan karbon dioksid qazını və torpaqdan su ilə duzları, yəni torpaq maddələrini alıb bunları birləşdirirlər. Beləcə, üzvi maddələri və əzamızın bünörəsini əmələ gətirirlər. Uzun illərlə davam edən bir kimya reaksiyasının katalizorlarla saniyədən az bir vaxt ərzində əmələ gəlməsi, müasir dövrdə məlum olmuşdur. Həmçinin, Allahü təala məzarda su, karbon dioksid və torpaq maddələrini birləşdirərək üzvi maddələri və canlı üzvləri bir anda yaradacaq. Belə diriləcəyimizi Müxbiri-sadiq [yəni Peyğəmbər əfəndimiz] xəbər verir. Fənn elmləri də bunun dünyada baş verdiyini göstərir].
Bütün canlılar Məhşər yerində toplanacaq. Hər insanın əməl dəftərləri uçaraq sahibinə gələcək. Bunları, yerləri, göyləri, zərrələri, ulduzları yaradan, sonsuz qüdrət sahibi olan Allahü təala edəcək. Bunların olacağını Allahü təalanın Rəsulu xəbər vermişdir. Onun söylədikləri əlbəttə doğrudur. Əlbəttə hamısı olacaqdır.
Salehlərin, yaxşıların dəftəri sağ tərəfindən, fasiqlərin, pislərin arxa və ya sol tərəfindən veriləcək. Yaxşı və pis, böyük və kiçik, gizli və açıq-aşkar olan hər şey dəftərdə yazılı olacaq. Kiramən katibin mələklərinin bilmədiyi işlər belə, əzanın xəbər verməsi ilə və ya Allahü təalanın bildirməsi ilə ifşa olacaq, hər şeydən sual və hesab olacaqdır. Məhşərdə Allahü təalanın dilədiyi hər gizli şey meydana çıxacaq. Mələklərə yerlərdə, göylərdə nələr etdiniz? Peyğəmbərlərə Allahü təalanın hökmlərini Onun qullarına necə bildirdiniz? Hər kəsdən Peyğəmbərlərə necə tabe oldunuz, sizə bildirilən vəzifələri necə yerinə yetirdiniz? Bir-biriniz arasında olan haqlara necə riayət etdiniz deyə soruşulacaq. Məhşərdə imanı olub, əməli və əxlaqı gözəl olanlara mükafat və ehsanlar olacaq, pis xasiyyətli, pozğun əməlli olanlara ağır cəzalar veriləcək.
Allahü təala dilədiyi möminlərin böyük və kiçik bütün günahlarını fəzli ilə, ehsanı ilə əfv edəcəkdir. Şirkdən, küfürdən başqa hər günahı diləyərsə əfv edəcək, diləyərsə, ədaləti ilə kiçik günahlar üçün də əzab edəcək. Müşrik və kafir halda öləni heç vaxt əfv etməyəcəyini bildirmişdir. Kitablı və kitabsız kafirlər, yəni Muhamməd əleyhissalamın bütün insanlara Peyğəmbər olduğuna inanmayan, Onun bildirdiyi əhkamdan, yəni əmr və qadağalardan birini belə bəyənməyənlər bu halda ölsələr, əlbəttə Cəhənnəmə salınacaq, sonsuz əzab çəkəcəklər.
Qiyamət günü əməlləri, işləri ölçmək üçün bilmədiyimiz bir Mizan, bir ölçü aləti, bir tərəzi vardır. Yer və göy bir gözünə sığacaq. Savab gözü parlaq olub, Ərşin sağında Cənnət tərəfindədir. Günah tərəfi qaranlıq olub, Ərşin solunda, Cəhənnəm tərəfindədir. Dünyada görülən işlər, sözlər, düşüncələr, baxışlar, orada şəkil alaraq, yaxşılıqlar parlaq, pisliklər qaranlıq və iyrənc görünüb, bu tərəzidə çəkiləcək. Bu tərəzi dünya tərəzilərinə bənzəməz. Ağır tərəfi yuxarı qalxar. Yüngül tərəfi aşağı enər, deyildi. Alimlərin bir qisminə görə, müxtəlif tərəzilər olacaq. Bir çoxu da, tərəzilərin neçə ədəd və necə olduqları dində açıq bildirilmədi. Bunları düşünmək lazım deyil, dedi.
Sirat körpüsü vardır. Sirat körpüsü Allahü təalanın əmriylə Cəhənnəmin üstündə qurulacaq. Hər kəsə bu körpüdən keçmək əmr olunacaq. O gün bütün Peyğəmbərlər “Ya Rəbb! Salamatlıq ver!” deyə yalvaracaqlar. Cənnətlik olanlar körpüdən asanlıqla keçərək, Cənnətə gedəcəklər. Bunlardan bəzisi şimşək kimi, bəzisi yel kimi, bəzisi qaçan at kimi keçəcək. Sirat körpüsü qıldan incədir, qılıncdan kəskindir. Dünyada İslamiyyətə tabe olmaq da belədir. İslamiyyətə tam tabe olmağa çalışmaq Sirat körpüsündən keçmək kimidir. Burada, nəfslə mübarizənin çətinliyinə qatlananlar, orada Siratı asan və rahat keçəcəklər. İslamiyyətə tabe olmayan, nəfslərinə düşkün olanlar, Siratı çətinliklə keçəcəklər. Buna görədir ki, Allahü təala İslamiyyətin göstərdiyi doğru yola Siratı müstəqim adını verdi. Bu ad bənzərliyi də İslamiyyətin yolunda olmağın, Sirat körpüsünü keçmək kimi olduğunu göstərir. Cəhənnəmlik olanlar Siratdan keçə bilməyib, Cəhənnəmə düşəcəklər.
Peyğəmbərimiz Muhamməd Mustafaya (sallallahü əleyhi və səlləm) məxsus olan Kövsər hovuzu vardır. Genişliyi bir aylıq yol kimidir. Suyu süddən daha bəyaz, ətri müşkdən daha gözəldir. Ətrafındakı qədəhlər ulduzlardan daha çoxdur. Bir içən Cəhənnəmdə olsa belə, bir daha susamaz.
Şəfaət haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, Salehlər, Mələklər və Allahü təalanın izn verdiyi kəslər şəfaət edəcək və qəbul ediləcəklər. [Peyğəmbər əfəndimiz, “Ümmətimdən böyük günah işləyənlərə şəfaət edəcəyəm” buyurdu].
В корзине: 0 шт.
на сумму: 0