Facebook Twitter WhatsApp

Qəza namazları

    Vaxtında əda edilən (qılınan) namazların fəziləti olduqca çoxdur.
Bunlardan bir neçəsi bəyan edilmişdir:
1. İnsanın üzü nurlu olur.
2. Ömrünün bərəkəti olur.
3. Duası qəbul olur.
4. İnsanların xeyirlisi olur.
5. Bütün möminlər onu sevər.
   Namazı tərk etməyin, yəni səbəbsiz olaraq, vaxtından sonra qılmağın on beş zərəri vardır. Bu zərərlərin beşi dünyada, üçü vəfat edərkən, üçü qəbirdə, dördü ərasat meydanında, yəni məhşər yerindədir.
Dünyadakı beş zərər:
1. O insanın üzündə nur olmaz.
2. Ömründə bərəkət olmaz.
3. Duası qəbul olmaz.
4. Bir mömin qardaşına edəcəyi duası qəbul olmaz.
5. Etdiyi digər ibadətlərin savabı ona çatmaz.

Səkəratı məvtdə, yəni ölüm anında olan üç zərər:
1. Ac olaraq ölər.
2. Susuz olaraq ölər.
3. Rəzil olaraq ölər. Nə qədər təam yesə doymaz, nə qədər su içsə, bəs etməz.

Qəbirdə olan üç zərər:
1. Qəbiri onu sıxar və sümükləri bir-birinə keçər.
2. Qəbiri atəşlə dolar.
3. Onu bir əjdaha təngə gətirər. O əjdahanın adına Akra deyilir. Onun əlində bir qamçı olar. O qamçıyla bir dəfə vurduqda yerin dibinə keçrər, yenə çıxar, bir daha vurar. Bu hal, qiyamətə qədər belə davam edər. O şəxs bu əzabı qiyamətə kimi çəkər.

Ərasat meydanındakı dörd zərər:
1. Hesabı şiddətli olar.
2. Allahü azım-üş-şanın qəzəbini qazanar.
3. Cəhənnəmə daxil olar.
4. Onun alnına üç sətir yazı yazılar:
   Birincisi, bu şəxs, Allahın qəzəbinə layiqdir.

   İkincisi, bu şəxs, Allahın haqqını itirəndir.
  Üçüncüsü, sən, Allahü azım-üş-şanın haqqını itirdinsə, bugünkü gündə Allahın rəhmətindən uzaqsan.
   Namaz dinin dirəyidir. Bir şəxs namaz qılsa, dinin dirəyini qoymuş olar. Bu yolla, üzərinə kölgəlik qurar. Onun altında salamat olar.

   Bir şəxs, bir vaxt namazı bilə-bilə tərk etsə və sonra qəza etsə, Cəhənnəmdə bir Hükbə miqdarı, yəni səksən il yanacaq. Bu əzabdan qurtulmaq üçün eyni zamanda tövbə edib yalvarmaq, əfv diləmək də lazımdır.

   (Axirətin bir günü bu dünyanın min ili qədərdir. Axirətin illəri buna uyğun hesablanır.)
   [Muhamməd Əmin ibni Abidin “(rahmətullahi aleyh) “Rədd-ülmuxtar” kitabında buyurur ki, səmavi dinlərin hamısında namaz qılmaq əmr edilmişdir. Adəm əleyhissəlam əsr, Yaqub əleyhissəlam məşrib, Yunus əleyhissəlam İşa namazlarını qılardı. Bütün fərzlərə və haramlara inanmaq imanın şərti olduğu kimi, namaz qılmağın da vəzifə, borc olduğuna inanmaq imanın şərtidir. Lakin namaz qılmaq imanın şərti deyil.
   Ağıllı və buluğ yaşına çatmış hər bir müsəlman kişi və qadının, üzrlü səbəbi yoxdursa, hər gün beş dəfə namaz qılmağı fərzdir. Beş vaxt namaz mirac gecəsi fərz oldu.
“Müqaddimət-üs-salət”, “Təfsiri Məzhəri”, “Haləbi-yi kəbir”dəki Hədisi-şərifdə buyruldu ki: “Cəbrayıl əleyhissəlam Kəbə qapısı yanında iki gün mənə imam oldu. İkimiz, fəcr doğarkən (dan yeri ağararkən) sübh namazını, günəş təpədən ayrılarkən zöhr namazını, hər şeyin kölgəsi öz boyu qədər uzandıqda əsr namazını, günəş batarkən (üst kənarı yox olunca) məğrib və şəfəq qaraldıqda İşanı qıldıq. İkinci gün də, sübh namazını hava aydınlandıqda, zöhrü, hər şeyin kölgəsi öz boyunun iki qatı qədər uzandıqda, əsri bundan dərhal sonra, məğribi oruc pozulduğu zaman, İşanı gecənin üçdə biri olduqda qıldıq. Sonra, ya Muhamməd, sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları budur. Ümmətin, beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın arasında qılsınlar, dedi”. Hər gün beş dəfə namaz qılınması əmr olundu.
Yeddi yaşındakı uşağına namaz qılmağı əmr etmək anaya, ataya lazımdır. Namazın fərz olduğuna, yəni birinci vəzifə olduğuna inanmayan kafir olur. Fərz olduğuna inansa da, tənbəlliklə qılmayan kafir olmaz, fasiq, yəni günahkar olar. Namaz qılmağa başlayana qədər həbs olunar. Ona heç bir güzəşt, mərhəmət edilməz. Bir namazı vaxtında camaat ilə qılanın, müsəlman olduğu aydın olur. Çünki başqa dinlərdə namaz yalnız qılınır, camaatla qılınmazdı. Həcc də edərdilər. Namaz yalnız bədən ilə edilən ibadət olduğu üçün başqasının yerinə namaz qılınmaz. Zəkat, yalnız mal ilə edilən ibadət olduğu üçün üzrlü səbəbi olmayan şəxs üçün başqası, onun malı ilə və əmri ilə zəkat verə bilər. Həcc həm bədən ilə, həm də mal ilə edildiyinə görə, üzrlü səbəbi olanın yerinə, onun pulu və əmri ilə başqası həccə gedə bilər.
Ölənə qədər heç vaxt oruc tuta bilməyən çox yaşlı bir şəxs, oruc yerinə hər günün orucu üçün kasıba fidyə deyilən malı verə bilər. Fidyə, pul verib qurtarmaq mənasını verir. Namaz üçün fidyə vermək də caiz deyildir. Namaz qıla bilməyən şəxs vəsiyyət edərsə, öldükdən sonra, onun namaz borclarının ödənilməsi üçün qoyduğu maldan fidyə vermək yaxşı olar. Qoyub getdiyi mal ödəmə üçün kifayət etməzsə, “Dövr” etmək, (yəni ötürmək, təhvil vermək) caizdir. Dövr-vəfat edən bir müsəlmanın sağlığında qıla bilmədiyi namaz, tuta bilmədiyi oruc və verə bilmədiyi zəkat kimi borclardan qurtulması üçün bir neçə kasıbın ölünün vəlisi tərəfindən verilən fidyəni alıb könüllü olaraq yenidən geri vermək yolu ilə edilən hərəkətdir. Oruc üçün iskat etmək isə vacibdir.

   Yay mövsümündə, şimal ölkələrdə, şəfəq yeri qaralmadan dan yeri ağardığı yerlərdə İşa və sübh namazlarının vaxtları başlamadığı üçün, hənəfidə bu iki namazı qılmaq lazım deyil. Böyük müctəhid imam Şafii (rahimə-hullahü təala) lazım olduğuna ictihad buyurmuşdur. Lakin alimlərin çoxuna görə, sübh və İşa namazlarını qılmaq fərz olmaz. Qəza etmək də lazım gəlməz. Çünki hər iki namazın da vaxtı başlamamışdır. Vaxtı gəlmədən öncə qılmaq fərz deyildir. Lakin oruc belə deyil. Bir ölkədə ay göründükdə, hər ölkədə Ramazan başlayar.

   Öz məzhəbinə görə bir fərzi icra edərkən və ya bir haramdan qorunarkən “Harac”, yəni çətinlik hasil olarsa, harac olmayan başqa bir məzhəbi təqlid edilərək, bu maneədən qurtulmaq lazımdır. Harac, bir işi zəhmətlə icra etmək və ya heç icra edə bilməmək deməkdir. Harac olmayan başqa məzhəb yoxdursa, haraca səbəb olan şey, zərurətlə mövcuddursa, bu fərzi yerinə yetirmək və ya haramdan qorunmaq əfv olunur. Zərurət ilə mövcud deyilsə, yəni bu şeyin mövcud olması vacib deyilsə, bu şey tərk edilərək, haracdan qurtulmaq lazımdır.

   Sübh namazına gec gələn, camaatla qılmağı qaçırmamaq üçün sünnəti tərk etməlidir. Vaxtı qaçırmamaq üçün sünnəti tərk etməsi daha lazımdır. Camaata çata biləcəksə, sünnəti məsciddən kənarda və ya dirək arxasında qılmalıdır. Belə yer yoxdursa, camaatın yanında qıla bilməz, sünnəti tərk edər. Çünki məkruh işləməmək üçün sünnəti tərk etmək lazımdır.

   Üzrlü səbəbdən qılınmayan fərzlərə “Fəvait” (Faitə) deyilir ki, mənası qaçırılan namazlar deməkdir. Üzrsüz, tənbəlliklə qılınmayan namazlara “Mətrukat”, yəni üzrsüz tərk edilən deyilir. Fiqh alimləri qəzaya qalan namazlara faitələr, yəni üzrlü səbəblə qaçırılan namazlar demişdirlər, səbəbsiz tərk edilən namazlar deməmişdirlər. Çünki namazı üzrsüz vaxtında qılmamaq böyük günahdır. Qəza etməklə bu günah əfv olunmaz. Ayrıca tövbə etmək və ya haccı-məbrur etmək lazımdır. Hacc-ı məbrur, şərtlərinə diqqət edilərək, heç günah işləmədən edilən və qəbul olan həcdir. Qəza etdikdə, yalnız tərk etmək, qılmamaq günahı bağışlanılır. Qəza etmədən edilən tövbə düzgün olmaz. Çünki günahı tərk etmək tövbənin şərtidir.

    Namazı vaxtından sonraya saxlamaq üçün beş üzrlü səbəb var:
   Birincisi, düşmən qarşısında oturaraq, qiblədən başqa tərəfə dönərək və heyvan üstündə gedərək də qılmağa imkan olmazsa; ikincisi, müsafir yolda oğru, quldur, yırtıcı heyvana yaxalanacaqsa; üçüncüsü, ananın və ya uşağın tələf ola biləcəyi təhlükəsi varsa, həkimin namazı gecikdirməsi; dördüncüsü, namaz qılmağı unutmaq; beşincisi yuxuya qalmaq. Vaxt çıxmadan iftitah təkbiri ala bilmək Hənəfidə, bir rükət qıla bilmək isə Şafidə
“Əda”, yəni namazı vaxtında qılmaq sayılır.
   Fərzləri qəza etmək fərz, vacibləri qəza etmək vacibdir. Sünnətləri qəza edən, sünnət savabı qazanır. Beş vaxt namazın fərzi ilə vitri qılarkən və qəza edərkən, tərtibə riayət etmək, yəni ardıcıllığı gözləmək lazımdır. Lakin vaxtın sonunda lazım olmaz. Yəni qəza qıla bilmək üçün, vaxtın fərzini qəzaya saxlamaq olmaz. Faitə qəza namazı olduğu unudularsa və ya faitə qəzasının sayı altı olarsa, tərtib, yəni ardıcıllıq qüvvəsini itirir. Faitə qəzalarının sayı altıdan aşağı düşərsə, tərtib geri gəlməz. Bunlar da sırasız qılına bilər. Tərtibsiz qılınan fərzlər pozulsalar da, sayı altı olarsa, beşinci vaxt çıxdıqda, hamısı səhih olur. Məsələn, sübh namazını qılmayan şəxs, bunu xatırladığı halda, zöhr, əsr,məğrib, İşa və vitri qılsa, heç biri düzgün olmasa da, ertəsi gün günəş doğduqda, qılmış olduğu beş namazın hamısı səhih olar.

   Faitə qəzasına qalmış namazları təcili qəza etmək lazımdır. Yalnız, ailənin yaşayış vəsaitini qazanacaq qədər, eləcə də beş vaxt namazın sünnətlərini, duha, təsbih və təhiyyət-ül-məscid namazlarını qılacaq qədər gecikdirmək caizdir. İbni Abidin, dəstəmazın sünnətlərində deyir ki: “Caiz, qadağan deyil deməkdir. Tənzihən məkruh olan şeyə də caiz deyilir”. Bu halda, caiz deyilən şeyi etməmək, adı çəkilən bu sünnət namazlar üçün qəzaları gecikdirməmək lazımdır. Ramazan orucunun qəzası təcili deyil.

   Qeyri müsəlman ölkələrdə müsəlman olan, fərz olduğunu bilmədiyi üçün tərk etdiyi namazları, orucları və zəkatları qəza etməz. Lakin İslam ölkəsində olanların fərzləri, haramları bilməməsi üzrlü hal deyil. Mürtəd, imana gələrsə, dinsiz olduğu vaxtlarda qılmadığı namazlarını qəza etməz. Çünki kafirlər ibadətlərdən məsul deyildirlər. Buluğ yaşına çatmamış bir uşaq, İşanı qıldıqdan sonra cünub olsa və dan yeri ağardıqdan sonra oyansa, İşanı qəza etməsi lazımdır. Çünki qılmış olduğu namaz nafilə idi. Yuxuda ikən fərz oldu. Sağlam olarkən qılınmamış namazları, xəstə olduqda təyəmmüm ilə, işarə ilə qəza etmək olar. Qəzaya qalmış dörd rükət fərz, səfəri olduqda da dörd rükət qəza olunur. Səfərdə qəzaya qalmış iki rükət zöhrün fərzi, muqim də iki rükət qəza olunur. Zöhrün fərzi qılındıqda, bu günki zöhr namazının fərzinə və ya zöhrün fərzinə niyyət edilir. Faitə namazı birdən çox olan, “İlk qəzaya qalmış olan” və ya “Son qəzaya qalmış olan” zöhrün fərzinə niyyət edir. Bir Ramazan ayının bir neçə gününü qəza edərkən, günlərin sırasını təyin etmək lazım deyildir.

   Üzrsüz tərk edilmiş namazları qəza edərkən, başqalarına bəlli etməmək lazımdır. Çünki namazı vaxtında qılmamaq günahdır. Günahını göstərmək də başqa günah olar. Gecə gizli edilən günahı, gündüz başqalarına danışmaq da günahdır. İbni Abidindən tərcümə tamamlandı.

   Göründüyü kimi, Hənəfi məzhəbində faitə olaraq qəzaya qalmış namazları təcili qəza etmək lazımdır. Şafii məzhəbində də belədir. Şafi alimlərindən Şəmsüddin Muhamməd Rəmli (rahmətullahi aleyh), fitvasında buyurur: “Üzrlü səbəbdən qəza edilmiş namazları olanın, Ramazanda təravih qılıb, qəzalarını Ramazandan sonra qılması günah olmaz. Lakin üzrsüz tərk edilmiş namazları olanın belə etməsi günahdır. Çünki tərk edilmiş namazlar dərhal qəza edilməlidir.” Üzrsüz tərk edilmiş namazları ilk öncə qılmayıb, sünnətləri, məsələn təravihi əvvəlcə qılmağın günah olduğunu, sünnətlərin yerinə bu namazları qəza etməyin lazım olduğunu, Şafi məzhəbinin alimləri açıq şəkildə bildirir. Hənəfi məzhəbində də belədir. Hənəfidə, üzrlü səbəbdən qılınmamış namazların qəzalarını sünnət qılacaq qədər gecikdirmək
caizdir, deyilməsi, onların qəzalarını gecikdirməməyin daha yaxşı olduğunu göstərir. Çünki caiz, islamiyyətdə qadağan edilməmişdir, deməkdir. İbni Abidin (rahimə-hullahü təala) “axar suyu israf etmək caizdir”, sözünü, “yəni tənzihən məkruhdur”, deyə açıqlayır. Üzrlü səbəbdən qılınmayan namazların qəza edilməsi təcili olduğu üçün, üzrsüz tərk edilmiş namazları da sünnətlərin yerinə qılmaq lazımdır. İbni Abidin (rahimə-hullahü təala) buyurur: “Dəstəmazda əzaları üç dəfə yumaq müəkkəd (qüvvətli) sünnətdir. Suyun qiymətinin yüksək olması, soyuq olması, suya möhtac olmaq kimi üzrlü səbəblərlə bu sünnəti tərk etmək məkruh deyil”. Tərk edilmiş namazı bir an əvvəl qəza edib, böyük günahdan qurtulmaq üçün, sübh namazından başqa, digər sünnətlərin yerinə onların qəzasını qılmaq lazım olduğu buradan aydın görünür.
]