Facebook Twitter WhatsApp

İsqat və dövr necə yerinə yetirilir

    Fidyənin məbləği mirasın üçdə birini aşarsa, varisləri icazə vermədikcə qəyyumu üçdə birindən çoxunu sərf edə bilməz. “Kinyə” kitabında deyilir ki, bütün ömrünün namazları üçün malının üçdə birinin verilməsini vəsiyyət edən ölünün borcu da olsa, borc verən vəsiyyətin yerinə yetirilməsinə icazə versə də, vəsiyyətin yerinə yetirilməsi caiz olmaz. Çünki İslamiyyət hər şeydən əvvəl borcun ödənilməsini əmr edir. Borcu ödəmək borc verənin razı olması ilə sonraya təxirə salmaq olmaz.

    Bütün namazların isqat edilməsi üçün vəsiyyət edənin hansı yaşda olması bilinmirsə, qoyduğu mirasın üçdə biri namazlarının isqatına çatmadığı zaman bu vəsiyyət caiz olur. Mirasın üçdə biri isqat üçün çatar və artıq qalarsa bu vəsiyyəti caiz olmaz, batil olur. Çünki malın üçdə biri isqata çatmadığı zaman üçdə biri ilə isqat ediləcək namazların sayı məlum olduğundan vəsiyyəti bu namazlar üçün sahih olar. Geri qalan namazları üçün olan vəsiyyəti ləğv, yəni boş söz olur. Üçdə biri çox olduğu zaman ömrü və dolayısı ilə namaz sayı məlum olmadığı üçün vəsiyyəti batil olur.

    Namaz isqatı üçün vəsiyyət edən ölünün heç malı yoxdursa və ya üçdə biri vəsiyyətə çatmırsa və ya heç vəsiyyət etməmişsə və qəyyumu öz malı ilə isqat etmək istəyirsə “Dövr” edər. Lakin dövr etməyə məcbur deyil. Dövr etmək üçün qəyyum bir aylıq və ya bir illik isqat üçün lazım olar qızıl pul və ya bilərzik, üzük və ya işlənilən gümüş borc alır. Ölü kişidirsə yaşından on iki il, qadındırsa doqquz il çıxaraq neçə illik borcu olduğu hesablanar. Bir günlük altı namaz üçün on kilo, bir günəş ili üçün üç min altı yüz altmış kilo buğda vermək lazımdır. Məsələn, bir kilo buğda yüz səksən qəpik olduğu zaman bir illik namaz isqatı altı min beş yüz doxsan səkkiz və ya qısa olaraq altı min altı yüz manat olur. Bir qızıl pul (7,7 qramdır) yüz iyirmi manat olduğu zaman, bir illik namaz isqatı üçün əlli beş və ya ehtiyatlı olaraq altmış qızıl pul lazım olur. Ölünün qəyyumu beş qızıl borc alsa və dünyaya düşgün olmayan, dinini bilən və sevən bir neçə, məsələn, dörd kasıb tapsa (bunların fitrə verməyəcək və sədəqə alacaq qədər kasıb olması lazımdır. Kasıb olmazlarsa, isqat qəbul olunmaz), ölünün qəyyumu, yəni vəsiyyət etdiyi adam və ya varislərindən biri və ya bunlardan birinin vəkil etdiyi kimsə “Mərhum ........ əfəndinin isqatı namazı üçün əvəz olaraq bu beş qızılı sənə verdim” deyərək beş qızılı birinci kasıba sədəqə niyyət edərək verir. Sonra kasıb, “aldım, qəbul etdim, sənə hədiyyə etdim” deyərək bunu varisə və ya varisin vəkilinə hədiyyə edər və varis təslim alar. Sonra yenə buna və ya ikinci kasıba verər və hədiyyə olaraq ondan təslim alar. Beləliklə də, eyni kasıba dörd dəfə və ya dörd kasıba bir dəfə verib-almaqla bir dövr olur. Bir dövrdə iyirmi qızıllıq namaz kəffarəsi isqat edilmiş olur. Ölü kişi və altmış yaşındadırsa, qırx səkkiz illik namaz üçün 48 x 60 = 2880 qızıl vermək lazım olur. Bunun üçün də 2880 : 20 = 144 dəfə dövr edər. Qızılın miqdarı ondursa, 72 dövr; qızılın miqdarı iyirmidirsə, 36 dövr edər. Kasıbın miqdarı on və qızılın miqdarı da ondursa, 48 illik namaz kəffarəsinin isqatı üçün iyirmi doqquz dövr edər. Çünki:

    Namaz qılmadığı illər X bir illik qızılın miqdarı = kasıb miqdarı X dövr edən qızılın miqdarı X dövr sayı. Misalımızda təxmini olaraq:

48 x 60 = 4 x 5 x 144 = 4 x 10 x 72 = 4 x 20 x 36 = 10 x 10 x 29

    Görünür ki, namaz isqatında dövr sayını tapmaq üçün bir illik qızılın sayı ilə ölünün namaz borcu vurulur. Ayrıca olaraq dövr olunan qızılın miqdarı ilə kasıb miqdarı da vurulur. Birinci vurma ikinci vurmaya bölünür. Bölmə dövr sayı olur. Buğdanın və qızılın kağız pul dəyərləri hər zaman təxmini olaraq eyni nisbətdə dəyişməkdədir. Yəni qızılın dəyəri ilə buğdanın dəyəri hər zaman birlikdə azalmaqda və ya artmaqdadır. Bu baxımdan isqat üçün bir illik buğda miqdarı dəyişmədiyi kimi bir illik qızıl miqdarı da, yəni yuxarıda tapdığımız altmış qızıl da təxminən eynidir. Bunun üçün isqat hesabında hər zaman ehtiyatlı olaraq:

Bir aylıq namaz isqatı beş qızıldır.

Bir aylıq Ramazan orucu isqatı bir qızıldır

qəbul edilməkdədir. Dövr edilən qızıl miqdarı və dövr sayı buradan tapılır.

    Namaz isqatı qurtardıqdan sonra tutulmayan, qəza edilməsi lazım olan orucların isqatı üçün beş qızıl dörd kasıba üç dəfə dövr edilir. Çünki bir illik, yəni otuz günlük oruc kəffarə isqatı əlli iki yarım kilo buğda və ya 5,25 qram qızıl, 0,73 ədəd qızıl pul təşkil edir. Görünür ki, Hənəfi məzhəbində bir qızıl bir illik oruc kəffarəsini isqat edər və qırx səkkiz il üçün qırx səkkiz qızıl vermək lazımdır. Beş qızıl ilə dörd kasıba bir dövr edəndə, iyirmi qızıl verilmiş sayılır. Qəza edilməsi lazım olan orucların isqatı edildikdən sonra zəkatı üçün sonra qurban üçün bir neçə dövr edilir.

    Bir andiçmə kəffarəsi üçün hər gün on kasıb və üzrsüz pozulub kəffarə lazım olan bir günlük oruc kəffarəsi üçün bir gündə altmış kasıb lazımdır və bir kasıba bir gündə yarım sa buğdadan artıq verilməz. O halda andiçmə və oruc kəffarəsi üçün bir gündə dövr edilməz. Andiçmə vəsiyyəti varsa, bir andiçmə üçün bir gündə on kasıbın hər birinə iki kilo buğda və ya un və ya bu dəyərdə hər hansı bir mal, qızıl, gümüş verilər. Bunları bir kasıba on gün ard-arda vermək də olar. Yaxud bir kasıba kağız pul verib, “səni vəkil elədim. Bu pul ilə hər gün sabah və axşam olmaqla iki dəfə on gün qarnını doyduracaqsan!” deməlidir. Qarnını belə on gün doydurmayıb, qəhvə, qəzet pulu etsə caiz olmaz. Ən yaxşısı bir aşpaz ilə bazarlıq edib on günlük pulu aşpaza verib, kasıb bu aşpaz da hər gün səhər və axşam olmaqla iki dəfə qarnını doyurmalıdır. Niyyət etdikdən sonra pozulan oruc və zihar kəffarələri də bu cür olub bu ikisində bir günün kəffarəsi üçün altmış kasıba bir gün və ya bir kasıba altmış gün yarım “sa” buğda və ya bu dəyərdə başqa mal vermək və ya hər gün iki dəfə doydurmaq lazımdır.

    Vəsiyyət edilməyən zəkat üçün isqat etmək lazım deyildir. Varisin zəkat isqatı üçün özündən dövr edə bilməsi üçün fətva verilmişdir.

    Dövr edərkən qəyyum qızılları kasıblara hər verəndə namaz və oruc üçün niyyət etməlidir. Kasıb da geri qaytararkən hədiyyə etdim deməli, qəyyum da təslim aldım deməlidir. Qəyyum isqat edə bilməyəcək vəziyyətdədirsə, ölünün isqatını edə bilmək üçün birini vəkil edər, isqatları və dövrü bir vəkil edər.

    İmamı Birgivinin “Vəsiyyətnamə” kitabında və bunun Kadızadə Əhməd əfəndi şərhində deyilir ki, kasıbların nisaba malik olmaması şərtdir. Ölünün qohumundan olması caizdir. Kasıba verərkən, “Filan adamın filan qədər namazının isqatı üçün bunu sənə verdim” deməsi lazımdır. Kasıb da “qəbul etdim” deməlidir və qızılları alanda bunun özünkü olduğunu bilməlidir. Bilməsə, əvvəlcədən öyrətmək lazımdır. Bu kasıb da lütf edib öz istəyi ilə “filan adamın namazlarını  isqatı üçün əvəz olaraq bunu sənə verdim” deyərək başqa kasıba verir. O kasıb da alıb “qəbul etdim” deməlidir. Alanda öz mülkü olduğunu bilməlidir. Əmanət hədiyyə kimi alarsa, dövr qəbul olunmaz. Bu ikinci kasıb “aldım, qəbul etdim” dedikdən sonra “eyni qayda ilə sənə verdim” deyərək üçüncü kasıba verir. Beləcə, namaz, oruc, zəkat, qurban, fitr sədəqəsi, nəzr və qul haqları, heyvan haqları üçün dövr etməlidir. Andiçmə və oruc kəffarələri üçün dövr etmək caiz deyil.

    Ondan sonra qızıllar hansı kasıbda qalarsa, lütf edib arzusu və razılığı ilə qəyyuma hədiyyə edər. Qəyyum aldım, qəbul etdim, deyər. Əgər hədiyyə etməzsə, öz malı sayılır, güclə alına bilməz. Qəyyum bir qədər qızılı və ya kağız pulu və ya ölünün əşyasından bu kasıba verib bu sədəqə savabını da ölünün ruhuna hədiyyə edə bilər. Borcu olan kasıb və yetkinlik yaşına çatmayan uşaq dövr etməyə qatılmamalıdır. Çünki əlinə keçən qızıllar ilə borcunu ödəməsi fərz olur. Bu fərzi yerinə yetirməyib qızılları ölünün kəffarəsi üçün yanındakı kasıba verməsi caiz olmaz. Dövr qəbul olarsa da özü heç savab qazanmaz. Hətta günaha girər.

    Malı olmayan ölü dövr edilməsini vəsiyyət edərsə, qəyyumun dövr etməsi vacib olmaz. Ölünün kəffarələrini isqat edəcək qədər malının hamısını, mirasın üçdə birini aşmamaq şərtilə vəsiyyət etməsi vacib olur. Beləcə dövrə ehtiyac olmadan isqat edilir. Üçdə biri isqata çatdığı halda, üçdə birindən az malın dövr edilməsini vəsiyyət edərsə günaha girər. İbni Abidin beşinci cild, iki yüz yetmiş üçüncü səhifədə buyurur ki, “kiçik uşaqları olan və ya kasıb olub mirasa möhtac olduğu halda, yetkin övladları saleh olan xəstənin nafilə olan xeyrat və yaxşılıqları vəsiyyət etməyib malını saleh övladlarına qoyması daha yaxşıdır. “Bezzaziyə”də hədiyyə açıqlandığı zaman deyilir ki, malı xeyirli işlərə sərf edib günahkar övlada miras qoyulmamalıdır. Çünki günaha kömək etmiş olur. Günahkar övlada da ehtiyacdan artıq mal verilməməlidir.

   Çoxlu sayda namaz, oruc, zəkat, qurban və andiçmə borcları olub, bunlar üçün mirasın üçdə birindən az bir malın dövr edilməsini və artıq qalan mal ilə Qurani-Kərim, xətmi-təhlil və mövlud oxutmasını vəsiyyət etmək caiz deyil. Bunları oxumaq üçün pul verən və alan günaha girər. Qurani-Kərim öyrətmək üçün pul alıb-vermək caizdir. Oxumaq üçün caiz deyil.

   Ölünün borclu olduğu namazları, orucları varisləri və hər hansı birinin qəza etməsi caiz deyildir. Lakin nafilə namaz qılıb, oruc tutub savabını ölünün ruhuna hədiyyə etmək caiz və yaxşı olar.

   Ölünün borcu olan həccini vəsiyyət etdiyi adamın qəza etməsi caiz olar. Yəni ölünü borcdan qurtarar. Çünki həcc həm bədən ilə, həm də mal ilə yerinə yetirilən ibadətdir. Nafilə həcc başqasının yerinə hər vaxt yerinə yetirilir. Fərz olan həcc isə ölənə qədər həccə gedə bilməyənin yerinə vəkili tərəfindən yerinə yetirilir.

   “Məcmaul-ənhür”-də və “Dürr-ül-müntəka”da  deyilir ki, ölünün isqatı dəfndən əvvəl edilməlidir. Dəfndən sonra da caiz olduğu “Kuhistani”də yazılıb.

    Ölü üçün namaz, oruc, zəkat, qurban kəffarələrinin isqatında bir kasıba nisabdan artıq verilə bilər. Hətta qızılların hamısı bir kasıba verilə bilər.

    Ölüm xəstəsinin qılmadığı namazlarının fidyəsini verməsi caiz deyil. Oruc tuta bilməyəcək qədər qoca olanın tuta bilmədiyi orucların fidyəsini verməsi caizdir. Xəstənin namazlarını başı ilə ima edərək qılması lazımdır. Bu cür ima ilə bir gündən artıq namaz qıla bilməyən xəstənin qılmadığı namazları bağışlanır. Yaxşı olduqdan sonra bunların qəza etməsi lazım olmaz. Tuta bilmədiyi orucları yaxşı olduqdan sonra tutması lazımdır. Yaxşı olmadan ölərsə, bu orucları bağışlanar.