Sual: Hər xüsusda Peyğəmbərimizə tabe olmaq lazımdırmı?
CAVAB
Peyğəmbər əfəndimizi bəzi xüsuslarda təqlid etmək caiz deyil. Çünki sadəcə Ona aid olan haram və fərzlər var idi. Bu mövzuda Məvahibi-Lədünniyyədə buyurulur ki:
Yalnız Peyğəmbər əfəndimizə məxsus fərzlər və haramlar vardır. Məsələn, qurban kəsmək, quşluq namazı, sübh namazının sünnəti ilə gecə namazı qılması, misvaq istifadə etməsi, istişarə ilə iş görməsi, gördüyü yerdə və zamanda münkər bir işi dəyişdirməsi, ölən yoxsul bir Müsəlmanın borcunu ödəməsi, başladığı işi bitirməsi sadəcə Peyğəmbər əfəndimizə məxsus fərzlərdən idi. İnsanlara müdarə etməsi [insanlara xoş davranması, axirət üçün dünyalıq verməsi] də fərz idi.
Qurani-kərimdə məalən buyurulur ki:
“Rəbbin üçün qurban kəs.” [Kövsər 2]
“Gecələri qalx namaz qıl.” [Müzəmmil 2]
“Bir iş görəcəyin vaxt yoldaşlarınla istişarə et.” [Ali İmran 159]
Hədisi-şəriflərdə buyurulur ki:
“Vitr namazı, sübh namazının sünnəti və iki rükət quşluq namazı mənə fərz, sizə sünnətdir.” [İ. Əhməd, Tabərani]
“Ümmətimə çətin olmasaydı, gecə namazını onlara da məcburi edərdim.” [Müslim]
“Mən misvaq istifadə etməklə əmr olundum.” [İ. Əhməd]
“Borclu ölən möminin borcunun ödənməsi, mənim üzərimədir.” [Müslim]
“Fərzləri etmək kimi, müdarə etməyim də əmr edildi.” [Tirmizi]
Peyğəmbər əfəndimizin zəkat, sədəqə alması haram idi. Zəngin deyildi, amma zəngin də olsa zəkat verməsi fərz deyil idi. Öldürülməsi lazım olan birinin qətlinə, yaxud döyülməsinə gizlicə işarə etməsi də haram idi, açıq söyləməli idi. Miras qoymaq, yazı yazmaq, şeir söyləmək, soğan-sarımsaq kimi çirkin qoxulu şeyləri yemək də Ona haram idi. Hədisi-şəriflərdə buyurulur ki:
“Biz Peyğəmbərlər miras qoymuruq. Bizə heç kim varis ola bilməz. Bizdən qalanlar sədəqə [vəqf] olur.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai]
“Bir dinarım belə varislərimə miras qalmayacaq. Zövcələrimin və məmurlarımın nəfəqəsindən başqa, qoyduğumun hamısı sədəqə [vəqf]dir.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi]
“Mən sədəqə alıb yemərəm.” [Müslim]
“Şeir söyləmərəm.” [Əbu Davud] [Ancaq atalar sözü kimi olan hikmətli beytləri söyləyərdi. (Tirmizi)]
“Yanıma mələk gəldiyi üçün soğan-sarımsaq yemirəm.” [Hakim]
“Biz, ümmi bir millətik.” [Buxari] (Yazı yazmadığı ayətlə də sabitdir.)
Onu istəməyən qadını nikahında saxlaması və kitab əhli kafir qadınla evlənməsi də haram idi. Əvvəlcə, xanımını boşamaq caiz idi. Hafsa validəmizə bir talaq vermişdi. “Ey həbibim, Ona geri dön! Çünki o çox oruc tutur, çox namaz qılır. Cənnətdə də sənin xanımındır” məalindəki vəhy ilə Əhzab surəsinin, “Boşadığın xanımlarından istədiyini təkrar nikahlamaqda, sənə günah yoxdur” məalindəki 51-ci ayəsi üzərinə onu təkrar nikahladı. Daha sonra xanımlarını boşaması və başqa qadınlarla evlənməsi də haram edildi. Rəsulullahın xanımları möminlərin anaları olduğu üçün, Onun xanımları ilə evlənmək də Müsəlmanlara haram edildi. Qurani-kərimdə məalən buyurulur ki:
“Peyğəmbərin xanımları möminlərin analarıdır.” [Əhzab 6]
“Bundan sonra artıq başqa qadınlarla evlənmək sənə halal deyildir.” [Əhzab 52)
“Ey iman edənlər, Rəsulullahı incitmək və Ondan sonra onun xanımlarını nikahlamaq sizə əsla caiz olmaz, böyük günahdır.” [Əhzab 53]
Sünnətlə fərz arasında danışmaq
Sual: Sünnətlə fərz arasında danışmaq olmaz, amma Rəsulullahın sübh namazının fərzindən əvvəl danışmasının hikməti nədir?
CAVAB
İslam alimləri, Peyğəmbər əfəndimizin etdiyi şeyləri üç yerə ayırmışdır:
1- Müsəlmanların da etməli olduğu şeylərdir. Bunlara, “Sünnət” deyilir.
2- Adətə bağlı şeylərdir. Bunları hər Müsəlman olduğu yerin adətinə görə edir.
3- Rəsulullaha xas olan, Xasais adlanan özəl şeylərdir. Bunları başqasının etməsi caiz deyildir.
Rəsulullah əfəndimiz sübh namazının sünnətini evində qılıb, Həzrəti Aişə ilə bir az danışdıqdan sonra, fərzi qıldırmaq üçün məscidə gedərdi. Bu hal, xasaisi-peyğəmbəridir. Yəni Peyğəmbər əfəndimizə xas özəl işlərdəndir. Aişə validəmizlə danışmadan çölə çıxsaydı, ilahi təcəlli və nurlardan dolayı üzünə heç kim baxa bilməzdi. (Hər kəsə Lazım Olan İman kitabı)
Rəsulullaha boşama haqqı
Sual: “Hak Sözün Vesikaları” adlı kitabda, yalnış Hüsniyə kitabının, “Rəsulullah zövcələrini boşamaq üçün Əlini vəkil etdi. O da, Aişəni boşadı” iftirasına cavabında, “Halbuki ayəti-kərimədə, Rəsulullaha belə boşama haqqı verilməmişdir” deyilir. Amma Tahrim surəsinin “Əgər o sizi boşayarsa, Rəbbi ona sizdən daha yaxşı xanımlar verə bilər” məalindəki 5-ci ayəsi var. Başqa ayələr də var. Məsələn, Həzrəti Hafsa validəmizi boşamışdı. Boşaması caiz olmasa, necə boşaya bilərdi? “Hak Sözün Vesikaları” adlı kitabda “Rəsulullaha belə boşama haqqı verilməmişdir” ifadəsi səhv deyilmi?
CAVAB
Xeyr, səhv deyil, doğrudur. Əvvəllər, Peyğəmbər əfəndimizə xanımlarını boşaması caiz idi. Hafsa validəmizə bir talaq vermişdi. “Ey həbibim, Ona geri dön! Çünki o, çox oruç tutur, çox namaz qılır. Cənnətdə də sənin xanımındır” məalindəki vəhylə Əhzab surəsinin, “Boşadığın xanımlarından istədiyini təkrar nikahlamanda sənə günah yoxdur” məalindəki 51-ci ayəsinə görə onu təkrar nikahladı. Daha sonra xanımlarını boşaması və başqa qadınlarla evlənməsi də haram edildi. Bir ayəti-kərimə məali:
“Artıq başqa qadınlarla evlənmək sənə halal deyil. Həmçinin, mövcud xanımlarını boşayıb, yerlərinə başqalarını almaq da olmaz.” [Əhzab 52 – Beydavi təfsiri]
Bu ayəti-kərimə endikdən sonra, artıq başqa qadınlarla evlənməsi də, mövcud xanımlarından birini boşaması da caiz olmadı.
В корзине: 0 шт.
на сумму: 0