Facebook Twitter WhatsApp

Nafilə oruc və fəziləti

Sual: Nafilə oruc tutmaq da savabdır?

CAVAB

Oruc qəzası olmayan insanın nafilə oruc tutması çox savabdır. Hədisi-şərifdə buyuruldu ki:

“Bir gün nafilə oruc tutan adama yer üzü qədər qızıl verilsə, o, orucun savabını qarşılamaz.” [İbni Nəccar]
“Gizlədərək bir gün nafilə oruc tutana, Allahu təala Cənnətini ehsan edər.” [Hətib]

Sual: Ramazandan sonra hər ay oruc tutmaq istəyən hansı günlər tutmalıdır?

CAVAB

Hər ay 3 gün oruc tutmaq çox yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Hər [qəməri] ayda üç gün oruc tutmaq bütün ili oruc tutmuş kimi  keçirmək qədər savabdır.” [Buxari]
“İbrahim əleyhissəlam hər ay 3 gün oruc tutdu. Allahu təala da ona ömrü boyu oruc tutmuş kimi savab verdi və ömür boyu, sanki yeyib-içmiş kimi qüvvət, gümrahlıq verdi.” [Beyhəqı]
“Hər ay 3 gün oruc tutan bütün ili oruc tutmuş sayılır.” [Müslim]
“Hər ay 3 gün oruc tutanın qəlbindəki kin yox olar.” [Bəzzar]
“Hər ay 3 gün oruc tutanın qəlbinin pası təmizlənər.” [Nəsai]
“Əyyamı-biyd” adlnan qəməri ayların 13, 14 və 15-ci günləri də oruc tutmaq yaxşıdır. Hədis-şəriflərdə buyuruldu ki:

“Ayda 3 gün oruc tutan ayın 13, 14 və 15-ci günlərində tutsun!” [Nəsai]
“Hər ay əyyamı-biyddə oruc tutan şəxs, bütün ili oruc tutmuş kimi savaba qovuşar.” [Nəsai]

 

Sual: Zilhiccə ayında oruc tutmağın fəziləti nədir, hansı günlərdə oruc tutulmalıdır?

CAVAB

Qurban bayramının olduğu aya Zilhiccə deyilir. Zilhiccə ayının ilk on günündə edilən ibadətlərin qiyməti çoxdur. Bu mövzudakı hədisi-şəriflərdən bir neçəsi belədir:

“Zilhiccə ayının ilk günlərində tutulan oruc bir il oruc tutmağa bədəldir. Bir gecəni əhyə etmək də Qədr gecəsini əhyə etmək kimidir.” [İbni Macə]
“Zilhiccə ayının ilk on gecəsində edilən əməllər üçün yeddi yüz misli savab verilir.” [Beyhəqı]
“Tərviyə günü [Ərəfə günündən əvvəlki gün] oruc tutub, günah söz söyləməyən müsəlman Cənnətə girər.” [Ramuz]
“Zilhiccə ayının ilk 9 günü oruc tutan hər günü üçün yüz kölə azad etmiş, cihad edənlərə 100 at vermiş və ya Kəbəyə qurban üçün 100 dəvə göndərmiş kimi savab qazanar.” [R.Nasihin]
“Bu on günün xeyrindən məhrum olan insanlar çox yazıqdır! Xüsusilə doqquzuncu [Ərəfə] günü oruc tutaraq keçirməlidir! Onda o qədər çox xeyir vardır ki, saymaqla bitmir.” (T. Qafilin)
“Zilhiccə ayının ilk doqquz günü oruc tutana hər günü üçün bir illik oruc savabı verilər.” (Əbu Bərəkat)
“Zilhiccə ayının ilk on günü fəzilətdə min gün, Ərəfə günü isə on min günə bərabərdir.” [Beyhəqı]
“Zilhiccə ayının ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur.” [Tabərani]
“Allah qatında Zilhiccə ayının ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Bu günlərdə təsbehi, təhmidi, təhlili və təkbiri çox söyləyin!” [Tabərani]


“Təsbeh: Sübhənallah,

Təhmid: Əlhəmdülillah,

Təhlil: Lə iləhə illəllah,

Təkbir: Allahu əkbər deməkdir.”

İlk on günün dəyəri

Peyğəmbər əfəndimiz Zilhiccə ayının ilk on günündə edilən əməllərin digər aylarda edilən əməllərdən daha dəyərli olduğunu bildirdikdə Əshabi-kiram “Ya Rəsulallah, bu ayın ilk günləri edilən əməllər Allah yolundakı cihaddan da dəyərlidirmi?” dedikdə, “Bəli, cihaddan da dəyərlidir, ancaq canını, malını əsirgəmədən döyüşüb şəhid olanın cihadı daha dəyərlidir”, buyurdu. [Buxari]

Həzrəti Əbud-dərda buyurdu ki:

Zilhiccə ayının ilk doqquz günü oruc tutmalı, çoxlu sədəqə verməli, çox dua və istiğfar etməlidir, çünki Rəsulullah “Bu on günün xeyir və bərəkətindən məhrum qalana  əfsuslar olsun” buyurdu. Zilhiccə ayının ilk doqquz günü oruc tutanın ömrü bərəkətli olar, malı çoxalar, uşaqları bəlalardan qorunar, günahları əfv olar, yaxşı əməllərinə qat-qat savab verilər, ölərkən rahat can verər, qəbri aydınlanar. Cənnətdə yüksək dərəcələrə qovuşar. [Şira]

Bu on gün ərzində xəstə ziyarəti edən Allahu təalanın dostlarının xətrini soruşub ziyarət etmiş kimi olar. Bu on gün içində Əhli-sünnətə uyğun bir din kitabı oxumaq çox savabdır. Din elmini, Ehli-sünnət etiqadını öyrənmək kişi-qadın hər kəsə fərzdir. Uşaqlara öyrətmək birinci vəzifədir.

Sual: Ərəfə günü oruc tutmağın əhəmiyyəti nədir?

CAVAB

Hədisi-şəriflərdə buyurulur ki:

“Ərəfə günündə tutulan oruc min gün tutulan [nafilə] oruca bərabərdir.” [Tabərani]

“Aşura günü tutulan oruc bir illik, Ərəfə günü tutulan oruc isə iki illik [nafilə] oruca bərabərdir.” [T. Qafilin]

“Ərəfə günü tutulan oruc iki min kölə azad etməyə, iki min dəvə qurban kəsməyə və Allah yolunda cihad üçün verilən iki min ata bərabərdir.” [T.Qafilin]

Sual: Rəcəb və Şaban aylarında oruc tutmağın fəziləti nədir?

CAVAB

Rəcəb ayı hörmət edilməli olan dörd dəyərli aylardan biridir. Rəsulullah əfəndimiz Rəcəb ayına çox dəyər verər və “Ya Rəbbim, Rəcəb və Şabanı bizim üçün bərəkətli et və bizi Ramazana çatdır” deyə dua edərdi. Hədisi-şəriflərdə buyuruldu ki:

“Haram aylar: Rəcəb, Zilqadə, Zilhiccə və Məhərrəm aylarıdır.” [İbni Cərir]

“Haram aylarda Cümə axşamı, Cümə və Şənbə günləri oruc tutana iki illik ibadət savabı yazılır.” [Tabərani]

“Haram aylarda bir gün oruc tutub o bir gün yemək çox fəzilətlidir.” [Əbu Davud]

“Rəcəb ayında Allahu təalaya çox istiğfar edin, çünki Rəcəb ayının hər vaxtında Allahu təalanın Cəhənnəmdən azad etdiyi qulları vardır. Həmçinin Cənnətdə elə köşklər vardır ki, yalnız Rəcəb ayında oruc tutanlar girər.” [Deyləmi]

“Allahu taəla Rəcəb ayında oruc tutanları məğfirət edər.” [Günyə]

“Ramazan ayından başqa Allah rizası üçün bir gün oruc tutan insan, yaxşı bir yarış atının bir əsrdə qət edəcəyi məsafə qədər Cəhənnəmdən uzaqlaşar.” [Əbu Yala]

“Rəcəb böyük bir aydır. Allahu təala bu ayda həsənatı qat-qat edər. Rəcəb ayında bir gün oruc tutan bir il oruc tutmuş kimi savaba qovuşar. 7 gün oruc tutana Cəhənnəm qapıları bağlanar. 8 gün oruc tutana Cənnətin 8 qapısı açılar. On gün oruc tutana Allahu təala istədiyini verər. 15 gün oruc tutana bir carçı, “Keçmiş günahların əfv oldu” deyər. Rəcəb ayında Allahu təala Nuh əleyhissəlamı gəmiyə mindirdi və o da Rəcəb ayını oruc tutaraq keçirdi. Yanındakılara da oruc tutmalarını əmr etdi.” [Tabərani]

“Rəcəb ayında təqva üzrə bir gün oruc tutana, oruc tutulan günlər dilə gəlib “Ya Rəbbim, onu məğfirət et” deyərlər.”

[Əbu Muhamməd]

Şaban ayı

Həzrəti Aişə anamız buyurur ki:

“Rəsulullahın heç bir ayda Şaban ayından çox oruc tutduğunu görmədim. Bəzən Şaban ayının hamısını oruc tutaraq keçirirdi.” [Buxari]

Nə üçün Şaban ayında çox oruc tutulur, soruşulduğu vaxt, Rəsulullah əfəndimiz buyurdu ki:

“Şaban elə bir fəzilətli bir aydır ki, insanlar bundan qafildir. Bu ayda əməllər aləmlərin Rəbbinə ərz edilir. Mən də əməlimin oruc tutarkən ərz edilməsini istəyirəm.” [Nəsai]

Bu mövzuda hədisi-şəriflərdən bəziləri belədir:

“Ramazandan sonra ən fəzilətli oruc Şaban ayında tutulan orucdur.” [Tirmizi]

“Şabanda üç gün oruc tutana, Haqq təala Cənnətdə bir yer hazırlayar.” [Ey oğul elmihalı]

Bədəni zəif olanın Şaban ayının 15-dən sonra oruc tutmayıb fərz olan Ramazani-şərif orucuna hazırlanması yaxşı olar. Sağlamlığı yerində olan isə, Şaban ayının çoxunu, hətta hamısını oruc tutmaqla keçirə bilər.

 

Bərat gecəsi

Bərat gecəsi Şaban ayının on beşinci gecəsidir. Yəni 14-ü Şaban ayının bitdiyi gecəsidir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Şabanın 15-ci gecəsini ibadətlə, gündüzünü də oruc tutmaqla keçirin! O gecə Allahu təala buyurur ki: “Əfv diləyən yoxdurmu, əfv edim. Ruzi istəyən yoxdurmu, ruzi verim. Dərdli yoxdurmu, səhhət, sağlamlıq verim. Nə istəyən varsa, istəsin verim” Bu hal sabaha qədər davam edər.” [İbni Macə]

Aşurə günü oruc tutarkən

Sual: Aşurə günü tutulan oruca qəza orucunu niyyət edəndə xəstəlik səbəbindən orucu pozmaq məcburiyyətində qalan adam bunun üçün qəza və ya kəffarə orucu tutmalıdırmı?

CAVAB

Ramazan ayından başqa oruc hansı səbəblə pozulursa pozulsun kəffarəsi lazım deyil. Qəzamız varsa, onsuz da qəza tutmalıyıq.

Sual: Qəza borcumu dəqiq xatırlamıram, buna görə hər nafilə orucu tutarkən son qəzaya qalan ramazan orucumu tutmağa deyib niyyət etsəm eybi yoxdur ki?

CAVAB

Çox yaxşı olar.

Sual: Nafilə orucu səbəbsiz pozmaq doğrudurmu?

CAVAB

Nafilə orucu səbəbsiz pozmaq günahdır. Pozarkən qəza etmək də lazımdır.

Sual: Bir insan yeməyə bir şey tapa bilmirsə və ya yemək hazırlamağa tənbəllik edirsə, oruc tutsa caizdirmi?

CAVAB

Çox yaxşı olar.

Sual: Şaban ayının 14-cü günü, yoxsa 15-ci günü oruc tutulur?

CAVAB

On beşinci günü tutulur.

Novruz günü oruc tutmaq

Sual: Novruz günü oruc tutmaq məkruh olduğuna görə hər bazar ertəsi və ya cümə axşamı günü oruc tutmağı adət edən Novruz günü bu günlərə rast gəlirsə, yenə oruc tutsa, məkruh olarmı?


CAVAB

Xeyir, məkruh olmaz.

Sual: Səvmi-davud, yəni bir gün yeyib o biri gün oruc tutmaq şənbə və məkruh günə rast gəlsə caizdirmi?
CAVAB

Heç bir zərəri yoxdur. Ən fəzilətli oruc tutmaqdır.

Sual Sükut orucu varmı?

CAVAB

Yoxdur.

Sual: İmsaq vaxtından sonra nafilə oruc tutmağa niyyət edib, dahvədən [günortadan 1 saat əvvəl] əvvəl orucu tərk edən şəxsin bu orucun qəzasını tutması vacibdirmi?

CAVAB

Bəli.

Sual: Şaban ayının 15-ci günü şənbə günü olsa, yalnız bu gündə oruc tutularmı?

CAVAB

Bir gün əvvəlki günlə və ya bir gün sonrakı günlə tutulmalıdır.


Sual: Yalnız şənbə günləri oruc tutmağın bir zərəri vardırmı?

CAVAB

Bir hədisi-şərif məalı belədir:

“Fərz olan Ramazan orucundan başqa, yalnız şənbə günü tək olaraq oruc tutmayın!” [Əbu Davud, Tirmizi, Nəsai, Hakim]

Bunun səbəbi bildirilmir. Şənbə günü Yəhudilərin vacib günüdür. Onlara bənzəməmək üçün də ola bilər, başqa hikmətləri də ola bilər. Nə bildirilirsə, ona tabe olmaq lazımdır.

Sual: Qəza orucu olmayanın tutduğu qəza orucu nafilə olurmu?

CAVAB

Bəli.


Sual Bir hadisə üçün, məsələn imtahan və ya qorxduğumuz bir yerə gedərkən, yaxud qorxduğumuz bir hadisənin sonunun xeyirli olması niyyətilə nafilə oruc tutmağın fəziləti haqqında məlumat verərsinizmi?

CAVAB

 Əlbəttə ki, oruc tutmaq, dəstəmazlı olmaq, zikr etmək, faydalıdır. Qəza borcu olmasa belə oruc tutmağa niyyət edərkən qəzaya niyyət etmək daha doğrudur.

Sual: Hədisi-şərifdə “Şəvval ayında da 6 gün oruc tutan anadan doğulduğu günkü kimi günahsız olar” buyurulur. Yəni bir mənada qəbul olunmuş həqiqi tövbəyi nasuh kimi olurmu?

CAVAB

Xeyir, tövbə kimi olmaz. Tövbə, peşman olub günahları tərk etməkdir. Yəni daha günah işləməmək deməkdir. Şəvval ayında 6 gün oruc tutanın belə bir niyyəti yoxdur. O yenə də günahlarına davam edəcək, yalnız oruc tutmaqla savab qazanar, savabı qədər günahı da bağışlanar. Sonra bu günahlar böyük günahlar üçün deyil, kiçik günahlar üçündür. Böyük günahları, insan və heyvan haqları ona və ya varislərinə ödənilmədikcə günahları bağışlanmaz. Nafilə ibadətin savabına nail olmaq üçün imanda və fərzlərdə nöqsanların olmaması, haramlardan çəkinərək günahlara tövbə etmək və həmin işi ibadət kimi niyyət etmək şərtdir. Dəstəmaz alanın da bütün günahları əfv olar. Hədisi-şərifdə buyuruldu ki:

“Dəstəmaz alan bütün günahlardan təmizlənmiş olar.” [Müslim]

Sual: Oruc tutarkən dəvət olunan yerə gediləndə orucu pozmaq günahdırmı?

CAVAB

Dəvət olunan yerə gediləndə Ramazan, qəza və kəffarə orucları pozulmur. Yalnız nafilə oruclar pozula bilər. [Məvqufat]

Nafilə oruc tutarkən uyğun bir dəvətə gediləndə orucu pozmaq günah deyil. Bir mömin dostu sevindirmək və onun qəlbinə dəyməmək üçün dəvət etdiyi yerə gedilər. Dəvətə gedib orucunu pozmayan bir şəxsə Peyğəmbər əfəndimiz “Dostun sənin üçün bu qədər külfətə girdiyi halda, sən hələ də “Orucam” deyirsən. İndi ye, sonra əvəzində bir gün tutarsan” buyurdu. [Darə Kutni]

“Din qardaşının xətrinə nafilə orucu pozana min günlük oruc savabı yazılır. Bu orucun qəzasını tutduqda iki min günün savabı yazılır.” [Şira]

Günortadan sonra, zərurət olmadıqca nafilə orucu pozmamalıdır! Hədisi-şərifdə “Nafilə oruc tutan şəxs günortaya qədər müxəyyərdir” buyuruldu. [Tabərani]

Oruc tutduğunu söyləmək

Sual: “Nafilə oruc tutulduğu zaman soruşan olduqda oruc tutduğunu söylədikdə riyakarlıq olur, orucun savabı gedir” deyilir. Belə bir şey varmı?

CAVAB

Riyakarlıq üçün, göstəriş üçün tutulmursa, riyakarlıq olmaz və orucun savabı azalmaz. Nafilə ibadətləri gizli etmək yaxşıdır. Məcbur olmadıqca açıqlanmamalıdır. Sədəqəni gizli verməli, nafilə namazlarını da gizli qılmağa çalışmalıdır, amma göstərilməsində bir fayda varsa, başqalarını həvəsləndirəcəksə, bu zaman açıq şəkildə etmək daha yaxşıdır. Allah rizası üçün edildikdə insanlar görsə də zərəri yoxdur.


Nafilə orucu pozmaq

Sual: Nafilə orucları tutmaq vacib olmadığı üçün istədiyimiz vaxt poza bilərikmi?

CAVAB

Bir ibadətə başladıqda onu səbəbsiz pozmaq haramdır. Ehtiyac olarsa, nafilə orucu pozmaq caizdir. Ancaq sonradan bu orucu tutmaq vacibdir.

Pozulan nafilə namazları təkrar qılmaq vacib, pozulan fərzləri isə təkrar qılmaq fərzdir. Səbəbsiz pozmaq isə haramdır. [Uyun-ül-bəsair]

Fərz orucu pozmaq üçün səkkiz səbəb vardır:

1-Xəstəlik,

2-Səfərə çıxmaq,

3-İkrah, yəni zalımın məcburiyyəti,

4-Qadının hamilə olması,

5-Uşağa süd vermək,

6-Aclıq [dözülməz dərəcədə].

7-Susuzluq [dözülməz dərəcədə].

8-Qocalıq [Baxr-ür-raiq]

Bu səbəblərdən biri olarsa, oruc tutmamaq mübahdır. Bu səbəblərin olmasına baxmayaraq oruc tuta bilən yenə tutar.

Səfərilik haqqında bir hədisi-şərif məalı belədir:

“Səfərdə Ramazan orucunu tutan mukim olarkən orucunu pozmuş kimi olur.” [Nəsai]

Halbuki mukim olarkən orucu pozmaq böyük günahdır. Səfərdə olarkən çətin vəziyyət olarsa, ibadət və işlərini gecikdirərsə, oruc tutmaması tövsiyə edilir. Səfər zamanı rahat olarsa, oruc tutması daha yaxşıdır. Ona görə də bir hədisi-şərifin izahı olmadan hökm verməməlidir.


Nafilə oruc üzrlü və ya üzrsüz pozularsa, qəzası vacibdir. Bir qadın namaz qılarkən və oruc tutarkən heyz görsə, namazını və orucunu saxlayar. Nafilə namazla, nafilə orucu qəza etmək vacibdir. Əgər fərz namaza niyyət etdikdən sonra heyz görsə, namazı qəza etməz. Çünki fərz namazı bağışlanır. [Rədd-ül-muxtar]

Nafilə orucda Dahvə vaxtına qədər niyyət edilir. O vaxta qədər bir şey yeyib-içməmiş şəxs niyyət edib oruc tuta bilər. Yaxud da imtina edib tutmaya bilər. Yəni bu işdə müxəyyərdir.


Niyyət vaxtı keçdikdən sonra artıq üzrsüz orucu pozmaq olmaz. Nafilə oruc tutmaq üçün bəhanələr qonaqlığa getmək, qonağın gəlməsi və ya orucun pozulmasına səbəb olan digər səbəblərdir. Bu kimi səbəblərlə niyyətli olaraq orucu pozarkən qəza etmək vacibdir.

Haram aylarda oruc tutmaq

Sual: Hansı ay və günlərdə nafilə oruc tutmaq daha çox savabdır?

CAVAB

Haram aylarda, bazar ertəsi və cümə axşamı günləri və qəməri ayların əyyamı-biyd deyilən 13-cü, 14-cü, 15-ci günləri oruc tutmaq daha savabdır. “Haram ay” demək, hörmət edilməli olan ay deməkdir. Bu mövzudakı hədisi-şəriflərdən bir neçəsinin məalı belədir:

“Haram aylar: Rəcəb ayı, Zilqadə ayı, Zilhiccə və Məhərrəm aylarıdır.” [İbni Cərir]

“Haram aylarda cümə axşamı, cümə və şənbə günləri oruc tutana iki illik ibadət savabı yazılır.” [Tabərani]

“Haram ayların birində bir gün oruc tutmaq başqa bir ayda otuz gün oruc tutmaqdan daha savabdır.” [İ. Qəzəli]

“Hər ayda üç gün oruc tutmaq bir il oruc tutmaq kimi savabdır. Çünki Allahu təala Ənam surəsində [məalən] “Bir xeyirli iş görənə [ən az] on qatı qədər savab verilər” buyurdu. Bir günə on misli savab verilir.” [Tirmizi]

“Ayda 3 gün oruc tutan qəməri ayın 13-cü, 14-cü və 15-ci günlərində tutsun!” [Nəsai]

“Hər ay əyyamı-biyddə oruc tutan şəxs ilin sonunda oruc tutmuş kimi savaba qovuşur.” [Nəsai]

Bazar ertəsi oruc tutmaq

Sual: Bazar ertəsi oruc tutmağın fəziləti nədir?

CAVAB

Bir neçə fəziləti vardır:

Həzrəti Ömər və İbni Abbas həzrətləri Rəsulullahın bazar ertəsi günü doğulduğunu, ilk vəhyin bazar ertəsi gəldiyini, bazar ertəsi günü Məkkədən hicrət etdiyini, Mədinəyə bazar ertəsi günü girdiyini, vəfatına işarət sayılan ayənin bazar ertəsi endiyini və bazar ertəsi günü vəfat edəcəyini, ondan eşitdiklərini bildirmişdir.

[Müslim, İ. Əhməd, Beyhəki]

Əbu Qatadə(“radiyallahu anh) deyir: Rəsulullahdan (səllallahu aleyhi və səlləm) bazar ertəsi günü oruc tutmağın fəziləti soruşulanda buyurdu ki:

“Mən o gün doğulmuşam, o gün ilahi vəhyə qovuşdum. [Müslim]

Peyğəmbər əfəndimizdən bazar ertəsi oruc tutmasının səbəbini soruşanda “Bu gün dünyaya gəldim. Şükür üçün oruc tuturam” buyurdu. [Müslim, Əbu Davud, İ. Əhməd, H.S. Vəsiqələri]

Bazar ertəsi oruc tutmağın digər fəzilətləri də vardır. Bir neçə hədisi-şərif məalı belədir:

“Ya Bilal, bazar ertəsi günü oruc tutmağa biganə qalma! Mən həmin gün doğuldum, o gün ilahi vəhyə qovuşdum, o gün hicrət etdim, eyni gündə də vəfat edəcəm” [İbni Asaqir]

“Əməllər bazar ertəsi və cümə axşamı günləri ərz olunur. Mən də oruclu ikən əməllərimin ərz olunmasını istəyirəm.”

“Bazar ertəsi və cümə axşamı günahlar əfv olunduğu üçün oruc tuturam.” [Müslim]

“Cənnətin qapıları bazar ertəsi və cümə axşamları açılır.” [Müslim]

“Hər ayın cümə axşamı və bazar ertəsi günləri oruc tutana Haqq təala 700 il oruc tutmuş kimi savab verər.” [İslam Əxlaqı]

“Bazar ertəsi və cümə axşamı günləri bütün müsəlmanların əfv olunduğu günlərdir. Yalnız Haqq təala bir-birindən küsən və kin saxlayanları bağışlamaz, barışana qədər onların özlərinə buraxılmasını əmr edər.” [Əbu Davud, Nəsai, Tirmizi, İ. Malik]

Əməllər bazar ertəsi və cümə axşamları günləri Haqq təalaya ərz edilir. Bu iki gündə tövbə edib, əfv diləyən əfv edilər, lakin qəlblərində kin və düşmənçilik bəsləyən şəxslər bir-biri ilə barışana qədər əfv olunmaz.”[Tabərani]

Həzrəti Aişə anamız “Rəsulullah (salləllahu aleyhi və səlləm) oruc tutmaq üçün bazar ertəsi və cümə axşamı günlərini səbirsizliklə gözləyərdi” buyurmuşdu. [İbni Macə. Nəsai, Tirmizi- Uhud-ül-kübra]

Nafilə orucu pozmaq

Sual: Günəş doğulduqdan sonra nafilə oruca niyyət edib, bir saat sonra da bir üzrlə pozsaq, həmin orucun qəzası vacibdirmi?

CAVAB

Bəli, nafilə ibadətə başladıqda onu bitirmək vacibdir. Ehtiyac olmadan pozmaq günahdır. Hər hansısa bir səbəbdən pozulan nafilə orucu təkrar tutmaq vacibdir. Nafilə namazı qılmaq üçün durub sonra namazı pozulan və ya özü bir bəhanəylə namazını pozan şəxs, bu namazı təkrar qılması vacibdir. Sünnətləri qılarkən namazı pozanın da təkrar qılması vacibdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину