Facebook Twitter WhatsApp

Gözü haramdan çəkindirmək

Sual: Dənizdə, hamamda, sanatoriyada “Hamımız kişiyik və ya hamımız qadınıq” deyərək, kişi kişilərin yanında, qadın qadınların yanında çılpaq qalırlar. Bu günah deyildirmi?

Nur surəsinin “Ey Rəsulum, möminlərə söylə harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar” məalındakı 31-ci ayətində bildirilən övrət yerləri haralardır?

CAVAB

Baxılması haram olan yerə “övrət yeri” deyilir. Hənəfi və Şafidə kişinin övrət yeri göbək ilə diz arasıdır. Maliki və Hənbəlidə isə yalnız sevəteyn, yəni sadəcə ön və arxa qismidir. Qadınların bir-birilərinə övrət yeri, kişinin kişiyə övrət yeri kimidir. Müsəlman qadının qeyri-müsəlman və fasiq qadınlar ilə, dinsiz əmi və dayının yanında örtünməsi üç məzhəbdə fərz, Hənbəli məzhəbində caizdir. Hənbəli məzhəbinin fərqli tərəfi belədir:

 Kişinin kişiyə övrət yeri diz ilə göbək arası deyil, sadəcə sevəteyn, yəni iki qaba övrət məhəllidir. Qadının qadına övrət yeri digər məzhəblər kimi diz ilə göbək arasıdır. Ancaq digər məzhəblərdən fərqli olaraq, qeyri-müsəlman qadınlara da göbək ilə diz arası xaric digər yerlərini göstərməsi caizdir. Digər üç məzhəbdə caiz deyildir. Zərurət olanda Hənbəli məzhəbi təqlid edilərək bağlı qadın açıq qadınların yanında başını, qollarını aça bilər. 

Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq böyük günahdır. Hamama, sanatoriyaya, dənizə gedənin diz ilə göbək arasını və dizlərini də örtməsi fərzdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kişinin göbək ilə dizi arası övrətdir.” [Əbu Davud]

“Yerlərin ən pisi hamamdır. Orada səslər yüksəlir, övrətlər açılır. Müalicə və ya kirdən təmizlənmək üçün girən örtülü girsin.” [Tabərani]

“Allahu təalaya  və axirətə inanan hamama önlük ilə örtülü girsin!”[Nəsai]

“Kişi kişinin, qadın qadının övrət yerinə baxması halal olmaz.” [Müslim]

“Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]

“Din qardaşının övrət yerinə qəsdən baxanın qırx gecəlik namazı qəbul olmaz.” [İ. Asakir]

Evdə kimsə yoxkən də çılpaq olmaq günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yalnız olarkən də övrət yerinizi açmayın! Zira yanınızda heç ayrılmayanlar [hafaza mələkləri] vardır. Onlardan utanın və onlara hörmətli olun.” [Əşiatül-ləməat]

“Övrət yerlərinizi örtün! Yalnız ikən də Allahu təaladan həya edin!” [Tirmizi]

 “Allahu təala həyanı və örtünməyi sevər. Elə isə yuyunarkən övrət yerinizi örtün.” [Əbu Davud]

“Gecə qüsl edərkən övrət yerini açmaqdan ehtiyat edin. Əgər ehtiyat etməyən çıxarsa onda dəlilik əlaməti görülərsə özündən başqasını günahlandırmasın.” [Hakim]

Örtülü də olsa qadına şəhvətlə baxmaq günahdır. Qadının kişiyə baxması da günahdır. Ümmi-Sələmə validəmiz buyurur: Rəsulullahın yanındaykən iki gözü də görməyən İbni Ümmi Məktum izn istəyib içəri girdi. Rəsulullah bizə “İçəri girin” buyurdu. “ O, kor deyilmi, bizi görməz” dedim. “O, sizi görmürsə siz onu görmürsünüzmü?” buyurdu. [Tirmizi, Əbu Davud]

Sual: Qadınlar öz aralarında olarkən təsəttürə və sətri övrətə diqqət etmirlər. Kimisi bunun günah olmadığını zənn edir. Bunlar günah deyilmi? Bir qadın başqa qadının harasına baxa bilməz?

CAVAB
İmam Rəbbani həzrətləri salehə bir xanıma yazdığı məktubda buyurur ki:

“Qəlb gözə tabedir. Gözlər  haramdan qorunmazsa qəlbi qorumaq çətin olar. O halda imanı olanların haram işləməməsi lazımdır. Kişilərin homoseksual olması haram olduğu kimi, qadınların da olması haramdır. Qadının da hər hansı bir qadına şəhvət ilə toxunması və baxması haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qadının qadına yaxınlaşması  [lezbiyanlıq, safizm] zinadır.” [ Tabərani]

“Kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır.” [Beyhəqı]

“Axır zamanda eyni cinslər üç qismə ayrılar: Bir qismi danışmaq və baxmaq, digəri qucaqlaşmaqla kifayətlənər. Bir qismi də bu işi tək özü edər. Allah bunlara lənət etsin! Tövbə edənin tövbəsini Allahu təala qəbul edər.” [Deyləmi]

Qadın qadına şəhvət ilə baxa və toxuna bilməz. Ərindən başqasına, kişi və qadın kim olursa olsun yada bəzənə bilməz. Hədisi-şərifdə buyuruldu ki:

“Bir qadın vurduğu ətri bildirmək üçün insanların yanından keçərsə, o da, baxan da [bir növ] zina işləmiş olar.” [Nəsai]

Kişi ilə qadın başqa cinsdən olduqları üçün bir yerdə olması nisbətən çətindir. Qadının qadına yaxınlaşması isə daha asandır. Bunun üçün qadının qadına baxması və toxunması, kişinin qadına və qadının kişiyə baxmasından daha pis ola bilər. Kişinin kişi üçün və qadının qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Bir qadın başqa bir qadının göbək ilə diz arasına baxa bilməz. Zərurətsiz baxarsa haram işləmiş olar. Qadının yad kişi üçün övrət yeri əl və üzündən başqa bütün bədənidir. Başqasının övrət yerinə ehtiyac yox ikən şəhvətsiz də baxmaq haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kişi kişinin, qadın qadının övrət yerinə baxa bilməz, halal deyildir.” [Abdurrəzzaq]  

“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.” [Tabərani]