Facebook Twitter WhatsApp

Həzrəti Mövlana, ney çalmadı, fırlanmadı

Sual: Mövlana həzrətləri ney çalmışdırmı, əllərini açıb fırlanmışdırmı, əgər ney çalmadı və fırlanmadısa, bu göstərilənlər nədir?

CAVAB: Mövlana Cəlalüddin Rumi həzrətləri övliyanın böyüklərindəndir. Atası Bəhaəddini-Vələd həzrətləri böyük alim və vəli idi. Nəfəhat kitabında; “Beş yaşında ikən kiramən katibin Mələklərini, Övliyanın ruhlarını görərdi” deyilməkdədir. Divanında otuz min, Məsnəvisində qırx yeddi min beyt vardır.

Allahü təalanın eşqi ilə dolmuş, övliyanın böyüklərindən olan, Cəlaləddini-Rumi həzrətləri ney və başqa heç bir çalğı çalmadı, rəqs etmədi. Dünyaya nur saçan Məsnəvisinə hər məmləkətdə, bir çox dillərdə şərhlər, açıqlamalar edilmişdir. Bunlardan ən qiymətlisi Mövlana Caminin kitabıdır ki, bu kitabda deyilir:

Məsnəvinin birinci beytində, “Dinlə neydən, necə danışır ayrılıqlardan şikayət edir” deyilir. Ney, İslam dinində yetişən kamil insan deməkdir. Bunlar, özlərini və hər şeyi unutmuş, hər an Allahü təalanın rizasını axtarmaqdadır. Ney, Farsca yox deməkdir. Bunlar da öz varlıqlarından yox olmuşdur. Ney adlanan çalğı içi boş bir çubuq olub, bundan çıxan hər səs, onu çalan kimsədən hasil olmaqdadır. O böyüklər də öz varlıqlarından boşalıb, özlərində Allahü təalanın əxlaqı zahir olmaqdadır. Neyin üçüncü mənası, qamış qələm deməkdir ki, bundan da insanı-kamil nəzərdə tutulur. Qələmin hərəkəti və yazması özbaşına olmadığı kimi, kamil insanın hərəkətləri və sözləri də daima Allahü təaladandır.”

İkinci Abdülhamid Xan zamanında Ankara valisi olan Abidin Paşa, Məsnəvi şərhində, neyin insanı-kamil olduğunu doqquz cür isbat etmişdir.

Sonradan bəzi cahillər, neyi çalğı zənn edərək ney, təbil kimi şeylər çalmağa, rəqs etməyə başladılar. Çalğı alətləri o təsəvvüf ustadının türbəsinə qoyuldu. Cəlaləddini-Rumi həzrətləri yüksək səslə zikr belə etməzdi. Həmçinin Məsnəvisində:

“Pəs zi can kün, vəsli-cananra taləb, bi ləbü-bi qəm migu, namə-Rab!” buyurur ki; “O halda, sevgiliyə qovuşmağı, canu-könüldən istə. Dodağını və damağını oynatmadan Rəbbin adını qəlbindən söylə!” deməkdir.

Sonradan gələn din cahilləri, ney, saz, dəf kimi çalğılar çalaraq, qəzəl oxuyub fırlanaraq, rəqs edərək nəfslərini zövqləndirmişdilər. Bu günahlara ibadət adını verə bilmək, özlərini din adamı tanıda bilmək üçün, Mövlana da belə çalar və oynayardı, biz onun yolunda gedirik deyərək yalan söyləmişdirlər.

Ney də, bir çalğı alətidir

Sual: Ney bir çalğı alətidirmi, bunu ilahilərdə, dini sözlərdə və ya şeirlərdə istifadə etmək doğru olarmı?

CAVAB: Səs çıxarmaq üçün istifadə olunan cansız alətlərə mizmar, çalğı deyilir. Müncid lüğətində də belə yazılıdır. Göy guruldaması, top, tüfəng, bayquş, tutuquşu çalğı deyildir. Səs çıxaran əyləncə alətləri, davul, təbil, ney, tütək, bunlar hamısı çalğıdır. Çalğı, özlüyündən səs çıxarmaz. Səs çıxarmaq üçün, davula vurmaq, neyi, tütəyi üfürmək lazımdır. Bunlardan çıxan səs insan deyil, bu çalğıların hasil etdiyi səsdir. İbni Abidində deyilir ki:

“Lub, laib, ləhv və əbəs, hamısı oyun ilə vaxt keçirməkdir. Nərd, on dörd daş oynamaq, bütün çalğıları çalmaq, dinləmək, rəqs etmək, hoqqabazlıq, təlxəklik etmək, əl çalmaq, hamısı oyundur, təhrimən məkruhdurlar. Davamlı edilsə və ya fərzləri əda etməyə mane olsalar, qumarla olsalar, söz birliyi ilə haramdırlar. Dəf, tütək, ney çalmaq və dinləmək də belədir. Hədisi-şərifdə; “Hər cür ləhv haramdır. Yalnız, zövcəylə oynamaq, at və silahla təlim, yarışmaq caizdir” buyuruldu.”

Mərakıl-fəlahda və Tahtavi şərhində deyilir ki:

“Duanın və hər zikrin səssiz olması fəzilətlidir. Təriqətçilərin etdikləri kimi rəqs etmək, fırlanmaq, əl çalmaq, dəf, təbil, ney, saz çalmaq söz birliyi ilə haramdır.”

Təkkələrdə də əvvəllər bağırıb çağırmaq yox idi, çünki haramdır. Cəlaləddini-Rumi həzrətləri ney çalmadı, rəqs etmədi, fırlanmadı. Bunları sonradan gələn cahillər uydurdu. Hikmət, yəni fənn, sənət, faydalı şeylər və nəsihət bildirən şeirlər yazmaq və səsli oxumaq halaldır. Şəhvətə aid şeirlər oxumaq haramdır. Bunları oxumaq qəlbdə nifaq əmələ gətirər. Üfürməklə, vurmaqla, təmas və ya tellə çalınan bütün çalğıları çalmaq, dinləmək və dinləməyə getmək haramdır. Peyğəmbər Əfəndimiz çalğı çalınan bir yerə təsadüf etdiyi zaman mübarək barmaqlarını qulaqlarına tıxadılar. Qurani-kərimi, mövludu, azanı və ilahiləri çalğı çalarkən oxumaq və ya çalğı alətlərilə oxumaq küfrdür. Haram olan şeirləri oxumaq məkruh, təğənni ilə oxumaq və əxlaqsız olanları oxumaq haramdır.

Bərika kitabında Şeyxül-islam Əbüssüud Əfəndinin fətvası yazılıdır. Bu fətvada halal və haram olan təğənnilər bildirilməkdədir. Çalğılar haqqında heç bir şey yazılmamışdır. Ney və çalğı çalanların bu fətvanı irəli sürmələri Əbüssüud Əfəndiyə iftira atmaqdır.

Şəbi-arus, toy gecəsi

Sual: Mövlana həzrətləri ölümə, “Şəbi-arus”, yəni “Toy gecəsi” adını vermişdir. Ölmək seviniləcək bir şeydirmi ki, belə deyilmişdir?

CAVAB: Əhli-sünnət alimləri İslam bilgilərinin qaynağının insan ağlı, insan düşüncəsi olmadığını, ayəti-kərimə və hədisi-şəriflər olduğunu bildirmişdirlər. Təsəvvüf, sırf Allah sevgisi və eşqi əsası üzərində qurulmuşdur. Buna da ancaq Muhamməd əleyhissalama tabe olmaqla qovuşmaq olar.

Qurani-kərimdə bildirildiyi kimi, Allahü təala insanın qəlbinə təcəlli edər. Lakin, bu təcəlli yalnız Allahü təalanın sifətlərinın təcəllisidir, ağılla əlaqəsi yoxdur. Təsəvvüf əhli Allahın təcəllisini qəlbində duyar. Ona görə təsəvvüf əhlinə ölüm bir fəlakət deyil, Allaha dönüş olduğuna görə ancaq bir sevinç vəsiləsidir. Bunun üçün Mövlana Cəlaləddini-Rumi həzrətləri ölümə, “Şəbi-arus”, yəni “Toy gecəsi” adını vermişdir. Təsəvvüfdə kədər və ümidsizlik deyil, sevgi və təcəllilər vardır. Mövlana həzrətləri; “Baza, Baza, Hər ançə həsti Baza”, yəni “Gəl, gəl, hər kim olursan ol gəl, Allaha ikilik qoşanlardan, məcusilərdən, bütə tapanlardan da olsan gəl! Bizim dərgahımız ümidsizlik dərgahı deyildir. Tövbəni yüz dəfə pozsan belə, gəl!” deyir. Bu sözlər, 13-cü əsrdə yaşamış Baba Əfdal Kaşiyə də aid edilmişdir.

Qəlbi xəstəlikdən xilas etmək üçün, əhli-sünnət alimlərinin bildirdikləri kimi iman etmək, ibadətləri yerinə yetirmək və haramlardan çəkinmək lazımdır. İslamiyyətdən, təsəvvüfdən xəbəri olmayanlar dini dünya qəzanclarına alət edirlər. Bunlar təsəvvüfə musiqi qarışdırıb, musiqi alətlərinin nəğmələrinə görə bədən hərəkətləri edib, Məvləvi ayinləri kimi ayinlər qurmuşlar. Başlarında məzar daşına bənzəyən bəyaz uzun papaqları ilə fırlanan səmazənlər, sağ əllərini göyə qaldırıb və sol əllərini göydən aldıqlarını dünya üzünə göndərməyi göstərmək üçün aşağı endirirlər. Göstərilən bu ayinlər İslamiyyətin bir əmri zənn edilməkdədir. Bunları edənlər təəssüf ki, İslam dini ilə heç bir əlaqəsi olmayan, ayəti-kərimə və hədisi-şəriflərdə olmayan belə ayinləri təriqət kimi, İslamiyyət kimi tanıdırlar. Peyğəmbər Əfəndimiz və Əshabı-kiramdan heç biri belə ayinlər etmədi. Onların zamanlarında təsəvvüf var idi, ancaq belə təriqətçilik yox idi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину