Facebook Twitter WhatsApp

İmam Əhməd Rabbani

İmam Əhməd Rabbani həzrətləri, Hindistanda yetişən ən böyük vəli və alimdir. Ariflərin işığı, vəlilərin öndəri, İslamın keşikçisi, müsəlmanların baş tacı, mücəddid, müctəhid və İslam alimlərinin göz bəbəyidir. Silsiləyi-aliyyənin iyirmi üçüncüsüdür.

1563-cü ildə Hindistanın Sərhənd (Sihrind) şəhərində doğuldu. İmam Rabbani adıyla tanınmışdır. İmam Rabbani, Rəbbani alim demək olub, özünə elm və hikmət verilmiş, elmi ilə əməl edən, elm və əməl baxımından əskiksiz və kamil, yetkin alim deməkdir. Hicri ikinci min ilin mücəddidi (yeniləyicisi) olmasından dolayı Mücəddidi-əlfi-sani, əhkamı-İslamiyyə ilə təsəvvüfü birləşdirməsi səbəbilə, Sıla adı verilmişdir. Həzrəti Ömərin soyundan olduğu üçün, Faruqi nəsəbilə adı anılmış, Sərhənd şəhərindən olduğu üçün də oraya nisbətlə, Sərhəndi deyilmişdir.

Bütün bu vəsflərilə birlikdə adı, İmam Rabbani Mücəddidi-əlfi-sani Şeyx Əhməd Faruqi Sərhəndidir.

Atası və babalarının hamısı, zamanlarının böyük alimləri, saleh və fəzilətli kimsələri idilər. Atası Əbdüləhad Əfəndi din və fən elmlərində yetişmiş, təsəvvüfdə də son mərtəbəyə çatmışdı.

İlk təhsilinə, atasından dərs alaraq başladı. Atasından oxuyub Ərəbcəni öyrəndi. Kiçik yaşda Qurani-kərimi əzbərlədi. Elminin çoxunu atasından, bir qismini də zamanının məşhur alimlərindən öyrəndi. Atasından dərs aldığı sırada, müxtəlif elmlərə aid kiçik kitabları əzbərləyərdi. Atasından aldığı dərsləri tamamlayınca, Siyalkut şəhərinə gedib orada, Mövlana Kəmaləddin Kəşmiridən elm öyrəndi. Mövlana Kəmaləddin məşhur alim Əbdülhakim Siyalkutinin də xocası olub, zamanının ən yüksək alimi idi. Bəzi hədis kitablarını da Şeyx Yaqub Kəşmiridən oxudu.

Qadı Bəhlul Bədahşanidən; hədis, təfsir və bəzi üsul elmlərində icazət, diplom aldı. On yeddi yaşında ikən təhsilini tamamlayıb, bütün elmlərdən icazət aldı. Təhsili əsnasında, Qadiri və Çeşti böyüklərinin qəlblərindəki feyz və ləzzəti atasından aldı. Atası həyatda ikən, tələbələrə elm öyrətməyə başladı.

Bu sırada; Risalətüt-Təhliliyyə, Rəddi-Rəvafid, İsbatün-Nübüvvə adlı əsərlərini yazdı. Ədəbiyyata çox marağı olub, fəsahəti və bəlağəti, idrak sürəti, zəkasının şiddəti hərkəsi heyrətdə qoyurdu.

Bu qədər elmi və hər kəsin üstündə yetkinliyi, təvazösü ilə birlikdə qəlbi, Əhrariyyə, Nəqşibəndiyyə böyüklərinin eşqi ilə yanır, bu yolda yazılmış kitabları oxuyurdu. Atasının vəfatından bir il sonra, həccə getmək üzrə Sərhənddən yola çıxdı. Bu səyahətində Dehliyə çatanda, orada tanışlarından və Muhamməd Baqibillah həzrətlərinin tələbələrindən olan Mövlana Həsən Kəşmiri ilə görüşdü. Mövlana Həsən Kəşmiri, onu xocasının hüzuruna aparıb, tanış etmək istədi və; “Bugün Əhrariyyə yolunda bu ölkədə başqa belə böyük bir şəxs yoxdur. Taliblərin onun bir nəzərilə baxışıyla qovuşduqları mənəvi dərəcələrə günlərlə çəkilən çilələr və müxtəlif riyazətlərlə nəfsin istədiklərini etməməklə qovuşmaq mümkün deyildir” dedi.

İmam Rabbani həzrətləri, daha əvvəl mübarək atasından da Əhrariyyə yolunun və bu yolda olanların üstünlüklərini və qiymətini eşitmişdi. Bu yolun böyüklərinin kitablarını oxuyub onların gözəl hallarını bildiyi üçün; “Bu Hicaz yolunda, belə böyük bir alimdən, bu böyüklər yolunun zikr və üsullarını almaqdan daha yaxşı nə olar?” deyərək Muhamməd Baqibillah həzrətlərinin hüzuruna getdi. Hüzuruna daxil olunca qəlbində bir nur parladı. Maqnit iynəni çəkən kimi çəkildi. Qəlbi indiyə qədər heç eşitmədiyi, bilmədiyi şeylərlə doldu. Həccdən sonra da dəyib istifadə etməyi niyyət etdi isə də, qəlbindəki sevgi və arzu, onu buraxmadı. Ertəsi gün hüzuruna gəlib, Əhrariyyə feyzinə qovuşmaq şövqünü, arzusunu bildirdi və xidmətində qaldı. Ədəblə və can qulağı ilə sözlərinə və hallarına bağlandı. Ustandının da lütf və himməti ilə iki ay içində kimsədə görülməyən hallara qovuşdu.

İmam Rabbani həzrətləri, Muhamməd Baqibillah həzrətlərini tanıdıqdan sonra, ədəblə və can qulağı ilə bu xocasının sözlərinə və hallarına bağlandı. Bir neçə ay sonra, xocası ona icazət verdi. Beləcə təsəvvüf elmində və hallarında da yüksək dərəcəyə qovuşduqdan sonra, məmləkəti olan Sərhəndə qayıtması əmr olundu. Xocası, tələbəsindən çoxunun yetişdirilməsini də ona buraxıb, onları da arxasından Sərhəndə göndərdi. Xocası onun üçün belə buyurdu: “Qəlblərə dəva, ruhlara şəfa olan bu toxumu, Səmərqənd və Buxaradan gətirib Hindistanın bərəkətli torpağına əkdim. Taliblərin yetişib kamala çatması üçün çalışdım. O, hər dərəcəni aşıb, üstünlüklərin sonuna varınca, özümü aradan çəkib, tələbəni ona buraxdım.”

İmam Rabbani həzrətləri, məmləkətinə qayıdanda elm və ədəb öyrətməyə, istəkliləri yetişdirməyə və yüksəltməyə başladı. Şöhrəti hər yerə yayılıb, hər tərəfdən aşiqləri, onun elmindən və feyzindən faydalanmağa gəlirdi. Tələbələrinə Bəydavi Təfsiri, Səhihi-Buxari, Mişqati-Məsabih, Əvarifül-Məarif, Üsuli-Pəzdəvi, Hidayə və Şərhi-Məvaqıf kimi bəzi din kitablarını dərs olaraq mükəmməl bir şəkildə oxudardı. Ömrünün son zamanlarında belə tələbələrinə elm təhsilini bərk-bərk əmr edər, buna çox əhəmiyyət verərdi. Hərkəsin qəlbini elm və nur ilə doldurur, Muhamməd əleyhissəlamın dinini canlandırır və qüvvətləndirirdi. Zamanının padşahlarını, vali, komandir, alim və hakimlərini, çox təsirli məktubları ilə, dinə, sünnəti-səniyyəyə təşviq edir, çox alim və vəli yetişdirirdi.

İmam Rabbani həzrətləri bir müddət Sərhənddə tələbə yetişdirməklə məşğul olub, insanlara doğru yolu anlatdıqdan sonra, xocasını ziyarət üçün Dehliyə getdi. Bir müddət xidmətində qaldı və xocası ilə çox xoş söhbətləri oldu. Hallarını olduqlarından daha yuxarıya apardılar. Bütün bu lütfləri ilə çox yüksək hallara, fəzilətlərə qovuşmasına baxmayaraq, xocasına edilməsi mümkün olmayan bir ədəblə davranırdı. Muhamməd Haşimi-Kəşmi belə anlatmışdır: “Xacə Hüsaməddin Əhməddən eşitdim. Xocam imam Rabbanini mədh edib təriflədikdən sonra; “Mərtəbəsi yüksək, fəziləti çox olmaqla birlikdə, ədəbə riayətdə, xocamız Muhamməd Baqibillah həzrətlərinin tələbələrindən heç biri, İmam Rabbani kimi deyildi. Bunun üçün bərəkətlər hər kəsdən əvvəl ona nəsib oldu” buyurdu.

İmam Rabbani həzrətləri belə buyurmuşdur.
“Biz dörd nəfər, xocamız Muhamməd Baqibillah həzrətlərinə xidmətdə digərlərindən irəlidə idik. Hamımızın ayrı bir bağlılığı, ayrı bir düşüncəsi vardı. Bu fəqir yəqinliklə bilirəm ki, belə bir söhbət və cəmiyyət, tərbiyə və irşad qaynağı, Peyğəmbər əfəndimizin zamanından sonra dünyada çox az görülmüşdür. Hərçənd insanların ən xeyirlisi olan Rəsulullah əfəndimizin zamanında ola bilmədik, söhbətinə qovuşa bilmədik amma, Muhamməd Baqibillah həzrətlərinin səadətli söhbətindən də məhrum qalmadıq. Bunun üçün bu böyük nemətin şükrünü yerinə yetirmək lazımdır. Onun hüzurunda hər kəs öz bağlılığına, məhəbbətinə görə bir şeylərə qovuşdu.”

İmam Rabbani həzrətləri, xocası Muhamməd Baqibillah həzrətlərinin ikinci dəfə hüzuruna gedib bir müddət qaldıqdan sonra, təkrar məmləkətinə qayıtdı. Bir müddət daha taliblərə, istəklilərə feyz verməklə məşğul oldu. Bu sırada olduqca yüksək dərəcələrə qovuşdu. Bu hallarını xocasına məktublar yazaraq bildirdi. Bundan sonra üçüncü dəfə xocasını ziyarətə getdi. Bu ziyarətdən sonra Dehlidən Sərhəndə qayıdıb bir neçə gün qaldı və Lahora getdi. Lahor şəhərində hər kəs, imam Rabbani həzrətlərinin təşrifini böyük bir qənimət bildi. Tələbələrinin ən məşhurlarından olan; Mövlana Muhamməd Tahir, Xacə Muhamməd, Mövlana Əsğar Əhməd və Mövlana Ravh Hüseyn kimi şəxslər bu sırada tələbəsi olub, söhbətində bişib yüksək dərəcələrə qovuşdular. İmam Rabbani həzrətləri Lahorda olduğu sırada, oranın məşhur alimləri ona çox hörmət və ədəb göstərdilər. Neçə bilinməyən və həll edilməsi çətin məsələləri ondan soruşub doyurucu cavablar aldılar.

İmam Rabbani həzrətlərinin Lahordakı söhbətləri davam edərkən, xocası Muhamməd Baqibillah həzrətlərinin vəfat xəbəri gəldi. Qəlblərdəki hüzur və fərəhin yerini, ələm və kədər aldı. Bu xəbər üzərinə, dərhal Dehliyə gedib mübarək qəbrini ziyarət etdi. Oğullarına və tələbələrinin böyüklərinə başsağlığı verdi. Muhamməd Baqibillah həzrətlərinin tələbələri, kədərlərini və qəlblərindəki ələmi, onun tərbiyələrinin və söhbətlərinin bərəkətilə aparmaq üçün, hüzuruna gəlib, Muhamməd Baqibillah həzrətlərinə göstərdikləri kimi, İmam Rabbani həzrətlərinə də; məhəbbət, hörmət və təslimiyyət göstərdilər. Kiçik-böyük hamısı onu qəbul edib bağlandılar.

İmam Rabbani həzrətləri, Sərhəndə qayıtdıqdan sonra, Qadiri təriqətinin böyüklərindən olan Şah Kamal Qadirinin ruhaniyyətindən də icazət almaqla şərəfləndi. Bu icazət belə olmuşdur: Bir səhər İmam Rabbani həzrətləri tələbələri ilə mürakəbə halında ikən, Şah Kamalın nəvəsi və onun bütün kəmalatının vəkili olan Şah İskəndər, Kəhtəldən gəlib, Şah Kamalın bərəkətli əbasını İmam Rabbani həzrətlərinin mübarək çiyninə qoydu. İmam Rabbani gözlərini açanda, Şah İskəndəri gördü. Tam bir təvazö ilə boynuna sarıldı. Şah belə dedi: “Bir neçə zamandır, hal və yuxumda babam Şah Kamalı görürəm. Mənə, əbasını sizə verməyimi əmr edirdi. Fəqət, onun bu bərəkətli əbasını evdən çıxarıb, bir başqasına vermək mənə çox çətin gəlirdi. Amma təkrar-təkrar əmr edincə, əmrinə tabe olmaq lazım oldu.” İmam Rabbani, o əbanı geyib xüsusi otağına getdi. Bir müddət sonra otağından çıxanda, ən yaxın sirdaşlarına, məhrəmlərinə belə söylədi: “Həzrəti Şah Kamalın əbasını geydikdən sonra, heyrətə salan çox qəribə bir hal zahir oldu. Belə ki, əbanı geydiyim vaxt, insanların və cinlərin seyidi Əbdülqadir Geylanini, həzrəti Şah Kamala qədər davam edən bütün xəlifələrilə yanımda gördüm. Həzrəti Qavsi-Rəbbani Əbdülqadir Geylani qəlbimi öz təsərrüfünə aldı və xüsusi nisbətlərinin və yollarının nurları və əsrarı məni bürüdü. Mənsə, o halların və nurların dənizinə qərq olub o dənizin dalğıcı oldum. Bir müddət bu halda qaldım. O halların məni bürüdüyü zamanda qəlbimə; “Məni Əhrariyyə böyükləri tərbiyə etdilər və işimin əsası bu böyüklərin yolunda olmaqdır, indi başqa cür olur” deyə gəldi. Belə düşünərkən, Əhrariyyə yolunun böyüklərinin, xacəyi-cahan Xacə Əbdülxaliq Qoncdüvanidən xocam Xacə Baqibillaha qədər bütün xəlifələrinin gəldiyini gördüm. Mənim işim və icraatım haqqında danışmağa başladılar. Əhrariyyə böyükləri; “Bunu biz tərbiyə etdik. Bizim tərbiyəmizlə zövqə, hala və kamala çatdı” dedilər. Qadiri böyükləri (Rahiməhümüllah) da; “Hələ uşaqlığında bizim ona təvəccöhümüz vardır. Bizim nemət süfrəmizdən dad almışdır. İndi də bizim əbamızı geyməkdədir” dedilər.

Onlar belə danışarkən Kübrəviyyə, Çeştiyyə yollarından da birər camaat gəldi. Beləcə razılığa gəldilər, bundan sonra bu iki şərəfli nisbətdən də qəlbimdə, böyük pay, tam bir şövq tapdım.” İmam Rabbani həzrətləri təsəvvüfdə, bu yolların hamısında tələbə yetişdirib feyz verdi.

İmam Rabbani həzrətləri, bənzəri az yetişən, müstəsna bir İslam alimi və böyük bir mürşidi-kamildir. Peyğəmbər əfəndimizin vəfatından min il sonra da İslam düşmənləri dinə, imana insafsızca hücum etmişdilər. Allahu təala qullarına rəhm edərək, İmam Rabbani kimi bir mücəddid yaratdı. Ona dərin elmlər ehsan etdi. Onun vasitəsilə din düşmənlərinin qorxunc hücumunu dayandırdı. Haqqı batildən ayırıb, çox qəlblərdən batili ləğv etdi. Bu uca İmamın məktub və kitabları, insanları qəflətdən oyandırdı. Dünyaya işıq saldı. Yəni Allahu təala onu, Peyğəmbər əfəndimizdən min il sonra, İslam dinini yeniləmək və qüvvətləndirmək üçün göndərmişdi.

İmam Rabbani həzrətlərinin dinə illərcə etdiyi bu böyük xidmətləri, sağlam, qaneedici dəlillərlə sapqın fikirlərinin çürüdüldüklərini, Əhli-sünnət etiqadının və doğru din bilgilərinin yayıldığını, bidətlərin aradan qalxdığını görən bəzi sapqın kimsələr, ona cəbhə aldılar, həsəd və böhtan etməyə başladılar.

Bunun üçün bəzi kimsələrin cəfa oxlarına, əziyyət və böhtanlarına hədəf oldu. Neçə-neçə alimlərin, fazillərin, kamillərin öz yollarından ayrılıb, rəhbərlərini buraxıb, ətrafına və xidmətinə qoşuşmaları isə, həsədlərini daha da artırdı. İmamı təhlükəyə salmaq üçün, hiylələrə başladılar. Məsələn, Cüneydi Bağdadi, Bayəzidi Bistami kimi böyük məşayixi aşağı görür deyərək, cahil təbəqəni aldatdılar. Yüksək məşayixin bildirdiyi vəhdəti-vücudu inkar edir, deyərək, görüşü qısa kimsələri İmamdan soyutmağa başladılar. Onu sevənlərə də; “Məşayixi-izamı inkar edir, Allahu təalanın mərifətinə vasitəsiz olaraq qovuşdum deyir” dedilər. Növ-növ böhtanlar atdılar.

O zamanın sultanı Səlim Cahangir Xanın dövlət adamları, hətta böyük vəziri, baş müftisi və ətrafındakılar Əhli-sünnət düşməni idilər. Halbuki imam Rabbani həzrətlərinin bir çox məktubları və xüsusilə ayrıca yazdığı Rəddi-Rəvafıd Risaləsi, Əshabı-kiram düşmənlərini rədd etməkdə, belələrinin cahil, axmaq və alçaq olduqlarını anlatmaqda idi. İmam Rabbani bu risaləsini Buxarada olan ən böyük Özbək xanı Abdullah Xana göndərmişdi. “Bunu İranda, Şah Abbas Səfəviyə göstərin! Qəbul etsə nə yaxşı, etməzsə onunla hərb caiz olar” demişdi. Qəbul etmədi. Hərb oldu. Abdullah Xan, Heratı və Xorasandakı şəhərləri aldı. Buraları daha əvvəl Səfəvilər almışdı. İştə bundan sonra, Hindistandakı pozuq firqələr, Əshabı-kiram düşmənləri əl-ələ verdilər. Sultana gedib imam Rabbani həzrətləri haqqında müxtəlif böhtanlar ataraq şikayət etdilər. Sultan, oğlu Şah Cahanı göndərib, imam Rabbani həzrətlərini, övladlarını və yetişdirdiyi tələbələrini çağırıb, hamısını öldürməyə qərar verdi. Bunun üzərinə Şah Cahan, bir müfti ilə yanına getdi. Sultana səcdə caiz olduğunu göstərən bir fətvanı da apardı. İmam Rabbaninin üstünlüyünü bilirdi. “Atama səcdə etsən səni qurtara bilərəm” dedikdə, imam Rabbani həzrətləri bu fətvanın zərurət zamanında izin olduğunu, azimət və din bütövlüyünün səcdə etməmək olduğunu, əcəl gəlincə, ölümdən heç bir şeyin qurtara bilməyəcəyini söylədi və səcdə etməyi qəbul etmədi.

Uşaqlarını və tələbələrini orada qoyub sultana tək getdi. Özünə atılan böhtanlara qarşı sultana gözəl və doyurucu cavablar verdi. Sultan yüksək həqiqətləri anlaya biləcək biri olmadığı halda, nəşələndi və sərbəst buraxıb üzr istədi. Hətta, sultana özünə edilən böhtanların əsassız olduğunu açıq dəlillərlə anladarkən, orada olan atəşpərəst Hinduların böyük bir komandiri, imam Rabbani həzrətlərinin dində olan qüvvətini, sözlərini, ləzzət və qiymətini görərək müsəlman oldu.

Sultanın qane olduğunu görən böhtançı sapqınlar; “Bunun adamları çoxdur. Sözləri bütün məmləkətdə qüvvədədədir. Bunu sərbəst buraxsaq bir qarışıqlıq çıxa bilər” deyərək, uzun danışıqlardan sonra sultanı aldatdılar. Sultan, imam Rabbani həzrətlərinin, məmləkətin ən möhkəm və qorxunc qalası olan Guwalyar Qalasına həbs edilməsini əmr etdi və həbs edildi. Bu hadisəyə çox kədərlənən tələbələri sultana üsyan etmək istədilər. Bunu edə biləcək gücdə idilər. Fəqət imam Rabbani həzrətləri onları yuxularında və oyanıq ikən bundan mən etdi. Sultana xeyir dua etmələrini əmr edib; “Sultanı incitmək bütün insanlara zərər verər” buyurdu. Özü də sultana həmişə xeyir dua edirdi. Sultanın vəziri, qatı bir müxalif olduğundan, zindanda, imam Rabbani həzrətlərinin gözətçiliyinə qardaşını təyin etmiş və çox şiddətli davranmasını əmr etmişdi. Bu vəzifəli isə ondan müxtəlif kəramətlər, kədərlənmək yerinə heybət, səbir və hətta sevinc görərək tövbə etdi. Pozuq etiqadını tərk edib Əhli-sünnəti seçdi və xalis tələbələrindən oldu. Qalada həbsdə olan minlərlə kafir, onun bərəkəti və söhbətləri ilə müsəlman olmaqla şərəfləndi. Bir çox günahkar tövbə etdi. Hətta bəziləri yüksək alim oldu.

İmam Rabbani həzrətləri həbsdə üç il qaldıqdan sonra, sultan etdiyinə peşman oldu. Həbsdən çıxarıb ikram və ehsan etdi. Hətta xalis tələbələrindən və sadiq dostlarından oldu. Bir müddət, əsgər arasında qalmasını istədi. Sonra sərbəst buraxıb, hörmətlə vətəninə göndərdi. Həbsdəki bu sıxıntılardan və uğradığı dərdlərdən sonra, əvvəlcə olduğu halların və məqamların minlərlə üstündə dərəcələrə yüksəlmiş olaraq məmləkətinə qayıtdı. İmam Rabbani həzrətləri əvvəllər; “Çatdığım dərəcələrin üstündə, daha çox məqamlar vardır. Onlara yüksəlmək cəlal sifəti ilə, sərt tərbiyə edilməklə ola bilər. İndiyə qədər camal sifəti ilə oxşanaraq tərbiyə edildim” buyurmuşdu. Tələbəsindən bir qisiminə; “Əlli ilə altmış arasında üzərimə dərdlər, bəlalar yağacaq” buyurmuşdu. Buyurduğu kimi oldu. O məqamlara da yüksəlmək nəsib oldu.

Müsəlmanların zəif düşdüyü, küfrün, sapqınlığın, zülmətin, filosofların və sapqın kimsələrin hər tərəfi bürüdüyü bir zamanda, minlərlə kafir, çox sayda fasiq və facir onun gözəl hallarını görüb, söhbətini eşidib tövbə edərək saleh müsəlman oldu. Uzaqdan-yaxından bir çox kimsə, yuxuda və oyaq ikən onu görərək yanına qaçmış, hüzuruna gəldikləri zaman gördüklərini eynilə tapmışdırlar. Alim, saleh, gənc, qoca minlərlə kimsə onu görüb, söhbətində iştirak edincə, feyz alaraq qəlbləri zikr edər olmuşdur. Hüzurundakı bir çox tələbəni hallara, yüksək dərəcələrə qovuşdurmuşdur. Hər an kəramətləri görülər, feyz və bərəkət yayardı. Kəramətlərinin altı mindən çox olduğu bildirilmişdir.

Zamanının alimləri, imam Rabbani həzrətlərinə Sıla adı ilə xitab etdilər. Sıla, birləşdirici deməkdir. Çünki, o, təsəvvüfün İslamiyyətdən ayrı bir şey olmadığını İslamiyyətə uyğun bir şey olduğunu isbat edərək, əhkamı-İslamiyyə ilə təsəvvüfü vəsl etmiş, birləşdirmişdir. Bir hədisi-şərifdə; “Ümmətimdən Sıla adında biri gələr. Onun şəfaəti ilə çox kimsələr Cənnətə girər” buyurularaq onun gələcəyi xəbər verilmişdir. Bu hədisi-şərif, imam Süyutinin Cəmül-Cəvami kitabında vardır. İmam Rabbani həzrətləri bir məktubunda: “Məni iki dərya arasında “Sıla” edən Allahu təalaya həmd olsun” deyə dua etmişdir. Əshabı, tələbələri və sevənləri arasında “Sıla” adıyla məşhur olmuşdur. Hədisi-şərifdə müjdələnən “Sıla” adını ondan əvvəl heç kim almamışdır.

İmam Rabbani həzrətləri, Mücəddidi-əlfi-sanidir. Yəni hicri ikinci minin mücəddididir. Köhnə ümmətlər zamanında, hər min ildə yeni din gətirən bir rəsul göndərilərdi, yeni din əvvəlkini dəyişdirib, bəzi hökmləri ləğv edərdi. Hər yüz ildə bir Nəbi gələr, din sahibi peyğəmbərin dinini dəyişdirməz, qüvvətləndirərdi. Hədisi-şərifdə, bu ümmətə isə, hər yüz il başında İslam dinini qüvvətləndirən bir alim gələcəyi xəbər verilməkdədir. Peyğəmbər əfəndimizdən sonra peyğəmbər gəlməyəcəyinə görə, özündən min il sonra, İslam dinini hər baxımdan əhya edəcək, dinə qarışdırılan bidətləri təmizləyib, əsri-səadətdəki təmiz halına gətirəcək, zahiri və batini elmlərdə tam varis, alim və arif bir şəxsin olması lazım idi. Hədisi-şəriflər bunu bildirməkdədir. Bu mühüm xidməti imam Rabbani həzrətləri yerinə yetirmişdir.

Bütün İslam alimləri, bu şəxsin imam Rabbani həzrətləri olduğunda ittifaq etmişdirlər. Peyğəmbərimizdən tam min il sonra elm və irşad kürsüsünə mütləq olaraq oturub, dünyanı Rəsulullahın nurları ilə aydınlatdı. Bidətləri təmizləyib İslam dinini əhya etdi. Onun zamanında Hindistanda və hətta bütün İslam aləmində baş verən sapqın fikirlər, pozuq inanclar yayılmağa başlayıb, böyük fitnələr çıxmışdı. Bundan əlavə, təsəvvüfdə vəhdəti-vücudu anladan sözlər, müsəlmanlar arasında cürbəcür şəkillərə soxuldu. Bu yüksək və qiymətli bilgi anlaşıla bilmədi. Bir çox cahil, böyüklərin sözlərinin mənalarını anlamayaraq zamanla dindən çıxdı. İslamiyyətə qarşı olanlar da bunu fürsət bilib, müsəlmanları doğru yoldan ayırmaq üçün çalışdılar. Beləcə təsəvvüf bilgiləri ilə İslamiyyətin hökmləri arasında ayrılıq və ziddiyyət varmış kimi, ikisi bir-birindən ayrıymış kimi göstərilərək, müsəlmanlar müxtəlif adlar altında bir-birlərindən ayrılmağa və bir-birlərinə düşmən edilməyə çalışıldı. İmam Rabbani həzrətləri başda vəhdəti-vücud bilgiləri olmaq üzrə, səhv anlaşılan daha bir çox məsələni olduqca açıq bir şəkildə izah edərək, insanların zehinlərini və qəlblərini, yanlış və pozuq inanışlardan, bidətlərdən təmizlədi. Haqqı batildən ayırıb, Peyğəmbərimizin haqq və doğru yol olduğunu xəbər verdiyi Əhli-sünnət etiqadını hər yerə yaydı. Gənc-qoca hər kəs və bir çox alim onun ətrafında toplandı. Ona ilk dəfə (Mücəddidi-əlfi-sani) adını verən, zamanının ən böyük alimlərindən Əbdülhakim Siyalkutidir. O zamanın digər böyük alimləri də onu mədh edib tərifləmişlərdir.

Xacə Muhamməd Baqibillahın tələbəsinin ən böyüklərindən və ən yüksək alimlərdən olan Seyid Mir Muhamməd Numan deyir ki: “İmam Rabbaniyə tabe olmağı xocam mənə söyləyincə, buna lüzum olmadığını anlatmaq üçün; “Qəlbimin güzgüsü ancaq sizin parlaq qəlbinizin nuruna qarşı dayanır” dedim. Xocam sərt bir səslə; “Sən, Əhmədi nə sanırsan? Onun, günəş olan nuru, bizlər kimi minlərlə ulduzu örtməkdədir” buyurdu.

İmam Rabbani həzrətlərinin tələbələrinin məşhurlarından olan Muhamməd Haşimi-Kəşmi belə anlatmışdır: “Bir gün Həzrəti İmamın hüzurunda otururdım. O mərifətləri yazırdı. Birdən bövl sıxışdırması səbəbilə qalxıb ayaqyoluna getdi. Lakin dərhal sürətlə çölə çıxdı. Belə sürətlə ayaqyoluna girib, dərhal tələsərək çölə çıxmalarına heyrət etdim. “Bunun səbəbi nədir?” dedim. Ayaqyolundan çıxar-çıxmaz su ibriqini istədi və sol əlinin baş barmağının dırnağını yudu və ovdu. Sonra təkrar ayaqyoluna girdi. Bir müddət sonra çıxınca buyurdu ki: “Bövl sıxışdırdı, tələsik ayaqyoluna girdim və oturdum. Gözüm dırnağımın üzərinə getdi. Üzərində qara bir nöqtə vardı. Qələm yazırmı deyə yoxlamaq üçün bunu etmişdim. Halbuki, o nöqtə Qurani-kərimin hərflərini yazarkən istifadə edilirdi. Orada oturmağı doğru qəbul etmədim və ədəb xarici olaraq gördüm. Bövl sıxışdırmasına görə çətinlik çəkdimsə də, bu sıxıntı bir ədəbi tərk etmənin verəcəyi sıxıntının yanında çox az gəldi. Çölə çıxdım. O qara nöqtəni yudum və təkrar içəri girdim.”

“Bir gün, hafizlərdən biri, onun döşəkcəsindən aşağı bir döşəkcə qoyub üzərinə oturaraq, Qurani-kərim oxumağa başladı. İmam Rabbani həzrətləri bu vəziyyətin fərqinə varıb, dərhal üzərində oturduğu yüksək döşəkcəni bir kənara çəkib yerə oturdu. Heç bir zaman Qurani-kərim oxumaqda olan hafizdən yüksəkdə oturmazdı.”

İmam Rabbani həzrətlərinin fiqh məsələlərində elmi çox idi və hər məsələyə anında cavab verə biləcək bir dərəcədəydi. Üsuli-fiqhdə də tam bir məharət sahibiydi. Lakin ehtiyatının çoxluğundan, çox zaman qiymətli fiqh kitablarına müraciət edərdi. Səfərdə və müqim ikən bəzi qiymətli fiqh kitablarını yanında saxlayardı. Onun bütün səyi, müftəbih yəni fiqh alimlərinin üzərində ittifaq etdikləri fitvalara, daim uymaq idi. Bəzi fiqh alimlərinin caiz dediyi, bəzilərinin məkruh dediyi bir işdə, o kərahət tərəfini seçər və o işi etməzdi. “Bir məsələnin edilməsində və edilməməsində, halal və haram olmasında ixtilaf olarsa, edilməməsi və haram tərəfini tərcih etməyi mümkün olduğu qədər əldən qaçırmamalıdır” buyurardı.

Muhamməd Haşimi-Kəşmi belə anlatmışdır:
“Seyidlərdən bir gənc, mədrəsədə tələbə idi. Onunla yoldaşlıq edərdik. Bir gün ağlayaraq yanıma gəldi və başından keçən bir hadisəni anlatdı. İmam Rabbani həzrətlərinin böyük bir kəramətini görmüşdü. Dedi ki: “Həzrəti Əliyə qarşı döyüşənləri, hələ Həzrəti Müaviyəni sevməzdim. Bir gecə sənin ustadın İmam Rabbaninin Məktubatını oxuyurdum. Oxuduğum yerdə; “İmam Ənəs ibn Malik buyurdu ki: “Həzrəti Müaviyəni, sevməmək onu pisləmək, Həzrəti Əbu Bəkiri və Həzrəti Öməri sevməmək bunları pisləmək kimidir. Ona söyənə, bunlara söyənə verilən cəzanı vermək lazımdır” yazılı idi. Bunu oxuyanda, canım sıxıldı və yerində olmayan bir yazını bura yazıb dedim. Məktubatı yerə atdım. Yatağıma uzandım. Yatdım.

Yuxumda, sənin o böyük ustadın hirsli və qəzəblənmiş bir halda yanıma gəldi. İki mübarək əli ilə qulaqlarımı çəkdi və; “Ey cahil uşaq! Sən bizim yazdığımızı bəyənmirsən və kitabımızı fırladıb, yerə atırsan. Mənim yazımı oxuyunca çaşqınlığa düşdün və inanmadın. Amma gəl, səni bir şəxsə aparım da gör! Rəsulullah əfəndimizin əshabını sevmədiyin üçün, aldandığını ondan eşit” buyurdu. Məni çəkərək, bir bağçaya apardı və qapısında qoyub özü tək irəlilədi. Uzaqda görünən böyük bir otağa doğru getdi. Orada nur üzlü, böyük bir şəxs otururdu. Çəkinərək və hörmət ilə o şəxsə salam verdi. Önündə diz çöküb oturdu. Ona bir şeylər söyləyir, məni göstərirdi. Uzaqdan mənə baxışlarından məndən bəhs etdiyi aydın olurdu.

Bir az sonra sənin o yüksək ustadın imam Rabbani, qalxdı. Məni çağırdı. “Bu oturan şəxs, Həzrəti Əlidir. Yaxşı qulaq as! Gör nə buyurur” dedi. Yanlarına gedib, salam verdim. “Saqın, saqın! Rəsulullah əfəndimizin əshabına qarşı, ürəyində bir inciklik saxlama! O böyüklərdən heç birini, əsla pisləmə. Aramızda müharibə şəklində görünən işlərimizin, hansı yaxşı niyyətlərlə edildiyini, biz və o qardaşlarımız bilirik!” dedi. Sənin yüksək xocanın adını söyləyərək; “Bu şəxsin yazılarına da əsla qarşı gəlmə!” buyurdu. Bu nəsihəti dinlədikdən sonra, qəlbimi yoxladım. Bu xüsusdakı tərəddüdün və soyuqluğun, qəlbimdən çıxmadığını gördüm. Bu halımı dərhal anladı. Hirsləndi. Sənin yüksək xocana baxaraq; “Bunun könlü hələ təmizlənmədi. Yaxşı bir sillə vur!” dedi. Şeyx həzrətləri, qüvvətli bir sillə vurdu. Silləni yeyincə, öz-özümə: “Bunu sevdiyim üçün onlara düşmənlik etmişim. Halbuki özü onlara düşmənliyimdəm bu qədər çox incinməkdədir. Bu haldan vaz keçməliyəm!” dedim. Qəlbimi yoxladım. Düşmənlik, inciklik qalmamış, tərtəmiz tapdım. O anda oyandım. İndi də qəlbim o kindən təmizlənmişdir. O yuxunun, o sözlərin dadı, məni başqa hala saldı. Qəlbimdə Allahdan başqa heç bir şeyin sevgisi qalmadı. Sənin yüksək xocan imam Rabbaniyə və onun yazdıqlarındakı mərifətə inancım yaxşıca artdı.”

İmam Rabbani həzrətləri 1615-ci ildə, əlli üç yaşında ikən, tələbələrindən çox sevdiklərinə; “Mənim ömrüm və həyatım haqqında qəzayi-mübrəmin altmış üç il olduğunu ilham ilə mənə bildirdilər” buyurdu. Və buna çox sevindi. Çünki Peyğəmbər əfəndimizə tabe olmasının çoxluğu, yaş baxımından da uyğun gəlməklə bəlli olurdu. Eyni zamanda bu xüsusda Həzrəti Əbu Bəkirə, Həzrəti Ömərə və Həzrəti Əliyə də uymuş olurdu.

1623-ci ildə Əcmirdə ikən; “Vəfat etməyimin yaxın olduğuna dair işarələr, əlamətlər görülməyə başladı” buyurdu. Sərhənddə olan qiymətli oğullarına məktub yazıb; “Ömrümüzün sona çatması yaxındır” buyurdu. Atalarının həsrəti və ayrılığı ilə yanan, övliyanın gözlərinin nuru qiymətli oğulları, bu məktubu alınca, atalarının olduğu yerə hərəkət etdilər. Hüzuruna qovuşanda, bir gün, bu yüksək oğullarını xüsusi otağa çağırdı. Buyurdu ki: “Qiymətli oğullarım, bu dünyaya heç bir şəkildə nəzərim və bağlılığım qalmadı. O biri dünyaya getmək icab edir, getmə və səyahət əlamətləri görünməyə başladı.”

İmam Rabbani həzrətləri Əcmir səfərindən Sərhəndə qayıdanda, artıq evində inzivaya çəkildi. Bir müddət, beş vaxt namaz və Cümə namazı xaric olmaqla, evindən çölə çıxmadı. Nur və əsrar mənbəyi olan xüsusi otağına; Muhamməd Haşim Kəşmidən, yüksək oğullarından, tələbələrindən və xidmətçilərindən iki-üç nəfər xaric, başqalarının girməsi çox nadir olurdu. Xəlvəti seçdiyi günlərdən bir gün, soyuq bir nəfəs çəkib; “Şeyxül-islamın (Əbu Əli Dəqqaqın) məşrəbi çox yüksəlincə, məclisində insan qalmadı” sözünü söylədi. Burada olduğu kimi, ömrünün sonuna doğru imam Rabbani həzrətlərinin məşrəbi də o qədər yüksək oldu ki, tələbələrinin ən yüksəkləri belə onun yanında məktəbə yeni başlayan kiçik uşaqlar kimi qalırdılar.

İmam Rabbani həzrətlərinin tələbələrindən biri belə anlatmışdır:
“İmam Rabbani həzrətlərinin ömrünün son günlərində, xəstə olduğu sırada hüzuruna çıxıb, bir neçə günlüyünə məmləkətimə gedib gəlmək üçün icazə istədim. “Bir neçə gün dayan!” buyurdu. Sonra təkrar ərz edib; “Dərhal gedib, qayıdacağam” dedim. “Bir neçə gün səbir et!” buyurdu. Fəqət; “Gedib ən qısa zamanda hüzurunuza qayıdacağam” deyincə, icazə verdi və: “Sən harada, biz harada, ilk bahar harada?” misrasını oxudu. Bu sözündən bir neçə gün sonra vəfat etdi.

Bu arada çox sədəqə verdi və böyük xeyriyyələr etdi. Əsrar məhrəmlərindən, yaxınlarından biri, bu sədəqə və xeyirlərin çoxluğunu görəndə; “Bütün bu xeyirlər, bəlaların aradan qaldırılması üçündürmü?” deyə soruşdu. Buyurdu ki: “Xeyr, bəlkə də qovuşmaq şövqü ilə bunları edirəm. Və bu beyti oxuyub gözlərindən sevinc göz yaşları töküldü:

“Vüslət günüdür sirdaşım aləmə qucaq açım,
Bu dövlətin, bu nemətin sevinclərini saçım.”

Məhərrəm ayının on ikinci günü buyurdu ki: “Mənə bu dünyadan o biri dünyaya getməyimə qırx və ya əlli gün qaldığını bildirdilər. Məzarımı da göstərdilər.” Bu sözləri dinləyənlər kədərləndilər və çaşıb qaldılar. Ciyərlərindəki yara yenidən təzələndi. O günlərdə, oğlu Muhamməd Səid bir gün, imam Rabbani həzrətlərini ağlayarkən gördü. Səbəbini soruşdu. Cavabında; “Allahu təalaya qovuşmanın sevinci ilə ağlayıram” buyurdu. Yenə oğlu; “Allahu təala, bu işi, bu dünyada çox sevdiklərinin istəyinə buraxar. Madam ki, siz bu qədər çox istəyirsiniz, əlbəttə gedərsiniz” deyə ərz etdi. Bu sözü söyləyən oğlunda bir dəyişmə gördü və buyurdu ki: “Muhamməd Səid! Allahu təalanın qeyrətinə toxunursan.” Oğlu; “Öz halıma kədərlənirəm” dedi və çox səmimi bir bəyanla, dərd və ələm dolu qəlbini çölə vurarcasına; “Ey könlümün süruru atacan! Bizə etdiyiniz bu şəfqətsizlik və rəhmsizlik nədəndir?” deyə ərz etdi. Bunun üzərinə; “Allahu təala sizdən sevgilidir. Həm də, bizim sizə şəfqət və yardımlarımız, vəfat etdikdən sonra, bu dünyadakından daha çox olacaqdır. Çünki bu dünyada, insanlıq gərəyi olaraq bəzən istər-istəməz yardım və təvəccöh tam olmur. Halbuki öldükdən sonra, bəşəri sifətlərdən tamamilə ayrılmaq vardır” buyurdu. Bunu söylədiyi gündən etibarən, o günləri saymağa başladılar. Belə ki, Səfər ayının iyirmi ikinci gecəsi qəlbləri xəstə əshabına; “Bu gün söylədiyim günlərin qırxıncı günü keçmiş olur. Görək bu yeddi-səkkiz gündə nə zühur edər” buyurdu. Yenə oğullarına buyurdu ki: “Bu arada hasil olan bir neçə günlük səhhətdə, Allahu təala, Həbibinə tabe olan bir insanda ola biləcək bütün kəmalatı mənə ehsan etdi.” Oğullarının bu sözlərdən qəlbləri parçalandı. Çünki, bu sözlərdə Həzrəti Əbu Bəkri-Sıddıqın; “Bu gün dininizi tamam eylədim” ayəti-kəriməsi gəlincə qəlbinə gələn, yəni Peyğəmbər əfəndimiz vəfat edəcəkdir, ilhamından bir işarə olduğunu anladılar.

Səfər ayının iyirmi üçü Cümə axşamı günü, dərvişlərə, öz mübarək əllərilə paltarlarını bölüşdürdü. Öz üzərində pambıqlı, isti tutan bir paltar olmadığı üçün, havanın soyuqluğu təsir edib, təkrar qızdırma xəstəliyinə tutuldu və təkrar yatağa düşdü. Peyğəmbər əfəndimiz xəstəlikdən qurtulub, az bir zaman sonra təkrar xəstə olmuşlar və vəfat etmişdilər. İmam Rabbani həzrətləri, bu xüsusda da ittibanı (uymağı) əldən qaçırmadı. Bu xəstəlikdən əvvəl xidmətçilərindən birinə; “Manqal üçün bu qədər manatlıq kömür al!” buyurdu. Bir az sonra təkrar yanına çağıraraq; “Söylədiyimin yarısı məbləğində kömür al, çünki bir səs qəlbimə, o kömürləri yandıracaq qədər zaman qalmadı deyir” buyurdu. Kömürün bir qismini özü üçün ayırıb, digərini uşaqlarına göndərdi. Özünə ayrılmış olan miqdar, vəfat etdiyi gün tamamilə bitmişdi. Bu xəstəlik zamanında, yüksək elmləri, xeyli çox olaraq öz yüksək oğullarına anlatdı. Bir gün incə həqiqətləri bəyanda o qədər səy göstərir və bunun üçün o qədər danışırdı ki, qiymətli oğulları Xacə Muhamməd Səid; “Həzrətinizin xəstəliyi bu qədər danışmağınıza əlverişli deyil, bu mərifətlərin bəyanını bir başqa zamana saxlasanız necə olar atacan?” deyə ərz etdi. Bunun üzərinə: “Ey oğlum! Daha zaman və fürsət var mı? Bilirəm ki, bir başqa vaxt, bu qədərini söyləməyə də qüvvət və qüdrət tapa bilməyəcəyəm” buyurdu.

Bu günlərdə xəstəliyi şiddətli olmasına baxmayaraq camaatla namaz qılmağı tərk etmədi. Ancaq son dörd-beş gün, tək başına namaz qıldı. Duaları, təsbehləri, salavatları, zikri və mürakəbəni, heç bir əskiklik olmadan edirdi. Dinimizin və xocalarının yollarının incəliklərindən heç birini tərk etmirdi. Bir gecə, gecənin üçüncü yarısında qalxıb dəstəmaz aldı. Təhəccüd namazını ayaqda qıldı və; “Bu bizim son təhəccüdümüzdür” buyurdu.

Vəfatından bir az əvvəl, özündən keçmə halı görüldü. Böyük oğlu, bu özündən keçmə halının çoxluğu, xəstəliyin şiddətindənmi, yoxsa istiğraq (nurlara qərq olma) səbəbindəndirmi, deyə ərz etdi. Cavabında: “İstiğraq səbəbi ilədir. Çünki, bəzi çox yüksək hallar görünür. Bunun üçün onlara təvəccöh edirəm, ta ki hamısını olduqları kimi görə bilim və bunlarla hər şeyim tamam və kamil olsun” buyurdu. Bu dərin sirlərdən qısaca yüksək oğullarının qulaqlarına pıçıldadı. Bu özündən keçmə halından qurtulanda, ciyəri yaralı, qəlbi yanıq tələbələrinə əlvida sözünü xatırladan, vəsiyyətlərini söyləməyə başladı. Bu vəsiyyətlərin çoxu; mütəbəata, Peyğəmbərimizə tabe olmağa təşviq, sünnəyə yapışma, bidətdən qaçınma, zikr və mürakəbəyə davam etmə haqqında idi.

Buyurdu ki: “Sünnəyə çox möhkəm sarılmaq lazımdır.” Bu sözlərilə də Peyğəmbər əfəndimizə tabe olmaq istəmişdi. Çünki, Peyğəmbər əfəndimiz vəfat edəcəyi zaman belə nəsihət etmişdi. Abbad ibn Sariyədən, Tirmizi və Əbu Davud belə rəvayət edir: “Rəsulullah əfəndimiz bizə vəz edirdi. Bu vəzdən qəlblər ürpərir. Gözlər yaşarırdı. Dedik ki: “Ya Rəsulallah! Bu sözləriniz vida vəzinə bənzəyir, bizə vəsiyyət edin.” Rəsulullah əleyhissəlam buyurdular ki: “Sizə vəsiyyətim olsun: Allahdan qorxun, bir kölə belə əmri-ilahini bildirsə dinləyin və əməl edin. Yaşayanlarınız çox şeylər görəcək. O zaman mənim və Xüləfayi-raşidinin sünnəsinə qayət möhkəm sarılın, onu əldən qaçırmayın. Dində bidətdən çox çəkinin. Çünki bütün bidətlər azğınlıqdır, sapqınlıqdır.”

İmam Rabbani həzrətləri vəsiyyətinə davamla belə buyurdu: “Dinimizin sahibi Rəsulullah əfəndimiz, nəsihətlərin ən incələrini belə; “Din nəsihətdir” hədisi-şərifi gərəyincə ehmal etmədilər. Dinimizin qiymətli kitablarından, tam tabe olmaq yolunu öyrənin və bununla əməl edin.

Vəfat etdiyi Səfər aynın iyirmi doqquzuncu Çərşənbə axşamı günü, gecə özünə xidmət edən xidmətçilərinə; “Çox zəhmət çəkdiniz, bu sizin son zəhmətinizdir” buyurdu.

Çarpayının üzərinə yatınca, sünnə üzrə sağ əlini sağ yanağının altına qoyub, zikrlə məşğul oldu. Böyük oğlu Muhamməd Səid, atasının sıx-sıx nəfəs aldığını görüncə; “Halı-şərifiniz necədir atacan?” deyə ərz etdi. “Yaxşıyam və qıldığım o iki rükət namaz kafidir” buyurdu. Bundan sonra bir daha danışmadı. Yalnız Allahu təalanın adını söylədi və bir az sonra da vəfat etdi. Peyğəmbərlərin böyüklərinin çoxunun son sözləri namaz olmuşdur. Bu xüsusda da Peyğəmbərlərin Sərvərinə tabe oldu. Vəfatı 1624-cü il, Səfər ayının iyirmi səkkizi, günəş hesabı ilə iyirmi doqquzu, Çərşənbə axşamı günü quşluq vaxtı vaqə oldu.

O ay iyirmi doqquz gün idi. Peyğəmbər əfəndimizin vəfat ayı olan Rəbiüləvvəl ayının ilk gecəsi, Peyğəmbər əfəndimizin hüzuruna qovuşdu. Xəstəlik və qızdırma-titrəmə çəkdiyi günlər, yaşının il ədədi qədər olub, altmış üç gün idi. Hədisi-şərifdə; “Bir günlük qızdırma-titrəmə, bir ilin kəffarətidir” buyuruldu. Çəkdikləri xəstəlik, bu hədisi-şərifin mənasına uyğun oldu.

İmam Rabbani həzrətlərinin nurlu bədəni yuma taxtasının üzərinə qoyulub, paltarları çıxardılınca, orada olanlar həzrəti İmamın namazda olduğu kimi əllərini bağladığını gördülər. Sağ əlinin baş barmağı və kiçik barmağını, sol əlin biləyində halqa etdi. Halbuki, oğulları vəfatından sonra, qollarını düzəldib uzatmışdılar. Yuma taxtasına yatırdarkən, təbəssüm etdi və bir müddət bu şəkildə qaldı.

Yuyucu, mübarək əllərini açıb düzəltdi. Sol tərəfə yatırtdı, sağ tərəfini yudu. Sağ tərəfə yatırdıb sol tərəfini yuyacağı zaman, orada olanlar, vəlilik qüvvətinin bir əlaməti olaraq, zəif bir hərəkətlə əllərinin hərəkət etdiyini, bir araya gəldiyini və əvvəlki kimi təkrar sağ əlinin baş və kiçik barmaqlarının, sol əlinin biləyində halqa etdiyini gördülər. Halbuki sağ tərəfə uzananda, sağ əlin sol əl üzərinə gəlməməsi icab edərdi. Bununla birlikdə elə bir qüvvəylə sol əlini tutmuşdu ki, ayırmaq və açmaq mümkün deyildi. Kəfənə bükdükləri zaman, yenə əllərinin bağlandığı görüldü. Bu hal iki-üç dəfə vaqe oldu. Nəhayət oradakılar, bunda dərin bir məna və gizli bir sirr olduğunu anlayıb, bir daha əllərini açmağa çalışmadılar və oğlu Xacə Muhamməd Səid; “Madam ki, möhtərəm atam belə istəyir, belə saxlayaq” buyurdu. Peyğəmbər əfəndimiz hədisi-şərifdə: “Yaşadıqları kimi ölərlər” buyurdu. Bu, Allahu təalanın böyük bir ehsanıdır. Dilədiyinə ehsan edər. Onun ehsanı boldur.

İmam Rabbani həzrətlərinin cənazə namazını, oğlu Xacə Muhamməd Səid qıldırdı. Vəfatında 63 yaşında idi. Sərhənddə evinin yanında dəfn edildi. Daha sonra Əfqanıstan padşahı Şahı-Zaman, qəbri üzərinə böyük və çox sənətli bir türbə tikdirdi.

Böyük oğlu Muhamməd Səid buyurdu ki:
“Yüksək atamı, vəfatından sonra yuxuda gördüm. Allahu təalanın özünə verdiyi böyük nemətləri tam sevinclə anladırdı və bununla fəxr edirdi. Ona; “Canım atacan, şükür məqamından heç kimsəyə bir nəsib verdilərmi?” deyə ərz etdim. “Bəli, məni də şükür edənlərdən eylədilər” buyurdu. Ərz etdim ki, Qurani-kərimdə məalən; “Şükür edən qullar azdır” buyurulur. (Səba surəsi: 13) Bu ayəti-kərimədən anlaşılan, bu camaatın, Peyğəmbərlər olduğudur. Yaxud da Peyğəmbərlərin ən böyük əshablarıdır. Həzrəti Əbu Bəkri-Sıddıq kimi deyincə; “Bəli, elədir. Fəqət məni xüsusi bir ehsan və inayətlə, o camaata daxil etdilər” buyurdu.

Əsərləri:
1) Məktubat: İslam aləmində imam Rabbaninin Məktubatı qədər qiymətli bir kitab daha yazılmamışdır. Məktubat, üç cild olub, beş yüz iyirmi altı məktubunun toplanmasından meydana gəlmişdir. Kəlam və fiqh bilgilərini, təsəvvüfün mərifətlərini açıqlayan ucsuz bir dərya kimi bənzərsiz bir əsərdir.

Məktubatın birinci cildi 1616-cı ildə tələbərinin məşhurlarından Yar Muhamməd Cədidi-Bədahşi Talqani tərəfindən toplanmışdır. Birinci cilddə 313 məktub vardır. Bu cildin son məktubu, Muhamməd Haşim Kəşmiyə yazılmışdır. İmam Rabbani həzrətləri birinci cildin son məktubunu yazdıqda; “Muhamməd Haşimə göndərilən bu məktubla rəsulların, din sahibi peyğəmbərlərin və Əshabı-Bədrin sayına uyğun olduğundan, üç yüz on üç məktubla birinci cildi burada bitirək” buyurmuşdur.

İkinci cildi isə 1619-cu ildə yenə tələbələrindən, Əbdülhay Pütni tərəfindən toplanmışdır. Bu cilddə Əsmai-hüsna yəni Allahu təalanın hədisi-şərifdə kəçən doxsan doqquz adı sayınca doxsan doqquz (99) məktub vardır.

Üçüncü cild də imam Rabbani həzrətlərinin vəfatından sonra 1630-cu ildə tələbələrindən Muhamməd Haşimi-Kəşmi tərəfindən toplanmış olub, bu cilddə də Qurani-kərimdəki surələrin sayınca yüz on dörd (114) məktub vardır. Hər üç cilddə cəmi beş yüz iyirmi altı (526) məktub vardı. İmam Rabbani həzrətlərinin vəfatından sonra on məktubu daha üçüncü cildə əlavə edilmişdir. Beləcə toplam məktub ədədi (536) olmuşdur.

Məktubatdakı məktubların bir neçəsi Ərəbcə, geri qalanların hamısı Farscadır. Müxtəlif zamanlarda dərc edilmişdir. [Məktubatın birinci cildi Müjdəçi Məktublar adı ilə Hakikat Kitabevi tərəfindən nəşr olunmuşdur. İkinci və Üçüncü cildlərdəki məktublardan da bir qismi Hakikat Kitabevi nəşrlərindən olan Tam Elmihal Səadəti-Əbədiyyə kitabında nəşr olunmuşdur. Bu qiymətli əsərlər, www.hakikatkitabevi.com ünvanından oxuna bilər və əldə edilə bilər.]

2) Rəddi-Rəvafıd: Farsca olub, Rafiziləri rədd edən bu kitabın Türkcəsi, (Haqq Sözün Vəsiqələri) kitabında, bir hissə olaraq, Hakikat Kitabevi tərəfindən nəşr olunmuşdur. Ərəbcəyə də tərcümə edilmişdir.

3) İsbatün-Nübüvvə: “Peyğəmbərlik nədir?” adı ilə Türkcəyə tərcümə edilmişdir. Haqq Sözün Vəsiqələri kitabı içində bir hissə olaraq nəşr olunmuşdur. Bundan əlavə, Ərəbcəsi, İngiliscəyə və Fransızcaya da tərcümə edilmişdir.
4) Məbdə və Məad
5) Ədəbül-Müridin
6) Təliqatül-Əvarif
7) Risaləyi-Təhliliyyə
8) Şərhi-Rübaiyyəti-Əbdil-Baqi
9) Məarifi-Lədünniyə
10) Mükaşəfatı-Qaybiyyə
11) Cəzbə və Süluq Risaləsi


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину