Facebook Twitter WhatsApp

Abdullah ibn Ömər

Ən çox hədis bilən səhabələrdəndir.

Abdullah ibn Ömər həzrətləri Əshabı-kiramın böyüklərindən olub dörd böyük xəlifədən Həzrəti Ömərin oğludur. İlk imana gələnlərdəndir. Atası iman ilə şərəflənincə, o da kiçik yaşda müsəlman oldu.

Kiçik yaşdan bəri Peyğəmbər əfəndimizlə birlikdə olurdu.  Bunun üçün Əshabı-kiram içində ən çox hədisi-şərif nəql edənlərdən olmuşdur.

Həmçinin, yaradılış etibarilə üstün hallara sahib olduğu üçün və Rəsulullahın xidməti ilə şərəflənib, uzun zaman söhbətlərində iştirak etdiyi üçün, bütün  elmlərdə mahir olmuşdur.

Çox səxavətli idi

             Haram və şübhəlilərdən çəkinməkdə, dünyaya düşkün olmamaqda örnək idi. Hər işdə çox araşdırıcı və diqqətli idi. Çox səxavətli olub, qonaq etməyi çox sevərdi. Axşam yeməklərini tək yediyi heç görülməmişdi. Mütləq qonaq axtarar tapardı.

Bir gün Abdullah ibn Ömər həzrətlərinə min dirhəm pul ilə qiymətli bir paltar hədiyyə gətirmişdilər. Dostlarından biri ertəsi gün onu bazarda heyvanına borc yem alarkən görüncə çaşdı. Evinə gedib soruşdu:

— Dünən Abdullah ibn Ömərə  min dirhəm pul  və qiymətli bir paltar  gətirməmişdilər?

— Bəli gətirmişdilər.

— Amma, bu gün onu borcla alış-veriş edərkən gördüm.

— Doğrudur. Hədiyyələri aldığı gün paltarı çiyninə alıb, bazara çıxdı. Qayıdanda  nə paltar nə də pullar vardı. Hamısını ehtiyacı olanlara paylamışdı.

Gəncliyində bir yuxu gördü. Yuxusunda ipək bir parçanın üzərinə uçur, Cənnətdəki istədiyi yerlərə qonurdu. Bu sırada biriləri onu Cəhənnəmə aparmaq istədi. Dərhal qarşısına bir mələk çıxıb, “Qorxma!”  dedi. Sonra alıb təkrar Cənnətə apardı.

Həzrəti Hafsa, onun bu yuxusunu Rəsulullaha danışanda, Peyğəmbər əfəndimiz buyurdu ki:

— Abdullah nə yaxşı insandır. Kaş ki gecələri də namaz qılsa!

O zamandan sonra gecə namazını heç buraxmadı.

Allahdan qorxmaq

Allahdan başqa heç kimdən qorxmazdı. Bir gün səfərə çıxdı. Yolda qarşılarına bir aslan çıxınca, yoldaşları qorxub nə edəcəklərini bilmədilər. O qorxmadan aslanın yanına yaxınlaşıb, qulağına dedi ki:

— Rəsulullahdan eşitdim. “İnsanoğlu Allahdan başqasından qorxmazsa, heç bir şey ona müsəllət olmaz”  buyurdu. Yoldan çəkil, yolumuza davam edək.

Aslan səssizcə oradan uzaqlaşdı.

Acımadan yeməz,  yeyəndə də çox az yeyərdi. Necə ki, İraqdan ziyarətinə gələn bir dostu ona hədiyyə olaraq bir dərman gətirərək dedi ki:

— Bu yaxşı bir dərmandır. Sənə İraqdan gətirdim.

— Bu dərman nəyə yarayar?

— Həzmə kömək edir.

— O zaman sən bu dərmanı başqasına ver!

— Nə üçün?

— Çünki, mən ömrümdə heç qarnım doyana qədər yemək yemədim. Bundan sonra da yeməyəcəyim üçün həzmsizlik olmaz.

Bir gün Abdullah ibn Ömər həzrətlərinin dəvəsi itmişdi. Çox axtardı, tapa bilmədi. “Alana halal olsun!” deyib məscidə girdi. Sonra biri gəlib dedi ki:

— Dəvən filan adamdadır.

Məsciddən çıxıb gedərkən, xatırladı.  “Mən onu alana hədiyyə etmişdim” deyib təkrar məscidə qayıtdı.

Allah üçün sev!

Peyğəmbər əfəndimiz bir nəsihətində, Abdullah ibn Ömər həzrətlərinə buyurdu ki:

— Allah üçün sev, Allah üçün küs, Allah üçün anlaş!  Vəlilik mərtəbəsinə ancaq belə  qovuşa bilərsən. Bu minval üzrə olmayan adam,  namazı və orucu çox olsa belə, imanın dadını ala bilməz.

Ya Abdullah, səhərə çıxdığın zaman axşam üçün narahat olma! Axşama çıxdığın zaman səhər üçün narahat olma! Sağlığında xəstəliyin və həyatında ölüm üçün tədbir al!

Abdullah ibn Ömər həzrətləri haramdan çox qorxardı. Bunun üçün tez-tez  buyurardı ki:

— Donqar olana qədər namaz qılsanız və tük kimi olana qədər oruc tutsanız, haramdan qaçmadıqca bunların vəd edilən mükafatına qovuşa bilməzsiniz!

Bir nəfər Abdullah ibn Ömər həzrətlərinə, “Allah üçün səni çox sevirəm” deyincə buyurdu ki:

— Mən də Allah üçün səni heç sevmirəm. Çünki sən, azanı zəngurə edərək, mahnı kimi oxuyursan.

Tabinin böyüklərindən Nafi buyurdu ki:

“Mən hələ uşaq ikən Abdullah ibn Ömər ilə birlikdə gedirdik. Ney səsi eşitdik.  Həzrəti Abdullah qulaqlarını barmaqları ilə bağladı. Oradan sürətlə uzaqlaşdıq. Bir müddət sonra mənə dedi ki:

— Ney səsi hələ eşidilirmi?

— Xeyr, eşidilmir.

Ancaq ondan sonra barmaqlarını qulaqlarından ayırdı.”

Heç kimsə yanmasın!

Rəsulullah əfəndimiz, Abdullah ibn Öməri çox sevərdi. Necə ki, bir gün Həzrəti Abdullah, Rəsulullahın hüzurlarına gəlmişdi. Rəsulullah əfəndimiz ona çox iltifat edib, “Qiyamət günü hər kəsin bəraəti (qurtuluş vəsiqəsi) hər işi ölçüldükdən sonra verilər.  Abdullahın bəraəti isə dünyada verilmişdir” buyuraraq onu mədh və səna buyurdu. Səbəbi soruşulduqda buyurdu ki:

— Özü vəra və təqva sahibi olduğu kimi, dua edərkən “Ya Rəbbi! Mənim bədənimi, qiyamət günü o qədər böyük et ki, Cəhənnəmi tək mən dolduram. Cəhənnəmi insanlarla dolduracağam deyə verdiyin sözün beləcə yerinə gəlmiş olsun, Muhamməd əleyhissəlamın ümmətindən heç kimsə Cəhənnəmdə yanmasın” deyərək, din qardaşlarını öz canından  daha çox sevdiyini göstərmişdir. (Əbu Bəkir Siddiqin də belə dua etdiyi  “Mənakibi çihar yarı qüzin” kitabında  yazılıdır.)

Abdullah ibn Ömər həzrətləri bir gün bir neçə yoldaşı ilə Mədinəyi münəvvərənin xaricinə çıxmışdılar. Yemək vaxtı gələndə süfrə hazırladılar. O sırada kölə olan bir çoban salam verdi.  Həzrəti Abdullah çobanı yeməyə dəvət etdi. Çoban oruc olduğunu söyləyib süfrəyə oturmadı.  İbni Ömər ondan soruşdu:

— Bu istidə həm qoyunları otlamağın, həm də oruc tutmağın necə olur?

Çoban da cavab verdi:

— Bu halda çox günlər oruc tutdum. Abdullah ibn Ömər həzrətləri onu sınamaq üçün dedi ki:

— Qoyunlardan birini satarsan? Həm pulunu, həm də iftar etmən üçün ətindən verərik?

— Qoyunlar sahibimindir.

— Sahibinə itdiyini söyləyərsən.

Bunun üzərinə çoban, tam bir təslimiyyət ilə belə cavab verdi:

— Allahu təala görür, bilir.

Azad etdilər

            Abdullah ibn Ömər həzrətləri çobanın sözünü bir neçə dəfə təkrar etdi. Mədinəyə qayıtdıqları zaman çobanın sahibinə birini göndərib sürünü və çobanı satın aldı. Onu azad edərək qoyunları da ona hədiyyə etdi.

Məkkənin fəthi əsnasında İbni Ömər iyirmi beş yaşlarında idi. Sürətli qaçan bir atı vardı. Bu at üzərində əlində nizəsi olduğu halda çox heybətli idi. Rəsulullah əfəndimiz onun bu halını görəndə, “Abdullah! Budur Abdullah” buyuraraq mücahidliyini təriflədilər. Müsəlman ordusu böyük bir ehtişamla Məkkəyə girdiyi vaxt Rəsuli əkrəm bir dəvə üzərində olub İbni Ömər də yanında idi.

Məkkənin fəthindən sonra Abdullah ibn Ömər Hunəyn müharibəsində iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi.

Ordu bir ara geri çəkilmək üzrə ikən İbni Ömər Rəsulullah əfəndimizə yaxınlaşaraq  dua istədi və, “Zəfər nəsib olsa etikaf edəcəyəm” deyə ərz etdi. Rəsuli əkrəm onun bu arzusu üzərinə  buyurdu ki:

— İstədiyini edər, əhdini yerinə yetirərsən.

Sonra zəfər nəsib oldu.

Huneyndən sonra Taif mühasirəsi oldu. Bu mühasirədə ön qüvvətlərdən idi.  Rəsulullahın duası ilə fəth nəsib oldu.

Doxsandan çox yara vardı

Abdullah ibn Ömər həzrətləri Mutə hərbində də iştirak etdi. Bu xüsusla əlaqədar özü belə  buyurur:

“Rəsulullah əfəndimiz Mutə hərbində Zeyd ibn Harisəni komandir təyin etmiş, “Əgər Zeyd şəhid olarsa, Cəfər ibn Əbu Talib, o da şəhid olarsa, Abdullah ibn Rəvaha  komandirlik etsin”  buyurmuşdu.

Mən də bu döyüşdə idim. Cəfər ibn Əbu Talibi hərb meydanında axtardıq və şəhidlər  içərisində tapdıq. Bədənində doxsandan çox qılınc və nizə yarası vardı.”

Yaxşılıq etməyi, xeyr işləri, sədəqəni, kölə azad etməyi çox sevərdi. Yaxşı və gözəl xasiyyətli olub, yamanlıqdan uzaq idi. Hər işini və hər şeyini Allah üçün edərdi. Üzüyünün daşında, “Abdullah ibn Ömər, Lilləh” ibarəsi yazılı idi. Abdullah ibn Ömər həzrətləri buyurdu ki:

— Müsəlmanlıqla şərəfləndikdən sonra ən böyük sevincim və nəşəm, könlümün hər kəsi özü ilə aparan bəzi istək və arzulara meyl etməməsidir.

Həzrəti Əbu Bəkir dövründə Amr ibn As əmrindəki orduda vəzifə aldı. Ordu Fələstin torpağına girəndə Amr ibn As, Abdullah ibn Ömərə bir bayraq və əmrinə min süvari verdi.

Heç kim dağılmasın!

Ordu Amr ibn Asın əmri ilə hərəkət etdi. Səhərə qədər getdilər. Bu sırada böyük insan sıxlığına aid bəzi izlərə rast gəldilər. Abdullah ibn Ömər həzrətləri dedi ki:

— Zənn edirəm, bu əsgər izi,  yunan ordularına aiddir.

Sonra əmrindəki  əsgərlərlə birlikdə dayandı. Əsgərlər dedilər ki:

— Bu izi təqib edək.

Bunun üzərinə Abdullah ibn Ömər bu təlimatı verdi:

— Xeyr, izin kimə aid olduğunu qəti olaraq öyrənənə qədər heç kim dağılmasın!

Kimsə yerindən ayrılmadı. Araşdırma nəticəsində müsəlmanlardan xəbər almaq üçün  gəzən on min nəfərlik yunan əsgərinin yaxınlarda olduğunu anladılar. Abdullah ibn Ömər onları görüncə əsgərlərinə səsləndi:

— Bu fürsəti qaçırmayın! Cənnət qılıncların kölgəsi altındadır!

Bütün əsgərlər gur bir səslə, “La ilahə illəllah Muhammədun Rəsulullah” dedi. Kəlimeyi tövhid səsləri səmanı titrətdi. Sanki ağaclar, daşlar və hər şey onlara Kəlimeyi tövhid ilə cavab verirdi. İlk hücum edən İkrimə ibn Əbi Cəhl oldu. Onu Sühəyl ibn Amr, sonra da Dəhhaq  təqib etdi. İki ordu bir-birinə girmişdi. Abdullah ibn Ömər həzrətləri, savaş meydanını belə təsvir etmişdir:

“O anda, yunanların öndə gələn cəngavərlərindən, iri bədənli, sağına soluna çevik hərəkətlərlə vuran birini gördüm.  Bu, qabaqcıl qüvvətlərin komandiri və yunanların göz-bəbəyi olan birisi idi.

Yunan əsgərlərinin üzərində mənəvi cəhətdən böyük təsiri vardı. Üzərinə hücum edib, nizəmi uzatdım, ancaq canını xilas edə bildi.

Öldürmək üçün təkrar bir fürsətini tapıb yaraladım. Qılıncımla vurduqca vururdum. Sanki daşa vururdum. Hər vuruşda qılınc sərt daşa vurulmuş kimi səs çıxarırdı. Hətta qırıldığını zənn etdim. Nəhayət yerə saldım.

Bunu görən yunanlar böyük  bir qorxuya qapıldılar.  Müsəlman mücahidlər isə daha şiddətli və eşqlə vuruşmağa başladılar. Allah üçün Dəhhaq və Haris  çox qəhrəmanlıqlar göstərdilər və düşmən böyük bir məğlubiyyətə uğrayıb dağıldı. Beləliklə, Allahu təalanın köməyi ilə zəfər qazandıq.”

Abdullah ibn Ömər haradadır?

            Müharibə bitdikdən sonra Müsəlman əsgərləri toplandılar. Yunanlardan aldıqları malları və  qənimətləri bir yerə yığdılar. Bütün əsgərlər qayıtdığı halda Abdullah ibn Ömər  hələ də görünmürdü. Müsəlmanlar bir-birlərinə soruşurdu:

— Abdullah ibn Ömər haradadır?

İçlərindən biri onun çox zahid və ibadətə düşkün olduğunu söylədi. Başqaları da onu mədh edən sözlər dedilər.

Bu sözləri olduğu yerdən dinləyən Abdullah ibn Ömər həzrətləri yüksək səslə təkbir və təhlillərlə Rəsulullaha səlatu-salam gətirdi və əlindəki bayrağı yellədi. Bunu görən Müsəlmanlar yanına qaçdılar. Ondan harada olduğunu soruşduqlarında, “Yunanların komandirləri ilə savaşırdım.  Onu öldürdüm.”  dedi.

Abdullah ibn Ömər həzrətləri Mutə və Yərmuk hərblərində iştirak etdi. Həzrəti Əbu Bəkirin xilafəti zamanında Xalid ibn Vəlidin Ərəbistanda üsyan vəziyyətində olan mürtəd qəbilələrə qarşı açdığı səfərdə iştirak etmişdir.

Həmçinin, Nihavənd müharibəsində və Həzrəti Osmanın Misir valisi Abdullah  ibn Sadın Şimali Afrika fəthini tamamlamaq üçün Mədinədən göndərdiyi köməkçi qüvvətlər ilə savaşa qatıldı.

Yenə az zaman sonra 650-651 tarixində Səid  ibn Asın başçılığındakı Xorasan və Tabəristan  səfərində iştirak etdi.

İstanbula gəldi

            Abdullah ibn Ömər həzrətləri Həzrəti Müaviyənin xilafətində Yezid ibn Müaviyə ilə Bizans səfərinə qatıldı. Əyyub Sultan həzrətləriylə İstanbul divarları önünə qədər gəlib, Bizanslılar ilə olan savaşda iştirak etdi.

Abdullah ibn Ömər həzrətləri dövlət idarəsində vəzifə almaqdan uzaq dayandı. Atası Həzrəti Ömər şəhadətindən əvvəl yerinə oğlunu göstərməsini istəyənlərə buyurmuşdu ki:

— Bir evdən bir qurban yetər.

Seçilməmək şərtilə Həzrəti Osmanı xəlifə seçən şura üzvlüyündə iştirak etdi.

Həzrəti Osmanın şəhadətindən sonra Həzrəti Ömərin oğlu olması, elmi mərtəbəsinin yüksəkliyi və döyüşlərdəki qəhrəmanlığı irəli sürülərək, xəlifə olması istəndi isə də qəbul  etmədi. Həzrəti Əliyə biyət etdi. Lakin, daxildəki hadisələrə qarışmadı.

“Cihad, İslam ölkəsində Müsəlmanlar arasında olmaz. Cihad, kafirlərlə və qeyri-müsəlman məmləkətinə qarşıdır” buyurardı.

Abdullah ibn Ömər Rəsulullahı görmək, söhbətlərində olmaq,  Ona xidmət  etmək şərəfinə qovuşmaq və fitrətən üstün hallara sahib olması səbəbiylə, bütün  elmlərdə mahir, ustad idi.

Elmi, haram və şübhəlilərdən çəkinməsi və dünyaya düşkün olmaması ilə örnək idi. Hər işdə çox araşdırıcı və diqqətli idi.

Quranı-kərimin təfsiri barəsində səhabənin irəli gələnlərindən idi. Halala və harama  aid hədisi-şəriflərin  çoxunu o bildirmişdir.

Eşitdiyi hədisi-şərifləri yazar, lazım bilmədikcə hədisi-şərif rəvayət etməzdi.

Rəsulullaha çox bənzəyərdi

İbni Ömər həzrətləri adətən Rəsulullah əfəndimizin  xidmətində və  hüzurunda olardı.  Olmadığı zamanlarda Onun söz, hərəkət və təqririni soruşar, araşdırardı.

Anlaya bilmədiyi zaman da şəxsən Rəsuli əkrəmdən öyrənər, bildiyini öyrətməkdən zövq duyardı.

Mədinəyi münəvvərədə dərs məclisi qurub hədisi-şərif öyrətdi. Həmçinin, həcc mövsümündə də  dünyanın hər yerindən gələn elm və  haqq aşiqlərinə hədisi-şərif  rəvayət edərdi.

Həzrəti Aişə buyurdu ki:

— Hal və hərəkətində Rəsulullaha ən çox bənzəyənlərdən biri də İbni Ömər idi.

Abdullah ibn Ömər həzrətləri fiqh elmində də kamal dərəcəsində idi. Fətva barəsində çox dəqiq idi. Bir çox məsələyə, “Bilmirəm” deyə cavab verərdi. Fətvaları çox qiymətlidir. İmam Malik onun haqqında buyurur ki:

“Abdullah ibn Ömər Peyğəmbərimizdən sonra həcc mövsümündə və başqa zamanlarda, insanlara altmış il fətva vermişdir.

Abadiləyi-ərbəa

            Hədis və fiqh alimləri arasında Abdullah ibn Ömər,  Abdullah ibn Abbas, Abdullah ibn Zübəyr ilə Abdullah ibn Amr ibn Asa Abadiləyi-ərbəa, yəni dörd Abdullah ləqəbi verilmişdir. Bu dörd  şəxs bir məsələdə ittifaq edincə, “Abadilənin qövlü” deyilir.  Ancaq fiqh kitablarında  Abadilə deyilincə, adətən İbni Məsud, İbni Abbas və İbni Ömər həzrətləri nəzərdə tutulur.

Təbiinin böyüklərindən Nəfi, Abdullah  ibn Ömərin azadlısıdır.  Onu, on min  dirhəmə satın aldıqdan sonra buyurdu ki:

— Səni Allah rizası üçün azad etdim.

Çox səxavətli, həlim və səlim idi. Kölə və nökərlərindən hansını Allahu təalaya ibadət edən görsə, onu azad etmək adəti idi.  Kölələrin belə görünüb onu aldatdıqlarını söylədikləri zaman  buyurdu ki:

— Xeyir üçün aldanmaqdan yaxşı şey vardırmı?

İmam Nəfi, əfəndisi ilə əlaqədar olaraq buyurdu ki:

— Abdullah ibn Ömər min adam azad etməyincə, ruhunu təslim etmədi.  Sevməyə başladığı bir şeyi Allah rizası üçün ehtiyacı olana verərdi.  Beləcə, Allahu təalanın; “Sevdiyiniz  şeylərdən vermədikcə yaxşılığa qovuşa bilməzsiniz!” (Ali-İmran surəsi:92) məalindəki ayəti-cəliləsiylə əməl edərdi.

Zamanın zənginlərindən Abdüləziz ibn Harun, “Hər nə ehtiyacın varsa mənə bildir”  deyə Abdullah ibn Ömərə  məktub yazmışdı.  Cavab olaraq belə məktub yazdı:

Rəsulullahdan, “İlk olaraq saxlamaqla vəzifəli olduğun kimsələrə ver, yüksək əl, alçaq əldən xeyirlidir!” buyurduqlarını eşitdim. Yüksək əlin verən əl, alçaq əlin də alan əl olduğunu zənn edirəm. Səndən heç bir istəyim yoxdur. Allahu təalanın mənə göndərdiyi bir neməti də geri  çevirmərəm.

İxlas surəsi

            Abdullah ibn Ömər həzrətləri Cümə namazına getmədən əvvəl  mütləq qüsl alar və  gözəl ətirlər vurardı.  Bayram namazları üçün də eyni şeyi edərdi. Gündə iki dəfə gözəl ətir sürər,  paltarlarının tərtəmiz  və ətrinin  gözəl olmasına  daim diqqət edərdi.

Abdullah ibn Ömərin oğlu  Xalidin azad etdiyi Əbu Qalib deyir ki:

“Abdullah ibn Ömər Məkkəyə gəldiyi vaxt bizə qonaq olardı. Gecələri qalxar, təhəccüd namazı qılardı. Bir gecə sübh namazı yaxınlaşdığı vaxt mənə dedi ki:

— Qalxıb  namaz qılmayacaqsan? Quranı-kərimin üçdə birini oxusan da olar.

Mənim, “Səhər yaxınlaşdığı və bu qədər qısa zamanda  Quranı-kərimin üçdə birini oxuyub yetişdirə bilmərəm” cavabımın üzərinə buyurdu ki:

— İxlas surəsi  Quranı-kərimin üçdə birinə bərabərdir.

Biri Abdullah ibn Ömər həzrətlərinə, “ Ey insanların ən yaxşısı”  deyincə buyurdu ki:

— Mən insanların ən yaxşısı deyiləm. İnsanların ən yaxşısının oğlu da deyiləm. Mən yalnız Allahu təalanın bir quluyam. Onun rizasını gözləyər, Ondan qorxaram.  Siz belə tərifləməyə davam edərsəniz insanı həlak edərsiniz.

Namazlarını axsadanlar

            Adəm ibn Əlidən rəvayət edildiyinə görə, Abdullah ibn Ömər bir söhbətində; “Qiyamət günündə axsaqlar deyə çağrılacaq kimsələr vardır” dedi.  Camaat, “Axsaqlar kimlərdir” deyə soruşduqda belə cavab verdi:

— Sağa-sola baxmaq və bəzi hərəkətlər etmək surətiylə namazlarını azaldan və axsadan kimsələrdir.

İbni Ömər birinin zalım Həccacın əleyhində danışdığını eşitdi və ondan soruşdu:

— Həccac burada olsa,  belə danışa bilərdinmi?

— Xeyr danışa bilməzdim.

— Bax biz Rəsuli əkrəm zamanında bunu münafiqlik sayardıq.

Abdullah ibn Ömər həzrətləri bir çox söhbətlərində buyurdu ki:

“Ey Adəmoğlu! Bədəninlə dünyada ol, qəlbinlə axirəti tap!”

“Hikmət ondur; doqquzu sükut, biri də az danışmaqdır.”

“İnsanın mahiyyəti yoldaşından aydın olur.”

“Özündən üstdəkinə həsəd, aşağıdakına təkəbbürlü olub hakimlik edən elm əhli sayılmaz.”

“Peyğəmbər əfəndimizə etdiyim biyəti, bu günə qədər pozmadım və  dəyişdirmədim. Fitnə və qarışıqlığa tərəfdar olan adama da biyət etmədim”.

“Heç bir Müsəlmanı rahat döşəyindən oyandırmadım, narahat  etmədim.”

“Allah üçün sev, Allah üçün nifrət et, Allah üçün dost ol, yenə Allah üçün düşmənlik et! Allahu təalanın sevgisinə bu şəkildə qovuşarıq”.

“Biz elə zamanlar gördük ki, heç kimsə Müsəlman qardaşından daha çox pula sahib olmağı düşünmədi. İndi isə, qızıl və gümüş daha qiymətli gəlməyə başladı.”

“Allah qorxusundan bir damla yaş axıtmaq, mənim üçün,  min qızıl sədəqə verməkdən daha sevimlidir.”

“İnsan, imkanı qədər yaxşılıq etməli, hər zaman şirin danışmalı və gülərüzlü  olmalıdır.”

Allah üçün sev!

Peyğəmbər əfəndimiz Abdullah ibn Ömərə bir nəsihətində buyurdu ki:

— Allah üçün sev, Allah üçün küs, Allah üçün anlaş! Vəlilik mərtəbəsini ancaq bununla əldə edə bilərsən.  Namazı və orucu çox olsa belə, bu minval üzrə olmayan adam,  imanın dadını ala bilməz.

Səhərə çıxdığın vaxt axşama çıxacağını düşünmə, axşama çıxdığın vaxt da səhərə çıxacağını xatirinə gətirmə! Həyatından ölümün və səhhətindən xəstəliyin üçün ayır! Ey Abdullah! Sabah adının nə olacağını bilə bilməzsən!

Abdullah ibn Ömərin ləqəbi Əbu Abdurrəhmandır. Müsəlmanların göz-bəbəyi  Həzrəti Ömərin oğludur.  Məkkəyi mükərrəmədə hicrətdən on dörd il əvvəl doğulub, eyni yerdə 692-ci ildə vəfat etmişdir. Qəbri Muhassəbdədir.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину