Facebook Twitter WhatsApp

Əbu Musəl-Əşari

Qurani-kərimi ən yaxşı oxuyan səhabələrdəndir.

Əbu Musəl-Əşarinin müsəlman olması haqqında  Buxari və Müslimin ittifaqla bildirdiyi hədisi-şərifdə belə deyilir:

Biz Yəməndə ikən Peyğəmbər əfəndimizin meydana çıxışı xəbəri bizə çatdı. Mən, iki böyük qardaşım, Əbu Bürdə, Əbu Rühəm və Əşari qəbiləsindən 52 adam bir gəmiyə mindik və Rəsulullahı görmək üçün yola çıxdıq. Ancaq gəmimiz havanın təsiri nəticəsində Həbəşistana çıxdı.

Burada qalmağımızı əmr etdi

Həbəşistanda Cəfər ibn Əbu Talib ilə görüşdük və Müsəlman olduq. Həzrəti Cəfər dedi ki:

— Rəsulullah əfəndimiz bizi buraya göndərdi. Burada bir müddət qalmağımızı əmr etdi. Siz də bizimlə burada bir müddət qalın!

Beləliklə biz də orada qaldıq.  Daha sonra Rəsulullahın  icazəsi ilə Həbəşistan hökmdarı Nəcaşi bizi iki gəmiyə mindirib Mədinəyə göndərdi.

Biz Mədinəyə gələndə Rəsulullah əfəndimiz Xeybər fəthində idi. Bu döyüşdə yanında olmayanlara pay vermədiyi halda bizə qənimətdən pay verdi.

Əşarilər Mədinəyə gəlməkdə ikən Rəsulullah əfəndimiz Əshabına buyurmuşdu ki:

— Yanınıza elə bir qövm gələcəkdir ki, onlar İslamiyyət üçün sizdən daha yumşaq qəlblidirlər.

Bunların arasında Əbu Musəl Əşari də var idi.

Əşarilər Mədinəyə yaxınlaşdıqları vaxt “Sabah sevgililərə, Rəsulullahla Əshabına qovuşacağıq”  deyə şeirlər söyləyirdilər. Mədinəyə gələndə Peyğəmbər əfəndimizlə müsəfaha (sünnətə uyğun əl-ələ görüşmək) etdilər. Müsəlmanlar arasında ilk dəfə müsəfaha edən onlar idi.

Rəsulullah əfəndimiz Əşariləri Mədinədə Batham Meydanına məskunlaşdırdı və onlara buyurdu ki:

— Sizin hicrətiniz iki dəfədir. Biri Nəcaşinin ölkəsinə, ikincisi də  yurduma edilən hicrətdir.

Gecə gec vaxta qədər ibadət edərdi

Əşarilər şam namazından sonra gec vaxtlara qədər ibadət edər, gündüz fürsət tapdıqca Peyğəmbər əfəndimizin yanına gedər və Onun mübarək qəlbindən feyzlərə qovuşardılar.  Rəsulullah əfəndimiz də onların yanına gələrdi.

Rəsulullah əfəndimiz Əşarilərə namaz qıldırdıqdan sonra onlara;

— Allahın sizə olan nemətlərindəndir ki, insanlardan bu saatda, bu namazı sizdən başqa qılan kimsə yoxdur! Buyuraraq onları təqdir və təşviq edərdi.

Rəsulullah əfəndimiz mübarək xanımlarından Həzrəti Aişə Siddiqə ilə bir gecə bir yerə gedirdilər. Əbu Musəl Əşarinin evinin tininə gəlincə dayandılar. O, Qurani-kərim oxuyurdu. Oxumasını bitirənə qədər gözlədilər.

Rəsulullah əfəndimiz Onu gündüz görəndə, axşamkı hadisəni Əshabına danışıb;

— Buna şübhəsiz Davudun gözəl səslərindən bir səs verilib buyuraraq mədh etdi.

Əbu Musəl Əşari Peyğəmbər əfəndimizin etdiyi iltifatlardan çox məmnun olardı. Beləcə Allahın Rəsuluna və Müsəlmanlara sevgisi  qat-qat artardı. Allahu təalanın Qurani-kərimdə məalən:

“Allahu təalanın onları sevəcəyi və onların da Allahu təalanı sevəcəyi bir qövm gətirər” buyurduğu Maidə surəsi  54-cü Ayəti-kəriməsi haqqında Peyğəmbərimiz buyurdu ki:

— Onlar bunun, yəni  Əbu Musa Əşarinin qövmüdür, buyurdu.

Yenə buyurdu ki:

— Səfərlərdə yoldaşlıq edən Əşari camaatının gecə vaxtı evlərinə girdikləri zaman oxuduqları Qurani-kərimi, səslərindən çox yaxşı tanıyıram. Səfər halında  gecə onların  qaldıqları yerləri də  gündüz görməsəm də belə Qurani-kərim səslərindən anlayaram.

Əhli sünnət etiqadındakı iki məzhəb imamından biri olan Əbul Həsəni Əşari həzrətləri Əşari qövmündəndir.

Əmisinin yerinə keçdi

Əbu Musəl Əşarinin əmisi Əbu Amir də Rəsulullahın sərkərdələrindəndir. Əbu Musa,  Məkkəyi  Mükərrəmənin fəthindən sonrakı Huneyn savaşındakı Evtas bölgəsindəki döyüşdə əmisi ilə birlikdə iştirak etdi. Əbu Amir İslam Ordusunun Evtasdakı ordunun başçısı idi. Bu hərbdə yaralandı. Əbu Musəl həzrətləri deyir:

“Rəsulullah əfəndimiz bu savaşa məni əmim ilə birlikdə göndərmişdi. Hərb bütün şiddəti ilə davam edərkən bir ara Cüşəm qəbiləsindən birinin atdığı ox əmimin diz qapağına batdı. Dərhal yanına qaçıb soruşdum:

— Ey əmi! Oxu sənə kim atdı?

Əliylə göstərib dedi ki:

— Bax! Oxu atan müşrik budur!

Əmimi o vəziyyətdə buraxıb düşmənin arxasına düşdüm. Məni görəndə qaçmağa başladı. Mən, həm arxasından qaçır, həm də:

— Dayan! Qaçmaqdan utanmırsan, deyə arxasından qışqırırdım.

Cüşəmli nəhayət dayandı. Ona çatanda o da qılıncını çəkmişdi. Əvvəl müsəlman olmasını təklif etdim. Rədd edəndə, aramızda şiddətli bir mübarizə başladı. Mən “Allahu əkbər, Allahu əkbər!” dedikcə yenidən güclənir, həmlələrimi artırırdım.

Nəhayət onu öldürdüm. Əmimin yanına gələndə, dizindən hələ qan fışqırırdı. Mənə dedi ki:

— Bu oxu dizimdən çıxart!

Oxu çəkdim,ancaq oxun çıxmasıyla qanın fışqırması bir oldu. Nə etsək də qanı durdura bilmirdik. Əmim şəhid olacağını anlayıb, mənə dedi ki:

— Ey qardaşımın oğlu!  Rəsuli-əkrəm əfəndimizə hörmətimi və salamımı bildir. Mənim üçün  Allahu təaladan  əfv diləsin!

Əmim, məni öz yerinə başçı təyin etdi.  Sancağı (bayrağı) mənə verib;

— Atım və silahımı Rəsulullah əfəndimizə təslim et, dedikdən sonra şəhid oldu.”

Bundan sonra yeni sərkərdə Əbu Musəl Əşari mübarək İslam sancağını böyük bir hörmətlə alıb  öpdükdən sonra  müşriklərin arasına getdi. Mücahidlər, Allah-Allah! deyərək var gücləri ilə döyüşürdülər. Əbu Musəlin qəhrəmanca hücumları, qaziləri coşdurur, hücum üstünə hücum edirdilər. Onların bu səyləri düşmənin sıralarını pozdu. Qısa zamanda məğlubiyyətə uğrayıb Taifə doğru qaçmağa başladılar. Zəfər Müsəlmanların oldu.

Evtasda zəfər qazanan Əbu Musəl Əşari Rəsulullahın yanına qayıtmasından belə danışır:

“Evtas müharibəsindən sonra əmimin əmanətlərini alıb Rəsuli-əkrəm əfəndimizin yanına getdim. Peyğəmbər əfəndimiz bir həsir üzərində istirahət edirdilər. Həsirin hörgüləri,  mübarək bədəninə dəyən yerlərdə iz qoymuşdu. Əlimdə mübarək İslam sancağını görəndə buyurdu ki:

— Ey Əbu Musa! Əbu Amir şəhid oldumu?

Əbu Amiri əfv et!

Mən də əmimin söylədiklərini ərz etdim.  Başıma gələnlərdən və müharibədə baş verənlərdən danışdım.  Bunun üzərinə Rəsulullah əfəndimiz dəstəmaz üçün su istədi və dəstəmaz aldı. Sonra mübarək əllərini qaldırıb:

— Allahım! Qulun Əbu Amiri əfv et! deyə dua etdi.

Dua edərkən əllərini o qədər qaldırmışdı ki, mən qol altının ağlığını gördüm. Sonra Rəsulullah əfəndimiz:

— Allahım, qiyamət günündə Əbu Amir qulunu bu yaratdığın insanlardan çoxunun üstündə ali bir məqamda qıl, deyə niyaz etdi.  Bunun üzərinə dedim ki:

— Anam-atam, canım sənə fəda olsun ya Rəsulallah! Mənim üçün də məğfirət dilə!

Rəsulullah mənim üçün də:

— Ya Rəbbi! Əbu Musa Abdullah ibn Qaysın günahlarını əfv et!  Qiyamət günündə onu ən yüksək və gözəl  məqama qoy! deyə dua buyurdu.”

Əbu Musəl Əşari həzrətləri Rəsulullah əfəndimizin zamanında Zəbid, Adən və Yəmən valiliklərində oldu. Rəsulullah əfəndimiz Muaz ibn Cəbəl ilə birlikdə Yəmənə vali göndərərkən  ikisinə belə buyurdu:

— Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, ürkütməyin! Birləşin, qollara ayrılmayın!

Əbu Musəl Əşari həzrətləri Rəsulullah əfəndimizin vəfatından sonra da dövlət xidmətində iştirak etdi.  Həzrəti Ömərin  xilafətində Kufə, Bəsrə valiliklərinə təyin edildi.

Mənə köməkçi olun

Xəlifə Əbu Musəl Əşarini hüzuruna çağırıb, Bəsrəyə təyin edildiyini bildirdi. O da Xəlifəyə dedi ki:

— Ey möminlərin əmiri! Mənə, Rəsulullahın Əshabını köməkçi et. Çünki onlar yeməkdəki duz kimidirlər. İşlərimi ancaq onların köməyi ilə nizama sala bilərəm. 

Həzrəti Ömər də,  “Arzu etdiyin kimsəni yanına ala bilərsən” deyərək icazə verdi. O da yanına Ənəs ibn Malik, İmran ibn Hüseyn, Hişam ibn Amir kimi səhabələrdən iyirmi  doqquz adam alıb Bəsrəyə getdi. Həzrəti Muqirə ibn Şubədən valiliyi təhvil aldı.

Burada vali ikən Ehvaz, İsfəhan və Nusaybin fəth edildi. Bu şəhərdə ikən təxminən 15 kilometr uzaqlıqdakı suyu kanal qazdıraraq şəhərə gətirdi. Bu kanal öz adı ilə məşhur oldu.

Həzrəti Osmanın xəlifəliyi əsnasında əvvəl Bəsrə daha sonra da Kufə valiliyinə təyin edildi. Həzrəti Əli zamanında da Kufə valiliyinə davam etdi. Həzrəti Muaviyənin xilafəti zamanında 663-cü ildə vəfat etdi.

Bir gün Peyğəmbər əfəndimiz Əbu Musəl Əşariyə buyurdu ki:

— Cənnət xəzinələrindən (və digər rəvayətdə)  Ərşin altındakı xəzinələrdən bir xəzinəyə səni irşad edimmi?

— Bəli, ya Rəsulallah irşad et.

— La havlə vəla qüvvətə illa billah, de!

Əcəl günlərini sayırıq

Əbu Musəl Əşari Qurani-kərimin bütün surələrini əzbərdən bilərdi. Həzrəti Əbu Bəkirin xilafətində Qurani-kərimi toplayan heyətdə idi.

Safvan ibn Süleyman deyir ki:

Rəsuli-əkrəm əfəndimiz zamanında Həzrəti Ömər ilə Həzrəti Əlidən və Muaz ilə Əbu Musəl Əşaridən başqaları fətva verməzdi.

İslam təqvimini yazılarında ilk dəfə o istifadə etdi. Həya sahibi olub çox ədəbli idi.  Özü hər zaman Qurani-kərimin Məryəm surəsi 84-cü ayəsindəki;

— Biz onların əcəl günlərini sayırıq, məalindəki hal üzərində olardı.

Hər an son nəfəsini düşünərdi. Dünyaya heç dəyər verməzdi. Hər halında və davranışında  Allahu təaladan çox qorxduğunu ifadə edər, son nəfəsi imanla verməkdən başqa bir şey düşünməzdi. Bu halına qohumları, “Özünə bir az yazığın gəlsin” deyə tövsiyə etdikləri zaman buyurdu ki:

— Atlar qaçdıqları zaman son nöqtəyə çatmaq üçün necə bütün imkanlarından istifadə edirlərsə, mən də son nöqtəyə gələndə bütün imkanlarımdan istifadə etmək məcburiyyətindəyəm.

Qurani-kərimə tabe olmaq

Belə yaşayıb bu hal üzərinə vəfat etdi. Xanımına, “Azuqəni hazırla, Cəhənnəmin üzərindən keçiləcək bir vasitə yoxdur” buyurardı.

Çox gözəl Qurani-kərim oxuması, təfsirçi, müctəhid olması və Peyğəmbərimizin  iltifatlarına məzhər olması səbəbiylə  söhbətində çox sıxlıq olardı. Buyurdu ki:

— Qurani-kərimə təzimlə çox hörmət edin. Çünki bu Qurani-kərim sizin üçün mükafatdır. Qurani-kərimə tabe olun. Onu özünüzə tabe etdirməyin.

Kim Qurani-kərimə tabe olarsa,  Qurani-kərim onu Cənnət bağçalarına aparacaqdır.

Kim Qurani-kərimi özünə uydurarsa, özünə sərf etdiyi kimi məna verərsə,  Cəhənnəmin alt qatlarına başı aşağı düşəcəkdir.

Adəmoğlu, iki vadi dolu qızılı olsa yenə də bəsdir, yetər deməz. Üçüncü bir vadini doldurmağa çalışar. Adəmoğlunun qarnını bir az torpaqdan başqa bir şey doydurmaz.

İnsan dünyalıq üçün tələskənlik etsə axirətdən uzaqlaşar. İnsanların çoxu pul qazanmaq həvəsi ilə həlak oldular.  Qiyamət günü günəş insanların təpəsində olacaq və yaxşı əməllər də kölgə edəcək.

Əbu Musəl Əşari həzrətlərinin adı Abdullahdır. Əbu Musa ləqəbi ilə tanınmışdır. Atasının adı Qays, anasının adı isə Tayyibədir.

Bisətdən əvvəl Yəmənin Zəbid bölgəsində doğulduğu bilinməkdə isə də tarixi müəyyən deyildir.

663-cü ildə Kufə, digər bir rəvayətdə Məkkəyi mükərrəmədə vəfat etmişdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину