Facebook Twitter WhatsApp

Əbu Sələmə

Tək başına hicrət edən səhabədir.

Allahu təalanın əmri ilə sevgili Peyğəmbərimiz müsəlmanlara Mədinəyə hicrət etmək üçün icazə verdilər. Bundan sonra bir çox səhabə hicrət üçün hazırlıqlara başladılar.

Həzrəti Əbu Sələmə də dəvəsini gətirib, xanımını mindirdi. Oğlunu,qucağına oturtdu.  Heyvanın yüyənini çəkib qaldırmağa çalışırdı. O əsnada bəzi hirsli adamlar gələrək əlindəki yüyəni aldılar.

Həzrəti Əbu Sələmə nə olduğunu anlaya bilmədi. Adamlar xanımına qışqırırdılar:

—  Düş dəvədən aşağı! Tez ol!

Qəbiləmizin qızıdır

Bunlar Muqirəoğulları olub xanımının qohumları idilər. Bir yandan zorla qadını çəkirlər o biri tərəfdən də ərinə:

— Sən özün bizi dinləmədin! Bütlərimizi buraxıb müsəlman oldun. İndi də qəbiləmizin qızını qaçırmağa çalışırsan! Onu daha haralara aparacaqsan? Buna əsla icazə verə bilmərik, deyirdilər.

Əlbəttə ki, oğlu da anasıyla birlikdə dəvədən endirildi. Onsuz da onun əlini sıx tuturdu. Mugirəoğulları çox idilər. O zalımlarla mübahisə etmək mümkün deyildi.  Buna baxmayaraq münaqişə çox uzandı. Hadisəni eşidən Əsədoğulları da oraya qaçdılar. Bunlar da Həzrəti Əbu Sələmənin qəbiləsindən idilər. Nə olduğunu soruşdular. Onların da çoxu müsəlman deyildi.  Ancaq buna baxmayaraq dedilər:

— Madam ki sizlər, bizim qohumumuzun xanımını buraxmırsınız, biz də onun oğlunu sizə vermərik!

Anasının əlindən qopmaq istəməyən uşağı çəkişdirirdilər. Çaxnaşma əsnasında kiçik uşaq ağlamağa başladı,çünki qolu çıxmışdı. Bu qədər zorbalığın sonunda uşağı Əsədoğulları, anasını da Muqirəoğulları aparıb uzaqlaşdılar. Həzrəti Əbu Sələmə orada, yalnız dəvəsiylə qaldı.

İlk Müsəlmanlar buna bənzər əziyyət, işgəncə və fəlakətlərə artıq alışmışdılar. Hadisələr qarşısında səbr və mətanət göstərməyə çalışırdılar. Çünki sevgili Peyğəmbərimizin əmrləri elə idi.

Əbu Sələmə həzrətləri də elə bu səbəblə hicrətə tək başına davam etməyə məcbur oldu. Allah rizasını qazanmaq ümidi ilə yollara düşdü. Göz yaşları arasında nəhayət Mədinəyə çatdı. Məkkədə qalan xanımı isə hər səhər şəhər kənarındakı Əbtah bölgəsinə çıxırdı. Orada, Mədinədən gələn yolçuları gözləyir və ərindən xəbər almağa çalışırdı.

Heç insanlıq yoxdurmu?

Yanında kimsə olmadığı vaxtlar uzun-uzun ağlayırdı. Zorla ayırdıqları oğlu və əri üçün göz yaşı tökürdü. Əmi oğullarından biri onu o vəziyyətdə gördü. Pərişan halına kədərləndi. Birbaşa, öz qəbiləsinin zalımlarına gedərək qışqırmağa başladı:

— Bu yazığa daha nə qədər zülm edəcəksiniz? Onu həm ərindən, həm oğlundan ayırdınız. Sizdə heç insanlıq yoxdurmu? Üstəlik öz qohumunuza işgəncə edirsiniz.

Bu sözlər üzərinə zalımlar insafa gəldilər. Sonra da  kədərli qadına:

— İstəyirsən, gedib ərinə qovuşa bilərsən, dedilər.

Onun Mədinəyə göndəriləcəyini öyrənən, Əsədoğulları da dözə bilmədilər. Gətirib oğlunu təslim etdilər.

Allah və Rəsulullah yolunun yolçuları işıqlı günlərə doğru gedirdilər. Həzrəti Sələmənin ana-atasının duaları qəbul olmuşdu. Uzun ayrılıq və həsrətdən sonra nəhayət Qubada hamısı bir-birlərinə qovuşdular.

Hicrətdən sonra mübarək Mədinədə İslamın və Əbu Sələmənin ailəsinin gözəl günləri başladı. Bütün möminlər İslamiyyəti yaymaq üçün, canla-başla çalışırdılar. Bədirdə Məkkəlilərə qarşı ilk zəfər qazanıldı. Bu zəfəri qazanan mücahidlərdən biri də Həzrəti Əbu Sələmə idi.

Həzrəti Əbu Sələmə sevgili Peyğəmbərimizin yaxın qohumu idi. Həzrəti Əbu Sələmənin anası Peyğəmbər əfəndimizin bibilərindən idi. Əbu Sələmə həzrətləri cihad və savaş olmadığı zamanlar daha çox ibadət etməyə çalışırdı.

Sevindirici söz

Bir gün Məscidi Nəbəvidən sevinclə evinə gəldi. Onu qarşılayan xanımına dedi ki:

— İndi Allahu təalanın Rəsulundan çox sevindirici bir söz eşitdim.

Xanımı maraqla soruşdu:

— Xeyirdir inşallah! Nə eşitdiniz?

— Peyğəmbər əfəndimiz “Müsəlmanlar hər hansı bir bəlaya məruz qalsa, İnna lillah və inna  iləyhi raciun dedikdən sonra, Ya Rəbbi! Bu məruz qaldığım müsibətin əcrini ehsan et. Məni, ondan daha xeyirlisini ver, deyə dua etsə,  Cənabı Haqq onun duasını qəbul edər” buyurdular.

Xeyli söhbət etdilər. Bir ara xanımı dedi ki:

— Ya Əba Sələmə!..  Gəl, səninlə bir razılaşma bağlayaq.

Əri təəccüblə soruşdu:

— Xeyir ola! Necə bir razılaşma?

— İkimizdən hansımız əvvəl ölsək, o birimiz bir daha evlənməsin!..  Buna, söz verə bilərsənmi?

Əbu Sələmə bir az düşündü və soruşdu:

— Ey xanımım! Sən, məni dinlər və itaət edərsənmi?

— Bəli! Dinləyərəm və itaət edərəm.

— Sən,  sözümü dinlə və mən ölsəm, evlən!

Həzrəti Əbu Sələmə belə dedikdən sonra əllərini qaldırıb o böyük imanlı xanımına və bütün  Müsəlmanlara dualar etdi.

Bədirdəki məğlubiyyətin atəşiylə yanan Qureyş müşrikləri bütün gücüylə Ühüddə hücum etdilər. Mədinə ətrafındakı Yəhudiləri də köməyə çağırdılar. O savaşın həqiqi qəhrəmanlarından biri də yenə Həzrəti Əbu Sələmə idi. Bütün imanı və bütün gücüylə döyüşürdü. Əsl qayəsi şəhid olmaq idi. Ancaq yalnız qolundan yaralandı.Yarası kiçik olmasına baxmayaraq qan itirirdi.

Müşrikləri dağıtdılar

Savaşdan sonra belə xeyli vaxt evində yatdı.  Xanımı onu yaxşıca müalicə edirdi. Bir ay sonra yaxşılaşdı və ayağa qalxdı.

İslamın hüdudları genişləndikcə düşmənləri də çoxalırdı. Qutn bölgəsindəki bəzi qəbilə rəisləri hələ təkəbbür və əzəmət sevdasında idilər. O orada başlayan çağırış hadisələri üzərinə Peyğəmbər Əfəndimiz bir xəbərdarlıq hərəkətini uyğun gördülər. Həzrəti Əbu Sələmə ilə bəzi yoldaşlarını bu iş üçün vəzifələndirdilər.

Onlar da qısa zamanda Qutn ətrafındakı asi və müşrikləri dağıtdılar. Bir çox qənimət alaraq Mədinəyə qayıtdılar. Dönüşdə Həzrəti Əbu Sələmənin vəziyyəti pisləşdi. Çünki Ühüddə aldığı yara yenidən açılmışdı. Bütün səylərə baxmayaraq çox qan itkisindən vəfat etdi.

Ümmü Sələmə xatun əri Əbu Sələmənin şəhid olması üzərinə, “İnna lilləh və inna iləyhi raciun” dedikdən sonra dua etdi.

Sonra birbaşa sevgili Peyğəmbərimizin hüzurlarına gedərək dedi ki:

— Ya Rəsulallah! Əbu Sələmə vəfat etdi.

Peyğəmbər əfəndimiz qalxdılar və bibilərinin oğlunu görməyə getdilər. Mübarək əlləri ilə hələ açıq olan gözlərini bağladılar və buyurdular ki:

— Həqiqətən, ruh alınarkən göz ruhun arxasından baxaraq qalar!

Mələklər amin deməkdədir

Rəsulullah əfəndimiz o sırada ağlaşıb, sızlanan qadınlara və digər ev xalqına da:

— İndi siz özünüzə xeyirdən başqa dua etməyin. Çünki mələklər bu anda dualarınıza amin  deməkdədirlər, xəbərdarlıq etdilər.

Daha sonra da belə dua etdilər:

— Ey Allahım! Əbu Sələməni rəhmətinə qovuşdur! Doğru yola çatmış qulların arasında,  dərəcəsini ucalt! Geridə qalanlardan Ona yaxşı  bir xələf  ehsan et! Bizə və Ona məğfirət et!  Onu qəbrində fərahlandır, nurlandır.

Həzrəti Əbu Sələmə Mədinədə Baqi qəbiristanlığına dəfn olundu. Möhtərəm xanımı hər zaman olduğu kimi səbr etdi, dualar etdi. Onun yetim qalan balaları ilə dolanışıq dərdinin öhdəsindən gəlməyə çalışdı.

4-5 ay keçdikdən sonra Peyğəmbər əfəndimiz bir yoldaşını ona göndərdilər. Gələn şəxs dedi ki:

— Müjdələr olsun, ey Ümmü Sələmə! Rəsulullah əfəndimiz Allahın əmri ilə səni kəbinləmək  istəyirlər.

Bu böyük müjdəyə baxmayaraq Həzrəti Ümmü Sələmə düşüncəli görünürdü. Az sonra cavab olaraq dedi ki:

—  Ey Rəsulullahın elçisi!  Xoş gəldin, səfalar gətirdin! Yalnız bu xüsusları Əfəndimizə ərz etməlisən ki:

1- Mən qoca və qısqanc bir qadınam. Ola bilər ki, əks bir davranış edərəm, o səbəblə, Allahın qəzəbinə düçar olmaqdan qorxuram.

2- Yetim uşaqlarım var. Bir də onların baxımı, özlərinə yük olmazmı?

3- Kəbinimi edəcək vəlilərim, yanımda deyildirlər.

Elçi bunları eynilə sevgili Peyğəmbərimizə ərz etdi.

Biz də qocayıq

Bir neçə gün sonra iki cahanın Sultanı şəxsən təşrif buyurdular. Çox həyəcanlanan Həzrəti Ümmü Sələməyə  təkliflərini Özləri  təkrarladılar. Və buyurdular ki:

— Bilirsən ki, biz də  qocayıq. Sonra sənin o qısqanclıq halını aradan qaldırması üçün Allaha dua edərik. Uşaqlarına gələndə isə, onlar Bizim də uşaqlarımızdır. Vəlilərin arasında, bizim evlənməyimizi istəməyən kimsə çıxmaz.

Və Allahın əmri ilə kəbinləri kəsildi. Beləliklə, Həzrəti Əbu Sələmənin möhtərəm xanımına etdiyi vəsiyyəti də yerinə yetirilmiş oldu.

Əbu Sələmənin əsl adı Abdullah, atası  Abdüləsəd, anası Abdülmuttalibin qızı Berrə idi. Çox yaxşı oxumaq, yazmaq bilər və hər istəyənə öyrədərdi…

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину