Facebook Twitter WhatsApp

Bunu nə üçün etdin?

Hikmət əhli buyurur ki:
Dünya xəyaldır. Öldükdən sonra iki yer var: Cənnət və Cəhənnəm. Ortası yoxdur.
İman və küfrün də ortası yoxdur. Burada insan qərar verməlidir.
İki yol var: Biri Cənnətə, digəri Cəhənnəmə aparır. Bunlardan birinə qərar verib, orada yerimək lazımdır. Yolsuz yerimək mümkün deyil. Bir anda iki yolda birdən yerimək, heç mümkün deyil. Eyni anda həm şərqə, həm qərbə gedə bilmərik.
Əlhamdulillah, biz Allahü təalaya iman etdik, Peyğəmbər əfəndimizə iman etdik, nə bildirdisə qəbul etdik, bəyəndik, axirət gününə iman etdik, amma bu iman etdiyimiz yolda, şübhəsiz ki, günahlar işləyirik. Bəs, bizim sonumuz necə olacaq?
Bunu bir tələbəsi ustadından soruşub:
— Əfəndim biz, dinimizdə bildirilən hər şeyə iman etdik, bu yoldayıq, lakin bəzən namaz qılarkən neçə rükət qıldığımızı belə çaşırıq. Namazda ağlımıza cürbəcür işlər gəlir. Bu cür ibadətlərimizin heç birinin qəbul olmadığını düşünürük. Xidmətlərimiz də elədir, bəs Allahü təala axirətdə bizə necə davranacaq? Yəni bütün bu xətalarımıza baxmayaraq, bütün qüsurlarımıza baxmayaraq, bizim halımız necə olacaq?
Bu sual hamımızın ağlına gəlir. Mübarək şəxsin verdiyi cavab belə idi:
— Övladım, mənə bir fincan su gətir!
Tələbəsi dərhal qaçıb, bir fincan su gətirir. Yaxınlaşmasına dörd- beş addım qala:
— Orada dur, buyurur.
Tələbə durur. Ustadı davam edir:
— İndi bilmədən ayağın ilişdi və fincanla birlikdə xalıya yıxıldın, fincan qırıldı, içindəki su da töküldü. Yəni su gəlmədi. Suyu mənə gətirərkən, başına gələn bu qəzadan ötrü sənə hirslənərəm, yoxsa rəhm edərəm? Əlbəttə rəhm edərəm, çünki o suyu siz mənə gətirirdiniz, amma belə oldu nə edək. Budur, bizim ibadətlərimiz də belədir. Allahü təala da Ona gedərkən etdiyimiz xətalar və qəzalar səbəbilə qəzəblənməz. Onun mərhəməti sonsuzdur, rəhm edər və əfv edər.
Yetər ki, biz suyu Ona aparaq. Yəni Ona doğru getdikdən sonra qorxmayaq, amma Əhmədə gedib, Məmməddən pul istəmək olmaz.
Allahü təala qəlbə və niyyətə baxır. Bu qulum bu ibadəti edir, amma nə üçün? Bu xeyir və həsənəti edir, amma nə üçün? Doğru olmaq şərtilə, elm öyrənir, elm yayır, amma nə üçün? Budur, bunu nə üçün etdin sualı Müsəlmanlardan axirətdə soruşulacaqdır. Bunun da cavabı var. Ya Allah üçün və ya məşhur olmaq üçün, yaxud zəngin olmaq üçün. Yaxud da afərin desinlər deyə. Bax bu çox pis oldu... O vaxt da Cənabı Haqq axirətdə deyəcək ki:
“Sən bunları kimin üçün etdinsə, get qarşılığını da ondan istə! Əgər mənim üçün etdinsə, xətasıyla, savabıyla gəl səni əfv edim. Başqası üçün etdinsə, Mənə niyə gəlirsən?”
Peyğəmbər əfəndimiz buyurur ki: “Allahü təala sizin şəklinizə, görünüşünüzə və mallarınıza deyil, qəlblərinizə və əməllərinizə [o işi nə niyyətlə etdiyinizə] baxır.”
Gördükləri işlərə görə kafirlərlə möminlər arasında fərqlər vardır. Kafirlər hər yerdə və hər zaman, necə sualına cavab axtarır. Necə bina tikilir, necə bu edilir və s. Amma mömin, nə üçün sualına özünü hazırlayır. Allahü təala axirətdə qullarına nə üçün sualını verəcəkdir. O halda fərq buradadır. Yəni biri dünyalıq, digəri axirətlik olacaqdır. Buna görə niyyətləri də islah etmək, düzəltmək lazımdır. Böyüklər, “Allahü təala vermək istəməsəydi istək verməzdi” buyurur. Ondan xeyirli ömür, xeyirli ölüm istəmək lazımdır. Xeyirli ömürlə yanaşı, xeyirli ölümü də unutmamalıdır. Ölümü heç unutmamaq lazımdır.
Allahü təala necə diləyirsə elə olur. Möminə lazım və layiq olan, xəstəlik və sıxıntıda səbir etmək, sağlamlıq və rahatlıqda şükür etməkdir. O halda möminin iki vəsfi vardır: Səbir və şükür. Bir müsibət gəldikdə, nə üçün mənim başıma gəldi deyərsə, zərər edər. Bu Rəbbimin mənə ehsanıdır, hədiyyəsidir deyərsə, o zaman xilas olar. Sağlamlığa qovuşduğu zaman da azmamaq lazımdır, çünki çox sağlam insanlar, xəstələrdən daha tez ölə bilər. Mömin hər zaman və hər yerdə Rəbbi ilə birlikdə olmalı və başına bir müsibət gəldiyi zaman, səbir etməlidir. Nemətlərə qovuşduğu zaman da şükür etməlidir, çünki Allahü təala, şükür etməyin də ayrıca savabını verir.
Yaxşılığı Allah üçün etmək lazımdır: Yaxşılıq ticarət, yəni tacirlik deyildir. Mən bunu etdim, sən nə etdin və ya nə edəcəksən demək olmaz. Etdiyimizi unutsaq da, heç ummadığımız yerdə qarşımıza çıxacaq.
Həzrəti Loğman buyurdu ki: İki şeyi unut, iki şeyi unutma! Etdiyin yaxşılıqları unut, əsla bir daha bəhs etmə! Çünki hər dediyində bir miqdar daha savabı azalır. O yazılmış bir savabdır, onu unut! Sənə edilən pislikləri də unut! Çünki səbir etdin, Allahü təala sənə bir əcir verdi, hər söylədiyində bundan itirirsən. İki şeyi də unutma! Allahü təalanı, bir də ölümü unutma!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину