Hikmət əhli buyurur:
Bütün dərmanlar göz qabağındadır, amma içən yoxdur, yəni Əhli-sünnət alimlərinin qiymətli kitabları təəssüf ki, rəflərdə qalır, oxunmur. Halbuki dərman, rəfdə qalmaqla faydalı olmaz. Nə dinimizi öyrənirik, nə də etdiyimizin doğru və ya səhv olduğunu bilirik. Hər gün az da olsa, oxumağa çalışmalıyıq. Axirətdə bunun hesabını çətin verəcəyik. İslamiyyət bizə qədər tər, can və mal bahasına gəldi, yəni asan gəlmədi. Tarixə baxsaq, müsəlmanların nələr çəkdiyini yaxşı görərik. Əshabı-kiramın heç biri yatağında ölmədi. Allahü təalanın dinini Onun qullarına çatdırmaq üçün onların dünya və axirət səadətinə qovuşmağı üçün evlərini, yurdlarını tərk edib dünyaya yayıldılar, getdiyi yerlərdə şəhid oldular.
Buna görə, müsəlman olaraq üzərimizdə məsuliyyət var, bundan da heç kim xilas ola bilməz. Həm dinimizi öyrənib yaşamağa çalışmalıyıq, həm də bir adamı da yanmaqdan xilas etmək üçün digərlərinə bu neməti çatdırmaqla məşğul olmalıyıq. Yoxsa, axirətdə o insanlar bizdən haqq tələb edərlər, onda çox çətinlik çəkərik.
Əgər bir yerdə dinimizə doğru olaraq xidmət edilirsə, hər möminin gücü çatdığı qədər bunda iştirak etməsi fərzdir:
1- Bədəni ilə iştirak etməli, yəni kim nə edirsə, eynisini etməlidir.
2- Bunu edə bilməyən də gücü çatdığı qədər, az da olsa, mal və pulla kömək edib dəstək olmalıdır.
3- Bu da yoxdursa, heç olmasa “Ya Rəbbi, bir şey edə bilmirəm, amma edə bilmədiyim üçün pis oluram, edənlərə kömək et” deyə dua etməlidir.
Yaxşılıq edək! Bunun mükafatı yaxşılıq tapmaqdır. Nə qədər? Etdiyimiz qədər. Hər kəs gücünün çatdığı qədərinin hesabını verəcək. Yəni gücümüzdən çoxunu etməyəcəyik, onsuz da belə bir tələb yoxdur. Bununla yanaşı, axırzamanda edilən kiçik bir yaxşılıq bəlkə də min il əvvəl edilən yaxşılıqdan daha çox savabdır, çünki bu dinin pozulduğu zamana rast gəlir. Yəni hamı dindən bəhs edir, öz anladığını din adıyla danışır. Yeni məna verməklə, yeni şərh gətirməklə və yeni şey çıxarmaqla məşğul olanlar dinə bidət qarışdırıb zərər verirlər. Allahü təala əhli-sünnət alimlərindən razı olsun, əsrlərdən bəri gəldiyi şəkliylə bu dini qorudular və göz qoydular. Əhli-sünnət yolunun iki əsası vardır:
Birincisi, olduğu kimi mühafizə etmək, ondan heç bir şey çıxarmamaq,
İkincisi, ona bir şey əlavə etməmək, yəni sünnəyə tabe olub bidətə qarşı çıxmaq. Sünnəyə tabe olmaq burada İslama tabe olmaq deməkdir. Əhli-sünnət alimləri Peyğəmbər əfəndimizdən gələnlərə heç bir şey əlavə etməmiş, ondan bir şey çıxarmamışlar.