Facebook Twitter WhatsApp

Fitnə çıxarmaq

Sual: Fitnə nədir?

CAVAB

Fitnə imtahan deməkdir. Anarxiya, pozğunçuluq, şirk, bəla və başqa mənaları olsa da, əksər vaxt ara vurmaq, pozğunçuluq mənasında istifadə edilir. Abdülqani Nəblusi həzrətləri buyurur ki:

“Fitnə, müsəlmanları bölmək, onları sıxıntıya salmaq, zərərə, günaha soxmaq, insanları üsyana qaldırmaq deməkdir.” [Hadiqa]

İmam Birqivi həzrətləri də fitnəni belə izah etmişdir. (Təriqəti-Mühəmmədiyyə)

Muhamməd Hadimi həzrətləri də fitnəni bənzəri şəkildə izah etdikdən sonra yetmişdən çox fitnə növünün olduğunu bildirərək buyurur ki:

“Fitnə çıxarmaq haramdır. Qurani-kərimdə dindən azdırmaq üçün fitnə çıxaranların Cəhənnəmə atılacağı və fitnə çıxarmanın adam öldürməkdən daha pis olduğu və hədisi-şərifdə də fitnə çıxarana Allahu təalanın lənət edəcəyi bildirilmişdir.” [Bəriqa] 

Fitnənin dəyişik mənalarına Qurani-kərimdən bir neçə örnək verək:

1- Şirk, küfür:

“Fitnə tamamilə yox olana qədər kafirlərlə savaşın” [Bəqara 193]

2- Günah:

“Bizi fitnəyə salma” deyənlərin özləri fitnəyə düşmüşdür” (Tövbə 49)

3- Pozğunçuluq, mübahisə, qiyam, baqilik [üsyan], anarxiya, qarışıqlıq, ara vurmaq, fəsad:

    “Fitnə çıxarmaq adam öldürməkdən daha pisdir.” [Bəqərə 191]

“Kafirlər bir-birinin dostları, yardımçılarıdır. Əgər Allahu təalanın əmirlərini yerinə yetirməyib öz aranızda dost olmasanız, yer üzündə qarışıqlıq, fitnə və böyük fəsad çıxar.” [Ənfal 73]

Bir neçə hədisi-şərif məalı:

“Fitnə yuxudadır. Fitnəni oyadana Allah lənət etsin!” [İ. Rəfii]

“Din dünya mənfəətinə alət edildikdə fitnələr zühur edir.” [A. Rəzzaq]

“Pozğunluq yayıldıqca fitnə çoxalar.” [Deyləmi]

 

“Fitnələr artmadıqca qiyamət qopmaz.” [Buxari]

“Əshabım arasında fitnə çıxacaq, o fitnəyə qarışanları Allahu təala mənimlə olan söhbətləri hörmətinə əfv edəcəkdir.” [Müslim]

4- İmtahan:

“Sənə [Meracda] göstərdiyimiz tamaşanı xalq üçün bir fitnə [imtahan] etdik.” [İsra 60]

“Mallarınız, övladlarınız, sizin üçün fitnədir [imtahandır].”  [Təğabün 15]

“Biz onlardan əvvəlkiləri də fitnədən [imtahandan] keçirdik.” [Ankəbut  3]

5- Bəla, müsibət

“Bir fitnə olmayacaq  hesab etdilər, kor və kar oldular.” [Maidə 71]

“O fitnədən çəkinin ki, o sadəcə zalımlara toxunmaqla qalmaz.”  [Ənfal 25]

6- Əzab:

Onlara, “Fitnənizi [əzabınızı] dadın deyiləcək. (Zəriyət 14)

7- Əziyyət, işgəncə:

“Fitnəyə [əziyyətə, işgəncəyə] rast gəldikdən sonra hicrət edib, arxasınca da səbir edərək cihad edənlərin yardımçısı əlbəttə Rəbbindir.” [Nəhl 110]

8- Dəli:

“Fitnəyə düşəni [dəl olanı] yaxınlar da, sən də, onlar da görəcək.” [Qələm 5,6]

9- Zərər vermə:

“Səfərdə ikən kafirlərin sizi fitnəyə salmaqlarından [zərər verməklərindən] narahat olarsanızsa namazı qısaltmağınızda bir günah yoxdur.” [Nisa 101]

10- Yolundan döndərmə:

“Siz və tapdıqlarınız Cəhənnəmə girəcək olanlardan başqasını fitnəyə sala bilməz [yolundan döndərə].” [Səffət 161-163]

Üç hədisi-şərif məalı:

“Axır zamanda alim [dolanan]lər fitnə ünsuru olar, məscidlər və hafizlər çoxalar, amma içərilərində [həqiqi] alim heç tapılmaz.” [Əbu Nuaym]

“Fitnə [bidət, yolundan dönmək, küfür] yayıldığı zaman həqiqəti, doğrunu bilən, [imkanı nisbətində söz ilə, yazı ilə, media, qəzet, radio, tv ilə] başqalarına [mümkün olan hər yerə və hər kəsə] bildirsin, [imkanı var ikən, bir əngəl də yox ikən bildirməsə], Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun!” [Deyləmi]

“Axır zamanda alim və elm azalar, cahillik artar. Cahil və azmış din adamları səhv fitva verərək fitnə çıxarar, doğru yoldan azdırarlar.” [Buxari]

11- Uydurma bəhanə:

“Onların sadəcə “vallahi, biz müşrik deyildik” sözlərindən başqa fitnələri olmayacaqdır.” [Ənam23]

12- Dəlalət:

“Allah birini fitnəyə [dəlalətə, çaşqınlığa] salmaq istəyərsə Allaha qarşı sənin əlindən bir şey gəlməz.” [Maidə 41]

13- İnsana sıxıntı və zərər verən hər şey

Hədisi-şərifdə imamın namazı uzadıb camaatı sıxıntıya soxmasının fitnə olduğu bildirilmişdir. Yaşlıya “təcvidsiz namaz qılınmaz” demək kimi edə bilməyəcəyi fitvanı verməyə də fitnə deyilmişdir.  

Üç  hədisi-şərif  məalı

“Ümmətim üçün ən qorxduğum  şey qadın və içki fitnəsidir.” [İ. Süyuti] 

“Gözəl  saç, gözəl  səs, gözəl  üz fitnəyə sala bilər.” [Deyləmi]

“Adəm əleyhissəlamdan etibarən Dəccaldan böyük fitnə yoxdur.” [Müslim]

Avropadakı müsəlmanlar

Sual: Buraya müxtəlif İslam ölkələrindən gələn bəzi müsəlmanlar “Avropa qeyri müsəlman diyarıdır. Avropada qanunlara tabe olmamaq günah  deyildir” deyirlər. Avropada  müsəlmanların  hərəkəti necə olmalıdır?

CAVAB

Fiqh alimlərindən İbn Abidin həzrətləri buyurur ki:

“Qeyri müsəlman ölkələrdə onların qanunlarına itaət etmək [qarşı gəlməmək] zərurəti vardır. Mallarına, canlarına, ruzilərinə hücum etmək qətiyyən caiz deyildir.” [Rəddül müxtar qazılıq bəhsi]

Abdülqani Nablusi həzrətləri də belə buyurur:

“Hökümət mübah bir işi qadağan edərsə, bu əmrə itaət vacib olar. Özünü təhlükəyə atmaq caiz olmaz.” [Hədiqə s. 143]

 

Məhəmməd Hadimi həzrətləri də buyurur ki:

“Hökumətin əmr etdiyi hər mübahı etmək millətə vacib olar.” [Bəriqa s. 91]

Bu üç əsərdə də göründüyü kimi müsəlman dünyanın harasında olarsa olsun hər yerdə qanunlara qarşı gəlməməli, gözəl əxlaqı ilə hər kəsə örnək olmalıdır!

Qanuna qarşı gəlmək olmaz

Almaniyada avtomobillə yolun sağından, İngiltərədə isə yolun solundan getmək məcburiyyəti vardır. “Avropada qanunlara tabe olmamaq günah deyildir” deyərək Almaniyada yolun solundan, İngiltərədə isə yolun sağından gedərək qəza törədib insanların və özünün ölümünə səbəb olan kimsə böyük günaha girər. Avropada qanunlara qarşı gəldiyi üçün deyil, cəmiyyətə və özünə zərər verdiyi üçün günaha girmişdir. Bu baxımdan qeyri müsəlmanların qanunlarına qarşı gəlməməsi vacibdir. Qarşı gəlmək isə günahdır.

Yad bir elim adamı İslamiyyəti incələyib müsəlman olduqdan sonra Ərəb ölkələrinə getdikdə oradakı müsəlmanların səhv hərəkətlərini görür. “Sizlərin həyatını incələsəydim müsəlman olmazdım” deyir. Nə qədər mühüm bir diaqnoz. Heç bir müsəlmanın səhv hərəkətləri ilə İslamiyyətə kölgə salmağa haqqı yoxdur.

Müsəlman İslamın gözəl əxlaqı ilə bəzənməli, heç kimə zərər verməməli, üsyankar olmamalı, anarxiya çıxarmamalı, pis kimsələrə aldanmamalı, qısaca olaraq Allaha qarşı günah, qanunlara qarşı cinayət işləməkdən çəkinməlidir! Göründüyü kimi Avropadakı müsəlmanların edilən pislikləri əl ilə düzəltməyə qalxmaları fitnə olar. Fitnə isə böyük günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Fitnədən çəkinin, söz ilə çıxarılan fitnə qılınc ilə çıxarılan fitnə kimidir.” [İ. Macə]

 

“Malı və canı ilə cihad edən, aralığın qarışıq olduğu zaman bir kənara çəkilib ibadətini edən və heç kimə zərəri olmayan insan, mömini-kamildir.” [Hakim]

 

“Fitnə zamanı evinizdə oturun, günahlarınıza tövbə edin, dilinizi dinc tutun, öz işinizdə olun, başqalarının işinə qarışmayın!” [Nəsai, Əbu Davud]

“Nə xoşbəxtdir fitnəyə qarışmayan, nə xoşbəxtdir fitnəyə məruz qalsa da səbir edən!” [Əbu Davud]

“Hadisələr, fitnələr, nifaq və ixtilaflar zühur edən zaman qatil [öldürən] olmaqdan qurtulub maktül [öldürülən] ola bilərsənsə ol!” [Əbu Nuaym]

“Fitnə zamanı evinizə girdikləri zaman Adəm əleyhissəlamın, [Maidə surəsinin 28-ci ayətində bildirdiyi kimi] ”Məni öldürmək üçün sən mənə əlini uzatsan da, səni öldürmək üçün mən sənə əlimi uzatmaram” deyən oğlu [Habil] kimi ol!” [Əbu Davud, Tirmizi]

“Fitnə zamanı evlərinizdən ayrılmayın! Oxlarınızı qırın, yaylarınızı kəsin! Adəm əleyhissəlamın oğlu [Habil] kimi olun!” [Əbu Davud, Tirmizi]

“İnsanın fitnədən salamat qalması, evinə qapanıb qalması ilə mümkün olar.” [Deyləmi]

“Fitnə fırtına kimi insanları sovurduğu zaman alim elmi ilə özünü fitnədən qoruyar.” [Əbu Nuaym]

Üsyan və itaət

Avropadakı qeyri müsəlmanların qanununa qarşı gəlmək başqa şey, onlara itaət etməmək başqa şeydir. Avropadakı başçılar, müdirlər müsəlman işçilərə içki, qumar kimi haram şeyləri etməklərini əmr edərlərsə müsəlmanlar bunları etməməlidir. Çünki “Xaliqə üsyan olan işdə məxluqa itaət olunmaz” hədisi-şərifi vardır. Ancaq, qeyri-qanuni əmrə itaət edilməməlidir deyərək üsyan etmək caiz olmaz. Ata-ana da haramı, hətta küfrü əmr etsə, onlara da itaət edilməməlidir. Lakin üsyan edib onları üzmək doğru deyildir.

Hakimin bildirdiyi hədisi-şərifdə əmir [amir], “Müsəlmanlığı tərk et, etməsən öldürərəm” deyərsə, “Müsəlmanlığı tərk etmə, boynunu uzat” buyurulur.

Kafir olmağa məcbur edən bir başçıya belə üsyan etməyi dinimiz caiz görmür. Halbuki kafir olmayan bir başçı müsəlmanı kafir olmağa məcbur etməməlidir. Dünyanın harasında olursa olsun fitnədən qaçmaq lazımdır!

Başçıya itaət

Sual: Günahkar, fasıq və zalım olan bir başçıya dinimizə görə itaət lazımdırmı?

CAVAB

Dinimiz cəmiyyətin rahatçılıq içində yaşamağı, qarışıqlıqdan uzaq olmağı üçün başçılar pis olsa da onların qanuni əmirlərinə itaət edilməsini əmr edər. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir heyvanın ayağını və ya yaş bir xurma ağacını kəsənin, yaxud şərikinə xəyanət edənin qazandığı savabların dörddə biri gedər. Başçısına üsyan edənin isə savablarının hamısı gedər.” [Beyhəqı] [Əmir, Amir, başçı deməkdir]

Hüzeyfə radiyallahü anh deyir ki:

Peyğəmbər əfəndimiz, “Bir zaman gələcək mənim göstərdiyim yola uymayan, sünnətimə riayət etməyən başçılar olacaq. Onlar görünüşdə insan kimi olsalar da, qəlbləri şeytan qəlbi kimidir” buyurduqda “Ya Rəsulallah o zamana yetişsəm nə edim?” deyə soruşdum. Buyurdu ki:

“Başçının sözlərini dinlə və itaət et!” [Buxari]

Bir hədisi-şərifdə buyuruldu ki:

“Müsəlman xoşuna gəlsə də, gəlməsə də başçının sözünü dinlər və ona itaət edər. Başçı günah olan bir şeyi əmr edərsə, o əmri dinləmək lazım deyil.” [Buxari]

Dinimizdə birlik və bərabərliyin təmin edilməsi üçün başçıya itaətin əhəmiyyəti böyükdür. Başçımız pisdir deyərək şikayət etməyimiz doğru deyildir. Əvvəl özümüzə baxmağımız lazımdır. Görəsən özümüz yaxşıyıqmı? Özümüzü düzəldərsək başçılarımız da düzələr. Necə ki, Şira şərhindəki hədisi-şərifdə  “Siz necəsinizsə başınızı da elə başçılar keçər.” buyurulur. O halda ilk olaraq özümüzü islah etməliyik!

Fitnəyə səbəb olmaq haramdır

Sual: Məscidimizin bir xocası var. Cümə moizələrini çox uzadır. Dedikləri şeylər doğrudur, ancaq  sanki  hamımız övliyayıq kimi başa salır. Gənci, yaşlısı, alimi, cahili var. Cümədən cüməyə gələni var. Təzə namaza başlayanlardan bəziləri daha gəlmir. Lağa qoyanı da olur. Bunlar dinimizi heç bilmirlər. Xocanın hər kəsin vəziyyətini göz önünə alıb ona görə başa salması lazım deyilmi?

CAVAB

Elmi siyasət deyilən bir elim var. O elmi bilməyən hər zaman rəzil olar. Müdara elmi var. Onu da bilməyən sıxıntılara düşər. Fitnəyə səbəb olmaq haramdır. Hədisi-şərifdə “Əhli olmayana elim öyrətmək donuza incidən boyunbağı taxmağa bənzəyər.” buyurulur. Bilməyənə dindən bəhs etmək fitnəyə də səbəb olar. 

İnsanlarla ağılları ölçüsündə, başa düşəcəyi şəkildə, başa düşəcəyi qədər danışmaq lazımdır. Eyni ilə həkim kimi olmaq lazımdır. Həkim nə edir?  Əvvəlcə xəstəni dinləyir, müayinəsini edir. Ehtiyac olarsa rentgen çəkdirir, analiz elətdirir. Ancaq xəstəyə diaqnoz qoyduqdan sonra lazımi dərmanı verir. Ac qarnına və ya tox qarnına içəcəksən, suyla içəcəksən, südlə içəcəksən deyər. Bunlardan bu qədər yeyəcəksən, bunları yeməyəcəksən deyər. Yəni pəhriz saxlayacaqsan deyər. Yəni xəstənin xəstəliyinə düzgün diaqnoz qoyub, düzgün olan dərmanı vaxtında verər. Bunları etməsə, yaxud əskik və ya səhv etsə, xəstəsinə zərər verə bilər, hətta ölümünə səbəb ola bilər.  

Dini başa salmaq, öyrətmək də buna bənzəyir. Üstəlik faydası və zərəri daha çoxdur, müqayisə belə edilə bilməz. Əbədi Cənnət nemətləri ilə Cəhənnəm əzabları ilə dünyadakı rahatlıq və ya sıxıntı heç müqayisə edilə bilərmi? Səlahıyyəti olmadan hər qarşısına gələnə həkimlik edə bilməyəcəyi kimi, hər kəs də dini başa sala bilməz. Biz boş yerəmi İslam alimlərinə uymaq lazımdır, dörd məzhəbdən birinə uymaq lazımdır deyə başa salırıq. Boş yerəmi yalvarırıq, vallahi bunlar doğru, billahi bunlar doğru, bu böyüklərə uyun, əbədi səadətə qovuşun deyə. Çünki onlar da dinin mütəxəssisləridir. O mübarək insanlara uyan rahat olar, uyan doğruya qovuşar, uyan həm dünya həm axirət səadətinə qovuşar. Hacısı da, xocası da, alimi də, cahili də bu böyük zatlara tabe olmalıdır. Həm özü rahat olar, həm də insanlara yaxşılıq edər, pislik etməmiş olar. Qaş düzəltdiyi yerdə göz çıxarmamaq lazımdır. Hər kəs axirətdə bunu çox gözəl başa düşəcək, amma iş işdən keçmiş olacaq.

Yumşaq davranmaq lazımdır

Sual: Haqsızların haqsızlıqlarını üzlərinə demək düzgündürmü?

CAVAB

İnsan sıxıntılar içində olduğu vaxt sıxıntılarını onu dinləyən birinə başa salaraq ürəyini boşaltmaq istəyər. Yaxud hirsləndiyi zaman qarşısındakını yüksək səslə danlayar. Ola bilər ki, bir az rahatlaşsın. Lakin qarşımızdakı bizim rahatlaşdığımızı fikirləşmir. Üstəlik onu danladığımız üçün üzülər. Özümüzü təmin etmək üçün başqalarını üzmək doğru deyildir.

Haqsızın haqsızlığını demək üçün müxtəlif üsullar vardır. Yüzdə yüz haqsız olan birinə üzünə qarşı haqsız olduğunu deyəriksə, haqsız olduğunu həzm edə bilməyəcəyi üçün haqsızlığını qəbul etməyə bilər. Başqaları da bizim kimi insandır. Onlar da haqsız olmağı qəbul etməzlər.

Heç kim haqsız olduğunu asanca qəbul etməz. Haqsıza təzyiq göstərməklə onu pis yoldan çəkindirə bilmədiyimiz kimi əməlli başlı bataqlığa batmağına səbəb olarıq. 

Xətaları üzə vurmaq yerinə, ümumi olaraq başa salmaq daha təsirlidir. Yumşaq davranaraq, gözəl münasibət  göstərərək,  günahlandırmayaraq yazdığımız məktublar sayəsində bir çox müsbət nəticə aldığımızı dəfələrcə gördük. Fikirlərimiz nə qədər doğru olarsa olsun, güclə qəbul etdirməyimiz mümkün deyil deyiləcək qədər çətindir. Lakin yumşaqlıqla, dostluqla, səmimiyyətlə fikrimizi qəbul etdirməyimiz mümkündür. 

Haqqı demək

“Haqqı deməyəcəyikmi?” deyənlər olur. Əlbəttə haqqı deyəcəyik. Kobudluqla deyil, nəzakətlə hərəkət edərsək müsbət nəticə almaq mümkün olar. Haqqı deyəcəyik deyə, qarşımızdakını inad quyusuna atmaq fayda əvəzinə zərər verər. Məqsədimiz hər kəsin haqqı, doğrunu, yaxşını tapmasıdır. Səhv hərəkətlərimiz ilə yaxşılığa meylli olana mane olmamalıyıq.

Birinin üzünə qarşı haqqı deyəriksə, nəsihət verən kimi danışarıqsa, etdiyinin səhv olduğunu  bildirəriksə qarşımızdakına “Sən cahilsən, sən bu xüsusları bilməzsən” demiş olarıq. Beləcə qarşımızdakını üzmüş, qəlbini qırmış olarıq. Qəlb qırmaq Kəbəni yetmiş dəfə yıxmaqdan daha böyük günahdır. Hədisi-şərifdə buyuruldu ki:

“Əmri-maruf və nehyi-münkəri ancaq nəzakət və yumşaqlıq sahibi, fiqh elmini bilənlər edər.” [İ. Qəzali]

Allahu təala da Musa əleyhissəlama Fironla danışarkən yumşaq danışmağı əmr etmişdir. Sonra axirətdə Firon, “Mənə qarşı sərt hərəkət edildiyi üçün haqqı qəbul edə bilmədim” deyə bilməyəcəkdir. O halda ölçümüz daima yumşaq hərəkət etmək olmalıdır!

Dini söhbəti uzatmaq

Sual: İmamın uzun zammi-surə oxuması və namaz vaxtı gəldiyi halda insanlara xidmət üçün söhbəti uzatması qul haqqına səbəb olarmı?

CAVAB

Əlbəttə olar. Heç kimsənin vaxtını almağa haqqımız yoxdur. Üstəlik daha uzun surə oxuduqda daha çox savab alınmaz, əksinə camaatı narahat edəcək qədər uzun surə oxuyaraq namaz qıldırmaq təhrimən məkruh olar, yəni harama yaxın günah olar.

Həzrəti  Muaz-ın  Bəqərə və Nisə surəsini oxuyaraq  Əshabi-kirama namaz qıldırdığını xəbər alan Rəsulullah əfəndimiz üç dəfə “Ya Muaz sən fəttansanmı?” buyurmuşdur. Yəni “Fitnəçisənmi, fitnəyəmi səbəb olacaqsan?” buyurub. Qısa surələrdən oxumasını, camaat arasında yaşlı, zəif və ehtiyac sahibi kimsələrin də ola biləcəyini bildirir. (Buxari)

Cümə və bayram namazlarında namazdan əvvəl söhbətlərin, camaatın namaz qılmamış məsciddən çıxa bilməyəcəklərini fürsət bilib söhbətlərini uzatmaqları da qul haqqına səbəb olar. Namazdan sonrakı söhbətlərdə utandığından çıxa bilməyənlər olsa belə, söhbəti uzatmaq o qədər uyğunsuz sayılmaz, çünki işi olan, sıxışan heç nəyə baxmayaraq çıxıb gedə bilər. Namazlardan əvvəl necə olsa da namazı qılmamış gedə bilməz, məcburən dinləyəcək düşüncəsi ilə söhbətini uzadaraq o qədər insanın haqqına girmək çox səhvdir.

Toy və fitnə

Sual: İş yoldaşlarımızın və ya yaxınlarımızın içkili və ya qadın, kişi qarışıq olaraq etdiyi hər toya və ya toplantıya fitnəyə səbəb olmamaq üçün getmək lazımdırmı?

CAVAB

Ana, ata və ya başçının, yəni heç kimsənin günah olan əmirlərinə tabe olmaq olmaz, çünki dinimizdə, “Xaliqə üsyan olan işdə məxluqa itaət yoxdur” hökmü vardır. Məqsədimiz Allahın rizası olmalıdır. Bir hədisi-şərif məalı belədir:

“Bir kimsə pis insanların hirslənəcəyi şeydə Allahu təalanın rizasını axtararsa, Allahu təala onu insanlardan gələn şeylərdən qoruyar. Bir kimsə Allahu təalanın hirslənəcəyi şeydə insanların rizasını axtararsa, Allahu təala onun işini insanlara həvale edər.” [Tirmizi]

Fitnə çıxar zənni ilə günah işləmək caiz olmaz. Fitnə çıxacağını qəti bilmək lazımdır. Bu işlərdə müzakirəyə girməməli, günah deməməli, başqa hər hansı bir bəhanə taparaq getməmək lazımdır. Əgər məqbul bir bəhanə tapılmazsa, zərər verəcək bir fitnə çıxma ehtimalı da yüksəkdirsə, o zaman getmək caiz olar. Yenə də mümkün olan qədər az qalmağa çalışmaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину