Facebook Twitter WhatsApp

Həsəd etmək

Sual: Həsəd nədir?

CAVAB

            Həsəd, bir kimsənin xeyirli bir işi və ya evi, malı, mülkü, elmi olsa, o kimsədən bunların getməsini, onda olmayıb özündə olmasını istəməkdir. Onda olduğu kimi özündə də olmasını istəmək həsəd olmaz. Buna qibtə etmək deyilir, günah deyildir.

            Başqasının özündən üstün olan hər şeyini qısqanana, yəni ondakı üstünlüyün tək özündə olmasını istəyənə, qısqanc deyilir. Bu hal, ən pis əxlaqlardan biridir. Qısqanc insan, ömrü boyunca narahat olan insandır. Belə insan özündən aşağı olan insanı görməz, lakin özündən yüksək və imkanlı insanın hər şeyini görər və onu qısqanar. Qısqanc insan Allahu təalanın ona verdiyi şeylərə razı olmayan insan deməkdir. Allahu təalanın verdiyinə razı olmayan insandan Allahu təala da razı olmaz. Allahu təalanın bir insandan razı olmaması isə fəlakətlərin ən böyüyüdür. Artıq o insan dünyada da, axirətdə də zərərdədir.

            Bunun üçün özündə qısqanclıq və həsəd duyğusu olduğunu görən bu pis xasiyyətindən xilas olması lazımdır. İnsanlar özlərini islah edə bilərlər. Qısqanclıqdan xilas olanlar rahat və hüzura qovuşar. Bu işin zənginliklə və yoxsulluqla əlaqəsi yoxdur. Bu iş qəlbin zənginliyi və yoxsulluğu ilədir.

            Necə kasıblar vardır ki, bir tikə çörək qazananda Allahu təalaya şükr edər və zənginlərin halını belə düşünməz. Necə zənginlər də vardır ki, milyonlarına daha bir neçə milyon əlavə edə bilmədiyi üçün kədər içindədir.

            Qısqanc insan başqa bir insanın özündən yaxşı geyinməsini, yaxşı yaşamasını həzm edə bilməz. Yəni, onun boyunu, gözəlliyini, çalışqanlığını, müvəffəqiyyətini qısqanar. Daha pisi onun başına gələn pisliklərə sevinər. 

            Belə bir hal qısqanclığın ən pis dərəcəsidir. Belə insandan Allahu təalanın köməyi kəsilə bilər. Daha da məhrum olar. Yaxşı qəlbli və hər kəsin yaxşılığını istəyən insan Allahu təalanın himayəsində deməkdir. Bir hədisi-şərifdə, “Bir müsəlman, özünə istədiyi bir yaxşılığı, başqa bir müsəlman üçün istəməzsə və bir müsəlman özünə gələcək bir pisliyi istəmədiyi halda o pisliyi başqa bir müsəlman üçün istəyərsə, onun imanı tam deyildir”  buyuruldu. Yəni, Peyğəmbər əfəndimiz, tək özünü düşünənləri bəyənmir. Başqa müsəlmanları düşünənləri bəyənir və elə etmələrini istəyir. Düşünün, bir dəfə bütün dünya Peyğəmbər əfəndimizin bu əmrlərini yerinə yetirmiş olsa,  dünyada dava-dalaş, səs-küy qalar?

            Həsəd, təkəbbürə səbəb olar. Başqasında olan nemətlərin ondan gedərək özünə gəlməsini istəyər. Onun haqlı olan sözlərini və nəsihətlərini rədd edər. Ondan bir şey soruşub öyrənmək istəməz. Özündən yüksək olduğunu bildiyi halda ona təkəbbür edər. İmam Qəzali həzrətləri, “Bütün pisliklərin başı, qaynağı üçdür: Həsəd, riya, ucb (özünü bəyənmək)”  buyurdu.   

            Həsəd edən, qısqandığı kimsəni qeybət edər, çəkişdirər. Onun malına, canına qəsd edər. Qiyamətdə bu zülmlərinin qarşılığı olaraq savabları alınaraq ona verilər. Həsəd edilən insandakı nemətləri görəndə dünyası əzab içində keçər. Yuxusu qaçar. Xeyir, gözəl işlər edənlərə on qat savab verilir. Həsəd bunların doqquzunu yox edər, biri qalar. Həsəd edənin duası qəbul olmaz.

            Hədisi-şəriflərdə buyuruldu ki:  

            “İnsanların gizli lərini araşdırmayın, qüsurlarını görməyin, düşmənlik və həsəd etməyin, bir-birinizi qardaş kimi sevin, çəkişdirməyin. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, kömək edər. Onu, özündən aşağı görməz.” (Buxari)

            “Möminin qəlbində imanla həsəd bir yerdə olmaz.” (Beyhəqı)

            “Müsəlman xeyirli olar. Həsəd edəndə xeyr qalmaz.” (Tabərani)

            “Həsəddən xilas olmaq çətindir. Həsəd etdiyiniz kimsəni incitməyin!” (İ.Əhməd)

            “Həsəddən çəkinin! Atəş odunu yandırıb yox etdiyi kimi, həsəd də yaxşılığı yox edər.” (Əbu Davud)

            Həsəd etmək Allahu təalanın təqdirini dəyişdirməz. Həsəd edən boş yerə özünü yorar, kədərlənər. Üstəlik, böyük günaha girmiş olar. Həsədin, həsəd edilənə dünyada və axirətdə heç zərəri olmaz. Üstəlik faydası olar. Heç bir həsəd edən muradına çata bilməmişdir. Həsəd, əsəbləri korlanar, ömrün qısalmasına səbəb olar. Əsmai deyir ki, 120 yaşındakı bir kəndliyə çox yaşamasının sirrini soruşdum, heç həsəd etmədiyini söylədi. 

            Həsəd edilənə dünya və axirətdə heç zərər olmaz. Həsəd edənin ömrü kədər ilə keçər. Həsəd etdiyi kimsənin nemətlərinin azalmadığını, hətta artdığını görərək əsəb xəstəliyi keçirər. Həsəddən xilas olmaq üçün ona hədiyyə vermək, ona qarşı təvazö göstərmək və onun nemətinin artması üçün dua etmək lazımdır. 

            Doğru olan bir şeyi qəbul etməməyə inad deyilir. İnad, qarşımızdakını aşağı görmək, ondan nifrət etmək, ona düşmənlik bəsləmək, həsəd etmək kimi səbəblərdən meydana gələr. Haqqı, düşmənimiz də söyləsə qəbul etməliyik! Hədisi-şərifdə buyuruldu ki:

            “Allahu təalanın ən sevmədiyi şəxs haqqı qəbul etməmək üçün inad göstərəndir.” (Buxari)

Həsəd haqqında alimlərin sözləri:

            Bütün pisliklər, dava-dalaşlar almaq üzərinədir. Bütün yaxşılıqlar vermək üzərinədir.

            İlk həsəd edən şeytandır. Həzrəti Adəmi qısqanması ilə özünü Allaha üsyana sövq etmişdir.

            Hər kəsi məmnun etmək mümkündür, tək həsəd edəni razı etmək çətindir. Çünki o, həsəd etdiyi şeyin yox olması ilə ancaq məmnun qalar.

            Həsəd, sağalmayan bir yara kimidir. Onun dünyadakı bu sıxıntısı səbəbiylə axirətdə məruz qalacağı əzab cəza olaraq özünə yetər.

            Həsəd edən qədər məzluma bənzəyən bir zalım görmədim. Çünki o, sənə verilən neməti özünə işgəncə olaraq görər.

            Həsəd edən, sərvət düşmənidir. Kimin malı, neməti varsa ondan nifrət edər. Ona bunu niyə verdin, deyə Rəbbindən incinmiş olar. Allahu təala fəzlini istədiyinə verər. Həsəd edən, niyə ona verdin deyə, Allahın fəzli üçün xəsislik edər. Mal və nemət sahibinin rəzil olmasını, əlindəki nemətlərin getməsini istəyər. Həsəd edən hər yerdə zəlil olaraq xatırlanar. Mələklər lənət edər. Tək olanda üzüntüsü artar. Can çəkişərkən, sıxıntısı artar. Qiyamətdə rəzil olar, Cəhənnəmdə cəzasını da çəkər.

            Ey insan oğlu, nə üçün qardaşını qısqanırsan? Ona verilən onun haqqı isə, Allahu təalanın ikram etdiyi kimsəyə hirslənməyə nə haqqın var? Əgər haqqı deyilsə, Cəhənnəmə girəcək adamın nəyini qısqanırsan?

Aralarında əlaqə olanlar həsəd edər

            Birindən uzaq, ayrı yerdə yaşayıb, aralarında əlaqə olmayan kəslər arasında bir-birləriylə əlaqə olmadığı üçün həsəddən də söhbət gedə bilməz.

            Bir kimsə, qarşısındakının təkəbbürünə dözə bilməz, aralarında düşmənlik və ya rəqabət olduğu vaxt həsəd edə bilər. Bunlar tez-tez qarşılaşarlar. Biri digərinin fikrilə razı olmazsa, o biri ondan nifrət edər, ona qarşı təkəbbür etməyə başlayar. Bunun üçündür ki, alim alimə həsəd edər, lakin abidə həsəd etməz, abid də başqa bir abidə həsəd edər, fəqət bir alimə həsəd etməz. Eyni şəkildə yazıçı yazıçıya, tacir tacirə həsəd edər. Xülasə, hər kəs öz məsləyindən olana həsəd edər.  

            Bir kimsə, daha çox qardaşına həsəd edər. Tacirin məqsədi digər tacir ilə qarşılaşır. Eyni zamanda qonşusu olduğu tacir ilə uzaqdakı tacirin arasında da fərq vardır. Bütün bu səbəblərlə özünə yaxın olan məsləkdaşına daha çox həsəd edər. Bunun kimi bir pəhləvan, bir yazıçıya deyil, başqa bir pəhləvana həsəd edər. Çünki onun məqsədi yazı ilə deyil pəhləvanlıqla şöhrət qazanmaqdır.

            Bütün bu həsədlərin özəyi düşmənçilikdir. Düşmənçiliyin əsli də mənfəət uğrunda çatışmanın bir nöqtədə birləşmiş olmasıdır. Bu da, mənfəətləri ayrı və ya uzaqda olanlar arasında deyil, mənfəətləri müştərək olub, bir-birinə yaxın olan kəslər arasında olar. Bu səbəblə bunlar arasında həsəd çoxalar. Həsəd edən hər tərəfdə tək olaraq xatırlanmasını istəyər, öz sahəsində qarşısına rəqib olaraq çıxacaq hər kəsə, harada olarsa olsun həsəd edər, fəqət bu azdır.

            Bütün bunların qaynağı dünya sevgisidir. Həqiqi din alimləri arasında isə qısqanclıq yoxdur. Hamısının məqsədi qullar qatında deyil, Allah qatında mövqe sahibi olmaqdır. Gerçək alim, hər kəsin özündən daha savadlı və daha yaxşı müsəlman olmasını istəyər. Fəqət, alim kimi davrananlar elmləri ilə mənfəət arxasında qaçdıqları üçün bir-birinə həsəd edər. 

Haqqın ədalətinə hirslənmək olmaz

            Həsəd, bir qəlb xəstəliyidir. Qəlb xəstəlikləri, ancaq elm və əməl ilə müalicə olunar. Həsədin zərəri insanın özünədir, həsəd edilənə bir zərəri yoxdur. Həsəd səbəbiylə Allahın verdiyinə razılıq göstərilməmiş olar. Onun ədalətinə hirslənilmiş olar. Bu isə tövhidə ziddir. Atəş odunu yandırıb yox etdiyi kimi, həsəd də əməlləri yox edər.

            Sən həsəd etdikcə, içində bir atəş yanar, öz-özünü məhv edər, pərişan olarsan. Həsəd edilənin nemətini Allahu təala artırar. Onun neməti artdıqca sənin də xəstəliyin artar, sıxıntı içində qıvrılıb durarsan. Sinən sıxılar, yuxun qaçar və bu xəstəlik ölümə qədər aparar. Onsuzda düşmənin istədiyi də budur. Sən onun pərişanlığını istəyərkən, özün pərişanlığa düşmüş olarsan. Bununla birlikdə sənin həsədinin onun əlindəki nemətə bir təsiri olmaz. Hətta axirətdə, səni sıxıntıya saldığı üçün həsəddən imtina etməyin lazımdır. Çünki faydasız bir sıxıntıdır. Allahın  qəzəbinə düçar olmaqdan daha pis nə ola bilər?

            Həsəd etməklə kimsəyə bir zərər verə bilməzsən. Nə imiş, onun maşını sənin maşınından yaxşı imiş. Onun evi, daha geniş və daha uyğun bir yerdə imiş. Nə olacaq, yəni, sənin həsədin Allahu təalanın ona təqdir etdiyi nemətə mane ola biləcək? Qeyri-mümkündür... Əgər sən həsədin səbəbiylə onun nemətinin yox olacağını düşünərsənsə, bu bir axmaqlıqdır. Çünki, əgər nemətlər həsəd ilə yox olsaydı, heç kimdə heç bir nemət, hətta iman neməti də qalmazdı. 

Həsədə səbəb olan şeylər

Sual: Həsəd nədir və həsədə səbəb olan şeylər nələrdir?

CAVAB

            İmam Qəzali həzrətləri buyurdu ki:

            Həsəd, bir kimsənin əlindəki neməti ona çox görüb, onun əlindən getməsini istəmək deməkdir və haramdır. Ancaq pis insanın əlinə keçən sərvət ilə fitnə çıxartdığı, bu səbəblə ara pozub hər kəsə əziyyət etdiyi vaxt, bu nemətin onun əlindən çıxmasını istəmək, bu adamın bu zənginliyinə məmnun olmamaq, günah deyildir. Çünki, sən onun yox olmasını, nemət olduğu üçün deyil, ondan pislikdə istifadə etdiyi üçün istəyirsən. Əgər həmin adam etdiyi fəsadlıqdan imtina etsəydi, onun əlindəki nemətə kədərlənəcək deyildin.

            Allahu təalanın verdiyinə razılıq göstərməmək, həsədin haram olduğuna dəlalət etməkdədir. Sənə zərəri toxunmayan bir müsəlmanın rahata qovuşmasına xoşlanmamaq, həsəddən başqa bir şey deyildir.

Həsədin dərəcələri

  • Həsəd etdiyi kimsənin əlindəki nemətin yox olmasını istəməkdir. Bu nemət istər öz əlinə keçsin, istər keçməsin, yetər ki, onda olmasın. Həsədin ən pis olanı budur.
  • Həsəd etdiyi adamın əlindəki nemətin, öz əlinə keçməsini istəməkdir. Məsələn, adamın gözəl evi və ya gözəl avtomobili var, yaxud yüksək vəzifədədir. Adamın, “Bunlar mənim olsaydı” deməsidir. Bunun arzusu o nemətə sahib olmaqdır. Məqsədi, o neməti özünün əldə etməsidir. Yoxsa, birincisində olduğu kimi, “Nə onda, nə də məndə olsun” şəklində deyildir. Başqası bu nemətdən niyə istifadə edir, demir, mən niyə istifadə edə bilmirəm, deyir. Ondakı nemət məndə olsun, demək uyğun deyildir.
  • Ondakı nemətin bənzərinin özündə olmasını istəməsidir. Əgər öz əlinə onun kimisi keçməyəcəksə, onda da olmasın deyə, arzu etməsidir. Qurani-kərimdə məalən buruyuldu ki:

“Allahın birinizi digərindən üstün qılmağa vəsilə etdiyi şeyləri ümid etməyin!” (Nisə 32)

  • Onda olan bir nemətin də öz əlində olmasını arzu etmək, fəqət onun əlindəki nemətin əlindən çıxmasını istəməməkdir. Bu, dünyalıq olsa da əfv edilmişdir.

Həsədə səbəb olan şeylər

  • Düşmənçilik: İnsan, özünə və ya bəzilərinə etdiyi pislik səbəbiylə birinə düşmənlik edər, kin bəsləyər. Kin isə intiqam ilə sakitləşər. Düşməninə bir fəlakət gəldiyi vaxt, bunu öz kəramətinə yükləyərək buna sevinər və bunu öz mükafatı zənn edər.
  • Qısqanmaq: İmkan sahibinin üstünlüyü onu kədərləndirər. Özünə tay olanlardan birisi vəzifə, elm və ya sərvət sahibi olduğu təqdirdə, ona qarşı qürurlanacaqlarından, özünün buna dözə bilməyəcəyi üçün həsəd edər. Yəni həsəd, öz qürurundan ötəri deyil, qarşısındakının qüruru səbəbiylədir.
  • Qürur: Qürurlanıb, qarşısındakını kiçik görüb özünə xidmət etdirməsi və bütün arzularında öz əmrində olması istəyidir. Birinin başına bir dövlət quşu qoyulsa, buna həsəd edər. Kafirlərin çoxunun Rəsuli-Əkrəm əfəndimizə qarşı həsədi, Onun özlərinə qarşı böyüklük iddia etməsi qorxusundandır. “Biz böyük insanlarıq, bir yetim necə olar ki, başımıza keçər və biz ona necə boyun əyərik” dedilər.
  • Təəccüb: Eyni təhsilli, eyni yaşda və yerli olmasına baxmayaraq bəzi yoldaşlarının mal, mülk sahibi olmasına heyrət edib qısqanar.
  • Məqsədinə çata bilməmə qorxusu: Bu da iki adamın bir məqsəddə bir-birinə qarşı üstünlük arzusuna söykəni Arzusuna tək başına çata bilməkdə özünə köməkçi olan hər nemətə, o birisi həsəd edər. Birisinin o arzuya çatıb digərinin çata bilməməsi halında bir-birinə həsəd edərlər. Ana-atanın sevgisini qazanmaqdakı övladların yarışması, tələbələrin müəllimlərinin sevgisini qazanmaqdakı yarışmaları, jurnalistlərin oxucuları özünə çəkmək üçün yarışması və bir-birinə həsəd etmələri hamısı bu qisimdəndir. Hər iki tərəfin məqsədi eynidir. Məqsədlərinə çatmaqda bir-birinə həsəd edərlər.
  • Lider olma sevdası: Bir  kimsə, hər hansı bir elmdə barmaqla göstərilən tək bir insan olmağı arzu edər. Özündə təriflənmək sevgisi əmələ gəldiyi vaxt, insanlar tərəfindən, “Bu şəxs, öz sahəsində zamanının tək insanıdır, bənzəri yoxdur” kimi sözlərlə təriflənənincə, buna sevinər. “Filan yerdə də bu sahədə çox təcrübəli bir nəfər var” deyildiyini eşitdiyi zaman canı sıxılar.  Bu adamın, özüylə ortaq olan bu xüsusiyyətinin əlindən getməsini və hətta o şəxsin ölümünü belə arzu edər. Bu ortaqlıq vəzifədə, elmdə, sənətdə, gözəllikdə, sərvətdə və bənzərlərində ola bilər. Dünyada bənzərsiz və tək qalması səbəbiylə sevindiyi hər məsələdə vəziyyət eynidir. Burada həsədin səbəbi tək başına var olmaq sevdasından başqa bir şey deyildir. Yəhudi alimləri Rəsuli-Əkrəmin haqq peyğəmbər olduqlarını bildikləri halda, başçılıq etmələrinin əldən gedəcəyindən qorxduqları üçün Peyğəmbər əfəndimizə həsəd edərkən inkara cəhd etdilər. 
  • Pis əxlaq: Heç bir səbəb olmadan pis əxlaqlı şəxs xəsisliyi səbəbiylə heç kimdə bir var-dövlət görmək istəməz və onlara həsəd edər. Ona, Allahu təalanın bu nemətləri verən bir şəxsin yaxşılıqlarından bəhs ediləndə, canı sıxılar. Bu adam, daim başqalarının geriləmələrini sevən və Allahu təalanın lütfünə xəsislik göstərən bir insandır.

Kimisi də var, başqalarının malına xəsislik edər, yəni başqasının malını da başqasına rəva görməz. Aralarında heç bir əlaqə olmadığı halda Allahu təalanın qullarına verdiyi nemətə xəsislik edər və onlara həsəd etməyə başlayar. Bunun pis əxlaqdan başqa bir səbəbi yoxdur. Bunun müalicəsi çox çətindir. 

Həzrəti Ənəs buyurur: Rəsuli-Əkrəm, “İndi içəri Cənnətlik bir şəxs girəcəkdir” buyurdu. Az sonra Ənsardan bir adam gəldi. Sabahısı gün, Rəsuli-Əkrəm yenə əvvəlki gün kimi söylədi. Yenə eyni adam gəldi. Üçüncü gün də eyni şey oldu. Abdullah ibn Amr, o adamın evində bir neçə gün qonaq qaldıqdan sonra bunları dedi:

Adama dedim ki:

  • Rəsulullah səni nə üçün tərifləyir?
  • Heç kimə həsəd etmirəm.
  • İndi aydın oldu. Səni o dərəcəyə çatdıran budur. (İ.Əhməd)

Həzrəti Musanın qibtə etdiyi şəxs

            Musa əleyhissəlam, saleh bir şəxsə qibtə edib, kim olduğunu soruşdu. Allahu təala, “Bu şəxs, bu üç əməl ilə bu mərtəbəyə çatmışdır: Kimsəyə həsəd etmədi, ana-atasına asi olmadı və insanlar arasında söz gəzdirmədibuyurdu.

            Həzrəti Zəkəriyyə də Allahu təalanın belə buyurduğunu xəbər verir:

            “Həsəd edən kimsə, nemətimə düşmən olan, qəzama hirslənən, qulların arasındakı bölüşdürməyimə razı olmayan birisidir.”

Həzrəti Safiyyə deyir:

Bir gün atam əmimə soruşdu:

  • Bu Peyğəmbər haqqında nə deyirsən?
  • Həzrəti Musanın müjdələdiyi Peyğəmbərdir.
  • O halda nə üçün iman etmirsən?
  • Bizdən gəlmədiyi üçün, ölənə qədər düşmənçilik edəcəyik.

Bu həsədin çatdığı acı nöqtə...

Həsədin zərərləri

            Həsəd edilən şəxs sənin zülmünə məruz qalmış bir məzlumdur. Hələ həsəd edib, qeybət edər, pisliklərini söyləyərsənsə, bunlar sənin ona verdiyin hədiyyələrdir. Həmişə onun çörəyinə yağ sürtmüş olarsan. Yəni, ona ibadətlərinin savabını verib, onun günahlarını yüklənərsən. Beləcə qiyamətdə müflis olacaqsan.

            Düşmən, düşməninin bəladan bəlaya düçar olmasını istəyər. Həsəd xəstəliyi ilə sənin yükləndiyin bəla, bütün fəlakətlərdən böyükdür. Düşmənlərinin ən böyük istəkləri şey, özlərinin rifahda, düşmənlərinin dərtdə olmalarıdır. Sən öz-özünə onların istəklərinə tabe oldun. Bunun üçün düşmənin, sənin ölməyini deyil, beləcə sürünməyini, əllərindəki nemətlərə baxaraq həsəd atəşi içində həmişə əzab çəkməyini istəyərlər. 

            Bunları düşünsən, öz-özünün düşməni və düşməninin dostu olduğunu asanlıqla anlayarsan. Çünki davranışın, dünya və axirətdə sənin əleyhinə, düşməninin lehinədir. Bu işin zərəri sənin, qazancı onundur. Hər kəs sənə nifrət edər. Allah qatında da pis bir insansan. Sən istəsən də istəməsən də həsəd etdiyin kimsənin neməti davam edər, gedər.

Əgər axirətdəki halını yuxuda belə görə bilsəydin, qorxunc bir mənzərə ilə qarşılaşardın.  Halın eynilə, öldürmək üçün düşmənə güllə atan, fəqət gülləsi geri qayıdaraq gözünə isabət edib gözünü çıxaran və buna çox hirslənərək ikinci gülləni atan və ikinci güllə də eyni şəkildə geri gələrək digər gözünü çıxaran, buna daha da hirslənərək üçüncü güllənin yenə öz beyninə dəyən və düşməni əmin-amanlıq içində olan adamın vəziyyətinə bənzəyər. O, dayanmadan düşmənini hədəf alıb güllə atar, güllələr isə geri gələrək özünə isabət edər. Bunun bu halına, düşmənləri qəhqəhə ilə qarşılayar. Bunu şeytan belə məsxərəyə qoyar. 

            Həsəd edənin vəziyyəti bundan da faciəlidir. Çünki bu adamın düşməninə atıb tərsinə dönərək kor olmasına səbəb olduğu gözləri, nəhayət ölümə qədər yaşacaq və ölüm ilə onlar da yox olacaqdı. Amma həsəddən meydana gələn günah, ölüm ilə yox olmaz. Bu səbəblə Allahu təalanı hirsləndirər və Cəhənnəmə girər. Gözünün kor olması, Cəhənnəmə girib Cəhənnəmin özünü yandırmasından, əlbəttə çox daha yüngüldür.

            Bu işə bax! O, həsəd etdiyi kimsənin nemətinin əlindən alınmasını istəyərkən, Allahu təala o neməti almadığı kimi, o birini dərtdən dərdə salmışdır. Qurani-kərimdə məalən buyurulur ki:

            “Adam qazdığı quyuya özü düşər.” (Fatir 43)

            Çox kərə düşməni üçün istədiyi eynilə öz başına gələr. Bunlar, həsədin elm ilə müalicəsidir. Əgər səlim ağıl ilə düşünərsənsə, həsəd atəşini qəlbində söndürərsən. Çünki həsədin özünü həlak etdiyini, düşmənini sevindirdiyini, həsəd səbəbiylə hüzurunun pozulduğunu və nəticədə Allahu təalanın qəzəbinə düçar olduğunu bilərsən.

Həsədin əməl ilə müalicəsi belədir:

            Həsəd arzularının əksini etməklə həsədini təzyiq altına alarsan. Məsələn, düşmənini pisləmək istəyərsənsə, dərhal onu təriflə, qürurlanmaq istəyərsənsə təvazö göstər, ondan üzr istə, əgər verməsə, almağa cəhd et! Süni də olsa şirinlik nifrəti aradan qaldırar və könülləri bir-birinə bağlayar. Bu yolla qəlb həsəd xəstəliyindən xilas olar. Həsəd edilən kimsə, sənin belə zorla etdiyini bilsə də yenə məmnun qalar və səni sevməyə başlayar, bu surətlə qarşılıqlı sevgi hasil olar və həsəd xəstəliyi də yox olar. Çünki təvazö, tərifləmək və sevgisini bildirmək qarşısındakına təsir edərək onu sevər. Zorla etdiyi yaxşılıqlar zamanla xasiyyət halına gələr. Beləcə həsəddən xilas olmuş olarsan.

            Əlbəttə bu vaxt da şeytan boş dayanmaz, sənin bu vəziyyətin onu çox kədərləndirər, sənə “münafiqlik edirsən” deyə vəsvəsə verər. Sən də, münafiqlik zillətinə düşməyim deyə əsla şeytanın oyununa uyma!

            Xəstəliklər acı dərmanlarla müalicə edilir. Dərmanın acılığına dözə bilməyən, şəfanın zövqünə çata bilməz. Həsədin müalicəsində istifadə edilən, düşmənə qarşı təvazökarlıq, onu tərifləmə kimi halların acılığını, ancaq yuxarıda bildirilən mənaları bilmək asanlaşdırar. Ayrıca Allahu təalanın təqdirinə razılıq ilə əldə edilən savab, Allahın sevdiyini sevmək də bu çətinliyi məğlub edər. Murada çatmamaq zillətdir. Bu zillətdən xilas olmaq ancaq iki şeyin biriylə mümkündür. Ya dilədiyin şey olacaq və ya olacaq şeyi diləyəcəksən. Birincisi sənin əlində olmadığı üçün, bu barədə məşğul olmaq mənasızdır. İkincisi isə mücahidə və riyazət ilə mümkündür. O halda ağıllı olan bu ikinci çarəyə müraciət edər.

            “Riyazət, nəfsin arzularını etməmək deməkdir. Nəfs axmaq olduğu üçün hər istədiyi öz zərərinədir. Nəfs daim haramları istəyər. Mücahidə isə, nəfsin istəmədiyi şeyləri etməkdir. Nəfsimiz, yaxşılıq və ibadət etməyimizi istəməz. Nəfsə, günahlardan qaçmaq, ibadət etməkdən daha çətin gələr. Onun üçün günahdan qaçmaq daha savabdır.” (Əhya)

Möminə kafir deyənin özü kafir olar

Sual: Bəzi kəslər, həsəd üzündən çox yaxşı tanıdığım bir müsəlmana yəhudi deyirlər. Halbuki bildiyiniz kimi bir kimsə istədiyi dini seçə bilər. Fəqət, heç kim yəhudi ola bilməz. Yəhudi olmaq üçün yəhudi olaraq doğulmaq şərtdir. Belə həsəd edərək bir müsəlmana yəhudi deməyin dindəki yeri nədir?

CAVAB

  1. Hadimi həzrətləri buyurur ki:

            “Həsəd etmək, Allahu təalanın təqdirini dəyişdirməz. Həsəd edən, boşuna yorulmuş, kədərlənmiş olar. Üstəlik böyük günaha girmiş olar. Həsəd, əsəbləri pozar, ömrün azalmasına səbəb olar. Həsədin, həsəd edilənə  dünyada və axirətdə heç zərəri olmaz. Üstəlik faydası olar. Həsəd etdiyi kimsədə nemətlərinin azalmadığını, artdığını (karvanın getdiyini) görərək əsəb böhranı keçirər. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Mömin qibtə edər, münafiq həsəd edər.”(İ. Maverdi)

            “Həsəd edənlər məndən deyildir, mən də onlardan deyiləm.” (Tabərani)

            “Bəriqadakı bu yazı həsədin nə qədər pis olduğunu gösrərir. Həsəd edənin yalan danışması, böhtan atması ayrı bir günahdır.  Hədisi-şəriflərdə buyuruldu ki:

            “Bir mömində hər xüsusiyyət ola bilər. Ancaq xəyanət və yalan ola bilməz.” (İbni Əbi Şeybə)

            “Yalan, münafiqlikdən bir qapıdır.” (İbni Adiy)

Qurani-kərimdə məalən buyurulur ki:

            “Yalan danışanlar, böhtan atanlar ancaq Allahu təalanın ayələrinə inanmayanlardır. Onlar, əsl yalançılardır.” (Nəhl 105 Beydavi)

Hədisi-şərifdə buyurulur ki:

“Yalan, imana ziddir.” (Beyhəqı)

            İmam Rabbani həzrətləri də buyurur ki:

            “Belə kəslərin pis sözlərinə kədərlənməyin! Qurani-kərimdə, “Hər kəs özünə uyğun işi edər” buyurulur. (İsra 84) (Yəni adamın işi və sözü, özünün güzgüsüdür.) Belə alçaq insanların sözlərinə yaxşı və pis qarşılıq verməmək daha yaxşıdır. Yalanın sonu gəlməz. Onların bir-birinə uyğun gəlməyən sözləri, özlərini rəzil etməyə yetər. Allahu təalanın işıqlandırmadığı kimsəyə, başqası işıq verə bilməz. Qurani-kərimdə məalən buyuruldu ki:

            “Allah de, sonra onları burax! Pozuq işlərində, düşdükləri bataqlıqda qalsınlar!” (Ənam 91, Məktub. 204)

Eyni övliya şəxs yenə buyurur ki:

            “Bir zənn ilə müsəlmana pis damğası vurmaq, yer-yer gəzib, onu pozğun olaraq yaymağa çalışmaq bir din adamına yaraşar? Müsəlman olan bir kimsə bir insandan dinə uyğun olmayan bir söz eşidəndə, bu söyləyəni araşdırması lazımdır.  Söz sahibi pozğun və zındıq isə, buna doğrusunu söyləmək lazım, sözündə yaxşı məna axtarmamaq lazımdır. O sözün sahibi müsəlman isə, onun sözünə yaxşı məna verməyə çalışmaq lazımdır. Əgər faydalı olmaq üçün deyil, bir müsəlmanı pisləmək üçün edilirsə, buna bir şey deyə bilmərəm.” (c.3, m.121)

            Sui-zənn edərək bir müsəlmana kafir deyilməz. Bir döyüşdə, kəlimeyi-şəhadət gətirən birini öldürən kimsəyə, Rəsulullah əfəndimiz, “Kəlimeyi-şəhadət söyləyərkən nə üçün öldürdün?”  buyurdu.  O kimsə də, “Dili ilə söyləyirdi, qəlbi ilə inkar edirdi” dedi. “Qəlbini yarıb baxdın?” deyə onu danladı. Onun üçün günahkar da olsa, möminə kafir deməkdən çəkinmək lazımdır! Hədisi-şərifdə  buyuruldu ki:

            “Möminə kafir deyənin, özü kafir olar.” (Buxari)

Həsəd, qeyrət və qısqanclıq

            Başqasının özündən üstün olan hər şeyini qısqanan, yəni ondakı üstünlüyün tək özündə olmasını istəyən insana, qısqınc deyilir. Bu hal insanlığın ən pis xasiyyətlərindən biridir. Qısqanc insan ömrü boyunca narahat insandır. Hədisi-şərifdə buyuruldu ki:

            “Həsəd etməyin, atəş odunu yandırdığı kimi, həsəd də ibadətlərin savabını aparar.” (İbni Macə) 

            Həsəd edən onu qeybət edər, çəkişdirər. Onun malına, canına qəsd edər. Qiyamət günü bu zülmlərinin qarşılığı olaraq, etdiyi yaxşılıqlar alınaraq ona verilər. Həsəd ediləndəki nemətləri görəndə, dünyası əzab içində keçər. Yuxusu qaçar. Gözəl əməl işləyənlərə on qat savab verilər. Həsəd bunların doqquzunu yox edər, biri qalar. Küfrdən başqa heç bir günah, gözəl əməllərin savablarının hamısını yox etməz. İslamiyyətə əhəmiyyət verməyərək haram işləmək və küfrə səbəb olan işləri etmək savabların hamısını yox edər. Hədisi-şərifdə buyuruldu ki:

            Əvvəlki ümmətlərdən iki pislik; həsəd və kin sizə bulaşdı. Dinlərini həsəd və kinlə yıxdılar.” (Tirmizi)  

            Həsəd etmək Allahu təalanın təqdirini dəyişdirməz. Boşuna kədərlənmiş, yorulmuş olar. Qazandığı günahlar da qazancı olar. Heç bir həsəd edən muradına çata bilməz, heç kimdən hörmət görməz. Həsəd, əsəbləri pozar. Ömrünün azalmasına səbəb olar. Həsəd edilənin dünyada və axirətdə bundan heç zərəri olmaz. Hətta faydası olar. Həsəd edənin ömrü kədər içində keçər. Həsəd etdiyi kimsədən nemətlərin azalmadığını, hətta artığını görərək, sinir böhranı keçirər. Həsəddən xilas olmaq üçün, ona hədiyyə göndərməsi, onu tərifləməsi, ona qarşı təvazö göstərməsi, onun nemətinin artması üçün dua etməsi lazımdır.

            Həsəd, qısqanmaq deməkdir. Yəni, Allahu təalanın birinə vermiş olduğu nemətin ondan getməsini istəmək deməkdir. Ondan getməsini istəməyib özündə də olmasını istəmək, həsəd olmaz. Buna qibtə etmək deyilir. Qibtə gözəl bir xasiyyətdir. İslamiyyətin əhkamına, yəni fərzləri etməyə və haramlardan çəkinməyə riayət edən saleh insanlara qibtə etmək vacibdir. Dünya nemətləri üçün qibtə etmək tənzihən məkruh olar. Birində olan pis, zərərli şeyin getməsini istəmək, qeyrət olar. Qeyrət göstərənə də qeyrətli deyilir. Qeyrət, bir kimsədə olan haqqına, onun başqasını ortaq etməsini istəməməkdir. Hədisi-şəriflərdə  buyuruldu ki:

            “Mömin qeyrətli olar. Allahu təala isə daha qeyrətlidir.” (Müslim)

            “Allahu təaladan daha qeyrətlisi yoxdur və möminə qeyrət etdiyi üçün zinanı qadağan etmişdir.” (Buxari)

            Namusunu qısqanmayana dəyyus deyilir. Hədisi-şərifdə buyuruldu ki:

            “Allahu təala Cənnəti yaradanda “Dəyyus sənin qoxunu belə hiss edə bilməz” buyurdu.” (Deyləmi)

            Allahu təalanın qeyrət etməsi, qulunun pis, çirkin şey etməsinə razı olmamasıdır.

            İnsanın Allahu təalaya qeyrət etməsi, haram işlənməsini istəməməklə olar.

            Yusif əleyhissəlamın, “Sultanın yanında mənim adımı söylə!” deməsi qeyrəti-ilahiyyəyə toxunaraq, illərlə zindanda qalmasına səbəb oldu. İbrahim əleyhissəlamın oğlu İsmayılın dünyaya gəlməsinə sevinməsi, qeyrəti-ilahiyyə toxunaraq, bunu qurban etməsi əmr olundu. Allahu təalnın çox sevdiklərinə, bəzi övliyaya belə qeyrət etməsi çox olmuşdur. 

Müsəlmana kafir demək

Sual: Bəzi Müsəlmanlar üçün, “Bunlar, Bizansın nəvələridir. Bunların namazları qəbul olunmaz. Bunlara hər hansı bir şəkildə kömək edənlər Cəhənnəmə bilet almışdır.” deyərək, açıqca kafir olduqlarını söyləmək, küfr deyilmi?

CAVAB

            İslam alimləri buyurur ki:

              Küfr, iki başlı ox kimidir. Oxu atanda, qarşı tərəf kafir isə orada qalar, əgər deyilsə, ox qayıdar sahibini vurar, yəni söyləyən kafir olar.

            Fiqh kitablarında da özünə kafir deyilən kimsə kafir deyilsə, Müsəlman isə söyləyənin kafir olacağı bildirilir. Bir hədisi-şərif məali də belədir:

            “Möminə kafir deyənin özü kafir olar.” (Buxari)

Qısqanmaq və qibtə etmək

Sual: Dinimizdə qısqanclıq qadağandır, amma Peyğəmbər əfəndimizi görən və Onun zamanında yaşayanları istər-istəməz qısqanırıq, bu günah olar?

CAVAB

            Ona qısqanmaq deyilməz, qibtə etmək deyilir. Qibtə etmək savabdır, yaxşıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину