Facebook Twitter WhatsApp

İnad və münaqişə

Sual: Münaqişənin zərərləri nələrdir?

CAVAB

        Haqqı açıqlamaq niyyətiylə də olsa başqalarını məğlub etmək üçün edilən münaqişələr zərərlidir. Bir kimsədə münaqişədə qalib gəlmə sevgisi, haqqı qarşısındakının ağzından eşitməkdən daha sevimli gələrsə, hər pisliyin içinə girmiş deməkdir. Münaqişəni qazanma arzusu digər pisliklərə səbəb olar.

Münaqişənin zərərləri

            Etiraz etməni adət halına gətirmək, “Xeyr, elə deyildir” demək çox pisdir. Məsələn, biri, “Havanın temperaturu 25 dərəcədir” desə, buna, “Xeyr, 30-dan aşağı deyildir” demək, onun sözünə etirazdır. Çünki belə söyləmək, “Sən bilmirsən, bu işdən sən anlamazsan, sən axmaqsan, mən ağıllı və bilgiliyəm” deməkdir. Bu isə özünü böyük görüb, başqalarına hücum etməkdir. Lüzum yox ikən, qarşımızdakı şəxsin qüsurunu tapıb ona göstərmək günahdır. Çünki onun səhvini söyləməklə üzmüş və qəlbini qırmış olarıq. Zərurətsiz incitmək haramdır. Belə xüsuslarda başqasının səhvini söyləmək lazım deyildir. Susmaq isə imanın kamalını göstərər. Malik ibn Ənəs həzrətləri, “Münaqişənin dində yeri yoxdur. Münaqişə qəlbləri qatılaşdırar, kin və nifrət doğurur” buyurdu. “Çox sevdiyin sadiq bir dostunu münaqişə ilə bir dəfə hirsləndir, ondan sonra başına gələcək fəlakəti gör” demişdirlər.   

            Bir insanın heç günahı olmasa, insanları doğru yola dəvət edirəm deyə münaqişəyə girsə, bu hərəkəti günah olaraq ona yetər. Etirazı, münaqişəni xasiyyət halına gətirən kimsə mürüvvətsiz olar.

            İmam Qəzali həzrətləri, “Ancaq şöhrət olmaq üçün çalışan münaqişəni sevər. Şöhrət isə fəlakətdir” buyurdu. Münaqişə, dostun dostluğunu azaldar, düşmənin düşmənçiliyini artırar. Saleh mömin qürurlu olmaz, təmkin sahibidir, dünya işlərində asanlıq göstərər. Din işlərində möhkəm olar. Heç münaqişə etməz!

            Pis ilə münaqişə etmə, səni üzər.

            Həlim ilə münaqişə etmə, sənə küsər.

Ənəs ibn Malik həzrətləri bildirir: Biz bir gün dini bir mövzuda münaqişə edərkən, Rəsulullah əfəndimiz yanımıza gəldi. Bizə elə hirslənmişdi ki, heç onu belə görməmişdik. Buyurdu ki:

            “Buraxın münaqişə etməyi! Sizdən əvvəlkilər sırf bunun üçün həlak oldu. Münaqişə etməyin faydası yoxdur, münaqişə zərərlidir. Mömin münaqişə etməz. Münaqişə edənə şəfaət etməm.” (Tabərani)

            Haqlı olduğu halda münaqişəni tərk etmək, haqsız olduğu halda münaqişəni tərk etməkdən daha çətindir. Bu baxımdan haqlı olduğu halda münaqişəni tərk etmək daha çox savabdır.

Dostlar arasındakı kin atəşini qızışdıran münaqişədir. Münaqişə, qarşısındakı insanı cahil yerinə qoymaq, sən bilməzsən, mən bilərəm deməkdir. Cahillikdə günahlandırılan hər kəs az və ya çox hirslənər. Hədisi-şərifdə, “Allahu təalanın ən çox nifrət etdiyi qul münaqişədə irəli gedəndir” buyurulur. Münaqişə, dostların azalmasına, düşmənlərin çoxalmasına səbəb olar. Həsəni Bəsri həzrətləri buyurdu ki:

“Min adamın dostluğuna, bir adamın düşmənliyini satın alma!”

Münaqişə, özünün ağıl, fəzilət və elmdə üstünlüyünü isbat etməyə çalışmaqdır. Bu isə qarşısındakını cəhalət və axmaqlıqla ittiham etməkdir. Bu da əsl düşmənçilikdir. Hədisi-şəriflərdə buyurulur ki:

“Münaqişə etməyən, heç kimi incitməyən kimsə Cənnətə girər.” (Tirmizi)

“Danışarkən etiraz etməyənə və ya haqlı olduğu halda, münaqişəni tərk edənə, Cənnətdə bir saray verilər.” (Tabərani)

“Haqlı olsa da, münaqişəni tərk etməyən, həqiqi imana qovuşa bilməz.” (İbni Əbiddünya)

“Mücadələdə israr edəni Allahu təala sevməz.” (Buxari)

“Fitnəsindən əmin olunmayan mücadələni tərk edin.” (Tabərani)

Dörd qrup insan vardır

Bilgi  cəhətdən insanlar dörd  qrupa ayrılar:

1- Bildiyini bilən,

2- Bildiyini bilməyən,

3- Bilmədiyini bilən,

4- Bilmədiyini bilməyən.

Bildiyini bilən:  Belə şəxslər məqbuldur. Özündən əmindir. Cəsurdur, bir çox işi bacarar. Bir yoldaş var. Kompüter daxil, “Hər aləti çalışdıra bilərəm, çünki bunu da mənim kimi bir insan etmişdir” deyir və özündən əmin olduğu üçün də bacara bilir.

Bildiyini bilməyən: Belə şəxslər tənqidə möhtacdır. Çəkingəndir. Mən bu işi bacara bilmərəm, deyə qorxar. Lazımı tənqiddən sonra o işi rahat bacarar. Məsələn, yenə bir dostum var. Kompüterdən başım çıxmır, o mənimlə danışmaz, dedi. Yanına bir otur dedim, partlayar, çatlayar, deyə cəsarət edə bilmədi. İsrar etdim, “Bunun savadla, mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Azca cəsarət yetər” dedim. İndi kompüterdən rahat istifadə edir.

Bilmədiyini bilən: Belə şəxslər həddini bilir. Hər şeyə burnunu soxmaz. Öz işi ilə məşğul olar. Belə şəxslər hər vaxt təqdir görür.

Bilmədiyini bilməyən: Belə şəxslər həm özünə, həm cəmiyyətə zərər verər. Həm bilməz, həm də bilmədiyini bilməz. Yəni cahil, həm qürurludur. Hər şeyə burnunu soxar. Burnu da pislikdən xilas olmaz.

Özləri ilə əlaqə qurmaq cəhətindən insanlar dördə ayrılar:

1- Dovşan pisliyi kimi olanlar.

2- Qida kimi olanlar.

3- Dərman kimi olanlar.

4- Xəstəlik kimi olanlar.

Dovşan pisliyi kimi olanlar: Nə iy verər, nə bulaşar. Heç kimə faydası və zərəri toxunmaz. Varlıqları ilə yoxluqları arasında fərq olmayan şəxslərdir.

Qida kimi olanlar: Hər kəsin hər vaxt ehtiyac hiss etdikləri şəxslərdir. Belə şəxsləri axtarıb tapmaq, tapanda da itirməmək üçün lazım olan tədbirləri almaq lazımdır.

Dərman kimi olanlar: Ancaq ehtiyac olanda işə yarayarlar. Belə şəxslərə də laqeyd olmamaq lazımdır.

Xəstəlik kimi olanlar: Bu tip insanlara heç ehtiyac olmaz. Fəqət, özləri insanlara müsəllət olarlar, bulaşarlar. Bunlardan xilas olmaq üçün üzə gülmək lazımdır.

Haqqı qəbul etməkdə inad etməmək lazımdır

Sual: Münaqişə etdiyim dostumun haqlı olduğunu anlayıram. Fəqət, məğlubiyyəti qəbul etməmək üçün, xeyr, elə deyildir, deyirəm. Bunun zərəri nədir?

CAVAB

            Doğru olan bir şeyi qəbul etməməyə inad deyilir. İnad, qarşımızdakını aşağı görmək, ondan nifrət etmək, ona düşmənlik bəsləmək, həsəd etmək kimi səbəblərdən meydana gələr. Haqqı, düşmənimiz də söyləsə qəbul etməyimiz lazımdır. Haqqı qəbul etməmək qürurdandır. Qürur isə böyük günahdır. Hədisi-şərifdə buyuruldu ki:

            “Haqqı kiçik görmək qürurdandır.” (İ. Qəzali)

            Mömin qürurlu olmaz, fəqət, vüqar sahibi olar. Təmkinli şəxs, dünya işlərində asanlıq göstərər. Din işlərində möhkəm olar. Hədisi-şərifdə buyuruldu ki:

            “Mömin təmkinli və yumşaq olar.” (Beyhəqı)

Heç kimsə ilə münaqişə etməməliyik!

            “Allahu təala, mücadələdə israr edəni sevməz.” (Buxari)

            “Haqlı ikən, münaqişəni tərk edənə, Cənnətin ortasında bir saray verilər.” (Tabərani)

            Mücadələdə israr edənlər xaric, heç kim hidayətə qovuşduqdan sonra yolunu azmaz.” (Beyhəqı)

Münaqişə, dostların azalmasına, düşmənlərin çoxalmasına səbəb olar. Həsəni Bəsri həzrətləri buyurdu ki:

            “Min adamın dostluğuna, bir adamın düşmənliyini satın alma!”

Münaqişə, özünün ağıl, fəzilət və elmdə üstünlüyünü isbata çalışmaqdır. Bu isə qarşındakını cəhalət və axmaqlıqla ittiham etmək deməkdir. Bu düşmənlikdir. Özünü qarşısındakından üstün görmək isə qürurdur. Zərərlidir. Münaqişə hər cəhətdən zərərlidir. Münaqişə gözəl əxlaqın ziddidir. Halbuki, müsəlmanın gözəl əxlaqlı olması lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

            “Malınızla hər kəsi məmnun edə bilməzsiniz. Gülər üz və şirin dil, gözəl əxlaqla məmnun etməyə çalışın!” (Hakim)

Yaxşı insanın xüsusiyyətləri

            Yaxşı insan, kimsəylə münaqişəyə girməyən, hər kəslə yola gedən kimsədir. Yaxşı insan, yəni müsəlman, hər işində Allahdan qorxar, titrəyər. Allahu təalanın sevgisinə qovuşduracaq işləri etmək üçün can atar. Səbir edər, əfv edər. Hər yola getməməzlikdə, hər çətinlikdə qüsuru özündə görər. Hər nəfəsdə Rəbbini düşünər. Qəflət ilə yaşamaz. Bir qəlbi incitməkdən qorxar. Qəlbləri Allahu təalanın evi bilər. Hafizi Şirazinin, “Dostlara doğru söyləmək, düşmənləri gülər üzlə və şirin dil ilə idarə etmək lazımdır” sözünə riayət edər. Dinlərinə və dünyalarına zərər gələcək şeylərdən çəkinər. Hər kəsə qarşı gülər üzlü və şirin dilli olar. Əfv diləyəni əfv edər. Heç kimsə ilə münaqişə etməz. Bilər ki, münaqişə etmək, dostluğu aradan qaldırar, düşmənliyin çoxalmasına səbəb olar. Fitnə çıxarmaz, dost ilə də, düşmən ilə də şirin danışar, hər kəslə yola gedər. Heç kimin sözünə qarşı çıxmaz. Hər kəsə yumşaq söyləyər, sərt danışmaz. Hədisi-şərifdə, “Mömin təmkinli və yumşaq olar” buyuruldu. Münaqişə edənlərin yanında oturmaz!

            Gözəl xasiyyətli olmaq üçün və gözəl əxlaqını mühafizə edə bilmək üçün, saleh kəslərlə, yaxşı xasiyyətlilərdə yoldaşlıq etmək lazımdır. Hədisi-şərifdə, “Adamın dini, yoldaşının dini kimi olar” buyuruldu. Əxlaqı pozan kitab, qəzet, radio və TV-dən çəkinmək lazımdır.

            Malı, vəzifəni xeyir üçün axtaran və xeyr işlərdə istifadə edən, rahata, hüzura qovuşmuşdur. Hədisi-şərifdə, “Dünyada yolçu kimi yaşa, öləcəyini unutma” buyuruldu. Vaxtın qiymətini bilib gecə-gündüz elm öyrənmək lazımdır! Elm ibadət üçündür. Qiyamətdə əməldən, ibadətdən soruşular, çox elm öyrəndinmi deyə soruşulmaz. Əməl və ibadət də ixlas əldə etmək üçündür. Övliyalardan bir şəxs, “Bir kimsənin vəli olduğu, şirin dili, gözəl əxlaqı, gülər üzü, comərdliyi, münaqişə etməməsi, üzrləri qəbul etməsi və hər kəsə mərhəmət etməsi ilə aydın olar” buyurmuşdur.

İbni Abbas həzrətləri buyurdu ki:

            “Ağılın əsası, ona zülm edəni əfv etmək, özündən aşağıda görünənə təvazö göstərmək, düşündükdən sonra danışmaqdır. Ağılsızlığın əsası isə, özünü bəyənmək, lüzumsuz yerə danışmaq və özünün etdiyi şeylərdə insanları ayıblamaqdır. Hədisi-şərifdə, “Ağıllı bu şəxsdir ki, açıq-aşkar edincə utanacağı işi gizli yerdə də etməz” buyuruldu. Hikmət əhli, ibadətlərini ixlasla edən, insanlarla yola gedən, onlara yaxşılıq edən və bəlalara səbir edənin ağıllı olduğunu bildirmişdir.

Haqqı qəbul etmək

Sual: Bəzən bir mövzuda uşağımla danışarkən, yanıldığımı anladığım zaman səhvimi qəbul edə bilmirəm. Uyğundur?

CAVAB

            Haqqı söyləyən kim olarsa olsun qəbul etmək lazımdır! Uşağımız da söyləsə, cahil biri də söyləsə, etiraz etmədən qəbul etmək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

            “Haqqı söyləyən şəxs kiçik-böyük və xoşlanılmayan bir kimsə də olsa qəbul et, batili də rədd et!” (Deyləmi)

            Bu barədə kor-koranə inad etmək çox pisdir. Hədisi-şərifdə buyuruldu ki:

            “Bilmədiyi bir məsələdə inad edənə, inadından imtina edənə qədər, Allahu təala qəzəb edər.” (İ. Əbiddünya)