Sual: “Əlimizdə olmadan başımıza gələn hər şey qədərdəndir. Vaqe olan hər şeydə xeyir vardır” deyirlər. Başımıza pis bir iş gəlsə və ya biri bizi təhqir etsə, yaxud qatarı ötürsək hefslənməyək? Heyfslənib kədərlənsək Allahın qədərinə razı olmamış sayılırıq?
CAVAB
“Vaqe olan hər şeydə xeyir var” sözü, gərəkli bütün səbəblərə bağlandığımız halda, iradə və seçimimizin xaricində başımıza gələnə şikayətçi olmadan səbir etmək, nəticəsinin xeyirli olacağını bilmək deməkdir. Yoxsa ki, öz iradəmizlə bir günahı işlədikdən sonra, “Nə edə bilərəm, qədərim belə imiş, vaqe olan hər şeydə xeyir var” demək yanlışdır.
İkinci bir cəhət, insan bir işin nəticəsinin yaxşı yoxsa pis olacağını bilə bilməz. Xeyir zənn etdiyi şey şərlə nəticələnə bilər. Şər zənn etdiyi şey də xeyirlə nəticələnə bilər. Bir ayəti-kərimə məali:
“Xoşlanmadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey isə pisliyinizə ola bilər. Siz bilməzsiniz, Allah bilər.” [Bəqərə 216]
Müsəlman, hər xeyrin və şərin Allahdan olduğunu bilir. Hər işi etdirən Allahü təaladır. O halda, bir Müsəlman olaraq başa gələn işə razı olmalıyıq. Razı olmasaq da o iş yenə olacaqdır. O halda, bu işə razı olmaqdan başqa çarə yoxdur. Olacağı dəqiq olan bir işə etiraz etmək axmaqlıq olar.
Vaqe olan bir işlə qarşı-qarşıya qalanın nə qədər çətin, nə qədər acı olursa-olsun, buna razılıq göstərməsi, imtahanı qazanmaq üçün səbir etməsi lazımdır. Bir hədisi-şərif:
“Allahü təala səbir edəni sevər.” [Tabərani]
Başa gələnə səbir edən böyük nemətlərə qovuşar. Səbir etməyən isə fəlakətə məruz qalar. Çünki Allahü təala hədisi-qüdsidə buyurur ki:
“Qəza və qədərimə razı olmayan, bəyənməyən və bəlaya səbir etməyən məndən başqa Rəbb axtarsın!” [Tabərani]
O halda, qədərimizə razı olmaqdan başqa çarə olmadığına görə, buna istəməyərək deyil, istəyərək razı olmalıyıq. Qədərə razı olmaq çox dəyərlidir. Bir neçə hədisi-şərif:
“Qədərdən razılıq səadət əlamətidir.” [Tirmizi]
“Bunları etmək imanı zirvəyə çıxarır: 1- Allahın hökmünə qarşı səbir etmək, 2- Qəza və qədərə rıza göstərmək, 3- Tam təvəkkül sahibi olmaq, 4- Allaha tam təslim olmaq.” [Əbu Nuaym]
“Allahü təala buyurur: Qəza və qədərimə razı olan, ruzimə qənaət edən, mənim üçün şəhvətini tərk edən gənc bəzi mələklər kimi dəyərlidir.” [Deylemi]
“Bu 3 şeyi edən dünya və axirət xeyrinə qovuşar: Qəzaya rıza, bəlaya səbir, rahatlıqda, bolluqda dua.” [Deyləmi]
“Bu 3 şeyi edən 40 övliyadan biri olur: Qəzaya rıza, haram işləməməyə səbir, buğdı-fillah.” [Deyləmi]
“Ya Rəbb, qədərindən razılıq etməyi mənə nəsib et” deyə dua et!” [Tabərani]
“Qədərdən razılıq etmək xoşbəxt olmağa, rızasızlıq isə bədbəxtliyə əlamətdir.” [Tirmizi]
“Razı olan qədərə, asan düşməz kədərə” buyurulur. Gələn bəlaya səbir edənin ya günahı əfv olur və ya dərəcəsi yüksəlir.
Cənnətlik insanın əlaməti budur: O insan Haqq təalanın qədərinə razı olur. Şəqi [pis, cəhənnəmlik] olmağın da nişanı budur: O insan qədərə razı olmaz, bir müsibət üz verdikdə, bağırıb-çağırır, çox ağlayır, sızlayır. (İslam Əxlaqı)
İmam Rabbani həzrətləri buyurur ki: Hər gün insanın qarşılaşdığı hər şey, Allahü təalanın diləməsi və yaratması ilə baş verir. Buna görə iradəmizi Onun iradəsinə uydurmalıyıq! Qarşılaşdığımız hər şeyi, axtardığımız şeylər olaraq görməliyik və bunlara qovuşduğumuz üçün sevinməliyik! Qulluk belə olur. Qul isək belə olmalıyıq! Belə olmamaq qulluğu qəbul etməmək və sahibinə qarşı çıxmaq sayılır. Allahü təala, “Qəza və qədərimə razı olmayan, bəyənməyən və göndərdiyim bəlalara səbir etməyən, məndən başqa Rəbb axtarsın!” buyurur. (3/59)
Deməli, qədərdən razı olan insan xoşbəxt olur. Qarşımıza nə çıxsa, “Qədərim belə imiş” deyərək etiraz etməməliyik. Məsələn, qatarı ötürsək, “Haqqımda xeyirlisi bu imiş” deyərək kədərlənməməliyik. Təcili bir yerə çatmaq üçün gedərkən, bir qəzaya düşsək, vaxtında xəstəxanaya çatmasaq, yəni bütün tərsliklər üst-üstə düşsə də, normal bir hadisə kimi qarşılayanın, rahat və xoşbəxt olacağını dinimiz bildirir.
Xoşbəxt olmaq üçün, gülün yanında tikan var deyə qəmlənməməli, tikanlar içində gül var deyə sevinməliyik.
Xoşbəxtliyin sirri, sevilən şeyləri etməkdə deyil, məcburiyyətlə etdiyimiz şeyləri sevməkdədir.
İnsan sevdiyini, olmasını istədiyi kimi deyil, olduğu kimi, o halıyla sevməlidir. Belə sevməsə xoşbəxt ola bilməz.
Çöldə yaşayan bir bədəvi və ailəsinin bir xoruzu, bir iti və bir də uzunqulağı var imiş. Xoruz sübh tezdən banlayaraq onları namaza oyandırır. Bir gün tülkü xoruzu götürüb aparır. Evdə uşaqlar çox kədərlənirlər. Bədəvi, “Haqqımızda bəlkə bu xeyirlidir” deyərək onları təsəlli edir. Sonra qurd uzunqulağı parçalayır. Bədəvi, kefi pozulan uşaqlarını yenə təsəlli edir. Bir müddət sonra həyəti qoruyan itləri də ölür. Bədəvi yenə ailəsini təsəlli edir. Bir gün səhər qarşıdakı bir neçə çadırda yaşayanları əsir alıb aparırlar. Heyvanlarının səsləri, uzunqulağın anqırması, xoruz banlaması və itin hürməsi, çadırda yaşayanları ələ verir. Bədəvinin heyvanları olmadığı üçün onların varlığından xəbərdar olmurlar. (Ehya)
Bir yoldaş rəvayət etdi: Məktəbdə orta siniflərdə oxuyanda müəllimlər, “Nə edirsən et, səni sinifdə qoyacağıq” demişdilər. Məcbur olub başqa bir rayona getməli olmuşdum. Məktəb müdriyyəti, arxamdan bir xasiyyətnamə göndərmişdilər, “Bu uşaq çox təhlükəlidir, dərs oxumur, müəllimləri döyür, anarşist biridir” demişdilər. Müdir, oradakı müəllimləri yığıb iclas edir. “Bu, təhlükəli bir uşaq imiş, bizə zərəri dəyə bilər. Sinifdə saxlamayaq, məzun edib qurtulaq” deyir. Həmin rayona mənimlə eyni vaxtda gələn başqa bir yoldaş var idi, onu payıza saxladılar, məni birbaşa keçirdilər. Haqqımda niyə belə pis sənəd verdilər deyə əsəbləşirdim. Məgər haqqımda xeyirlisi belə imiş...
Başqa bir yoldaş danışır: “Qatarı və ya avtobusu ötürəndə kefsizlənirdim. Sonra unutduğum bir şey qalırdı, qayıdıb geri götürürdüm. Belə hadisə çox başıma gəlib. Artıq ötürdüyüm heç nəyə kədərlənmirəm.”
Hikmət Baba adlı bir dərviş, “Bunda da bir hikmət var” deyərmiş. “Hər şeydə xeyir olurmu, hikmət olurmu?” deyən bir neçə avara dərvişin inəyini aparıb meşədə bir ağaca bağlayırlar. Axşamüstü çoban inək sürüsünü kəndə gətirir. Hikmət baba inəyini görmədikdə yenə, “Bunda da bir xeyir var” deyərək, uşaqlarla birlikdə inəyini axtarmaq üçün meşəyə gedirlər. Gecə, gec saatlara qədər inəyi axtarırlar. Axırda bir ağaca bağlı tapırlar. Çox yorulduqları üçün, orada yuxuya gedirlər. Səhər açılanda kəndə qayıdırlar. Bir də nə görsünlər, kənddə zəlzələ olub, evlər dağılıb, çox adam ölüb. Hikmət baba yenə, “Gördünüzmü, Allahü təala bizi zəlzələdən qorumaq üçün inəyimizi bağlatmış” deyir.
Göründüyü kimi, şər zənn edilən şey, xeyrimizə ola bilir. Ərzurumlu İbrahim Haqqı həzrətlərinin şeirini xatırlayırıq:
Haqq şərləri xeyr eylər,
Zənn etmə ki qayr eylər,
Arif onu seyr eylər,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər.
Sual: Allahü təaladan razı olmağın qısaca əlaməti, şəkli nədir, necədir?
Cavab: Rıza demək, Allahü təaladan gələn hər şeyə razı olmaq deməkdir. Allahü təaladan bir fəlakət gəlsə, ona da rıza göstərməkdir, heç kimə şikayət etməməkdir. Bu, hər insanın bacara biləcəyi bir iş deyil. Lakin, bunu bacaran, böyük bir insandır. Belə insanlarda, Peyğəmbərlərə məxsus səbir və təhəmmül var deməkdir. İnsan, Allahü təalanın böyüklüyünə inandığı dərəcədə, bu təhəmmülü və bu razılığı göstərə bilir. Qibtə ediləcək bir məziyyətdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0