Sual: Qurani-kərimdə, “Sizi də, işlərinizi də yaradan Allahdır” buyurulur. Hədisi-şərifdə də, həm xeyri, həm də şəri yaradanın Allah olduğu bildirilir. Bu bildirilənlərdən Allahü təalanın kafirin küfür işləməsinə izn verdiyi anlaşılır. Bunun hikməti nə ola bilər?
CAVAB
İzn vermək razı olmağı göstərmir. İmam Beqavi həzrətləri buyurur ki: Qəza və qədər elmi Allahü təalanın qullarından gizlədiyi bir sirdir. Bu elmi ən yaxın mələklərə və din sahibi olan peyğəmbərlərinə belə açmadı. Bu elm böyük bir dəryadır. Heç kimə bu dənizə baş vurması, qədərin incəliklərindən danışması caiz deyil. Bunu bilmək kifayət edir ki, Allahü təala insanları yaradır. Bir qismi şəqidir, Cəhənnəmdə qalacaq. Bir qismi də səiddir, Cənnətə gedəcək. Bir nəfər, Həzrəti Əlidən qədər haqqında soruşduqda, “Qaranlıq bir yoldur. Bu yolda yerimə!” buyurdu. Təkrar soruşduqda, “Dərin bir dənizdir” buyurdu. Təkrar bir daha soruşduqda, “Qədər, Allahü təalanın sirridir. Bu elmi səndən gizlədi” buyurdu. (S. Əbədiyyə)
Şərəfüddin Əhməd ibn Yəhya Müniri həzrətləri də buyurur ki: Qüdsdə, Məscidi-Əqsada illərlə ömrünü təsbeh və ibadətlə keçirən bir nəfər ibadətin şərtlərini və ixlası öyrənmədiyi üçün, bir səcdəni tərk etdikdə, elə bir zərərə uğradı ki, həlak oldu. Əshabı-Kəhfin köpəyi isə, murdar olduğu halda, Siddiqlərin arxasında bir neçə addım getdiyi üçün, elə yüksəldi ki, heç düşmədi. [Cənnətə girəcək.] Bu hal insanı heyrətə düşürür. Əsrlər boyu, alimlər bu sirri aça bilməmişlər. İnsanın qıt ağlı bunun hikmətini anlaya bilmir. Adəm əleyhissalama buğdadan yemə dedi və yeyəcəyini əzəldə bildiyi üçün, yeməsini dilədi. Şeytanın Adəm əleyhissalama səcdə etməsini əmr etdi və səcdə etməməsini dilədi. “Məni axtarın!” buyurdu, lakin ixlası olmayanın qovuşmasını istəmədi. İlahi yolun yolçuları, “Heç anlaya bilmədik” deməkdən başqa bir şey söyləyə bilmədilər. (70-ci məktub)
Allahü təalanın da əzəli elmiylə qulların öz istəklərilə günah və ya savab işləyəcəklərini bilməsi, qulların işlərinə zorla bir müdaxilə etmək deyildir. Savab işləyən də, günah işləyən də öz arzusuyla, öz iradəsilə işləyir. Elə olmasaydı, savab işləyənə mükafat, günah işləyənə cəza verilməsi anlamsız olardı. Beləliklə, qəza və qədər mövzusunda bu qədər bilmək kifayətdir.
Azğınlıqda qalan insan
Sual: “Allah, dilədiyinə hidayət verir, dilədiyini azğınlıqda qoyur” məalindəki ayənin izahı necədir? Allah, bizi niyə azğınlıqda qoyur? “Azğınlıqda qoyan Allah” və ya “Azdıran Allah” demək caizdirmi?
CAVAB
Əhli-sünnət alimləri bu ayəti-kəriməni, “Allahü təala iradəsini doğru yolda sərf edənə hidayət verər, iradəsini pis yolda sərf edəni isə azğınlıqda qoyur” şəklində izah edilir.
Göründüyü kimi hidayəti verən də, azdıran da Allahü təaladır, ancaq bunu qulun yaxşı və ya pis əməlinə görə edir. Heç kimi zorla azdırmır. Ona görə yanlış anlaşılacağı, hətta Allah təqsirləndiriləcəyi üçün “Azğınlıqda qoyan Allah” və ya “Azdıran Allah” deyilməz. Çünki İmam Rabbani həzrətləri buyurur ki:
Yaxşı və pis hər iş Allahü təalanın yaratmasıyla olsa da, Onu yalnız pis şeyin yaradıcısı olaraq adlandırmaq ədəbsizlikdir. “Pisliklərin yaradıcısı” deməməliyik. “Yaxşının və pisin yaradıcısıdır’’ deyilməlidir. Məsələn, “Hər şeyin yaradıcısıdır” deməliyik. Lakin “Pisliklərin” və ya “Donuzların yaradıcısı” deyilməməlidir. (2/67)
Allahü təalanın pis işləri yaratması qulun öz iradəsiylə olur. Buna bir neçə nümunə verək:
1- İttiham nəticəsində bir oğrunun təqsiri sübut olunduqda, hakim onu cəzalandırır. Oğrunun cəza verən hakimi təqsirləndirməsi yanlışdır. Cəzalandıran hakim olsa da, təqsirli olan oğrudur. Həmçinin, Allahü təala da, öz iradəsini pis yolda sərf edəni azğınlıqda qoyur, təqsirsiz olanı azğınlıqda qoymur.
2- İstanbul aeroportundan Məkkəyə və Parisə uçan təyyarələr var. İnsan hansı şəhər üçün bilet alırsa, o təyyarəyə minib oraya gedir. Paris üçün bilet alıb Parisə getdikdən sonra, “Mən həcc etmək üçün Məkkəyə gedəcəkdim, məni niyə Parisə gətirdiniz?” deməyə kimin haqqı ola bilər? Aparan pilot olsa da, o təyyarəyə öz iradəsiylə minmişdir. Həmçinin, dünyadan axirətə gedən iki təyyarə var. Birinin üstündə, “Bu təyyarə Cənnətə gedir”, digərində isə, “Bu təyyarə Cəhənnəmə gedir” deyə yazılıdır. Bu təyyarələri havada saxlayan, Cənnətə və Cəhənnəmə aparan Allahü təaladır, amma insanlar öz iradələri ilə bu təyyarələrə minirlər. Heç kim zorla mindirilmir. Heç kimin “Cəhənnəmə aparan təyyarə olmasaydı, biz də minməzdik” deməyə haqqı olmaz. Təyyarələri düzəldən, uçuran və müəyyən yerlərə aparan Allahü təala olsa da, gedəcəyi yer üçün bilet alan [inanıb yaxşı iş görən və ya inanmayıb pis iş görən] insanın özüdür. Bunun üçün heç kimin Allahı təqsirləndirməyə haqqı yoxdur.
3- Bir yerdə bir pivəxana, bir də məscid olsa, hər kəs öz iradəsiylə ikisindən birinə gedir. Pivəxanaya gedərək içki içib sərxoş olan və zərərli işlər görən insanın, “Azğınlıqda qoyan Allah olduğuna görə, məni buraya gətirən, mənə zorla günah işlədən, məni azğınlıqda qoyan Allahdır. Qədərimi belə yazıb” deməsi çox yanlışdır. Allahü təala heç kimə zülm etməz.
Bir beyt:
Haşa, heç zülm etməz, qula Xudası,
Hər kəsin çəkdiyi öz cəzası.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0