Sual: Qədərin imanın şərti olduğunu inkar edən bir nəfər, “Rəsulullah qədərə imanla bağlı heç bir şey söyləməmişdi. Qədər, imanın şərtləri arasında sayılarsa, nə edəcəyimiz əvvəlcədən təqdir edilib yazıldığına görə, bizə günah işlətdirən də Allah olur. Allah bizi niyə Cəhənnəmə göndərəcək ki?” deyir. Buna necə cavab verə bilərik?
CAVAB
Qədəri inkar edən, mötəzilə [qədəriyyə] firqəsidir. “Etdiyimiz yaxşı-pis işlərə Allah qarışmır” deyirlər. “Allah bizə zorla günah işlətdirir” deyən isə cəbriyyə [mürciyə] firqəsidir. İkisi də səhvdir. Əhli-sünnət ikisinin ortasındadır.
Cəbriyyə firqəsi:
Bu firqə, “Bizə imanı verən də, ibadət etdirən də Allahdır. Allah hər işi zorla etdirir. İnsan qədərinə məhkumdur. Heç kim işlədiyi günahdan məsuliyyət daşımır” deyərək bu məaldəki ayələri dəlil göstərir:
“Allah, dilədiyini hidayətə qovuşdurur, dilədiyini zəlalətdə qoyur.” [İbrahim 4]
“Əgər Rəbbin diləsəydi, yer üzündəki insanların hamısı iman edərdi. O halda inanmaları üçün insanları məcbur edəcəksən? Allahın izni olmadıqca heç kim iman edə bilməz.” [Yunus 99,100]
“Sizi də, gördüyünüz işləri də yaradan Allahdır.” [Saffat 96]
Bu ayəti-kərimələr qədəri, yəni Allahü təalanın işlərimizi yaratdığını inkar edən mötəziləyə çox gözəl cavabdır. Bu ayəti-kərimələr diqqətə alınmayaraq, qədəri necə inkar etmək olar?
Bu ayəti-kərimələrin izahında, Muhamməd Məsum həzrətləri buyurur ki:
Xeyrin və şərin yaradılmasında, işlədiklərimizin yaradılmasında, insanın iradə və ixtiyarının da təsiri vardır. İnsanın iradəsinə, diləməsinə kəsb deyilir. İnsanın etmək istədiyi işi Allahü təala da istəsə yaradır. (2/83)
Deməli, insanların etdiyi hər hərəkət, hər iş insanın kəsbi və Allahü təalanın yaratması ilədir. İnsan istəyir, Allahü təala da yaradır. Allahü təala yaratmır deyən mötəzilə azğın yoldadır. Dövrümüzdəki bəzi mötəzilə qalıqları qədəri cəbriyyənin anladığı kimi göstərərək inkar etməyə çalışırlar.
Cəbriyyə firqəsi, insanın kəsbini, iradəsini inkar edərək, “İnsan istəsə də, istəməsə də hər hərəkətini, hər işini Allah yaradır. İnsanın hər işi, ağac yarpaqlarının küləkdən titrəməsi kimidir. Hər şeyi Allah zorla etdirir” dedilər. Belə söyləmək küfürdür. Əlin titrəməsi başqadır, istəyərək oynatması başqadır. Bir ayəti-kərimə məali:
“İstəyən iman etsin, istəyən inkar etsin. İnkarçılara Cəhənnəm atəşini hazırladıq.” [Kəhf 29]
Allahü təala zorla inandırırsa, niyə “İstəyən iman etsin, istəyən inkar etsin” desin ki? Deməli, Allahü təala, insana bir iradə verdi. İnanmaq da, inkar etmək də insanın əlindədir.
Bir cəbriyyəçi, insan özünə hücum edənə qəzəblənməzmi? Allah etdirir deyərmi? Məsələn, Cəbriyyənin ənsəsinə bir sillə vursaq, “Nə edirsən?” deyəcək, ona “Qədər belədir, bunları edən Allahdır” desək, bizə haqq verərmi?
Cəbriyyəçilər, “Kafirlər üzrlüdürlər, çünki işləri edən Allahdır. Bunlar məcburdur” deyirlər. Bu sözləri küfürdür. Dörd ayəti-kərimə məali:
“Onları hesab yerində durdurun! Hesaba çəkiləcəklər.” [Saffat 24]
“Rəbbin haqqı üçün, onların hamısını əməllərindən sorğuya çəkəcəyik.” [Hicr 92, 93]
“Zərrə qədər xeyir və şər iş görən qarşılığını görəcək.” [Zilzəl 7,8]
“İnsan, əvvəlcədən nə hazırladığını, nə gətirdiyini görəcək.” [Təkvir 14]
Peyğəmbər əfəndimiz buyurur ki:
“Mürciyə [cəbriyyə] və qədəriyyənin [mötəzilənin] İslamiyyətdən nəsibi yoxdur.” [Buxari]
“Allahü təala, qədəriyyə və mürciyyəyə, 70 Peyğəmbər diliylə lənət etdi.” [Tabərani]
“Qədəriyyə və mürciyyə, Kəvsər hovuzuna çata bilməz və Cənnətə girə bilməz.” [Əbu Davud]
Dövrümüzdə cəbriyyə firqəsi az olsa da, ağlına güvənən mötəzilə qalıqları çoxdur.
Mötəzilə firqəsi:
Qədəriyyə də adlanan, mötəzilə firqəsi, “İnsan öz qədərini, taleyini özü yazır. Allah insanların işlərinə qarışmır” deyərək qədəri inkar edirlər. Halbuki qədərə iman fərzdir. Bu cəhət Qurani-kərim və hədisi-şəriflərlə bildirilmişdir. Allahü təala əzəli elmi ilə insanların və digər məxluqatın nə vaxt dünyaya gələcəyini, nə vaxt öləcəyini və nə edəcəklərini bilir. İlahın əlbəttə hər şeyi bilməsi, hər şeyə gücü çatması lazımdır. Bilməyən, gücü çatmayan, möhtac olan ilah ola bilməz. Allahü təala hər kəsin nə edəcəyini bilir. Qurani-kərimdə məalən, “Allah, onların etdiklərini və edəcəklərini bilir” buyurulur. (Bəqərə 255)
İnsanların başına gələcək hadisələr, doğulacaqları, öləcəkləri və nə iş görəcəkləri kimi bütün məlumatlar lövhi-məhfuz adlanan, necə olduğu biz tərəfdən bilinməyən bir kitabdadır. Bu kitabdakı məlumatlara, qədər, taleh deyilir. Bunları necə inkar etmək olar? Qədər haqqında bir neçə ayəti-kərimə məali:
“Yer üzündə vaqe olan və başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmadan əvvəl, bir kitabda [lövhi-məhfuzda] olmasın. Əlbəttə bu, Allah üçün asandır.” [Hadid 22]
Bir neçə hədisi-şərif məali isə belədir:
“Qədərə inanmaq, imanın əsaslarındandır.” [Əbu Davud, Tirmizi]
“Qədərə iman etmək, təvhidin nizamıdır.” [Deyləmi]
“Axır zamanda şərli adamlar qədər-qismət haqqında danışacaqlar.” [Hakim]
“Axır zamanda bu üç şeydən qorxuram: Münəccimlərə [falçılara] inanmaq, qədəri inkar və idarəçilərin zülmü.” [Tabərani, İbni Asakir, Hatib, İbni Əbi Asım]
“Qədəri inkar etməyin. Xristianlar qədəri inkar edir.” [Cami-us-sagir]
“Ümmətim qədəri inkar etmədikcə dində sabitdir; inkar etdikdə həlak olarlar.” [Tabərani]
“Axirətdə qədəri yalanlayana rəhmət nəzərilə baxılmayacaq.” [İ. Adiy]
“Bu üç şeydən qorxuram: 1- Alimin səhvi, 2- Münafiqlərin “Quran belə deyir” deyərək mübahisəyə girişməsi, 3- Qədərin inkar edilməsi.” [Tabərani]
“Bütün Peyğəmbərlər bunlara lənət etmişlər: 1- Allahın kitabında olmayan şeyi ona əlavə edən [Quranda belə yazır deyə yalan söyləyən, Quranı şəxsi düşüncəsinə görə təvil və təfsir edən], 2- Allahın qədərini inkar edən, 3- Allahın zəlil etdiyini əziz, əziz etdiyini də zəlil edən zalım idarəçi.” [Tabərani]
“Qədərdən bəhs edildikdə dilinizi tutun!” [Tabərani]
“Qədərə, xeyrin və şərin Allahdan olduğuna iman etmədikcə, başa gələnin əsla səhv olmayacağına, başa gəlməməsi müqəddər olanın da əsla gəlməyəcəyinə inanmadıqca, heç kim iman etmiş sayılmaz.” [Tirmizi]
“Qədəriyyənin İslamdan nəsibi yoxdur. Bunlar, şər təqdir edilmədi deyirlər.” [Bəyhəki]
“Qədər, Rəhman olan Allahın əlindədir. Kimini yüksəldir, kimini alçaldır.” [Bəzzar]
“Allahü təala, xeyir murad etdiyinin məişətini asanlıqla verir. Şər murad etdiyinin məişətini isə çətinliklə qarşılaşdırır.” [Beyhəqı]
“Allahü təala buyurdu ki: “Mənə iman edən, amma qədərə, xeyir və şərin mənim təqdirimlə olduğuna iman etməyən, məndən başqa Rəbb axtarsın.” [Şirazi]
“Ümmətimi üç şey həlak edər: İrqçilik, qədəri inkar və nəqlə etibarsızlıq.” [Tabərani]
“Allahü təala, ilk öncə Qələmi yaratdı, “Qədəri, olanı və sonsuza qədər olacaq olanı yaz” buyurdu.” [Tirmizi, Əbu Davud]
“Hər şey əzəldə yazıldı. Qələm qurudu.” [Tirmizi] (Yəni qədər, təqdir, sona çatdı və yazılacaq heç nə qalmadı. İnsanlar bu qədərin xaricində bir şey edə bilməzlər.)
“Bütün insanlar toplanıb sənə fayda vermək üçün çalışsalar, ancaq Allahü təalanın sənin üçün təqdir etdiyindən artığını edə bilməzlər. Əgər hər kəs, sənə zərər verməyə cəhd etsə, ancaq Allahü təalanın sənin haqqında təqdir etdiyi zərərdən artığını verə bilməz, çünki artıq qədəri yazan qələm qurudu, yazıları dəyişməyəcək şəkildə dəqiqləşdi.” [Tirmizi]
“Allahü təala buyurdu ki: Mən aləmlərin Rəbbiyəm. Xeyri də, şəri də Mən təyin edirəm. Haqqında şər yazdığıma heyfslər olsun, haqqında xeyir yazdığıma isə müjdələr olsun!” [İ.Nəccar]
Son hədisi-şərifdə, Allahü təala, “Haqqında şər yazdığıma heyfslər olsun” buyurur. Pisliyi zorla etdirsəydi, öz yazdığı hökm üçün heyfslər olsun deyərmiydi? Bu söz, “Öz iradəsilə pislik edəcəyini əzəli elmimlə bildiyim üçün, haqqında şər yazdığım insanlara heyfslər olsun” deməkdir.
Allahü təala qullarının yaxşılıq, yoxsa pislikmi işləyəcəklərini, Cəhənnəmlik, ya da Cənnətlik olduqlarını əlbəttə bilir, bildiyini də yazır. Yoxsa ki, yazdığı üçün qul elə etmək məcburiyyətində qalmır. Cəbriyyə, Allah zorla etdirir deyir; mötəzilə isə Allahın qədərini inkar edir.
“Ya Rəsulallah, etdiyimiz və edəcəyimiz işlər əvvəlcədən təqdir edilib yazıldığına görə, iş görməyin nə mənası var?” deyə soruşanlara Peyğəmbər əfəndimiz, “Hər kəs öz işinə hazırlaşır” və “Hər kəs əvvəlcədən təqdir edilmiş işlərə hazırlaşır” buyurdu. (Müslim, Tirmizi)
Eyni sualı soruşan başqa birinə də, “Şəms” surəsini oxudu. Həmin hissənin məali belədir:
“Cənab Haqq, xeyri və şəri [taət və günahı], bu ikisinin hallarını öyrədib bunlardan birini edə bilməsi üçün, insana ixtiyar [seçim haqqı, iradəyi-cüziyyə] verdi. Nəfsini təzkiyə edən [pisliklərdən təmizləyib fəzilətlərlə dolduran] qurtuldu. Nəfsini günahda, cəhalətdə, dəlalətdə qoyan, ziyan etdi.” [Şəms 8-10]
Göründüyü kimi, Allahü təalanın bilməsi, zorla etdirməsi demək deyil. Bu o deməkdir ki, bir insanın günah iş görəcəyini də Allahü təala əlbəttə bilir. Bu, onun qədərində yazılıdır. Yazılı olması, o günahı edəcəyi üçündür, yoxsa, qədərində yazılı olduğu üçün o günahı işləmir.
Bütün bu ayəti-kərimələrə və çoxu “Kütübü-sittə”də olan hədisi- şəriflərə baxmayaraq, qədəri inkar edən, Rəsulullah belə şey söyləməz deyə bilən mötəzilə fikirlilərin qara niyyəti açıq-aşkardır.
Mötəzilə firqəsi
Sual: Mötəzilə firqəsi necə meydana gəlmişdir, fikirləri nələrdir?
CAVAB
Pozulmuş firqələrdən biri olan Mötəzilə, Həsən Bəsri həzrətlərinin dərslərində iştirak etmiş Vasil ibn Ata tərəfindən ortaya çıxarılmışdır. Böyük Əhli-sünnət alimi və vəli bir şəxsiyyət olan Həsən Bəsri, “Böyük günah işləyən nə mömindir, nə də kafirdir” deyərək Əhli-sünnətdən ayrılan Vasil ibn Ata haqqında, “İ'təzələ annə Vasil”, yəni “Vasil bizdən ayrıldı” buyurmuşdu. Buradakı i’təzələ [ayrıldı] kəlməsinə görə Vasilə və onun yolunu tutanlara Mötəzilə adı verilmişdir.
Sonrakı illərdə, bilxassə, fəlsəfə təhsili almışdır. Fəlsəfəyə maraq göstərən insanlar, Vasil ibn Atanın yolundan gedərək, Allahü təalanın zatı və sifətləri ilə qədər əməllərlə (ibadətlərlə, müamilət..) iman arasındakı münasibət və digər mövzularda İslam dininin sərhədlərini pozacaq dərəcədə ayrılıqlara düşmüşdürlər.
Rasionalizm və bidət firqələrdən biri olan Mötəzilənin fikirlərindən bəziləri bunlardır:
Səhabənin hamısının adil və Cənnətlik olduğunu inkar edirlər. Halbuki Qurani-kərimdə məalən, “Onların hamısına hüsnanı [Cənnəti] vəd etdik” buyurulur. (Hadid 10)
Meracı, digər möcüzələri və kəraməti inkar edirlər.
Qurani-kərimdə, kəramətin haqq olduğunu bildirən ayələrdən bəziləri bunlardır:
Lədün elminə sahib bir şəxs, Bəlkısin taxtını bir anda gətirdi. (Nəml 40)
Həzrəti Məryəmə hər zaman təzə meyvə və yemək verilirdi. (Ali İmran 37)
Əshabı-kəhf əsrlərlə, ölmədən yatdılar. (Kəhf 17,18)
“Cənnətdə olanlara Allah görülməz” deyirlər. Qurani-kərimdə məalən buyurulur ki:
“Axirətdə üzləri nurlanaraq Rəblərinə baxacaqlar.” [Qiyamət 22, 23]
“Günah işləyən kafir olur, əməl imandan parçadır” deyirlər. Əhli-sünnət etiqadında, əməl ilə iman ayrıdır, günah işləyənə kafir deyilməz. Günah işləyən kafir olsaydı, yer üzündə Müsəlman qalmazdı. Məsum olmaq mələklərə məxsusdur. Qurani-kərimdə məalən buyurulur ki:
“Allah şirki [küfrü] əfv etməz. Digər bütün günahları isə, istədiyini əfv edər.” [Nisə 48]
“Məzar ziyarətində, ənbiya və övliyadan yardım istəmək caiz deyil” deyirlər. Hədisi-ərbaində “Bir işinizdə sıxışıb, çaşıb qaldıqda məzardakılardan yardım istəyin!” buyurulur.
Qəbir sualını, qəbir əzabını inkar edirlər. Hədisi-şərifdə, “Qəbir əzabı haqdır” buyuruldu. (Buxari)
“Ölüyə dua fayda etməz” deyirlər. Hədisi-şərifdə buyuruldu ki:
“Dirilərin duaları ilə, ölülərə çox rəhmət verilir. Dirilərin, ölülərə hədiyyəsi, onlar üçün dua və istiğfar etməkdir.” [Deyləmi]
“Sirat, mizan, şəfaət deyə bir şey yoxdur” deyirlər. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamətdə mizan, sirat, şəhidi narahat etməyəcək.” [Beyhəqı]
“Cəhənnəm üzərinə Sirat körpüsü qurulacaq.” [Buxari]
“Böyük günah işləyənlərə şəfaət edəcəyəm.” [Nəsai]
“Ağıl, hər kəsdə eynidir. Ağıl çaşmayan bir hüccətdir. Ağlın bəyəndiyi, gözəl gördüyü şeylər fərz, çirkin gördüyü şey isə haramdır. Din bildirməsə də, ağılla haramı və fərzləri bilmək mümkündür” deyirlər.
Ağıl, hər nə qədər yaxşını pisdən ayıran bir qüvvə olsa da, hər işdə ölçü deyil. Allahü təalaya aid biliklərdə ağıl sənəd ola bilməz. Ağıl, öz başına dinin əmr və qadağalarını bilsəydi, Peyğəmbərlərə, alimlərə lüzum olmazdı. Dinin hökmlərini eşitməyən cəzalandırılmaz. Bir ayəti-ərimə məali:
“Biz Peyğəmbər göndərmədikcə heç kimə əzab etmərik.” [İsra 15]
Qədim millətlərə mübah olan bəzi şeylər, bizə haram edilmiş, keçmişdə haram olan bəzi şeylər də bizə mübah qılınmışdır. Deməli, bir şeyin fərz və ya haram olması, ancaq dinin əmri ilə müəyyən olur, ağıl ilə müəyyən olunmur. Məsələn, qədimdə inək və mal-qaranın iç yağı haram idi, bizə isə halaldır. (Ənam 146)
Əhli-sünnət alimləri buyurur ki:
Nəql yolu ilə anlaşılan, yəni Peyğəmbərlərin söylədikləri şeyləri ağıl ilə ölçməyə çalışmaq, düz yolda çətin gedən yüklü bir arabanı, zorla yoxuşa sürməyə bənzəyir. At yoxuşa doğru qamçılanarsa, çapalaya-çapalaya ya yıxılıb canı çıxar, yaxud, öyrəşdiyi düz yola çıxmaq üçün sağa-sola və geriyə qıvrılaraq arabanı aşırar və əşyalar tələf olar. Ağıl da başa düşmədiyi, anlaya bilmədiyi axirət biliklərini həll etməkdə əziyyət çəkərsə, ya yıxılacaq, insan ağlını itirəcək, ya da bunları öyrəşdiyi, dünya işlərinə bənzətməyə çalışaraq, yanılacaq, aldanacaq və hər kəsi aldadacaq.
Ağıl, duyğu ilə anlaşıla bilən və ya hiss edilənlərə bənzəyən, onlara bağlılıqları olan şeyləri bir-birləri ilə ölçərək, yaxşılarını pislərindən ayırmağa yarayan bir ölçüdür. Belə şeylərə bağlılıqları olmayan varlıqlara əlləri çata bilməyənlər çaşıb qalacaqlar. Bu halda, Peyğəmbərlərin bildirdikləri şeylərə inanmaqdan başqa çarə yoxdur.
Əhli-sünnət alimləri mötəzilənin zəlalətdə olduğunu ayə və hədislərlə sübut etmişdirlər.
Əşari və Cəbriyyə
Sual: İmam Əşarinin insan iradəsi haqqında bildirdikləri Cəbriyyəyə yaxındırmı?
CAVAB
Yaxın olanları vardır, lakin yaxın olmaq, Cəbriyyə olmaq deyil. Cəbriyyə batil firqədir. İmam Əşari isə, Əhli-sünnətin iki etiqad imamından biridir. İmam Maturidinin bildirdiyi ilə arasında ifadə fərqləri var. İmam Rabbani həzrətləri buyurur ki:
Bir işi görmək başqadır, yaxşı və ya pislik etmək başqadır. O halda, işin yaxşı və ya pis olması üçün də, ayrıca qüvvənin də təsiri lazımdır. İnsanların qüdrətini Allahü təala yaratdığı kimi, bu qüdrətin təsir etməsini də Allahü təala yaradır. Buna görə, qulun qüdrəti də təsir edir. İmam Əşarinin bildirdiklərini, Cəbriyyədən ayıran şey, Cəbriyyə məzhəbində, “Bir insan bir iş gördü demək məcazdır. Yəni o istəkli işi yalnız Allahü təala edə bilər. O insanın əli ilə etmişdir. İnsanda qüdrət yoxdur” deyirlər. İmam Əşari isə, “İş görən, əslində insandır. Ancaq, insanın istəyi ilə deyil, Allahü təalanın istəməsi ilə etmişdir” deyir. İmam Əşaridən başqa Əhli-sünnət alimləri, qulun qüdrəti, etdiyi istəkli işə təsir edir, deyir. İmam Əşari isə, qüdrəti ancaq, işin yaradılmasına səbəb olur, yaradılmasında təsiri yoxdur deyir, hansı ki, hər ikisinə görə də, işi insan gördü demək doğru olur. Beləliklə, Əhli-sünnət Cəbriyyədən ayrılmış olur. Cəbriyyə məzhəbinin, insanın istəkli işlərini etdiyini qəbul etməməsi, “İşi insan gördü demək məcazdır” deməsi küfürdür. (1/289)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0