Sual: Allah, hər şeyi istəyib yaradırsa, pis olan işləri niyə istəyərək yaradır?
CAVAB
Hər şeyi yaradan Allahü təala olsa da, qullarına iradəyi-cüziyyə vermişdir. Qul, bu iradəsində sərbəstdir. Günah iş görməyə məcbur deyil. Qulun, öz sərbəst iradəsinə görə, etmək istədiyi yaxşı və ya pis istəklərinin də yaradıcısı Allahü təaladır. Qulun istəyinə görə yaratdığı üçün qəbahəti Allahü təalaya yükləmək düzgün deyil, yanlışdır. Cəbriyyə firqəsi qəbahəti Allaha yükləmişdir, Mötəzilə də, Allah bizim işlərimizə qarışmır demişdir. Əhli-sünnət orta yoldur.
İmam Rabbani həzrətləri buyurur ki:
Allahü təala, xeyri və şəri, yaxşını və pisi iradə edir, istəyir və yaradır. Yaxşıların da, pislərin də yaradanı Odur, lakin yaxşılıqlardan razıdır, pisliklərdən isə razı deyil, yəni bəyənmir. İradə etmək [istəmək] başqadır, razı olmaq başqadır. Aralarındakı fərqi, yalnız Əhli-sünnət alimləri anladı, digər 72 bidət firqəsi bu fərqi anlayamayıb, zəlalətə düşdü. (1/266)
Kafirlərin iman etməsi
Sual: Allah hər kəsin iman etməsini əmr edir, amma nə üçün kafirlərin iman etməsini iradə etmir, istəmir?
CAVAB
Allahu təalanın etdiyi şeyləri bəyənməyərək, bunların səbəbini Ondan hesabat istəmək uyğun deyil.
Allahü təala, baş verəcək hadisələri və hər şeyi, əzəldə, sonsuz keçmişdə bilirdi. Elmi, baş verəcək hadisələrə tabedir. Yəni nə baş verəcəksə, eləcə də bilmişdir. Baş verdiyi üçün elə bilmişdir. Yoxsa ki, elə bildiyi üçün, baş verməsi məcbur olmur.
Beləliklə, Allahü təalanın iradəsi bu elminə uyğun olur. Qüdrət və təkvin sifətləri də iradəsinə uyğun olur.
Allahü təalanın adəti-ilahiyyəsi belədir ki, hər şeyi səbəblə yaradır. İnsanların iradələrini, onların yaxşı və pis işlərini yaratmağa səbəb qılmışdır.
İmanı, xeyri, savabı qullarına bildirmək üçün Peyğəmbərlər göndərdi. İman etməyi, ibadət və yaxşılıq etməyi əmr etdi. Küfrü və günah işləməyi, pislik etməyi qadağan etdi. İnsanlara ağıl verdi. Ağlı olana əmr etdi. Ağıl vermədiklərini də məsul tutmadı.
Kafirin qəbahəti nədir?
Sual: Allahın, istədiyini hidayətə qovuşduracağını, istədiyini azğınlıqda tərk edəcəyini bildirən bir çox ayə vardır. Deməli, Allah istəsə, hər kəsi Müsəlman edər. Dünyada yaşayan bir çox dinsizə nə üçün iman nemətini nəsib etmir? Dinsizlərin bunda nə qəbahəti var?
CAVAB
Bu haqda imam Rabbani həzrətləri buyurur ki:
Allahü təalanın feyzləri, nemətləri, ehsanları, yəni yaxşılıqları, hər an, insanların həm yaxşısına, həm pisinə, hər kəsə gəlir. Rəbbimiz, hər kəsə mal, övlad, ruzi, hidayət, irşad, əmin-amanlıq və hər yaxşılığı fərq qoymadan göndərir. Fərq, bunları qəbul etməkdə, ala bilməkdə və bəzilərini də ala bilməmək surətilə, insanlardadır. Qurani-kərimdə məalən, “Allahü təala qullarına zülm etməz, haqsızlıq etməz. Onlar, özlərini əzaba, acılara sürükləyən pozğun düşüncələri, çirkin işləri ilə özlərinə zülm və işkəncə edirlər” buyurulur.
Belə ki, Günəş, həm paltar yuyana, həm də paltarlara eyni şəkildə parladığı halda, paltarı yuyan insanın üzünü yandırıb qaraldır, paltarlarını isə ağardır.
Bunun kimi, almaya, bibərə eyni şəkildə işıq saçdığı halda, almanı qızardır, şirinləşdirir. Bibəri qızartdıqca acılaşdırır. Şirinlik və acılıq hər zaman Günəşin şüaları vasitəsilə olsa da, aralarındakı fərq Günəşdən deyil, özlərindəndir.
İnsanın, axirətdəki nemətlərə nail olmaması, ondan üz çevirdiyi üçündür. Üz çevirən, əlbəttə bir şey ala bilməz. Ağzı qapalı qab, yaz yağışına əlbəttə qovuşa bilməz. Bəli, üz çevirən bir çox insanın, dünya nemətləri içində yaşadığı görülür və məhrum qalmadıqları zənn edilsə də, onlar, dünya üçün çalışmalarının qarşılığını alırlar. Yalnız dünya üçün çalışanlara verdiyi dünyalıqlar həqiqətdə əzab və fəlakət toxumlarıdır. Bunlar, nemət şəklində görünən müsibətlərdir.
Belə ki, “Kafirlər, mal və çoxlu övlad kimi dünyalıqları verdiyimiz üçün, onlara yaxşılıq etdiyimizi zənn edirlər? Peyğəmbərimə inanmayıb dini-İslamı bəyənmədikləri üçün onları mükafatlandırdığımızı zənn edirlər? Xeyr, elə deyil, aldanırlar. Bunların nemət deyil, müsibət olduğunu anlamırlar” məalindəki ayəti-kərimədə göründüyü kimi, Haqdan üz çevirənə verilən dünyalıq, şəkər xəstəsinə verilən şirniyyat kimidir, daim fəlakət olur.. (1/64)
Qəlb, nəfsə tabe olub, küfr və ya günah etmək istədikdə, Allahü təala bu qula rəhm edərsə, küfür və günah işləməyini istəməz. O da, edə bilməz. Rəhm etməsə, o işi görməyi istəyər və yaradar. Qarşılığını da verər. O halda insanın əzablara, fəlakətlərə sürüklənməsinə başlıca səbəb, özüdür. Qəlbinin dinə tabe olmayıb, nəfsinə aldanmasıdır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0