Sual: İnsan, dünyada gördüyü bütün işləri, öz istəyi ilə edir, yoxsa ona zorla gördürülür? İnsanda iradə, seçmə haqqı olduğu üçün hər şeyi istəyə bilər və hər işi görə bilərmi?
Cavab: Allahü təala insanlara iradə adlanan qüvvəni verməyi və insanların istədiklərini etməkdə, istəmədiklərini etməməkdə sərbəst olmalarını əzəldə iradə etmiş, diləmişdir. Heç bir şeyi zorla etdirmir. İnsanların iradə sahibi olmaları, Allahü təala belə istədiyi üçündür. İnsanın, dilədiyini edə bilməsi, insanın iradə sahibi olduğunu göstərdiyi kimi, Allahü təalanın da əzəldə bu iradəni iradə etmiş olduğunu göstərir. Allahü təala, insanda iradə olmasını əzəldə iradə etməsəydi, insanda iradə yaratmasaydı, insan bir işi etməkdə sərbəst ola bilməzdi, məcburiyyəti olardı. Belə olmaqla yanaşı, insan bir iş görməyi iradə etdikdə, Allahü təala da iradə edir və yaradır. İnsanların iradə etdiklərini yaradan Allahü təaladır. İnsan, heç bir diləyini yarada bilməz, edə bilməz. Hər şeyi edən, yaradan, Allahü təaladır. Ondan başqa yaradıcı yoxdur. Ondan başqasına yaradıcı, yaratdı demək, həm səhvdir, həm də Allahü təalaya başqasını ortaq etmək sayılır ki, bu da ən çox qadağan etdiyi və sonsuz əzab edəcəyini bildirdiyi bir şeydir.
İnsanda seçim hürriyyəti vardır
Sual: İnsanlar, dünyada əməllərini və ya söylədiklərini, etmək və söyləmək məcburiyətindədirlər?
Cavab: İnsan bir işi görəcəyi zaman, əvvəlcə bunu seçir, iradə edib istəyir, sonra o işi görür. Buna görə də, qullar, iş görməkdə məcbur deyildirlər. İstəsələr o işi görürlər, istəməsələr görmürlər.
İnsanın bir işi etmək istəməsi üçün əvvəlcə bu işi gözü ilə görərək, eşidərək, düşünərək xatırlaması, qəlbinə gətirməsi lazımdır. İnsan, qəlbinə gələn bir şeyi istəyir və ya istəməz. Biri bir şeyi faydalı bilir, etmək istəyir, digəri də lazımsız görür, etmək istəmir. İşlərində hürr olduğunu söyləyən insanların iş görməyi öncədən qəlblərinə gətirən, faydalı, lazımlı olub-olmadığını bildirən kimdir? Birindəki düşüncə, digərində nə üçün əmələ gəlmir və ya nə üçün lazımlı görülmür? Məhz bu müxtəlif səbəblər, insanın əlində deyil. Bunun üçün, Əhli-sünnət alimlərindən bəziləri:
“İnsanlar iradəli işlərində hürr olsalar da, iradə və ixtiyarlarında hürr deyillər, məcburiyyətləri vardır” demişdirlər.
“Dehr” surəsindəki ayəti-kəriməyə, Əbül-Həsən Əş'ari həzrətləri:
“Siz, ancaq Allahü təalanın dilədiyini istəyirsiniz!” mənasını vermişdir. “Ən'am” surəsinin 125-ci ayəsində məalən:
“Allahü təala kimə hidayət etmək istəyərsə, onun sinəsini İslamiyyət üçün genişləndirər. Dəlalətdə qoymaq istədiyinin sinəsini də, o dərəcə dar və sıx edər ki, oraya həqiqətin girə bilməsi, sahibinin göyə çıxması kimi mümkün deyil” “Hud” surəsinin 34-cü ayəsində məalən:
“Mən sizə nəsihət etmək istəsəm belə, Cənab Haqq dəlalətdə qalmanızı diləmişsə, sizə faydası olmaz” buyurulmuşdur.
Qəza və qədərə inanmayan mötəzilə və bunların izində gedənlər, bu ayəti-kərimələr qarşısında çaşıb-qalırlar.
İnsan iradəsinin, cəbrə doğru sürükləndiyini göstərən belə sübütların yanında, insanı işlərində məsul tutan bir hürriyyətə malik olduğu da meydandadır. Məhkəmələr, hətta hər insanın vicdanı, bir canı incidən zalımın əfv edilməsini istəməz. Cəbriyyə məzhəbindəkilər belə, onlara haqsız olaraq hücum edənə qəzəblənirlər, hətta ona qarşılıq verməkdə özlərini haqlı bilirlər. Şair deyir ki:
“Qəza və qədərin işgəncələrinə belə razı olduğunu söyləyən cəbriyyə firqəsindəki birinin ənsəsinə bir şillə vur! Nə edirsən desə, qəza və qədər belə imiş de! Baxaq sənə haqq verəcəkmi?”
İman və inkar, insanın seçiminə bağlıdır
Sual: İman etmək və ya rədd etmək, insanın öz seçiminə bağlıdır?
Cavab: Allahü təala, insanları mömin, Müsəlman etməyə məcbur deyil. Onun mərhəməti sonsuz olduğu kimi, əzabı da, ədaləti də sonsuzdur. Dilədiyi quluna səbəbsiz və o istəmədən, iman ehsan edir, verir. Səlim ağlını dinləyən, əxlaqı və işləri yaxşı olanlara da, doğru, məqbul olan imanı verir.
Bir insanın imanlı olaraq ölüb-ölməyəcəyi son nəfəsdə bəlli olur. Bütün ömrü iman ilə keçib, son günlərində imanı gedən, imansız ölən kimsə, qiyamətdə imansızlar arasında olacaq.
Allahü təala sonsuz mərhəmətilə, Peyğəmbərlər göndərərək, var və bir olduğunu və inanılması lazım olan şeyləri qullarına bildirdi. İman, Peyğəmbərin bildirdiklərini təsdiq etmək deməkdir. Peyğəmbəri təsdiq etməyən, inkar edən, kafir olur. Kafirlər isə, Cəhənnəmdə sonsuz olaraq əzab görəcəklər.
Peyğəmbəri eşitməyən kimsə, Allahü təalanın var olduğunu düşünüb, yalnız buna iman edir və Peyğəmbəri eşitmədən ölərsə, bu da Cənnətə girəcək. Bunu düşünməyib, iman etməsə, Cənnətə girməyəcək. Peyğəmbəri inkar etmədiyi üçün Cəhənnəmə də girməyəcək. Qiyamət günü, hesabdan sonra, təkrar yox ediləcək. Cəhənnəmdə sonsuz yanmaq, Peyğəmbəri eşidib, inkar etməyin cəzasıdır. Alimlər arasında, “Allahü təalanın varlığını düşünməyib iman etməyən Cəhənnəmə girəcək” deyənlər varsa da, bu söz Peyğəmbəri eşitdikdən sonra düşünməyən nəzərdə tutulur.
Ağlı olan insan, Peyğəmbəri inkar etməz, dərhal iman edər. Ağlına tabe olmayıb, nəfsinə, şəhvətlərinə tabe olarsa, başqasına aldanarsa, inkar edər. Muhamməd əleyhissalamın əmisi Əbu Talib, Onu, öz övladlarından daha çox sevdiyini, hər vəsilə ilə izhar etmiş və Onu tərifləyən qəsidələr yazmışdır. Muhamməd əleyhissalamın, onun ölüm döşəyinin yanına gəlib, iman etməsi üçün çox yalvardığı halda, ənənəsindən ayrılmamaq üçün iman etməkdən məhrum qaldığı, tarixlərdə uzun yazılıdır. Zəmanə ilə bağdaşmaq xəstəliyi, nəfslərimizin hiylələrindən biridir. Çox insan öz nəfsinin bu hiylələrinə düşərək, böyük qazanclardan məhrum qalmışdır. Bunun üçündür ki, bir hədisi-qüdsidə, Allahü təala:
“Nəfslərinizi, özünüzə düşmən bilin! Çünki, nəfsləriniz Mənə düşməndir!” buyurdu.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0