Sual: Bəzən Vəhhabiliyi, bəzən Şiəliyi müdafiə edən mötəzilə düşüncəli bir yazıçı, ““Nisə” surəsinin 79-cu ayəsində, şəri insanların yaratdığı bildirildi” deyir. Hər şeyi Allah yaratmadımı?
CAVAB
Əlbəttə, hər şeyi yaradan Allahdır. İki ayəti-kərimə məali belədir:
“Hər şeyin yaradanı Allahdır.” [Zümər 62, Mömin 62]
“Rəbbin, dilədiyini seçib yaradır. Onların seçmə haqqı yoxdur.” [Qasas 68]
Azğın yazıçının bildirdiyi ayəti-kərimənin məali belədir:
“Sənə gələn hər yaxşılıq, Allahdan [bir ehsanı olaraq] gəlir, hər pislik də [günahlarına qarşılıq olaraq] özündən gəlir.” [Nisə 79]
Bu ayədə, günahlarımız üzündən pislik gəldiyi bildirilir. Pisliyi yaradan yenə Allahü təaladır. Bundan əvvəlki ayədə, şəri də Allahın yaratdığı bildirilir. O ayəti-kərimənin məali:
“Özlərinə bir yaxşılıq toxunduqda, “Bu Allahdandır” deyirlər, başlarına bir pislik gəldikdə də “Bu sənin üzündəndir” deyirlər. “Küllün min indillah [Hamısı Allahdandır]” de! Bunlara nə olub ki heç cür söz anlamırlar.” [Nisə 78]
“Hamısını yaradan Allahdır” deyildiyi halda, bu mötəzilə beyinlilər, heç cür söz başa düşmürlər.
Peyğəmbər əfəndimizin isə bu mövzuda saysız hədisi-şərifi vardır. Biri bu məaldədir:
“Qədərin, xeyrin və şərin Allahdan olduğuna inanmayan mömin deyil.” [Tirmizi]
Məşhur “Aməntü” hədisində, imanın altı şərtindən biri belə bildirilir:
“Xeyrin və şərin Allahdan olduğuna inanmaqdır.” [Buxari, Müslim, Nəsai]
Muhamməd ibn Abdülkərim Şihristani həzrətləri buyurur ki: Mötəzilə beyinlilər, “İnsan, ixtiyari, yəni istəkli hərəkətlərini özü yaradır. Allahü təalanın şəri yaratdığını söyləmək doğru olmaz, çünki şər zülmünü yaradan, zalım olur. Allaha zalım demək olmaz” deyir. Bunların bu sözləri səhvdir. İş sahibi, işi yaradan deyil, bu işi edəndir. İnsan məxluq olduğu kimi, etdiyi xeyir də, şər də məxluqdur. “Saffat” surəsinin 96-cı ayəsində məalən, “Sizi də, etdiyiniz işləri də yaradan Allahdır” buyuruldu. Əhli-sünnət alimlərindən İmam Beydavi həzrətləri bu ayənin təfsirində, “Etdiyiniz şeylər, insanın feili ilə, yəni hərəkətiylə olduğu üçün insanın işi olur, lakin hərəkət qüvvəsini verən, iş üçün lazım olan şeyləri yaradan, Allahü təaladır” demişdir. (Miləl və Nihal)
Əbu İshaq Əfəndi həzrətləri buyurur ki:
Allahü təala, yaxşılıq edənə qarşılığını verəcəkdir. Heç kimin yaxşılığı qarşılıqsız qalmayacaq. Küfürdən başqa pisliklərin bir çoxunu da əfv edir. Küfrü diləməsinə gəldikdə, Haqq təala alimdir. Gələcəkdə olacaq hər şeyi bilir. Hakimdir, hər şeyin ən yaxşısını edir. Dilədiyi qulunu rəhmətinə qovuşdurur və hidayət ehsan edir. Heç bir şeyi etməyə məcbur deyil. Belə ki, Qurani-kərimdə “Fətir” surəsi, 8-ci ayəti- kəriməsində məalən, “Dilədiyini azğın yolda saxlayır, dilədiyini də hidayətə qovuşdurur” buyuruldu. Yəni, yaxşılığı və pisliyi, qulların iradə etməsi, diləməsiylə yaradır. Qulun iradəsi, yaratmağa səbəbdir, vasitədir. Möminlər iradəyi-cüziyyələriylə imanı və itaəti dilədikdə, Allahü təala da diləyir və yaradır. Kafir küfrü, fasiq isə günahı işləmək istəsə, O da iradə etsə, yaradır.
Yalnız qulun diləməsiylə bir şey var olmaz. Haqq təala da dilədikdə var olur. Allahü təala, şərləri, pislikləri də diləyir və yaradır, lakin bunları sevməz, razı olmaz. Xeyirləri, yaxşılıqları isə həm diləyir, həm də razı olur, bəyənir və yaradır. Allahü təala diləmədikcə, bir milçək qanadını qımıldada bilməz. İnsanların etdikləri bütün yaxşılıqlar və pisliklər, həmişə Onun diləməsi ilə olur. Qullar bir şey etmək iradə etdikdə, O iradə etməsə o iş olmaz. O da istəsə, olur. Var olmasını istəmədiyi şey, var olmaz. Var olur demək, haşa acizlik, gücü çatmamaq sayılır. Allahü təalanın hər şeyə gücü çatır. (Əshabı-kiram kitabı)
Bir neçə hədisi-şərif məali də belədir:
“Allahü təala, xeyir murad etdiyinin məişətini asanlıqla verir. Şər murad etdiyinin məişətini isə çətinliklə qarşılaşdırır.” [Beyhəqı]
“Allahü təala buyurdu ki: Qədərə, xeyrin və şərin mənim təqdirimlə olduğuna inanmayan, Məndən başqa Rəbb axtarsın.” [Şirazi]
“Allahü təala buyurur: “Mən aləmlərin rəbbiyəm, xeyri də, şəri də ancaq Mən təyin edirəm. Haqqında şər yazdığıma heyfslər olsun, haqqında xeyir yazdığım isə necə də bəxtiyardır!” [İ. Nəccar]
Allahü təala, qullarının yaxşılıq və ya pislik işləyəcəklərini, əlbəttə bilir, bildiyini yazır. Yoxsa ki, yazdığı üçün qul elə etmək məcburiyyətində qalmır. Cəbriyyə zorla Allah etdirir deyir, Mötəzilə isə, qədəri inkar edir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0