Facebook Twitter WhatsApp

Xeyir də, şər də Allahdandır

Sual: “Xeyir Allahdan, amma şər Allahdan deyil. Şəri insan özü yaradır. Bunlar, şərin Allahdan olduğu inancını Aməntuya da daxil etmişlər. Ayə və hədisdə belə bir şey yoxdur” deyirlər. Lütfən bu mövzunu ayə və hədislərlə izah edin.
CAVAB

Qurani-kərimdə də, hədisi-şəriflərdə də xeyrin və şərin Allahdan olduğu açıq bildirilir. İndiyə qədər gələn bütün İslam alimləri istisnasız olaraq “Xeyir də, şər də Allahdandır” demişdirlər. Şərin Allahdan olmadığı inancı Xristianlıq ilə Mötəzilə və bəzi sapqın firqələrin düşüncəsidir. Heç bir Əhli-sünnət alimi şər Allahdan deyil, deməmişdir. Çünki heç bir alim, Quran və hədisə zidd danışa bilməz. Qul öz qədərini yarada bilməz. Qurani-kərimdə məalən buyurulur ki:
“Lutun xanımının əzaba uğramasını təqdir etdik.” [Hicr 60] (Yəni qədərini elə pis yazdıq)
“Gözəl aqibət, təqdir etdiklərimiz [qədəri gözəl olanlar] Cəhənnəmdən uzaq tutulur.” [Ənbiya 101]
“Əgər Allah insanlara, xeyri tələsik istədikləri kimi, şəri də tələsik versəydi, əlbəttə, onların hamısı həlak olardılar. Lakin bizə qovuşmağı ummayanları [axirəti, dirilməyi inkar edənləri] Biz, azğınlıqları içində çapalayan bir halda buraxacağıq.” [Yunus 11]
“Rəbbin Öz istədiyini yaradır, dilədiyini seçir. Onların seçim haqqı yoxdur.” [Qasas 68]
“Hər şeyin yaradıcısı Allahdır.” [Zümər 62, Mömin 62]
Müfəssirlərin şahı imam Qazı Beydavi həzrətləri bu ayəti-kəriməni belə açıqlayır:
“Xeyri, şəri, imanı, küfrü və hər şeyi yaradan ancaq Allahü təaladır. Hər şey Onun təsərrüfü altındadır.”
Peyğəmbər əfəndimiz Qurani-kərimdəki iman haqqında ayələri izah edərək buyurur ki:
“Allahü təala, “Mənə inanan, amma qədərə, xeyir və şərin Mənim təqdirimlə olduğuna inanmayan, Məndən başqa Rəbb axtarsın” buyurdu.” [Şirazi]
“Bir insan, qədərin, xeyrin və şərin Allahdan olduğuna inanmadıqca, mömin sayılmaz.” [Tirmizi]
Görünür ki, “Xeyir də, şər də Allahdandır” inancını Aməntuya daxil edən Allah və Rəsuludur.
Cəbriyyə adlanan sapqın firqə də bu ayələrə baxdıqda, “Bizə günahları etdirən Allahdır, biz günahlardan məsul deyilik” demişdir. Əlbəttə bu da səhvdir. Əhli-sünnəyə görə, insanda iradəyi-cüziyyə vardır. İnsan işlədiyi günahlardan məsuldur.
İmam Rabbani həzrətləri buyurur ki:
İman-küfür, xeyir-şər, hidayət-zəlalət, taət-günah, Allahü təalanın yaratmasıdır, hamısı da Onun təqdir və iradəsi ilədir. Haqq təala savabı və günahı qulların əməlinə bağlı qılmışdır. İnsanı iradəsinə buraxaraq, əzabı və savabı iradənin sərfiyyatına bağlı qılmışdır ki, buna kəsb deyilir. Kəsb quldan, yaratmaq Allahdandır. Kəsb, öz iradəmizlə etdiyimiz hərəkətlərdir.
Allahü təalanın yaradacağı şeyləri əzəldə bilməsi, iradə sifətini yox etmədiyi kimi, qullarının edəcəyi şeyləri də əzəldə bilməsi, qulların iradə və ixtiyar sahibi olmalarına mane deyil.
Allahü təalanın əmrlər, qadağalar qoyması, insanda kəsb olduğu üçündür. Əgər kəsb olmasaydı, haşa bu əmr və qadağalar lazımsız olardı. Əzab və nemət vədləri, haşa yanlış olardı. Peyğəmbərlərin və kitabların göndərilməsi də həmçinin bu şəkildə haşa, təməlindən yersiz bir iş olardı. Görünür ki, bu şəxsin məqsədi dinləri təməlindən məhv etməkdir.

Allahü təala, əlbəttə, hər şeyi bilir
Yuxarıda, xeyir və şərin Allahdan olduğunu ayə və hədislərlə qısaca sübüt etmişdik. İndi isə, “Əgər hər kəsin Cənnətə və ya Cəhənnəmə gedəcəyini Allah bilirsə, o zaman bizi nə üçün məsul tutur? Hara gedəcəyimizi bilirsə, bəs niyə bizə o boyda Quranı göndərdi? Niyə əmrlər və qadağalar bildirdi? Alın yazısı deyə, qədər deyə bir şey yoxdur, hər kəs öz qədərini özü yazır” sözünə cavab veririk.
Bu sualların hamısının cavabı Qurani-kərimdə vardır. İslam alimləri izah etmişlər.
Əvvəlcə bunu soruşaq:
Bir insanın Cənnətə, yoxsa Cəhənnəmə gedəcəyini Allah bilmir ki? Bilməyən ilah ola bilərmi heç? Qurani-kərimdəki o qədər ayəni necə inkar etmək olar? Bunun məqsədi, “Palçığı at, tutmasa da izi qalar” misalında, bəlkə bəzi qafilləri ovlayaram deyə belə dəstəksiz söz atır.

Pislikləri yaradan başqasıdırmı?
“Məktubatı-Rabbani”də buyurulur ki:
İmam əzəm həzrətləri, İmam Cəfəri Sadiq həzrətlərindən soruşdu:
- Allah, insanların istəkli işlərini, onların arzusuna həvalə etmişdirmi?
- Xeyr, rübubiyyətini [yaradıcılığını və hər istədiyini etmək böyüklüyünü] aciz qullarına həvalə etməz.
- Bu halda işləri qullarına zorla etdirir?
- O adildir. Quluna zorla günah işlədib, sonra da Cəhənnəmə atmaz.
- O halda, insanların istəkli hərəkətlərini kim edir?
- İşləri, nə insanların arzusuna buraxıb, nə də kimisə o işləri görməyə məcbur qoyub. Yaratmağı qullarına tapşırmadığı kimi, zorla da etdirmir. İkisinin arasında əmələ gələn bir şeydir. (1/289)
Mötəzilədən Abdülcabbar Həmədani, Əhli-sünnə alimlərindən Əbu İshaq İsfərainidən soruşdu:
- Allah, pisliyi, günahı istəməz və yaratmaz. Bunları şeytan yaradır?
- Xeyri də, şəri də, hər şeyi yalnız Allah yaradır. Başqası bir şey yarada bilməz.
- Allah Ona üsyan edilməyi diləyirmi?
- Allahü təala, küfrü və günahları diləməsə və yaratmasa, qul zorla Ona üsyan edə bilərmi? Qul, iradəyi-cüziyyəsi ilə küfür, günah, pislik etmək istəyir. Allah da diləyərsə, onun istədiyini yaradar.
- Bir kimsə hidayət istədiyi halda, Allah ona hidayət diləməsə, ona pislik etmiş sayılmazmı?
- Qulun haqqını verməməyi diləməz, amma Öz haqqını almağı diləməyə bilər. Zərrə qədər yaxşılıq edənə qarşılığını verir. Küfürdən başqa günahların çoxunu da əfv edir. Küfrü diləməsinə gəldikdə, Haqq təala alimdir, gələcəkdə olacaq hər şeyi bilir. Hakimdir, hər şeyin ən yaxşısını edir. Dilədiyi quluna hidayət verir. Sapqınlıqdan dönməyəcəyini bildiyi qulu da sapqınlıqda qoyur. Bir ayə məali:
“Dilədiyini sapqın yolda qoyur, dilədiyinə də hidayət verir.” [Fatır 8]
Allahü təala, yaxşılığı və pisliyi qulların iradə etməsi, diləməsi ilə yaradır. Qulun iradəsi yaratmağa səbəbdir. Möminlər, iradəyi-cüziyyələri ilə imanı və itaəti istədikdə, Allahü təala da istəyir və yaradır. Kafir küfrü, fasiq günahı istədikdə, O da iradə edərsə, yaradır. Yalnız qulun istəyi ilə bir şey var olmaz. O da istədikdə var olur. Allahü təala istəmədikcə, bir milçək qanadını tərpədə bilməz. İnsanların etdikləri bütün yaxşılıqlar və pisliklər, hamısı Onun istəməsi ilə olur. Qullar bir şeyi etməyi iradə etdikdə, O iradə etməsə o iş olmaz. Var olmasını istəmədiyi şey, var olmaz. Var olsaydı, gücsüzlük sayılardı. Allahü təalanın isə hər şeyə gücü çatır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину