Facebook Twitter WhatsApp

İmanın və İslamın şərtləri

Sual: Hər bir müsəlmanın bilməyi lazım olan zəruri iman bilgiləri qısa olaraq hansılardır?
CAVAB
Zəruri, lazım olan iman bilgisi imanın və islamın şərtləridir. Qısa olaraq aşağıdakılardır: (Geniş şəkildə əməntunun əsasları qismində var)

İmanın şərtləri:
1- Allaha inanmaq
Allahu təala vacibül-vücud [varlığı lazım olan], həqiqi məbud və bütün varlıqları yaradandır. Ondan başqa ilah yoxdur. Allahu təala zaman və məkandan münəzzəhdir. Heç bir şeyə bənzəməz.


Allahu təalanın zati sifətləri altıdır:
Vücud
Qidəm (əzəlilik)
Bəqa (daimilik)
Vəhdaniyyət (bir olma)
Muxaləfətun lil-həvadis (bənzəri olmamaq)
Qiyam bi-nəfsihi (öz-özündən var olma).
Sübuti sifətləri də səkkizdir:
Həyat
Elm
Səmi
Basir
Qüdrət
İradə
Kəlam
Təkvin.
[Həyat diri olmaq, elm bilmək, səmi eşitmək, basir görmək, qüdrət gücü çatmaq, iradə istəmək, kəlam söyləmək, təkvin yaratmaqdır.] Bu sifətləri də əzəlidir.


2- Mələklərə inanmaq
Mələklər həyata malik, diri, nurani varlıqlar olub ağıl sahibidir. Allahu təalanın sevimli və qiymətli qullarıdır, ortağı və qızları deyil. Allahu təalanın əmrlərinə itaət edib üsyan etməzlər. Günah işləməzlər. Özlərinə verilən əmrləri yerinə yetirməkdən başqa işləri yoxdur. Kişi və dişi deyillər. Evlənməzlər, doğub çoxalmazlar, uşaqları olmaz, yeyib içməzlər. Mələklərin qanadı var, amma necə olduğunu bilmirik.

Hər insanın bütün işlərini yazan mələklərə Kiramən-katibin deyilir. Sual mələklərinə İnkir və Minkir deyilir. Mələklərin ən üstünü bunlardır: Cəbrayıl, İsrafil, Mikayıl, Əzrayıl.

3- Kitablara inanmaq
Allahu təalanın göndərdiyi kitablar çoxdur. Din kitablarımızda bildirilənlərin sayı yüz dörddür. Onlardan yüzü kiçik kitabdır. Bu kiçik kitablara səhifə deyilir.
100 səhifə bu Peyğəmbərlərə enmişdir:
10 səhifəsi Adəm əleyhissəlama
50 səhifəsi Şit əleyhissəlama
30 səhifəsi İdris əleyhissəlama
10 səhifəsi İbrahim əleyhissəlama.

Dörd böyük kitab isə bu Peyğəmbərlərə enmişdir:
Tövrat Musa əleyhissəlama
Zəbur Davud əleyhissəlama
İncil İsa əleyhissəlama
Qurani-kərim Peyğəmbər əfəndimiz Muhammed əleyhissəlama.
Qurani-kərim bütün ilahi kitabların hökmünü nəsh etmiş, yəni qüvvədən qaldırmış və bu hökmləri özündə toplamışdır. Bu gün bütün insanlar Qurani-kərimin əmrinə tabe olmalıdır. Qurani-kərimdə də «Rəsuluma tabe olun» buyurulur. Belə olan halda hədisi-şəriflərə də tabe olmaq lazımdır. İndi heç bir ölkədə həqiqi Tövrat və İncil yoxdur. Pozulmuş incillər vardır. Bu kitablar sonradan təhrif edilmiş, yəni insanlar tərəfindən dəyişdirilmişdir. Pozulmasaydı belə, etibarlılığı olmazdı, hamısı Allahu təala tərəfindən nəsh edilmiş, yəni qüvvədən qaldırılmışdır.
Qurani-kərimin nazili ayə-ayə olmuş və 23 ildə tamam olmuşdur. Qurani-kərim qiyamətə qədər etibarlıdır. Etibarsız olmaqdan və insanların dəyişdirmələrindən qorunmuşdur. Qurani-kərimdə əskikliyin və ya çoxluğun olduğuna inanan Allahu təalaya inanmamış olar.

Ayəti-kərimələrdə tərcümə olaraq buyurulur:
«Quranı biz endirdik, əlbəttə yenə onu biz qoruyacağıq». [Hicr, 9]

«Quran bərabəri, bənzəri olmayan bir kitabdır. Ona önündən, ardından [heç bir yöndən, heç bir şəkildə] batil gələ bilməz [heç bir əlavə və çıxarılma edilə bilməz. Çünki] O, kainatın həmd etdiyi hökm və hikmət sahibi Allah tərəfindən endirilmişdir». [Fussilət, 41-42]

4- Peyğəmbərlərə inanmaq
Peyğəmbərlərin ilki Adəm əleyhissəlam və sonuncusu bizim Peyğəmbərimiz Muhammed əleyhissəlamdır. Bu ikisinin arasında çox Peyğəmbər gəlib keçmişdir. Sayı müəyyən deyil. 124 mindən çox olduğu sözü məşhurdur.

Peyğəmbərlərə iman etmək, aralarında heç bir fərq görməyib hamısının Allahu təala tərəfindən seçilmiş, sadiq, doğru sözlü olduğuna inanmaq deməkdir. Onlardan birinə inanmayan heç birinə inanmamış olar.

Adəm əleyhissəlamdan son Peyğəmbər Muhammed əleyhissəlama qədər bütün Peyğəmbərlər eyni imanı bildirmiş, ümmətlərindən eyni şeylərə iman etməyi istəmişdir. Yəhudilər Musa əleyhissəlama inanıb İsa əleyhissəlama və Muhammed əleyhissəlama inanmazlar. Xristianlar İsa əleyhissəlama inanıb Muhammed əleyhissəlama inanmazlar. Müsəlmanlar isə bütün Peyğəmbərlərə inanar, yəni qəbul edərlər.

Peyğəmbərlərin sifətləri bunlardır:
Əmanət [əmindir]
Sədaqət [hər işi doğrudur, yalan danışmaz]
Təbliğ [Dini əskiksiz bildirər]
Ədalət [hər işdə haqqı güdər]
İsmət [günah işlətməz]
Fətanət [çox ağıllı, anlayışlı, zəkalı]
Əmnül-əzl [Peyğəmbərlik əllərindən alınmaz.]

Allahu təala ilk insan və ilk Peyğəmbər olan Adəm əleyhissəlamdan bəri hər min ildə din sahibi yeni bir Rəsul vasitəsi ilə insanlara dinlər göndərmişdir. Onların vasitəçiliyi ilə insanların dünyada rahat və hüzur içində yaşamağını, axirətdə də sonsuz səadətə qovuşmaq yolunu bildirmişdir. Özləri ilə yeni bir din göndərilən Peyğəmbərlərə Rəsul deyilir. Rəsulların böyüklərinə üluləzm Peyğəmbərlər deyilir. Onlar Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhammed əleyhimussalatu vəssəlamdır.

Yeni bir din gətirməyib insanları daha əvvəlki dinə dəvət edən Peyğəmbərə Nəbi deyilir.

Peyğəmbər əfəndimizdən sonra heç bir Peyğəmbər gəlməyəcək. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Muhammed [əleyhissəlam] Allahın elçisi və Peyğəmbərlərin sonuncusudur». [Əhzab, 40]

5- Axirət gününə inanmaq
Hər bir kəs öldükdən sonra diriləcək, hesabdan sonra Cənnət və ya Cəhənnəmə gedəcək. Cənnət və Cəhənnəm hazırda vardır. İkisi də sonsuzdur. Müsəlmanlar Cənnətdə, kafirlər də Cəhənnəmdə əbədi qalacaq.

Qiyamətin nə vaxt qopacağı bildirilməmişdir. Lakin Peyğəmbər əfəndimiz qiyamətin bir çox əlamətlərini və başlanğıcını xəbər vermişdir:
Həzrəti Mehdi gələcək, İsa əleyhissəlam göydən enəcək, Dəccal çıxacaq. Yəcuc-Məcuc deyilən kəslər hər yeri qarışdıracaq. Günəş qərbdən çıxacaq. Böyük zəlzələlər olacaq. Din bilgisi unudulacaq, pis şeylər çoxalacaq.

6- Qədərə, xeyir və şərin Allahdan olduğuna inanmaq
İnsanlara gələn xeyir və şərin, fayda və zərərin hamısı Allahu təalanın təqdir etməsiylədir.

Qədər Allahu təalanın əzəli elmi ilə insanların və digər məxluqatın edəcəyi işləri bilməsi və istəməsidir. Bunun yaradılmasına qəza, ikisinə birdən qəza və qədər deyilir.

Hər şeyi və insanların yaxşı, pis hər işini Allahu təala yaratsa da, insanlara cüzi iradə vermişdir. İnsan cüzi iradəsindən istifadə edib yaxşı şeyin yaradılmasını istəsə, savab, pis şeyin yaradılmasını istəsə, günah qazanar. İnsan günah işləsə, cəzasını və savab işləsə, mükafatını görər. Yəni Allahu təala heç kimə zorla günah işlətməz.

İslamın şərtləri
1- Kəlmeyi-şəhadət gətirmək
[Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və rəsuluh] demək. Mənası budur:
«Mən şəhadət edirəm ki, [Yəni görmüş kimi bilirəm və bildirərəm ki] Allahdan başqa ilah yoxdur. Və yenə şəhadət edirəm ki, Muhammed əleyhissəlam Onun qulu və rəsuludur». [Rəsulullaha inanmaq demək Onun bildirdiklərinin hamısını qəbul edib inanmaq və hamısını bəyənmək deməkdir.]

2- Namaz qılmaq
Ağıllı, yetkin olmuş, yəni yetkinliyə çatmış hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq çox əhəmiyyətli bir fərzdir. Namaz dinin dirəyidir. Namaz qılmamaq ən böyük günahlardan biridir. Qılmayanın imanla ölməsi çox çətindir. Hədisi-şərifdə buyurulub:
«Namaz qılan qiyamətdə xilas olar, qılmayan pərişan olar». [Təbərani]

3- Zəkat vermək
Nisab miqdarı, yəni borclarını ödədikdən sonra alacağı ilə birlikdə əlində 96 qram dəyərində pul və ya ticarət malı olan şəxsin qırxda birini zəkat verməsi fərzdir. Meyvə və tarla məhsulunun da onda birini kasıba vermək fərzdir. Bu onda bir zəkata uşr deyilir.
«Zəkat verməyənə Allahu təala lənət edər». [Nəsai]

4- Oruc tutmaq
Ramazan ayında bir ay oruc tutmaq fərzdir. Tutmamaq böyük günahdır.

5- Həcc etmək
Məkkeyi-mükərrəmə şəhərinə gedib gələnə qədər geridə qoyduğu ailəsini dolandırmağa çatacaq qədər maldan çox qalan pulu ilə oraya gedib gələ bilən şəxsin ömründə bir dəfə Kəbəni təvaf edib Ərəfatda dayanması fərzdir.

“İnandım” demək bəs edirmi?
Sual:
Hədisi-şəriflərdə kəlmeyi-şəhadət gətirənin müsəlman olduğu deyilir. Bir şəxs inanmadan kəlmeyi-şəhadət söyləsə və ya inansa, ancaq əməntudakı əsaslara inanmasa, yenə müsəlmandırmı?

CAVAB
İman təsvir edilərkən dil və qəlb ilə ilə təsdiq deyilir. Qəlblə təsdiq etmədikcə müsəlman ola bilməz.

Kəlmeyi-şəhadət Allahu təalanın var və bir olduğuna, Ondan başqa ilah olmadığına və Muhammed əleyhissəlamın Allahın elçisi və son Peyğəmbəri olduğuna inanmaq və bildirdiklərinin hamısına inanıb, hamısını bəyənmək deməkdir. Yoxsa tarixi bir hadisəni danışırmış kimi, elə bir Peyğəmbərin var olduğunu demək deyil. “Mən o uca Peyğəmbərə və bildirdiklərinin hamısına iman etdim, hamısını bəyəndim, hamısı doğrudur, səhv olma ehtimalı yoxdur” deyə qəti inanmaq deməkdir. Bu səbəbdən əməntudakı bütün əsaslara inanmaq lazımdır. İnanmadıqca, hətta inanıb bəyənmədikcə yenə müsəlman ola bilməz. İmanın şərtlərinin birini qəbul etməyən və ya dindəki məşhur bir fərzi, bir sünnəni və ya bir haramı qəbul etməyən, bəyənməyən də müsəlman ola bilməz. İslamiyyəti bir bütün olaraq qəbul etmək və bəyənmək lazımdır.

Hədisi-şərifləri islam alimlərinin şərhi olmadan oxuyub anlamağa çalışmaq təhlükəlidir, insanı küfrə qədər aparar. Məsələn, aşağıdakı hədisi-şərifi yuxarıdakı şərhlərin daxilində anlamaq lazımdır:
«Rəbb olaraq Allahu təalaya, din olaraq islama, [son] Rəsul olaraq Muhammed əleyhissəlama [Onun bildirdiklərinin hamısına] inanıb razı olan, bəyənən şəxs [müsəlmandır və o, imanla ölsə] Cənnəti qazanar». [Müslim, Nəsai]