Facebook Twitter WhatsApp

Dində asanlıq və şalvar geyinmək

Sual: “Allah sizə çətinlik yükləməmişdir” ayəti-kəriməsinə görə rahat olduğu üçün qadınların şalvar geyinməsinin caiz olacağı məlum olurmu?

CAVAB

Sizin və bizim kimilərin bir ayəti-kəriməyə məna verməsi caiz deyildir. Qadının şalvar geyinməməsinin çətinliklə nə əlaqəsi vardır? Oxşamaq niyyəti olmasa da kişinin boyunbağı, qoluna qolbaq və qulağına sırğa taxması qadınlara bənzəmək sayılır və bu da caiz deyildir. Qadının da oxşamaq niyyəti olmasa belə, şalvar geyinməsi caiz deyil.
“Dində asanlıq vardır” deyib, bilərəkdən və ya bilməyərəkdən dində yeniliklər etməyə cəhd edənlər çıxır. Dinimizdə ifrat və təfritin, yəni həddi aşmanın yeri yoxdur. Dinimiz orta yolda olmağı əmr edir. Hədisi-şərifdə buyuruldu ki:

“İşlərin xeyirlisi vəsət olanıdır.” [Beyhəqı]
[Vəsət - ifrat və təfritdən uzaq, orta yol deməkdir. İfrat normadan çox, təfrit normadan az deməkdir. Məsələn, çox yatmaq ifrat, çox az yatmaq təfritdir.]

İfrata qaçaraq gücünün çatmadığı şəkildə ibadət etməyə çalışmaq, məsələn, gecələr heç yatmadan namaz qılmaq, gündüzlər daim oruc tutmaq, xanımından uzaq qalmaq ət, süd, şirniyyat kimi şeyləri heç yeməmək yaxşı müsəlman olmaq demək deyil.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Asan bir din ilə göndərildim. Dinimizdə ruhbanlıq yoxdur. Ət yeyin, xanımlarınızla mübaşirət edin! Həm [nafilə] oruc tutun, həm də tutmadığınız günlər də olsun! Həm [nafilə] namaz qılın, həm də yatın! Mən bunlarla əmr olundum.” [Tabərani]

Din asanlıqdır. Dində ifrata varanları din məğlub edər.” [Nəsai]
Demək ki, yeyib-içmədən, yatmadan ibadət etmək çətindir.

Günümüzdə ifrata varanlar azdır və ya heç yoxdur. Lakin təfritə gedənlər çoxdur. “Dində asanlıq var” və ya “Asan olanı edirəm” deyərək dini pozmağa çalışanlar çoxdur.

Bir neçə nümunə:
Ayağa məst geyilib üstünə məsh çəkmək olar deyərək, dırnaqlara boya vurub üstünə məsh çəkmək, yaxud da indiki neylon corablara məsh çəkmək caiz deyil. Coraba məsh çəkmək rahat olsa belə, dinin əmri dəyişmiş olur və ibadət səhih olmaz.

Su tapılmadığı vaxt təyəmmüm etmək fərzdir. Lakin dində islahatçıların dediyi kimi su kəsiləndə dərhal təyəmmüm edin demək dində asanlıq deyil, dini dəyişdirməkdir. Ramazan yay aylarına düşərkən oruc tutmayıb, qış aylarına saxlamaq dini dəyişdirmək sayılır.

“Dində asanlıq var” deyərək namazları vaxtında qılmayıb hamısını gecə yatarkən qılmaq da dini dəyişdirmək sayılır. “Dində çətinlik yoxdur, asanlıq vardır” demək, “Dinimizin verdiyi rüxsətlərdən faydalanın” deməkdir. Yoxsa ki, “Hər kəs bəyəndiyi işi görsün, bəyənmədiyini etməsin, ibadətləri öz istəyinə uyğun dəyişdirsin, kişi qadın paltarı, qadın isə kişi paltarı geyinsin” demək deyildir. Heç kimin dində kiçik dəyişiklik etmək səlahiyyəti yoxdur.
Qurani-kərimdə də məalən: “Dinlərini oyuncaq və əyləncəyə çevirən şəxsləri tərk et” buyurulmuşdur. [Ənam 70]


Sual: Qadınların qadın şalvarı geyinməsi haramdırmı?

CAVAB

Peyğəmbər əfəndimiz buyurur ki:

“Qadın paltarı geyinən kişiyə, kişi paltarı geyinən qadına lənət olsun!” [Hakim]
“Kişiyə bənzəməyə çalışan qadın, qadına bənzəməyə çalışan kişi bizdən deyildir.” [İ.Əhməd]
“Qadın kimi davranan kişiyə, kişi kimi davranan qadına lənət olsun!” [Buxari]
“Kişilərə bənzəyən qadınlara və qadınlara bənzəyən kişilərə Allah lənət etsin!” [Tabərani]

Bənzəmək niyyəti olmasa belə, kişinin boyunbağı, qoluna bilərzik və qulağına sırğa taxması qadınlara bənzəmək sayılır və caiz deyildir. Qadının da bənzəmək niyyəti olmasa belə, şalvar geyinməsi caiz deyil. Şalvar kişi geyimidir.

Səadəti-Əbədiyyə kitabında deyilir ki:

“Tərgib-üs-salətdəki hədisi-şərifdə “Örtülü olan çılpaqlara və kişi kimi geyinən qadınlara və qadın kimi geyinən, bəzənən kişilərə lənət olsun” buyurulur. Dar şalvar kişilərə də caiz deyil. Çünki qaba yerləri kənardan bəlli olur. Bundan əlavə qadınların şalvar geyinməsi əvvəllər də, indi də İslam adəti deyildir. Dinsizlərdən, İslam təsəttürünü bilməyənlərdən gəlir. Haramlar yayılsa, yerləşsələr də İslam adəti ola bilməz. Hədisi-şərifdə kafirlərə bənzəyənin onlardan olacağı bildirilmişdir. Şalvar mantonun altına geyilsə də, manto şalvarı bildirməyəcək qədər dizləri örtməlidir.”

Hədisi-şərifdə örtülü olan çılpaq ifadəsi keçir. Tayt geyinənlər örtülüdürmü? Alt paltarlar bəlli olur. Qaba yerləri kənardan aydın görününür. Şalvar da belədir. Hədisi-şərifdə buyurulur ki:

“Övrət yerlərini açanlara və başqasının övrət yerinə baxanlara Allah lənət etsin!” [Beyhəqı]

Sual: “ Təsəttür mövzusunda əvvəlcə nə qədərini edə biləcəyinizlə başlayın. Sonra da zamanla daha yaxşısını etmək olar. İşə ən mükəmməlindən başlamaq lazım deyil. Qadınlar şalvar geyinə bilməz deyə bir qanun yoxdur. Qadınlar arxa qabalarını göstərəcək dərəcədə dar şalvar geyinməməli, bədən cizgiləri bəlli olacaq şəkildə görüntü verməməlidir. Beləliklə, şalvar kişi geyimi olmaqdan çıxar və qadın geyiminə çevrilər. Bəyəndiyiniz baş örtünü də taxın. Onları gələcəkdə istədiyiniz kimi dəyişdirə bilərsiniz. Çünkü Allah rəsulu “Asanlaşdırın, çətinləşdirməyin” buyurur” deyilir.

Bu xüsusda açıqlama verə bilərsinizmi?

CAVAB

Şalvar kişi geyimidir. Geniş geyinməklə şalvar qadın geyimi sayılmır. Kişinin qadına, qadının da kişiyə hər nə formada olursa-olsun bənzəməyə çalışması caiz deyildir. Məsələn, kişilərin boyunbağı, qolbaq, sırğa taxması qadınlara bənzəmək kimi olur. Şalvar geyinmək, kişi kimi təraş etmək də kişilərə bənzəmək sayılır. Üç hədisi-şərif məalı:

“Qadın paltarı geyinən kişiyə, kişi paltarı geyinən qadına lənət olsun!” [Hakim]
“Qadın kimi davranan kişiyə, kişi kimi davranan qadına lənət olsun!” [Buxari]
“Özünü kişiyə bənzədən qadın Cənnətə girməz.” [Tabərani]


Peyğəmbər əfəndimiz kişi cildinə girib mizraq tutan bir qadını görəndə “Kişiyə bənzəməyə çalışan qadına, qadına bənzəməyə çalışan kişiyə lənət olsun” buyurdu. Əl və ayaqlarına xına qoyub qadınlara bənzəməyə çalışan birini sürgün etdi. [Tabərani, Əbu Davud]

Dinimiz bu məsələnin vacibliyini bildirərkən, vaxtı gələndə daha yaxşısını edə bilərsiniz demək yanlışdır. Bizim vəzifəmiz dinin əmrini olduğu kimi bildirməkdir. Nə qədər bacara bilsələr o qədər riayət edərlər. Tam edərlər, yarım edərlər və ya heç etməzlər. Namaz qılmağa yeni başlayan bir insana “Beş vaxtın hamısını qılmaq lazım deyil, hələlik gündə bir vaxt da qılsan olar, vaxtı gələndə daha yaxşısını edərsən” deyilərmi? Guya bu ümmətə dinin sahibindən daha çox mərhəmət göstərmək rəhmanidir, yoxsa şeytanidir?

S. Əbədiyyədə “Şalvar mantonun altından geyilsə də, manto şalvar yoxmuş kimi dizləri örtməlidir” deməsi şalvar geyinməyə icazə vermək demək deyildir. Şalvar geyinməyi tələb edən şərtlər varsa, heç olmasa belə geyinmək olar deməkdir. Belə geyiləndə şalvar kişi paltarı olmaqdan çıxmaz, lakin görünmədiyi üçün geyinmək caizdir. Qızıl üzüyü gümüşlə örtdükdə qızıl görünmədiyi üçün ondan istifadənin caiz olması kimidir. İnsanın “Kişi paltarı qadın paltarına çevrilir” deməsi çox yanlışdır. Kişi müalicə niyyəti ilə qolbaq, boyunbağı taxarsa, bunlar qadın zinəti olmaqdan çıxmaz, lakin müalicə məqsədi olduğu üçün caizdir. Asanlaşdırın, çətinləşdirməyin demək, rahat olanı edin, dini istədiyiniz kimi dəyişdirin demək deyildir. Dinimizin icazə verdiyi rüsxətlərdən faydalanın, həddi aşmayın, fitnəyə səbəb olmayın deməkdir. Əks halda “Hamı bəyəndiyi işləri etsin, bəyənmədiyi işləri etməsin, ibadətləri istəyinə görə dəyişdirsin” demək deyil. Rahatlığın ölçüsü nədir? Bir insana asan gələn, başqasına çətin gələ bilər. Hər insana görə dini dəyişdirmək lazım olsaydı, bu zaman dinə nə ehtiyac olardı. Dini əmirlər və qadağalar niyə bildirildi. Allah eləməsin, dinin qaydaları gərəksiz yerə bildirildimi? Sadəcə mənə asan gəldiyi üçün dində kiçik bir dəyişiklik etmək dini dəyişdirmək olar.

Elmihalda “Şalvar çox geniş olduğu üçün adət olan yerlərdə qadınlar üçün yaxşı bir örtü olsa da, adət olmayan yerlərdə fitnəyə səbəb olursa, istifadəsi caiz deyil” deyilir. Deməli, həm dinin əmrinə tabe olmalı, həm də fitnə çıxarmaqdan uzaq durmalıyıq.

Qız uşağı və şalvar
Sual: Yeddi yaşından kiçik olan qızların evdə şalvar geyinməsi caizdirmi?

CAVAB

Bəli.

Evdə idman şalvarı geyinmək

Sual: Qadınlar evdə şalvar geyinə bilərmi?

CAVAB

Şalvar kişi geyimidir. Evdə də geyinmək olmaz, üstündə ətək olarsa, şalvar geyinmək olar. [Evdə geniş, bədən cizgilərini bəlli etməyən pijama, idman şalvarı geyinmək olar.]

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину