Sual Çimərlikdə, hamamda, spada “Hamımız kişiyik və ya hamımız qadınıq” deyərək, kişi kişilərin yanında, qadın da qadınların yanında çılpaq gəzir. Bu günah deyilmi?
Nur surəsinin “Ey Rəsulum, möminlərə söylə, harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar” məalındakı 31-ci ayətində bildirilən övrət yerləri haralarıdır?
CAVAB
Baxmaq haram olan yerə övrət yeri deyilir. Hənəfi və Şafii məzhəbində kişinin övrət yeri göbək ilə diz arasıdır. Maliki və Hənbəli məzhəbində isə yalnız səvəteyn, yəni ancaq ön və arxa hissədir. Qadınların bir-birinə övrət yeri, kişinin kişiyə övrət yeri kimidir. Müsəlman qadınların qeyri-müsəlman və fasiq qadınlar ilə dinsiz əmi və dayının yanında örtünmələri üç məzhəbdə fərz, Hənbəli məzhəbində caizdir. Hənbəli məzhəbinin fərqli tərəfi belədir:
Kişinin kişiyə övrət yeri, diz ilə göbək arası deyil, yalnız səvəteyn, yəni iki qaba övrət hissəsidir. Qadının qadına övrət yeri digər məzhəblərdə olduğu kimi diz ilə göbək arasıdır. Lakin digər məzhəblərdən fərqli olaraq, qeyri-müsəlman qadınlara da göbək ilə diz arası xaric, başqa yerlərini göstərməsi caizdir. Digər üç məzhəbdə caiz deyil. Zərurət olanda qapalı qadınlar Hənbəli məzhəbini təqlid edərək açıq qadınların yanında başlarını və qollarını aça bilərlər.
Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq böyük günahdır. Hamama, spaya, çimərliyə gedən şəxsin diz ilə göbək arasını və dizlərini də örtməsi lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Kişinin göbək ilə dizləri övrətdir.” [Əbu Davud]
“Bud övrət yeridir.” [Buxari, Əbu Davud, Tirmizi]
“Yerlərin ən pisi hamamdır. Orada səslər yüksəlir, övrətlər açılır. Müalicə və ya kirdən təmizlənmək üçün girəcək olan örtülü girsin.” [Tabərani]
“Allahu təalaya və axirətə inanan hamama dəsmal ilə örtülü girsin!” [Nəsai]
“Kişi kişinin, qadın qadının övrət yerinə baxması halal deyil.” [Müslim]
“Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]
“Din qardaşının övrət yerinə qəsdən baxanın qırx gecəlik namazı qəbul olmaz.” [İ. Asakir]
Evdə heç kim olmayanda çılpaq qalmaq da günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yalnız olarkən də övrət yerinizi açmayın! Çünki yanınızda heç ayrılmayanlar [hafəzə mələkləri] vardır. Onlardan utanın və onlara hörmət edin.” [Əşiat-ül-ləməat]
“Övrət yerlərinizi örtün! Yalnız olarkən də Allahu təaladan həya edin!” [Tirmizi]
“Allahu təala həyanı və örtünməni sevər. Öna görə də yuyunarkən övrət yerinizi örtün.” [Əbu Davud]
“Gecə qüsl alarkən övrət yerini açmaqdan çəkinin. Əgər çəkinməyən olarsa, onda dəlilik əlaməti görülərsə, özündən başqasını günahlandırmasın.” [Hakim]
Örtülü də olsa qadına şəhvətlə baxmaq günahdır. Qadının kişiyə baxması da günahdır. Ümmi-Sələmə validəmiz deyir: Rəsulullahın yanında olarkən hər iki gözü görməyən İbni Ümmi Məktum icazə istəyib içəri daxil oldu. Rəsulullah bizə “İçəri girin” buyurdu. “O, kor deyilmi, bizi görməz” dedim. “ O, sizi görmürsə, siz də onu görmürsünüzmü?” buyurdu. [Tirmizi, Əbu Davud]
Sual: Qadınlar bir arada olanda təsəttürə və sətri-övrətə fikir verilmir. Bəziləri bunun günah olmadığını zənn edir. Bunlar günah deyilmi? Bir qadın başqa qadının harasına baxa bilməz?
CAVAB
İmam Rəbbani həzrətləri salihə bir xanıma yazdığı məktubda buyurur ki:
Qəlb gözə tabedir. Gözlər haramdan çəkinməzsə, qəlbi qorumaq çətin olar. Bu halda imanı olanların haram işləməməsi lazımdır. Kişilərin homoseksual olması haram olduğu kimi qadınların da homoseksual olması haramdır. Qadının da hansısa bir qadına şəhvətlə toxunması və baxması haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qadının qadına yaxınlaşması [lezbiyanizm, safizm] zinadır.” [Tabərani]
“Kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır.” [Beyhəqı]
“Axır zamanda homoseksual üç hissəyə ayrılar: Bir hissə danışmaq və baxmaqla, digəri əl sıxmaq və qucaqlaşmaqla kifayətlənər. Bir hissə də həqiqətən bu işi edər. Allah onlara lənət etsin! Allahu təala tövbə edənin tövbəsini qəbul edər.” [Deyləmi]
Qadın qadına şəhvətlə baxa və toxuna bilməz, ərindən başqasına kişi və ya qadın kim olursa-olsun yadlar üçün bəzənə bilməz. Hədisi-şərifdə buyuruldu ki:
“Bir qadın vurduğu ətrin qoxusunu yaymaq üçün cəmiyyət içindən keçərsə, həm o, həm də baxanlar [bir növ] zina etmiş olar.” [Nəsai]
Kişi ilə qadın ayrı cinsdən olduğu üçün onların bir araya gəlməsi nisbətən çətindir. Qadının qadına yaxınlaşması isə daha asandır. Buna görə də qadının qadına baxması və toxunması, kişinin qadına və qadının kişiyə baxmasından daha pis ola bilər. Kişinin kişiyə və qadının qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Bir qadın başqa bir qadının göbək ilə diz arasına baxa bilməz. Zərurətsiz baxarsa, haram işləmiş olar. Qadının yad kişi üçün övrət yeri əl və üzündən başqa bütün bədənidir. Başqasının övrət yerinə lazım olmadan, şəhvətsiz baxmaq da haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Kişi kişinin, qadın qadının övrət yerinə baxa bilməz, halal deyildir.” [Əbdürrəzzaq]
“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır. [Tabərani]
В корзине: 0 шт.
на сумму: 0