Facebook Twitter WhatsApp

Əbu Talha

Rəsulullahın fədaisidir.

İslam Günəşi Məkkədə parlayarkən Əbu Talha 20 yaşlarında cavan idi…

Mədinənin zadəgan və zəngin ailələrindən birinə mənsub idi. Hər gecə evlərində əyləncə və içki yığıncaqları keçirilirdi. Zənginliyi sayəsində bütün dünya nemətlərini dadmaq istəyirdi…

Ən pisi də bir çox zadəgan yoldaşları kimi bütə tapınırdı…

Ətrafında saysız qadın və qız gəzirdi. Ancaq o, yalnız biriylə evlənmək istədi və xəbər göndərdi.

Evlənmə təklifi etdi.

Ümmü Süleym adlı bu xanımın əri yeni ölmüşdü.  Bu cavabı verdi:

— Yetim oğlum böyüyənə qədər, evlənməyi düşünmürəm.

Ümmü Süləym kasıb olduğu halda kiçik oğlunu ögey ata əlinə buraxmaq istəmirdi.

Əbu Talda çarəsiz qalıb gözləyəcəkdi!…

Evlənməyim mümkün deyil

Xeyli zaman sonra şəxsən özü getdi. Nəzakətli şəkildə təkrar evlənmək təklifi etdi:

— Oğlun artıq böyüyüb, Ey Ümmü Süləym!.. Qərarını verməlisən, dedi.

Onun niyyətinin yaxşı olduğunu anlayan ağıllı qadın  başqa bir şeydən narahat idi. Açıq danışmağı uyğun gördü:

— Ya Əbu Talha! Çox təəssüf ki, səninlə evlənməyim mümkün deyil.

Nəccar Oğulları Qəbiləsinin bu ən igid, ən zəngin və ən yaraşıqlı cavanı heyrətlə soruşdu:

— Nə üçün?

— Çünki sən müşriksən. Bütlərə tapınırsan.

Əbu Talhanın heyrəti artdı:

— Bütlərimiz sənə bir zərərmi verdilər? deyə soruşdu.  Ümmü Süləym, çox sakit:

— Onlar kimsəyə nə zərər verə bilər, nə də fayda!.. dedi və davam etdi:

— Çünki sən də bilirsən ki, taxta bütlərinizi, aşağı məhəllədəki dülgər kölələriniz hazırlayır! Daş və torpaq bütlərinizi də yuxarı məhəllədəki kölələriniz hazırlayırlar.

Əbu Talha gözlərini açmış, evlənmək istədiyi qadını dinləyirdi. O, sözlərini belə tamamladı:

— Tapındığınız bütləri oda atsan yanarlar! Qayaya vursan dağılarlar, toz olarlar! Sənin kimi zadəgan bir əfəndinin işə yaramaz oyuncaqlara səcdə etməsi, yaraşarmı?

Bir az düşünüm…

            Ağıllı Mədinəli nə deyəcəyini bilmədi, yalnız soruşdu:

— Yaxşı sən nələrə inanırsan? Necə düşünürsən?

Qadın, cavab verdi:

— Səni, məni, yeri, göyü yaradan, yaşadan və öldürən Allah birdir və böyükdür.  Muhamməd əleyhissəlam Onun qulu və  elçisidir.  Bax mənim inandığım budur.

Zəngin cavanın ağlı qarışdı:

— Bir az düşünmək istəyirəm, deyə bildi.

Tək başına qaldığı vaxt həqiqətən uzun-uzun düşündü. Sonra təkrar Ümmü Süləymin yanına getdi.

— Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən  abdühu və Rəsuluh, deyərək, Kəlmeyi-şəhadət gətirdi.  Müsəlmanlıq şərəfinə qovuşdu.

Əbu Talha kəlmeyi-şəhadət gətirib Müsəlman olanda o möminə xanım da:

— Ey Əbu Talha! İndi səninlə, heç bir qarşılıq istəmədən evlənməyə razıyam, dedi.

Ümmü Süləym həqiqətən sevincli idi. Çünki bir insanı, həm də əri olacaq bir insanı  yanlış fikirlərdən xilas etmişdi. Ancaq Müsəlman olduqdan sonra Əbu Talha həzrətləri o yaxşı qəlbli xanımla evlənə bildi.  Beləcə dünya və axirət səadətinə qovuşmuşdu.

Bu sıralarda sevgili Peyğəmbərimiz Allahın əmri ilə Mədinəyə hicrət etdilər. Bu şərəfə nail olan Mədinə xalqı Mühacirlərin, köç edənlərin ehtiyaclarını təmin edirdi.

Xahiş edirik qəbul buyurun

Həzrəti Əbu Talha və möhtərəm xanımı da Peyğəmbər əfəndimizin hüzuruna gəldilər.

— Ya Rəsulallah, biz də sizə bu kiçik oğlumuzu hədiyyə edirik. Lütfən qəbul və dua edin.  İnşallah sizə xidmətdə qüsur etməz, dedilər.

Bu kiçik oğul Ənəs idi.

Əfəndimizin məmnun olduqları gözlərindən aydın olurdu. Kiçik Ənəsi öz tərbiyələrinə  aldılar.  Bunun sayəsində  Əbu Talhanın ögey oğlu böyük bir şərəfə nail oldu.

Cənabı Haqq bir müddət sonra onlara yeni bir oğul verdi.  Yeni körpə evlərinə sevinc gətirmişdi. Çünki, artıq Sevgili Peyğəmbərimiz də tez-tez onlara baş çəkirdi. Hal-əhvallarını xəbər alır, camaatla namaz qıldırırdılar.

Çox təəssüf ki, uşaq bir gün xəstələndi.  Az sonra da vəfat etdi. O sırada Həzrəti Əbu Talha evdə yox idi.  Ümmü Süləym övladını yudu, kəfənlədi.  Üstünə təmiz bir  parça örtdü.

Ev xalqına:

— Atası gəldiyi vaxt, siz bir şey söyləməyin, deyə xəbərdarlıq etdi.

Axşam olanda Əbu Talha evə qayıtdı. Hər zamankı kimi yanında yoldaşları var idi.  Salam verdi və soruşdu:

— Oğlum necədir?

Xanımı:

— O indi, daha sakit və daha dinc bir haldadır, dedi. Sonra əfəndisinə və qonaqlara hazırladığı yeməkləri ikram etdi.

Xeyirdir inşallah

Hamısı nuşcanlıqla yedilər, içdilər. Heç bir şeydən xəbərləri olmadı.

Qonaqlar gec getdilər.  Ancaq o vaxt xanımı danışdı:

— Ey Əbu Talha! Aşağı xurmalıqdakı qonşularımız əmanət bir şey almışdılar. Bir müddət faydalanmışdılar. Lakin, sahibi əmanəti geri istəyincə etiraz etmişlər.

— Nə demişlər?

— Daha zamanı gəlmədi! Nə tez istəyirsən kimi şeylər!

— İnsafsızlıq etmişlər doğrusu!

— Bəli elədir.  İnşallah biz etmərik.

— Xeyirdir inşallah! Bir şeymi oldu?

— Bəli…

— Nə oldu?

— Cənabı Haqq da bizdəki əmanətini geri istədi, deyincə əri  dərhal anladı.

— Oğlumuz öldümü yoxsa, deyə soruşdu:

— Allah sənə ömürlər versin…

Əbu Talha ilk oğlunun ölüm xəbərinə sarsıldı.  Ancaq, buna baxmayaraq:

— İnna lillah və inna ileyhi raciun “Biz hamımız Allahın qullarıyıq və ancaq Ona  dönənlərik…” mənasını verən ayəti-kəriməni oxudu.  Haqqın əmrinə razı olub səbr etdi…

O günlərdə Müsəlmanlar maddi çətinlik çəkirdilər.  Həzrəti Əbu Talha xanımına:

— Ey Ümmü Süləym!  Evdə yemək varmı, deyə soruşdu.  Xanımı da:

— Bəli. Nə edəcəksən, dedi.

— Rəsulullah əfəndimizin mübarək səslərində zəiflik və aclıq hiss edirəm. Göndərə bilərikmi?

Həzrəti Ümmü Süləym dərhal bir neçə arpa çörəyini parçaya bükdü. Oğlu Həzrəti Ənəsə verib göndərdi.

Bəli ya Rəsulullah

Sevgili Peyğəmbərimiz Məsciddə yoldaşlarıyla idilər. Çörəklərlə Həzrəti Ənəsi görəndə:

— Səni Əbu Talha göndərdi?

— Bəli əfəndimiz…

— Əlində çörək var?

— Bəli, ya Rəsulallah.

Bunun üzərinə sevgili Peyğəmbərimiz yoldaşlarına:

Qalxın! Əbu Talhanın evinə gedirik, buyurdular.

Bunu eşidən Həzrəti Ənəs önlərindən getdilər. Doğru evə gəlib atasına məsələni bildirdi. O da:

— Ya Ümmə Süləym!.. Peyğəmbər əfəndimiz bütün camaatıyla birlikdə yeməyə təşrif edirlərmiş.  İndi nə edəcəyik! Evdəki yemək hamısına çatacaqmı, deyə təlaşlandı.

Xanımı çox sakit:

— Allahu təala və Peyğəmbərləri daha yaxşı bilirlər. Sən təlaş etmə, dedi.

Həqiqətən o gün, iki dünya Sultanı və bütün yoldaşları, Əbu Talha həzrətlərinin evində doydular. Bu hadisə şübhəsiz Həzrəti Rəsulullahın möcüzəsi və ev sahiblərinin təvəkkülü sayəsində həyata keçmişdi.

Günlər sürətlə keçib gedirdi.

Hərb və sülh zamanlarında Həzrəti Əbu Talha sevgili Peyğəmbərimizdən heç ayrılmadı. Ən kiçik işarələrini belə  yerinə yetirmək üçün canla-başla çalışırdı.

Başda böyük Bədir hərbi olmaq üzrə bütün döyüşlərdə hər şeyini, xüsusilə Hunəyn hərbində varını Allahu təala və Rəsulu uğrunda fəda etdi. 

Yüz adamdan xeyirlidir

O gün Peyğəmbər əfəndimiz buyurdular ki:

— Kim bir düşməni öldürsə, düşmənin üzərində nəyi varsa O qaziyə aid olacaqdır.  Qənimətə daxil edilməyəcəkdir.

O döyüşdə Həzrəti Əbu Talha tək başına iyirmidən çox  müşrik öldürdü.  Üzərlərində olan  bütün əşyaları yığdı. Tək bir qılınc belə almadan hamısını Peyğəmbər əfəndimizin önlərinə qoydu.

Onun tək istəyi yalnız Allahu təalanın və Rəsulullahın razılıqları idi.

Sevgili Peyğəmbərimiz:

— Əsgərlərin içərisində Əbu Talhanın səsi 100 adamdan xeyirlidir, buyurmuşdurlar.

Sevgili Peyğəmbərimizin vəfatlarından sonra Mədinədə qala bilmədi. Şam tərəflərinə getdi. Ancaq Həzrəti Ömərin son zamanlarında  ata ocağına qayıtdı.

70 yaşlarında Haqqın rəhmətinə, sevdiklərinə qovuşdu.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину