Facebook Twitter WhatsApp

Əbüddərda

Qazılıq edən səhabələrdəndir.

Əbüddərda həzrətləri Bədir səfəri əsnasında Müsəlman oldu. Əvvəllər bütə tapınardı. Bir gün Əbüddərdanın ana bir qardaşı Abdullah ibn Rəvaha ilə Muhamməd ibn Məsləmə, Əbüddərdanın evdə olmadığı bir vaxtda evinə girərək bütünü qırdılar.

Niyə mane ola bilmədin?

Əbüddərda evə qayıdanda həm bütün qırıqlarını yığır, həm də bütə deyirdi ki:

—  Təəssüflər olsun sənə! Niyə səni qıranlara mane olmadın? Onları niyə üzərindən dəf edə bilmədin?

Zövcəsi  Ümmüddərda dedi ki:

—  Əgər o, bir kimsəyə xeyir verə bilsəydi və ya gələcək bir zərəri önləyə bilsəydi, özünə gələn zərəri önləyərdi!

Əbüddərda bunun üzərinə, “Qüsl almaq üçün mənə su hazırla!” dedi. Yuyundu və paltarını geydikdən sonra Peyğəmbərimizin yanına getmək üçün yola çıxdı.

Əbüddərda gələrkən Abdullah ibn Rəvaha Peyğəmbərimizin yanında idi. Dedi ki:

—  Ya Rəsulallah! Bu gələn Əbüddərdadır. Mən onun bizi görmək üçün gəldiyini zənn etmirəm!

— O, Müsəlman olmaq üçün gəlir. Çünki, Rəbbim Əbüddərdanın Müsəlman olacağını mənə vəd etdi!

Əbüddərda Rəsulullah əfəndimizin hüzurunda Müsəlman oldu. Əbüddərdanın ev xalqı isə özündən əvvəl Müsəlman olmuşdu.

O Müsəlman olmadan əvvəl Bədir döyüşü baş vermişdi. Ühüd döyüşündə və digər müharibələrin hamısında iştirak etdi. Ühüd döyüşündə göstərdiyi cəsarət və qəhrəmanlığı çox diqqəti çəkmiş, Peyğəmbərimiz onun üçün, “Nə mükəmməl süvaridir” buyuraraq mədh etmişdir.

Əbüddərda Peyğəmbərimizin zamanında Quranı-Kərimi tamamilə əzbərləmişdir. Ayəti-kərimələrin çoxunun təfsirini şəxsən Peyğəmbər əfəndimizdən soruşaraq öyrənmişdir.

Elm öyrətməklə məşğul oldu

Əbüddərda Peyğəmbərimizin vəfatından sonra Mədinədə qalmağa dözə bilməmişdi. Həzrəti Əbu Bəkirin zamanında Yərmuq döyüşündə ordu qazısı olaraq iştirak etmişdi. İslam tarixində ilk dəfə ordu qazılığı edən o olmuşdur. Həzrəti Ömər dövründə icazə istəyərək Şama getmiş, orada Qurani-Kərim və elm öyrətməklə məşğul olmuşdur.

Şamda Məscidi-Kəbirdə verdiyi bu dərslərinə çox sayda tələbə iştirak edirdi. Tələbələrinə on nəfərlik qrup halında dərs verərdi. Hər dərs halqasını ayrı-ayrı idarə edərdi. Bir dəfə tələbələri sayıldığı zaman təqribən min altı yüz nəfər olduqları görülmüşdür. Bu dərslərə Əshabi-kiramdan da qatılanlar olmuşdur. Əbüddərda, həmçinin həkimlik elmini də bilirdi. Xəstələrini müalicə edir, lazımı dərmanları düzəldərdi.

Şama vali təyin edilən Həzrəti Müaviyə xəlifədən bir qazı istəmişdi. Həzrəti Ömər də “Bu vəzifəni ən yaxşı Əbüddərda icra edər” buyuraraq vəzifənin ona verilməsini əmr etdi. Bu vəzifəsi əsnasında da elm yaymağa davam etmişdir.

Bir gün Əbüddərda həzrətlərinə bir adam gələrək dedi ki:

—  Ya Əbüddərda! Mənim ciddi bir xəstəliyim var. Bunun müalicəsində mənə köməkçi ol!

—  Xəstəliyin nədir?

— Mənim ürəyimdə dünyaya qarşı həddindən artıq sevgi var. Dünya sanki ürəyimi işğal etmişdir. Qıldığım namazlarda nur görə bilmirəm. İbadətlərimdən bir dad, ləzzət ala bilmirəm.

— Ey adam, sənin xəstəliyin, xəstəliklərin ən böyüyüdür. Bunu dərhal müalicə etməlisən! Yoxsa, Allah qorusun imanını da itirə bilərsən!

— Ya Əbüddərda, nə olar məni bu xəstəlikdən xilas et!

Xəstə ziyarətinə get

Əbüddərda həzrətləri bu kimsəyə bu nəsihəti etdi:

— Tez-tez xəstə ziyarətinə get! Cənazə namazlarında iştirak et! Qəbirləri ziyarət et! Bu üç şeyi müntəzəm etsən bu xəstəlikdən xilas olarsan. Səndəki dünya sevgisi yox olar, ürəyin nurlanar, bəsirət gözün açılar.

Bu adam bildirilən üç şeyə bir müddət davam etdi, lakin öz halında hər hansı bir dəyişiklik hiss etmədi. Kədərli bir şəkildə təkrar Əbüddərda həzrətlərinə gedib dedi ki:

—  Ey Əbüddərda! Tövsiyələrini eynilə yerinə yetirdim. Ancaq özümdə heç bir dəyişiklik görmürəm. Nə olar məni bu xəstəlikdən xilas et!

Əbüddərda həzrətləri belə buyurdu:

— Elə isə sən cənazəyə bir heyvan ölüsünə gedər kimi getmisən! İndi söyləyəcəklərimi yaxşı dinlə! Xəstə ziyarətlərində getdiyin vaxt bir gün sənin də onun kimi zəif, halsız, yatağa uzanmış olacağını düşün! Bir qurtum suyu belə əlinə alıb içə bilməyəcək, başqalarının köməyi ilə içə biləcəksən!

Bütün bu həqiqətlərə baxmayaraq hələ dünyaya bağlılığının məqsədin nədir? Görürsən ki, dünya zənginliyi insanın bu hala gəlməsinə mane ola bilməməkdədir. Bunları, xəstənin yanında düşün və nəfsinə belə de:

“Bunun halına bax, ibrət al! Sənin də sonun budur! O halda dünya məhəbbətindən əlini çək!”

Cənazə namazına getdiyin zaman düşün ki, bu kimsəni, bütün dünya nemətlərindən ayırmışlar, tabutun içinə qoyub musalla daşının üzərinə qoymuşlar. Yaxınları, çox sevdiyi və bütün ömrünü həsr etdiyi uşaqları onu kənardan seyr edirlər.

Xəstəlikdən xilas oldu

Qəbiristanlığa çatdığın zaman qəbirdə yatanların halını düşün! Bir gün sən də onlar kimi olacaqsan. Zərif bədənin çürüyüb böcəklərə yem olacaq.

Ey adam, bax bu üç şeyi edərkən bunları düşünüb özünü bunların yerinə qoysan, qısa vaxtda bu təhlükəli xəstəlikdən xilas olarsan.

O adam bu nəsihətlərə eynilə uydu. Qısa zamanda bu xəstəlikdən xilas oldu. Dünyadan iyrənməyə başladı. Ürəyi nurlandı, bəsirət gözü açıldı. Haqqı batildən ayırdı. Bundan sonra bütün ömrünü axirəti düşünərək ona hazırlanmaqla keçirdi.

Əbüddərda həzrətlərini gördüyü zaman dedi ki:

—  Allah səndən razı olsun! Qəlb gözümün açılmasına, həqiqətləri görməyimə vəsilə oldun.

Əbüddərda həzrətləri xəstələndiyi vaxt dostları ziyarətinə gələrək dedilər ki:

—  Xəstəliyin nədir?

— Günahımdır!

—  İstəyin nədir?

— Cənnətdir!

— Sənə bir həkim çağıraqmı?

— Məni həkim xəstə etdi.

Xalqa elan et

Abdullah ibn Səlamın oğlu Yusif belə buyurmuşdur:

“Əbüddərda vəfat edəcəyi  əsnada mən yanında idim. Mənə dedi ki:

— Qalx, mənim vəfat etmək üzrə olduğumu xalqa elan et!

Mən qalxıb insanlara vəziyyəti bildirdim. Eşidənlər evinə gəldilər. Evin içi, çölü insanlarla doldu. Sonra, “Məni evdən çıxardın” dedi, onu çıxardıq. “Məni oturdun” dedi. Oturtduq. Evinə toplanan camaata belə dedi:

— Ey insanlar Rəsuli-əkrəmdən eşitdim ki, belə buyurdu:

“Kim qüsursuz və nöqsansız bir dəstəmaz alıb, sonra da tam bir ixlas ilə namaz qılsa, Allahu təala onun istədiklərini ona ehsan edər.”

Əbüddərda bundan sonra gələnlərə namazla əlaqədar bir miqdar daha nəsihət etdi. Son sözləri bunlar oldu”.

Peyğəmbər əfəndimiz Əbüddərdanın elmdəki səyini tərifləmiş və;

— Hər ümmətin bir hakimi vardır. Bu ümmətin hakimi də Əbüddərdadır,buyurmuşdur.

Muaz ibn Cəbəl də vəfat edərkən tələbəsi Amr ibn Məymuna, Əbüddərdanın elmindən istifadə edilməsini vəsiyyət edərək buyurmuşdur ki:

— Yer ondan daha alim bir kimsəni daşımadı.

Əbüddərda, hər kəsə qarşı yaxşı rəftar edərdi. Hirslənənləri sakitləşdirər və inciklikləri yatışdırar, həmişə gülərüz olardı. Heç kimi incitməz, heç kimdən inciməzdi. Könlü tox və səxavətli idi. Onu ziyarətə gələn hər qonağa çox ikramda edər, şəxsən özü qulluq edərdi. Elmi, təqvası, üstün əxlaqıyla və daha bir çox xüsusiyyətləriylə çox sevilmiş, hörmət görmüşdü.

Onu pisləməyin!

Əbüddərda həzrətləri bir şəxsin işləmiş olduğu bir pislikdən ötrü insanlar tərəfindən söyülüb  pisləndiyini gördü. Oradakılara dedi ki:

— Bu adam bir quyuya düşsəydi, siz onu çıxarmaq istəməzdinizmi?

— Bəli, çıxarmaq istəyərdik.

— Elə isə, onu pisləməyin, dil uzatmayın, onun işləmiş olduğu pislikdən sizi qorumuş olan Allahu təalaya şükr edin.

— Sən ondan nifrət etməzsənmi?

— Mən onun özünə deyil, etdiyi pisliyə nifrət edərəm.

Əbüddərdanın xanımlarından Xeyrə binti Xadrəd, Ümmüd Dərda əl-Kübra ləqəbiylə məşhur olub qadın səhabələrdəndir. Fiqh və hədis elmində alim bir qadın idi. Rəvayət etdiyi hədisi-şəriflər altı məşhur hədis kitabında yer almışdır. Bilal, Yəzid, Dərda və Nəsibə adlarında dörd uşağı vardı.

Xanımı Ümmüd Dərda belə buyurur:

“Əbüddərda bir şey danışarkən və bir hədisi-şərif nəql edərkən daim təbəssüm edərdi. Bir gün səbəbini soruşdum. Dedi ki:

— Rəsuli-əkrəm əfəndimiz hər hədisi-şərif söylədikcə təbəssüm edərdi.”

Hədis dinləmək üçün gəldim

Bir gün Mədinədən Əbüddərda həzrətlərini ziyarət üçün bir şəxs gəldi. Əbüddərda həzrətləri o şəxsdən nə üçün gəldiyini soruşdu. O da, “Sizin Rəsulullahdan eşitdiyiniz hədisi-şərifləri rəvayət etdiyinizi eşitdim. Onun üçün gəldim” dedi. Əbüddərda həzrətləri təkrar soruşdu:

—  Ticarət filan üçün gəlmədinmi?

— Xeyr.

— Başqa bir işin və ya ehtiyacın üçünmü gəldin?

— Tək hədisi-şərif almaq üçün gəldim.

Bunun üzərinə Əbüddərda həzrətləri buyurdu ki:

—  Elə isə dinlə! Rəsuli-əkrəm əfəndimizin bu sözləri söylədiyini eşitdim:

“Bir insan elm qazanmaq üçün bir yola çıxarsa, Allah Təala ona Cənnətə doğru bir yol açar. Mələklər elm tələbəsindən məmnun olduqları üçün qanadlarını onların üzərinə gərərlər. Elm sahibləri üçün yerdəkilər və göydəkilər məğfirət diləyərlər. Dənizin diblərindəki balıqlar belə ona dua edərlər.”

“Alimin abid üzərindəki üstünlüyü, ayın ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Bunlar pul arxasınca getməzlər, elmə qaçarlar. Onun üçün onlar elmdən nə qədər çox pay almaq mümkündürsə o qədər alarlar.”

Yolçuyam, gedəcəyəm

Bir dəfə Əbüddərda həzrətlərinin evinə bir şəxs gəldi. O şəxsə dedi ki:

— Əgər burada qalacaqsansa, sənə bir yer hazırlayım, yolçusansa, gedəcəksənsə sənə azuqə hazırlayım.

— Yolçuyam, gedəcəyəm.

— Elə isə sənə ən gözəl azuqəni hazırlayım. Bundan daha qiymətli azuqə olsa idi, onu da sənə verərdim.

Əbüddərda həzrətləri sonra belə davam etdi:

— Bir gün Rəsulullah əfəndimizin hüzuruna getmişdim. “Ya Rəsulallah! Zənginlər dünyanı da axirəti də qazandılar. Onlar həm namaz qılır, həm oruc tutur, həm də sədəqə verə bilirlər.Lakin, biz kasıb olduğumuz üçün sədəqə verə bilmirik” dedim.

Bunun üzərinə Rəsulu-əkrəm əfəndimiz belə buyurdu:

— Sənə bir şey söyləyimmi? Sən onu edincə qovuşduğun şeyə, ancaq onu edənlər qovuşa bilərlər. Edə bilməyənlərdən heç biri ona qovuşa bilməz. Hər namazdan sonra 33 dəfə Sübhanəllah, 33 dəfə Əlhamdulilləh, 33 dəfə Allahu əkbər söylə!

Bir dəfə Qureyşden bir şəxs ilə Ənsardan bir şəxsin aralarında bir məsələ olmuşdu. Ənsardan olan şəxs, Həzrəti Müaviyəyə gedib şikayət etdi. Həzrəti Müaviyə halallaşmalarını tövsiyə etdi. Ancaq, şikayət edən qəbul etmədi. Həzrəti Müaviyə o şəxsə Həzrəti Əbüddərdanı göstərərək dedi ki:

— Bu şəxsdən soruş!

O kimsənin sualı üzərinə Əbüddərda belə dedi:

— Rəsuli Əkrəmdən eşitdim. “Bir Müsəlmanın bədəninə bir zərər gələr, buna səbəb olanı əfv edər, haqqını halal edərsə, Allahu təala onu bir dərəcə yüksəldər. Onun bir səhvini əfv edər” buyurdu.

Qəlbimlə qavradım

Bunu dinləyən şəxs Əbüddərdaya baxaraq soruşdu:

—  Sən bunu şəxsən Rəsuli-əkrəm Əfəndimizdən eşitdin?

— Bəli, qulaqlarımla eşitdim. Qəlbimlə qavradım.

— O halda mən şikayətimdən imtina etdim, haqqımı da halal edirəm.

Əbüddərda həzrətləri bir gün Şamda məsciddə otururdu. Bir adam məscidə girdi və belə dua etdi:

— Ya Rəbbi! Yalnızlığımda mənə köməkçi ol, qəribliyimdə mənə acı, mənə əziz və sevimli bir dost ehsan et!

Əbüddərda bu sözlərini eşidincə o şəxsə dönüb belə dedi:

— Rəsulullah əfəndimizdən eşitdim. Buyurdu ki: “İnsanlar içində özünə zülm edənlər var, bunlar qəm və kədər içindədirlər. İnsanlar arasında israfdan çəkinənlər var, bunlar qənaətli və münasib hərəkət edərlər. Bunların hesabı asandır. Bundan başqa insanlar arasında xeyir iş görmək üçün yarışanlar var. Bunlar hesabsız Cənnətə girərlər.”

Peyğəmbərimiz Salman Farisi ilə Əbüddərdanı qardaş etmişdi.

Salman Farisi bir gün Əbüddərdanı ziyarətə getdi. Əbüddərda Salman Farisiyə yemək gətirib dedi ki:

— Mən, orucam. Buyur, sən ye!

Salman Farisi də dedi ki:

— Sən yemədikcə, mən də yemərəm!

İndi qalx artıq!

Əbüddərda da, onunla birlikdə yemək məcburiyyətində qaldı. Gecə namaza qalxmaq istəyincə, Salman Farisi, ona, “Uzan, yat!” Dedi. O da, uzanıb yatdı. Bir müddət sonra, yenə namaza qalxmaq istədi. Salman Farisi təkrar, “Uzan, yat!” dedi. O da uzanıb yatdı. Sübh namazı vaxtı girəndə Salman Farisi, ona, “İndi, qalx artıq!” dedi. Qalxdılar, sonra Salman Farisi ona dedi ki:

— Sənin üzərində bədənin haqqı var! Rəbbinin haqqı var! Qonağının haqqı var! Ailənin də haqqı var! Oruc tut, iftar da, et! Namaz qıl! Ailənin yanına da, get! Sən, hər haqq sahibinə haqqını ver!

Dəstəmaz alıb sübh namazının sünnətini qıldıqdan sonra fərzini qılmaq üçün məscidə getdilər. Namazdan sonra vəziyyəti Peyğəmbərimizə danışdılar. Peyğəmbərimiz buyurdu ki:

— Salman, elmlə dolub, doğru söyləyib, doğru edib!

Əbüddərdanın bildirdiyi hədisi-şəriflərdən bir qismi də bunlardır:

“Səxavət imanın sağlamlığından gələr. İmanı sağlam olan Cəhənnəmə girməz. Xəsislik də şəkk və şübhədən gələr. Şübhə içində olan Cənnətə girə bilməz.”

Bir gün Rəsulullah əfəndimiz buyurdu ki:

— Cümə günləri mənə çox salavat gətirin! Oxunan salavat mənə dərhal bildirilir.

Öldükdən sonra da bildirilir

Bunun üzərinə, “Öldükdən sonra da bildirilirmi?” deyə soruşulunca, Rəsulullah əfəndimiz buyurdu ki:

— Bəli, mən öldükdən sonra da bildirilir. Çünki, torpağa peyğəmbərləri çürütməsi haram edildi. Onlar qəbirlərində diridirlər, ruzi verilirlər.

Bir gün Rəsulullah əfəndimiz buyurdu ki:

— Ey Əbüddərda! Cəhənnəm əhlinin kimlər olduğunu sənə bildirimmi? Hər lovğalanan, kobudluq, böyüklük göstərən, yaxşılığa mane olan kimsədir. Cənnət əhlinin kimlər olduğunu sənə bildirimmi? Bir kasıb ki, Allaha and içsə, Allah onu doğru çıxarar.

Yenə buyurdu ki:

“Din qardaşının arzu etdiyi yeməyi ona yedirən kimsənin günahları bağışlanar. Din qardaşını sevindirən, Allahı sevindirmiş olar.”

Peyğəmbər əfəndimiz günahkarlara şəfaət edəcəyini bildirəndə, “İmanı olan oğru və zani də (zina edən) şəfaətə qovuşacaqmı?” deyə sual etdim. Buyurdu ki:

— Bəli, onlara da şəfaət edəcəyəm.

Yenə buyurdu ki:

“Sizlər qiyamət günü özünüzün və atanızın adları ilə çağırılacaqsınız. Elə isə uşaqlarınıza gözəl adlar verin.”

“Mizana qoyulacaq əməllərdən ən ağır gələni gözəl əxlaqdır.”

“Bir kimsə, qardaşına arxasından dua etdiyi zaman, bir mələk, “Allah, sənə də o dua etdiyin kimi versin” deyər.”

“Şikayətinizə səbəb olan şeylər əməllərinizin xarablığındandır.”

“Hər kim Kəhf surəsinin əvvəlindən on ayəti-kərimə əzbərləsə, Dəccalın və aldadanların şərindən qorunmuş olar.”

“Hər xəstəliyin əsası çox yeməkdir.”

“Dərdli möminin duasını qənimət bilin! Subhanallahi vəlhamdülillahi vəla ilahə illallahü vallahü əkbər vəla havlə vəla quvvətə illa billah, çox söyləyin. Çünki onlar saleh əməllərdəndir. Ağacların yarpaqları tökdükləri kimi bunlar da xətaları tökərlər. Bunlar Cənnət xəzinələrindəndir.”

Pisliklərin açarı

Əbüddərda dedi ki:

— Çox sevdiyim mənə dedi ki:

“Parça-parça parçalansan, atəşdə yandırılsan belə, Allahu təalaya heç bir şeyi şərik qoşma! Fərz namazları tərk etmə! Fərz namazları bilə-bilə tərk edən Müsəlmanlıqdan çıxar. İçki içmə! İçki, bütün pisliklərin açarıdır.”

Əbüddərda həzrətləri buyurdu ki:

— Zilhiccənin ilk 9 günü oruc tutmaq, çoxlu sədəqə vermək və çoxlu dua, istiğfar etmək lazımdır! Çünki Muhamməd əleyhissalam, “Bu on günün xeyir və bərəkətindən məhrum qalana təəssüflər olsun” buyurdu.

Günah unudulmaz

Əbüddərda həzrətləri buyurdu ki:

— Dünyada, üç şey üçün yaşamaq istərəm: Uzun gecələrdə namaz qılmaq üçün, uzun günlərdə oruc tutmaq üçün və saleh kimsələrin yanında oturmaq üçün.

— Pis insanlarla oturub - duranın qəlbi xarab olar.

— Allahu təalanı görür kimi ibadət edin! Özünüzü ölmüş bilin! Yaxşılıq hədər olmaz, günah unudulmaz.

— Xeyir, mal və övladı çoxaltmaqda deyildir. Xeyir, qulluq yükünün böyüklüyünü anlamaq, əməli çoxaltmaq, insanlarla əylənməni tərk edib Allahu təalaya ibadətə yönəlməkdir. Əgər yaxşılıq etsən Allahu təalaya həmd et, günah işləmişsən istiğfar et.

— Ardınca insanların gəlməsindən xoşlanan, Allahdan uzaqlaşar.

— Ağılında əskiklik olmayan heç kimsə yoxdur. Çünki dünyalıqdan əlinə bir şey keçdiyi vaxt sevinər, lakin ömrünün azaldığına kədərlənməz.

— Ölümdən sonra nələr görəcəyinizi, başınıza gələcəkləri bilsəydiniz, istəyərək nə yemək yeyə bilər, nə də su içə bilərdiniz.

— Elmindən faydalanmayan, elmi ilə əməl etməyən alimlər, məhşər günü şiddətli əzaba düşəcəklər.

— Ölümü çox xatırlayan həddi aşmaqdan və həsəddən xilas olar.

— Bir alim elmi ilə əməl etmədikcə alim sayılmaz.

— Rəbbimə qarşı təvazö üçün yoxluğu, yoxsulluğu sevirəm. Rəbbimi istədiyim üçün ölümü sevirəm! Günahıma kəffarə olacağı üçün xəstəliyi sevirəm!

— Qul, Allahu təalaya ibadətlə məşğul olunca, Allahu təala onu sevər, məxluqatına da sevdirər.

— Bilməyənə bir dəfə, bilib də etməyənə yeddi dəfə təəssüflər olsun!

— İmanın kamalı, başa gələnə səbr, təqdirə riza, tam bir təvəkkül və Allahu təalaya təslim olmaqdır.

Elmi yaydı

Əbüddərda həzrətlərinin adı Uveymir ibn Zeyd əl-Ənsari əl-Həzrəcidir. Əbüddərda ləqəbidir. Doğum tarixi bilinmir. Təfsir, hədis, fiqh elmlərində məşhur səhabədir. Xüsusilə Qurani-kərimi əzbərləməsi və qiraət elmini bir çox kimsəyə öyrətməsi ilə məşhurdur.

Şamda olduğu sırada Kufədən və digər yerlərdən bir çox kimsə ondan fiqhi məsələlər soruşmaq üçün gələr, fətvasını alardı. Bəzi səhabələrlə birlikdə Kiprin fəthinə də qatılmışdır. Əbüddərda həzrətləri ömrünü dinə xidmət etməklə keçirib, nübüvvət qaynağından aldığı elmi yaymışdır. Həzrəti Osmanın xəlifəliyinin son illərində, 652-ci ildə vəfat etmişdir.