Facebook Twitter WhatsApp

Ərkam ibn Əbil Ərkam

Evi ilk vəqf olan səhabədir.

Həzrəti Ərkamın babaları Məkkənin sayılıb-seçilən zəngin və rəisləri idilər. Bu səbəblə köhnədən bəri hörmət və etibar görərdilər. Kəbəyi-muazzamanın qərb tərəflərində yüksək bir evləri var idi. Beytullahı ziyarət edənlər mütləq onların evlərinin qarşısından keçməyə məcbur idilər. Səfa təpəsində olduğu üçün uzaqdan belə Kəbəni görmək mümkün idi.

Evim evinizdir

Həzrəti Ərkam Müsəlman olduqdan sonra sevgili Peyğəmbərimizi evlərinə dəvət etdi. Peyğəmbər əfəndimiz də münasib bir vaxtda Həzrəti Əbu Bəkirlə birlikdə şərəf verdilər. Evin geniş və rahat otağında birlikdə namaz qıldılar. Hüzur içində uzun-uzun söhbət etdilər. Bir ara Həzrəti Ərkam dedi ki:

— Ya Rəsulallah, evim evinizdir. Əmrinizdədir. Necə, nə vaxt və nə qədər arzu etsəniz, istifadə edə bilərsiniz.

O vaxtda ilk Müsəlmanlar həqiqətən böyük təzyiq və təhdid altında idilər. Ən yaxın qohumları belə onlara əziyyət edirdilər. Dəstəmazlarını gizli alır, namazlarını gizli qılırdılar. Çünki müşriklər, bütə tapınanlar böyük bir kin və nifrətlə doluydular. Həzrəti Ərkamın təklifi bu səbəblə sevgili Peyğəmbərimizi çox fərahlatdı.

Həzrəti Ərkamın tərtəmiz evi Müsəlmanlar üçün əsl bir qurtuluş qalası oldu. Bir darı-ül İslam yəni İslam evi halına gəldi. Peyğəmbər əfəndimiz ədədləri 10-15-i keçməyən möminlər ilə birlikdə oraya yerləşdilər. Rahatca ibadət etməyə, İslam üçün çalışmağa davam etdilər.

İki Cahan Günəşi və sevgili yoldaşları üç ilə qədər bu ilk İslam Qalasında idilər. Bir çox ayəti-kərimə orada nazil oldu. Bir çox məşhur şəxs orada hidayətə qovuşub, Müsəlman oldular. Ədədləri qırxa yaxınlaşdığı bir gün Həzrəti Əbu Bəkir soruşdu:

— Ya Rəsulallah! İnsanları açıqca İslama dəvət vaxtı, daha gəlmədimi?

Peyğəmbər əfəndimiz də buyurdu ki:

— Hələ, sayımız azdır.

Lakin Həzrəti Əbu Bəkir israr etdi. Bunun üzərinə hamısı birlikdə Kəbə ətrafına çıxdılar. Həzrəti Əbu Bəkir ayağa qalxıb orada olanlarla danışmağa başladı:

— Ey Qureyşlilər! Allahu təala birdir. Muhamməd əleyhissalam Onun Rəsuludur. Gəlin, birlikdə İslama dönək. Nicata, qurtuluşa qovuşaq.

Utbəni sağ buraxmarıq

Sevgili Peyğəmbərimiz də ona qulaq asırdı. Həzrəti Əbu Bəkir daha sözünü bitirmədən müşriklər hücum etdilər. Həm Həzrəti Əbu Bəkirə həm də o birlərinə hücum edirdilər. Xainliyi ilə tanınmış Rəbianın oğlu Utbə yamaqlı ayaqqabısıyla üzünə-gözünə vururdu. Hər tərəfi şişən Həzrəti Əbu Bəkir sonunda yıxıldı, huşunu itirdi…

Səs küyü eşidən Teymoğulları qəbiləsi qaçaraq gəldilər. Təcavüzkarları dağıdıb, qohumlarını xilas etdilər. Çünki Həzrəti Əbu Bəkirlə eyni qəbilədən idi. O zamanlar qəbilə mənsubları Müsəlman olsun, müşrik olsun bir-birlərini qoruyurdular.

Həzrəti Əbu Bəkri bir parça içində evinə götürərkən dedilər ki:

— Əgər qohumumuz ölərsə, and olsun ki, biz də Utbəni sağ qoymarıq!

Həzrəti Əbu Bəkri müşriklərin əlindən alıb evinə aparan Teymoğulları və anası axşama qədər yatağı başında gözlədilər. Nəhayət hava qaralarkən Həzrəti Əbu Bəkir gözlərini açdı. İlk sözü:

— Allahu təalanın Rəsulu necədir, oldu.

Qəbilə böyükləri dedilər:

— Sən bu hala Onun üzündən düşdün! Özünə baxmırsan, hələ bir Onu soruşursan?

Anası Ümm-ül Xeyir, başında səs-küy edənləri qovdu. Bütün səyiylə sevgili oğluna bir şeylər yedirməyə çalışırdı. O isə elə hey soruşurdu:

— Rəsulullah əfəndimiz necədir?

Onun israrlı sualları qarşısında anası dedi ki:

—  And içirəm ki, mənim heç xəbərim yoxdur!

— Elə isə soruş, öyrən!

Müjdə oğlum!

Anası yalvaran oğlunun xətri üçün evdən çıxdı. Xeyli vaxt sonra gəldi. Üzü gülürdü:

— Müjdə oğlum! Maraq etdiyin şəxs Ərkamın evində olub.

Həzrəti Əbu Bəkrin gözləri parladı. Sanki dünyalar onun olmuşdu. Anası isə ona əlində yemək uzadırdı.

— Yenə də gedib Onu özüm görmədikcə əhdim olsun, boğazımdan nə su, nə yemək keçməyəcəkdir, deyincə, qadıncığaz təəccüb etdi.

Qaranlıq düşüb, hər kəs evlərinə yığışana qədər gözlədilər. Sonra, Həzrəti Əbu Bəkirin qoluna girib küçəyə çıxdılar. Birbaşa Həzrəti Ərkamın evinə getdilər. Peyğəmbər əfəndimizi sağ-salamat görüncə sarılıb öpməyə, qucaqlamağa başladı. Dar-ül Ərkamda olan Müsəlmanlar da onu öpürdülər. Bu göz yaşardan səhnə uzun zaman davam etdi …

Anam da hidayətə qovuşsa

Peyğəmbər əfəndimizin şəfqətli baxışlarından, ona çox acıdığını hiss edən Həzrəti Əbu Bəkir xahiş etdi:

— Ya Rəsulallah! Anam, atam sizə fəda olsun. Xahiş edirəm mənim üçün kədərlənməyin. Çünki o kafirlər üzümə bir az çox vurdular, o qədər. Ancaq, mənim bu vəfalı anam uşaqlarına qarşı çox mərhəmətlidir. Onun üçün Allaha dua buyursanız, hidayətə qovuşsa və beləcə də Cəhənnəm atəşindən xilas olsa?

Sevgili Peyğəmbərimiz təbəssüm etdilər. Sonra, Allahu təalaya dua etdilər. Ümmül Xeyir həzrətlərinə iman və İslamı təklif etdilər. O təmiz qəlbli ana heç tərəddüd etmədən Müsəlman oldu. Nicata qovuşdu. Beləcə Həzrəti Ərkamın evi bu dəfə də daha bərəkətini göstərdi.

Çox keçmədən Həzrəti Həmzə də Müsəlmanlar arasına qatılınca, sayları otuz doqquza çatdı. Peyğəmbər əfəndimizin o qəhrəman əmiləri ilə Müsəlmanların gücü xeyli artdı. Çünki onun qılıncının kəskinliyi hər kəs tərəfindən yaxşı bilinirdi. Bütün Məkkəlilər Həzrəti Həmzənin cəsarət və qəhrəmanlığından qorxardılar.

Həzrəti Həmzə Müsəlman olduqdan sonra bir əsr vaxtı iman gətirənlər yenə Həzrəti Ərkamın müqəddəs evində toplanmışdılar. Namaz qılınmış, söhbət edirdilər. Qapı möhkəm şəkildə döyüldü. Gedib baxan şəxs dedi:

— Ya Rəsulallah, Xəttabın oğlu Ömər gəlib. Əlində də qılıncı var.

Bəziləri dedilər ki:

— Qapını açmayaq!

Bəziləri də əksini söylədilər.

Elə o vaxt igid Həzrəti Həmzə sevimli Peyğəmbərimizə dönərək dedi ki:

— Buraxın, ya Rəsulallah! Əgər xeyir üçün gəldi isə, xeyir görər. Şər, pislik üçün gəldi isə, öz qılıncıyla kəlləsini uçuraram.

Hələ imtina etməyəcəksən?

Qapı açıldı və bütün heybətiylə Xəttabın oğlu içəri girdi. İki Dünya Sultanı ayağa qalxdılar. Önlərinə gəlib onu çiyinlərindən tutub silkələdilər:

— Ey Ömər! Hələ imtina etməyəcəksən?

Xəttabın oğlu iliklərinə qədər silkələndi və var gücüylə dedi :

— La ilahə illəllah Muhammədun Rəsulullah!

O anda, Müsəlmanlıq şərəfinə qovuşdu. Həzrəti Ömər oldu. Bütün Əshabi kiram yüksək səslə:

— Allahu əkbər! Allahu əkbər! Vallahü əkbər! Təkbirləriylə yeri, göyü inlətməyə başladılar. O qədər ki, Məkkənin ən uzaq yerindəkilər belə eşitdilər. Çünki Müsəlmanların sayı, 40-a yüksəlmişdi. Bunu öyrənən Həzrəti Ömər:

— Ey Allahın Rəsulu! İcazə buyurun, gedib birlikdə Beytullahın içində namaz qılaq, təklifini etdi. Peyğəmbər Əfəndimiz qəbul etdilər.

Elə o gün Həzrəti Ərkamın sirrlərlə dolu gözəl evi Darül Ərkam vəzifəsini tamamlamış oldu. Çünki o gündən sonra Müsəlmanlar ibadətlərini açıq-aşkar və hər yerdə etməyə başladılar …

Allahu təalanın əmri ilə sevimli Peyğəmbərimiz Mədinəyə hicrət etdikləri vaxt Həzrəti Ərkam da çox gecikmədi. Hər kəs kimi o da Məkkədəki gözəl evlərini, torpaqlarını, qohumlarını tərk etdi.

Peyğəmbər Əfəndimiz Mədinədə onu Həzrəti Zeyd ibn Səhl ilə din qardaşı etdilər. Hüzur içində yaşaya bilməsi üçün Bəni Züreyk ərazisində bir miqdar torpaq verdirdilər …

Hansı tərəfə gedirsən?

Həzrəti Ərkam fövqəladə dindar, əxlaqlı və səxavətli bir Müsəlman idi. Xüsusilə, namaza çox əhəmiyyət verirdi. Bir gün yol paltarıyla Peyğəmbər əfəndimizin hüzurlarına girib salam verdi. Sevgili Peyğəmbərimiz salamını aldıqdan sonra soruşdular:

— Hansı tərəfə gedirsən?

O da əliylə Beyti Maqdisi, Qüds tərəflərini işarə etdi. Peyğəmbər Əfəndimiz təkrar soruşdular:

— O tərəfə səni göndərən nədir, ticarət üçünmü?

— Xeyr, ey Allahın Rəsulu. Məqsədim ticarət deyildir. Yalnız Beyti Maqdisdə namaz qılmaq istəyirəm.

Sevgili Peyğəmbərimiz Məkkə tərəflərini işarə edərək buyurdu ki:

— Məscidi Haramda qılınan bir namaz, başqa məsciddə qılınan min namazdan xeyirlidir.

Mədinədə parlayan İslam Günəşi işıqlarını əvvəl yaxınlara, sonra uzaqlara yaymağa başladı. Allah rizası üçün Allahın dini olan İslamı yaymaq üçün döyüşlər edildi.

Əvvəl böyük Bədir, sonra ibrətli Ühüd, daha sonra Xəndək və digər savaşlar qazanıldı. Nəhayət İslamın doğulduğu mübarək diyar olan Məkkə müşrikliyin mərkəzi olmaqdan qurtuldu və fəth edildi. Oradan da dünyanın dörd bir yanına yayıldı.

Həzrəti Ərkamın nurlu evində, Darül İslamda yetişən 40 böyük səhabə bu gün yer üzündə yaşayan 400 milyon Müsəlmanın ulduzları, rəhbərləri, ataları oldular.

Tam bir sığınacaq oldu

Həzrəti Ərkamın evi İslam tarixində çox əhəmiyyətli bir rol oynamışdı. İlk Müsəlmanlar özlərinə edilən əziyyət və işgəncələrdən xilas olmaq üçün bu evə sığınmışdılar.

Həzrəti Ömərin qoşulmasıyla 40 nəfər olana qədər Darül Ərkam onlara tam bir sığınacaq oldu. Bundan başqa bir çox ayəti-kərimə də burada nazil oldu …

Həzrəti Ərkamın evi Darül İslam olaraq uzun müddət əhəmiyyətini qorudu. Uşaqlarına vəqf etdiyi üçün onlar da satmadılar. Lakin Xəlifə Mənsur dövründə dövlətin əlinə keçdi. Dağılmaqdan xilas etmək üçün təmir edildi. O zaman da evin əsli itdi.

Bu mübarək evə çox qiymət verməyimiz, şübhəsiz, onun daşına torpağına deyildir! İslamiyyət onsuz da belə bir şeyə icazə verməz. Ehtiramımız yalnız orada yığılan, İslam və imanları üçün hər fədakarlığı gözə alan ilk Müsəlmanların xatirələri səbəbiylədir.

Ərkamın atası Əbil Ərkam, anası Ümeymə, qəbiləsi Mahzumoğulları, ləqəbi Əbu Abdullahdır. İslamiyyəti ilk qəbul edənlərin 7-cisi və ya 11-cisidir. Ailəsi Məkkənin sayılıb seçilən əsillərindən idi. Bu səbəblə Müsəlman olmadan əvvəl də çox hörmət görərdilər.

Məzlumun haqqını axtaranlar

Həzrəti Ərkam eyni zamanda Məkkədə, Məkkəlilərdən və onlar xaricində Məkkəyə girəcək olan sair insanlardan zülmə və haqsızlığa məruz qalmış heç kimi buraxmamaq, məzlumun haqqını geri alana qədər zalıma qarşı, məzlumla birlikdə hərəkət etmək üçün anlaşan dənizlərin, bir tük parçasını isladacaq qədər suyu olduqca, Hira və Səbir dağı ərazisində dayandığı və üzərində dağ təkələri yayıldığı müddətcə, bu sadiq və sözlərinə bağlı qalacaqlarına and içən Hılfül fudul əshabından idi.

Həzrəti Ərkam Bədir, Ühüd və digər savaşlarda iştirak etmişdi. Hamısında böyük qəhrəmanlıqlar göstərmişdi. Allahu təalanın Rəsulu zaman-zaman onu zəkat yığmaqla vəzifələndirdilər. Hər zaman olduğu kimi bu vəzifəni də sevərək və müvəffəqiyyətlə icra etmişdir.

Dolanışığını əkinçilik və ticarətlə təmin edərdi. Kimsəyə möhtac olmadan yaşadı. Doğruluq və dindarlıq əxlaqının təməl daşlarıydı. İki oğlu var idi: Abdullah və Osman. Qızları: Məryəm, Safiyyə və Üməyyə adlarını daşıyırdı.

Hicrətin 53-cü ilində, 83 yaşlarında Mədinədə vəfat etdi. Namazını vəsiyyəti üzərinə eyni günlərdə Müsəlman olduqları Həzrəti Sad ibn Əbi Vaqqas qıldırdı. Baki qəbiristanlığına dəfn olundu.

 

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину