Facebook Twitter WhatsApp

Əsad ibn Zürarə

Cahiliyyə dövründə də tək bir Allaha inanan səhabə idi.

Rəsulullah əfəndimiz Məkkədə hər kəsi imana dəvət edir, İslam nuru ilə küfr qaranlığını işıqlandıraraq qəlblərə Allah sevgisini yerləşdirməyə çalışırdı. Məkkənin bütə tapınan Ərəbləri bu haqq dəvəti heç cür anlaya bilmir, İslamiyyəti qəbul etməməkdə israr və inad edirdilər. Çox az kimsə Müsəlman olmuşdu. Onlara da müşriklər ağıla gəlməyən sıxıntılar verir, işgəncə edirdilər.

Siz kimlərdənsiniz?

Rəsulullah hər il həcc mövsümündə və Uqaz bazarı günlərində Məkkə şəhərinin kənarına çıxıb başqa yerlərdən gələn qəbilələrlə görüşərək onları İslama dəvət edərdi.

Peyğəmbərliyinin 11-ci ilində həcc mövsümündə Məkkə kənarına çıxmışdı. Əqabə deyilən yerdə Mədinə xalqından olan bir camaatla qarşılaşdı. Onlarla bu söhbət oldu:

— Siz kimlərdənsiniz?

— Həzrəc qəbiləsindənik.

— Yəhudilərin dost və müttəfiqləri olan Həzrəcilərdənsinizmi?

— Bəli.

Buna cavab olaraq Peyğəmbər əfəndimiz buyurdu ki:

— Oturarsınızmı, sizinlə bir az söhbət edim?

Onlar oturanda Rəsulullah əfəndimiz onlara Qurani-Kərimin İbrahim surəsinin 35-52-ci ayəti-kərimələrini oxudu və İslamiyyəti izah edib, bu dinə dəvət etdi.

Onlar onsuz da qəbiləsinin böyüklərindən və Mədinədə yaşayan Yəhudilərdən yaxında bir peyğəmbərin gələcəyini eşitmişdilər. Rəsuli-əkrəm onları dinə çağıranda bir-birləri ilə baxışdılar və “Yəhudilərin, əlamətlərini xəbər verdiyi bu Peyğəmbərdir!” deyə aralarında danışdılar. Rəsulullahın hüzurunda kəlimeyi-şəhadət gətirərək Müsəlman oldular. Peyğəmbərimizə də dedilər ki:

— Biz qövmümüzü həm bir-birlərinə qarşı, həm də Yəhudilərə qarşı aralarında düşmənçilik və yamanlıq olduğu halda geridə buraxdıq. Ümid edirik ki, Allah onları da sizin sayənizdə bir araya yığar. Biz, dərhal qayıdıb onları sənin peyğəmbərliyini qəbul etməyə dəvət edəcəyik və bu dindən qəbul etdiyimiz şeyləri onlara da danışacayıq. Əgər Allah onları bu din üzərində yığıb birləşdirərsə səndən daha əziz və şərəfli kimsə olmaz!

İslamiyyətin girmədiyi ev qalmadı

Mədinəli bu altı şəxs həqiqətən inanmış, Allahu təalanın Peyğəmbərimizə təbliğ etdiklərini qəbul və təsdiq etmişdilər. Vətənlərinə qayıtmaq üçün Peyğəmbərimizdən icazə alıb ayrıldılar.

Bu yeni Müsəlman olan altı adamın ikisi, Nəccaroğulları ailəsindən Əbu Ümamə Əsad ibn Zürarə ilə Avf ibn Haris idi.

Bunlar Mədinəyə qövmlərinin yanına dönüncə dərhal onlara Peyğəmbərimizdən bəhs etməyə və İslam dininə girmələri üçün dəvətə başladılar. Bunu o qədər çox etdilər ki, Mədinədə Peyğəmbərimizdən və İslamiyyətdən bəhs edilməyən bir ev qalmadı. Beləliklə, İslamiyyət Həzrəc qəbiləsi arasında yayıldığı kimi Əvs qəbiləsindən də bəzi kimsələr Müsəlman oldu.

Əsad ibn Zürarə İslamiyyəti qəbul edən on iki dostu ilə birlikdə növbəti il yenidən Məkkəyə gəldilər. Yenə Əqabədə Rəsulullah əfəndimizlə görüşüb Ona biyət etdilər. Ona bağlılıqlarını ərz edib, bütün əmr və istəklərinə təslim olacaqlarına söz verdilər.

Bu razılaşmada Allaha ortaq qoşmayacaqlarına, zina və oğurluq etməyəcəklərinə, böhtandan çəkinəcəklərinə, ayıblanılma və ruzi qorxusu səbəbiylə uşaqlarını öldürməyəcəklərinə dair söz verdilər. İkisi Evs qəbiləsinə, digərləri də Həzrəc qəbiləsinə mənsub olan bu 12 adamın başçısı, rəisi Əsad ibn Zürarə idi.

Beş vaxt namaz əmr olundu

Peyğəmbərimiz bu 12 adamı qəbilələrinə təmsilçi etdi. Onlar qəbilələrinə İslamiyyəti izah edib, onlar adından Rəsulullah üçün zamin olacaqdılar.

Bu razılaşmadan sonra Mədinəyə qayıdan Həzrəti Əsad və yoldaşları qəbilələrinə dərhal İslamiyyəti başa salaraq, onu yaymaq ilə məşğul oldular. Bu sırada Peyğəmbərimiz Meraca aparılıb, Cənnəti və Cəhənnəmi gördü. Allahu təala ilə vasitəsiz olaraq, anlaşılmayan bir şəkildə danışdı. Beş vaxt namaz əmr olundu.

İslamiyyət Ərəbistan Yarımadasında yayılmağa davam edərkən, Mədinədə bu iş çox daha sürətli gedirdi. Belə ki, daha əvvəl bir-birlərinə düşmən olan Əvs və Həzrəc qəbilələri barışmış, İslamiyyəti daha yaxşı öyrənə bilmək üçün Rəsulullah əfəndimizdən bir müəllim, ustad istəmişdilər.

Rəsuli-əkrəm əfəndimiz də onlara Qurani-Kərimi və İslamiyyəti öyrətmək üçün Musab ibn Uməyri göndərdi. Musab Mədinədə Həzrəti Əsadın evində qaldı. Onunla birlikdə ev-ev gəzərək hər kəsə İslamiyyəti eşitdirdilər. Rəsulullahın sevgisini və Onu bütün düşmənlərindən qorumaq üçün canla-başla çalışacaqlarına söz verdiklərini danışdılar. Bir neçə gün içərisində 30 adam Müsəlman oldu. Beləliklə, Mədinədə Müsəlmanların sayı 40-a çatmışdı.

Bir gün bu Müsəlmanların hamısı Həzrəti Əsad ibn Zürarənin evində toplanıb dedilər ki:

— Yəhudilər və Xristianlar özlərinə həftədə bir gün seçərək o gün alış-verişi buraxıb, inanclarına görə ibadət edirlər. İndi bizə də uyğun olanı həftənin yeddi günündən birini seçərək o günü taət və ibadət üçün ayırmaqdır!

İlk Cümə namazı

Bu fikri başda rəisləri Həzrəti Əsad olmaq üzrə hamısı uyğun gördülər. Dərhal Cümə gününü bu işə ayırdılar. Cüməyə o günə qədər Arubə günü deyilirdi. Möminlərin toplanıb ibadət etmə günü mənasına “Cümə” deyildi.

Rəsuli-əkrəmin Mədinəyə hicrətindən əvvəl Həzrəti Əsad ibn Zürarə Mədinədəki 40-a qədər Müsəlmanı yığaraq bir Cümə günü Nakibül Hadamatdakı Bəyadaya aparmış və orada onlara Cümə namazı qıldırmışdır. Bu surətlə Peyğəmbərimizin:

— Kim gözəl bir sünnəni əhya etsə, həm onun savabına, həm də qiyamətə qədər o sünnə ilə əməl edənlərin qazanacaqları savaba nail olarlar, hədisi-şərifi onlara aid olmuşdur.

İslamiyyətdə ilk dəfə qılınan Cümə namazı elə bu yerdə qılınan Cümədir. Mədinəli Müsəlmanların bu xeyirli məqsədləri Cənabı Haqqın rizasına uyğun olduğundan ardından davamlı olaraq Cümə namazı qılınması əmr edilmişdir.

Rəsulullah əfəndimizə Peyğəmbərlik vəzifəsi veriləni 13 il olmuşdu. Məkkəli müşriklərin Müsəlmanlara zülmü son həddə çatmış, dözülməz bir hal almışdı. Mədinədə isə Əsad ibn Zürarə ilə Musab ibn Uməyrin xidmətləri sayəsində Əvs və Həzrəclilər Müsəlmanlara qucaq açacaq, onları bağrına basıb, uğrunda hər fədakarlığı edəcək eşq və şövqün içində idilər.

Sənə kömək var

Rəsulullahın da bir an əvvəl Mədinəyə təşrif etmələrini arzulayırdılar, Onun uğrunda mallarını və canlarını əsirgəməyəcəklərinə söz verirdilər. Həcc mövsümü gəlmişdi. Həzrəti Musab ibn Uməyr ilə birlikdə Mədinəli 73 kişi və 2 qadın Müsəlman Məkkəyə gəldilər. Kəbəni ziyarətdən sonra bir qismi Rəsulullah əfəndimizlə görüşüb, Ona dedilər ki:

— Ya Rəsulallah! Biz sərvət, silah və heyvan tərəfdən çox hazırlıqlıyıq. Bizim yanımızda sənə kömək var. Sənin üçün canlar vermək var. Özümüzü nələrdən qoruyub və müdafiə etsək səni də onlardan qorumaq və müdafiə var! Səninlə görüşmək istəyirik.

Aqabədə görüşməyə qərar verildi.

Mədinəli Müsəlmanlar və Rəsulullah əfəndimiz hamısı yenə Aqabədə görüşdülər. Həzrəti Əsad ibn Zürarə Mədinəli Müsəlmanlar adına Peyğəmbərimizin Mədinəyə hicrət etmələrini xahiş və təklif etdilər.

Cənnət var

Rəsulullah əfəndimiz onlara, Qurani-kərimin bəzi ayəti-kərimələrini oxuduqdan sonra öz canlarını, ailə və uşaqlarını necə qoruyub mühafizə etdilərsə, Onu da elə qoruyacaqlarını təmin etmək üçün onlardan qəti söz istədi. Əvs və Həzrəc qəbilələrinin bütün nümayəndələri bir az düşünüb daşındıqdan sonra dedilər ki:

— Sənin uğrunda canımızı və mallarımızı sərf etsək bizə nə var?

Peyğəmbərimiz də cavabında buyurdu ki:

— Allahu təalanın razı olması və Cənnət var!

Bunlardan hər biri qövmünün nümayəndələri, vəkilləri olaraq bu barədə söz verdilər. İlk əvvəl Əsad ibn Zürarə dedi ki:

— Mən Allaha və Onun Rəsuluna verdiyim sözü yerinə yetirmək, canımla və malımla Ona kömək xüsusundakı sözümü, işlərimlə həyata keçirmək üzrə biyət edirəm.

Sonra əlini uzatdı və müsafəha etdi. Arxasından hər biri bu şəkildə biyəti tamamlayıb, “Allahu təalanın və Rəsulunun dəvətini qəbul etdik, eşitdik və boyun əydik” deyərək razılıq və itaətlərini ifadə etdilər.

Beləliklə, Rəsulullahın uğrunda canlarını və mallarını çəkinmədən ortaya qoydular. Qadınlar ilə biyət yalnız söz ilə edilmişdi.

Bu ikinci Aqabə biyətindən sonra Rəsulullah əfəndimiz Məkkəli Müsəlmanların Mədinəyə hicrət etmələrinə icazə verdi. Daha sonra Allahu təalanın icazəsiylə Peyğəmbərimiz də Mədinəyə hicrət buyurdu.

Hicrətdən sonra Peyğəmbərimiz Həzrəti Xalid ibn Zeyd Əbu Əyyub əl-Ənsarinin evinə yerləşməklə birlikdə, Həzrəti Əsad ibn Zürarənin evində də qalmaq surətiylə onun xətrini yerə salmaz, evini bərəkətləndirərdilər. Çünki İslamiyyət Mədinəyə Onun evindən yayılmışdı. İslamiyyəti öyrətmək üçün Peyğəmbərimiz tərəfindən Məkkəyə göndərilən Həzrəti Musab ibn Umeyr Onun evində qalmışdı.

Hər çarəyə müraciət edildi

Hicrətdə Peyğəmbərimizin mindiyi dəvənin Mədinəyə çatanda ilk çökdüyü torpaq Əsad ibn Zürarənin yanında yetişib böyüyən Nəccaroğullarından Səhl və Sühəyl adında iki yetimə məxsus idi. Rəsulullah əfəndimiz məscid inşa etmək üçün bu ərazini satın almaq istədikləri zaman iki qardaş sata bilməyəcəklərini, ancaq Rəsulullaha hədiyyə etmək istədiklərini söylədilər.

Peyğəmbərimiz torpaq sahiblərinin yetim olduqlarını bildikləri üçün haqqını ödəmədən almaq istəmədi. O ərazini pulla satın aldı. Həzrəti Əbu Bəkirə əmr buyurub ərazinin pulunu ödətdirdi. Həzrəti Əsad ibn Zürarə də bu iki yetimə Bəni Bəyada tərəfində onlara bir ərazi verərək dolanışıqlarını təmin etdi.

Mədinədə Məscidi Nəbəvinin inşaatına davam edilərkən hicrətdən doqquz ay sonra Həzrəti Əsad ibn Zürarə xəstələndi. Müxtəlif müalicə şəkli tətbiq edildiyinə baxmayaraq xəstəliyi yaxşılaşmadı. Rəsulullah əfəndimiz onu ziyarət edərək səhhət və əfv üçün dua etdi. Xəstəliyi çox şiddətli idi. Həyatının son anlarını yaşayırdı. Müalicəsi üçün hər çarəyə müraciət edilmişdi. Qısa bir müddət içində vəfat etdi. Baqi qəbiristanlığına dəfn edildi.

Əsad ibn Zürarə Bədir hərbində iştirak edə bilmədi və vəfat etdi. Rəsulullah əfəndimiz Onun ölümünə çox kədərləndilər. Mədinəli Yəhudilər onun ölümündən sonra Rəsulullahın Peyğəmbərliyi əleyhinə dedi-qodu etməyə başlayaraq dedilər ki:

— Muhammədin bir qüdrəti olsaydı yoldaşını sağaldardı.

Onun vəzifəsi

Bu surətlə möminləri Ondan soyutmaq və yeni dinə girəcək olanları Ona yaxınlaşdırmamaq istəyirdilər. Düşmənçiliklərini açıqca ortaya qoyurlar, insanları şübhəyə salmaq istəyirdilər. Rəsuli-əkrəm əfəndimiz də onların bu hallarını çox yaxşı bildiklərindən buyurdu ki:

— Yəhudilər, niyə yoldaşını xilas edə bilmədi deyəcəklər. Mən isə, yoldaşımın bu halı üçün bir mənfəət və ya zərər verməyə malik deyiləm!

Halbuki onun peyğəmbərliyi insanları cahillikdən, küfr və azğınlıq yollarından qurtarıb iman işıqlığına çıxartmaq idi. Onun vəzifəsi Allahu təalanın razı olduğu doğru yola dəvət işindən ibarət idi.

Əsad ibn Zürarə İkinci Aqabə biyətindən sonra Həzrəc qəbiləsinin Nəccaroğulları təmsilçisi təyin edilmişdi. Vəfatından sonra Nəccaroğullarından bir qrup  Rəsulullaha gələrək dedilər ki:

— Bizim təmsilçimiz öldü. Bizə bir təmsilçi təyin edin!

Rəsulullah əfəndimiz də onlara yeni bir təmsilçi təyin etməyərək:

— Sizlər mənim dayılarımsınız. Mən də sizin təmsilçinizəm!

Beləcə onları sevindirmiş oldu. Rəsulullahın Nəccaroğullarına belə iltifat etməsi onlar üçün böyük şərəf oldu.