Facebook Twitter WhatsApp

Həzrəti İmam Hadi Əli İbn Muhamməd (radıyallahu anh)

          İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin oğludur. On iki imamın onuncusudur. Adı Əlidir. Künyəsi Əbul Həsəndir. Ona üçüncü Əbul Həsən də deyimişdir.  Ləqəbi Hadidir. Hərbi ləqəbiylə məşhurdur. Anası bir cariyədir. Anası Xəlifə Məmunun qızı Ümmü Fadldır deyənlər də vardır. Hicrətin 214-cü ilində Rəcəb ayının on üçündə  Mədinədə doğuldu. Hicrətin 254-cü ilində cəmazil-axır ayının sonunda bazar ertəsi günü  Bağdadın  Sermənray bölgəsində vəfat etdi. Qəbri Sermənrayda öz sarayındadır. Qum diyarında olduğunu söyləyənlər də vardır. Fəqət bu doğru deyildir. Qum diyarında Musa Kazım (radıyallahü anh) həzrətlərinin qızı Fatimənin (radıyallahü anhə) məşhədi vardır.  Musa Kazım (radıyallahü anh) həzrətləri bu qızı üçün “Fatiməni kim ziyarət edərsə Cənnətə gedər” buyurmuşdur. Bu sözü İmam Əli Rza (radıyallahü anh) həzrətləri nəql etmişdir.

         İmam Hadi (radıyallahü anh) həzrətlərinin mənkibələrindən biri belədir: “Bir gün Sermənray yaxınlığında bir kəndə getmişdi. Bir kəndli onu görmək istədi. Filan kəndə getdi, dedilər. Axtaran kimsə o kəndə getdi və hüzuruna çatdı. İmam Hadi (radıyallahü anh) həzrətləri o kəndliyə, nə istəyin var, deyə soruşdu.  Kəndli, mən Həzrəti Əlini (radıyallahü anh) sevənlərdənəm. Çox borcum var. Çox vaxt keçməsinə  baxmayaraq borclarımı ödəyə bilmədim. Mən də bu borc yükünü qaldıracaq sizdən başqa kimsə  bilmirəm” dedi.  İmam Hadi (radıyallahü anh) həzrətləri o kəndliyə, heç kədərlənmə, buyurdu.  O gecə onu qonaq etdi.  Səhər olanda İmam Hadi (radıyallahü anh) həzrətləri kəndliyə, sənə bir söz söyləyəcəyəm, o sözü eynilə yerinə yetirəcəksən, buyurdu.  Kəndli, sözünüzə zidd bir iş etmərəm, dedi.  Kəndli üçün bir kağıza filan kimsənin bu qədər borcu mənim borcumdur, deyə yazdı. Yazdığı miqdar kəndlinin borclu olduğu miqdardan artıq idi. Kağızı kəndliyə verdi və belə dedi, mən yaxında Sermənraya qayıdacağam. Bir camaat içində oturarkən bu kağızı mənə gətir.  Borcunu istə və mənimlə ağır danış, buyurdu.  Kəndli, baş üstünə əfəndim, deyərək kağızı alıb getdi.  İmam Hadi (radıyallahü anh) həzrətləri Sermənraya qayıtdı. Xəlifənin adamlarının və digər kimsələrin olduğu bir  camaat arasında oturduğu bir sırada bu kəndli gəldi. Kağızı çıxarıb İmam Hadi (radıyallahü anh) həzrətlərindən borcunu istədi. İmam Hadi (radıyallahü anh) həzrətləri çox yumşaq danışaraq üzr bəyan etdi və filan gün ödəyəcəyəm, deyə söz verdi. Bu vəziyyəti Xəlifə Mütəvəkkil eşitdi.  İmam Hadi (radıyallahü anh) həzrətlərinə otuz min qızıl pul göndərdi. Vəd edilən gün kəndli gəldi. Otuz min qızılı kəndliyə verib, bununla borcunu ödə,  qalanını da evinə xərcləyərsən, buyurdu.  Kəndli, ey Rəsulullahın nəvəsi,  mən bu pulun üçdə birinə razı idim, lakin Allahü təala nə qədər göndərəcəyini daha yaxşı bilir, dedi”.

           Bir gün Xəlifə Mütəvəkkil xəstələnmiş, bədənində bir çiban çıxmışdı. Çox ağrı və şiddətli atəşi var idi. Həkimlər dərman tapa bilmədilər. Az qala öləcəkdi. Anası, Mütəvəkkil yaxşılaşarsa öz malımdan İmam Hadi (radıyallahü anh) həzrətlərinə çox mal göndərəcəyəm, deyə niyyət etdi. Bir gün Xəlifə Mütəvəkkilin yaxın adamlarından Fəth ibn Hakan, “İmam Hadi (radıyallahü anh) həzrətlərindən də bir dərman soruşaq” dedi.  Bir nəfər göndərərək ondan dərman soruşdurdular.  İmam Hadi (radıyallahü anh) həzrətləri, “ Filan şeyi çibanın üzərinə qoyun, Allahü təalanın izni ilə  faydalı olar” buyurdu. Bu xəbər Mütəvəkkilin məclisinə çatınca orada olanlar  gülüşdülər və lağ etdilər.  Fəth ibn Hakan, “Təcrübə edək, zərər olmaz” dedi. İmam Hadi (radıyallahü anh) həzrətlərinin söylədiyi şeyi çibanın üzərinə qoydular. Çiban yarılıb içindəki irin çıxdı. Xəlifə Mütəvəkkilin yaxşılaşdığını anası eşidincə on min dinarı bir kisəyə qoydu və öz möhürü ilə kisənin ağzını möhürləyərək İmam Hadi (radıyallahü anh) həzrətlərinə göndərdi. Xəlifə Mütəvəkkil tam səhhətə  qovuşduqdan bir neçə gün sonra bir nəfər xəlifəyə, “İmam Hadi (radıyallahü anh) həzrətlərinin yanında çox mal və saysız silah var” deyə şikayət etdi.  Xəlifə, vəziri Səidə gecə yarısı İmam Hadi (radıyallahü anh) həzrətlərinin evinə girməsini və orada tapdığı mal və silahları ona gətirməsini əmr etdi. Vəzir Səid belə anlatmışdır, “Özümlə bir nərdivan götürdüm. Gedib evinin damına çıxdım. Bacadan içəri girdim.  Qaranlıq olduğundan nə tərəfə gedəcəyimi bilmədim. O sırada İmam Hadi (radıyallahü anh) həzrətlərinin səsini eşitdim, “Ey Səid! Bir az gözlə şam gətirsinlər” buyurdu. Şam gəlincə aşağıya endim. İmam Hadi (radıyallahü anh) həzrətləri yundan bir paltar geyib,  başında da yundan bir dəyirmi papaq vardı. Həsir bir səccadə üzərində qibləyə qarşı oturmuşdu. “Ey Səid! Bu da otaqlar, axtar!” buyurdu. Otaqları axtardım. Mənə söyləndiyi kimi mal və silah yox idi. Yalnız Xəlifə Mütəvəkillin anasının göndərdiyi kisə ağızı möhürlü olaraq dayanırdı. Onun yanında möhürlü bir kisə daha vardı. İmam Hadi (radıyallahü anh) həzrətləri. “səccadəyə də bax” buyurunca, səccadəni qaldırdım.    Altında qınında olan bir qılınc var idi. Kisələri və qılıncı alıb Mütəvəkkilə apardım.   Xəlifə Mütəvəkkil anasının möhürü ilə möhürlü kisəni görüncə maraqlanıb soruşdu. Hadisəni anlatdılar. Xəlifə Mütəvəkkil bir kisə dinar daha özü qoyub apardıqlarını eynilə geri götürməyimi əmr etdi. İmam Hadi (radıyallahü anh) həzrətlərinin hüzuruna gedib  peşman bir halda, “Əfəndim, iznsiz evinizə girmək mənə  çox çətin gəldi, fəqət mənə  belə əmr edildi” dedim. O vaxt məali-şərifi, “Haqsızlıq edənlər hansı aqibətə döndürüləcəklərini biləcəklər”, olan Şüəra surəsi 227-ci ayəsini oxudu.

            Xəlifə Mütəvəkkil İmam Hadi (radıyallahü anh) həzrətlərini Mədinədən İraq tərəfə çağırdı. Sermənraya çatdıqda onu Xan-üssadıq deyilən pis bir yerdə saxladılar. İmam Hadi (radıyallahü anh) həzrətlərini sevənlərdən Saleh ibn Səid hüzuruna gəlib, “Əfəndim, canım sizə fəda olsun. Bunlar sizin qiymətinizi gizlətmək və nurunuzu söndürmək istəyirlər. Çünki sizi belə pis bir yerdə saxladılar” dedi. İmam Hadi (radıyallahü anh) həzrətləri ona: “ Ey İbni Səid! Sən hələ bu dərəcədəsən?” buyurdu. Sonra mübarək əli ilə işarə etdi. Saleh ibn Səid belə dedi: “O sırada gözəl bağçalar içində saraylar, çaylar, hurilər və inci kimi düzülmüş vildanlar (Cənnət xidmətçiləri) gördüm. Heyrətə gəldim. Mənə, “Ey İbni Səid, biz harada olsaq bunlar bizimlə bərabərdir.  Biz bu pis yerdə deyilik” buyurdu.

            Bir şəxs belə anlatmışdır: “Xanımım hamilə idi. Bir oğlum olması üçün İmam Hadi (radıyallahü anh) həzrətlərindən dua istədim. “Oğlun olacaq. Adını Muhamməd qoy” buyurdu.  Oğlum oldu və adını Muhamməd qoydum.

             Yenə bir şəxs anlatmışdır: “Xanımım hamilə idi. Uşağımın oğlan olması üçün İmam Hadi həzrətlərindən dua istədim. “Çox qız vardır ki, oğlan övladdan xeyirlidir” buyurdu. Qızım oldu. 

            Bir şəxs  İmam Hadi (radıyallahü anh) həzrətlərinə, “Kufə qazısı mənə çox əziyyət edir” deyə şikayət etdi. “Ona, iki ay daha səbir et” buyurdu. İki ay sonra o qazı vəzifəsindən atıldı.

           Xəlifə Mütəvəkkil evində  müxtəlif quşlar saxlayardı. Quşların səsindən gələnləri başa düşmürdü. Gələnlər də Mütəvəkkilin sözlərini  başa düşmürdü. İmam Hadi həzrətləri gəlib içəri girincə quşlar susar, çıxanda təkrar ötməyə başlayardılar.

           Hindistandan bir sehrbaz gəlmişdi.  Qəribə göstərilər edirdi. Mütəvəkkil  onu çağırıb, “Əgər bir oyun göstərərək İmam Hadi Əli ibn Muhammədi (radıyallahü anh) xəcalət verə bilsən,  sənə min dinar verəcəyəm” dedi. Sehrbaz, “Olar, edərəm, lakin bir yemək və yanında bir az yuxa gətirin və məni onun yanında oturdun” dedi. Söylədiyi kimi etdilər. İmam Hadi həzrətləri bir parça çörək almaq istədi. Sehrbaz bir şeylər etdi, çörək qarşısından uçdu. Bu işi üç dəfə etdi. Orada olanlar gülüşdülər. Otaqdakı  bir divanın yastığı üzərində aslan rəsmi vardı.  İmam Hadi həzrətləri o aslan rəsmini işarə edərək, “Bunu tut” dedi. O rəsm canlı bir aslan oldu. Sıçrayıb sehrbazı uddu. Sonra təkrar yastığa gedib rəsm oldu. Mütəvəkkil, sehrbazı geri çıxarması üçün İmam Hadi həzrətlərindən çox  istədisə de qəbul etmədi. “Vallah Allahın düşmənlərini dostlarına müsəllət edəni əsla görə  bilməzsiniz” buyurdu. Sonra oradan ayrıldı. Bu hadisədən sonra o sehrbazı kimsə görə bilmədi.

          Bir gün İmam Hadi (radıyallahü anh) həzrətləri Xəlifənin övladından birinin toy yeməyində oldu. Hər kəs ədəblə otururdu. Tək bir gənc çox danışaraq və gülərək ədəbsizlik edirdi. İmam Hadi həzrətləri ona, “Ey gənc! Ağız dolusu gülürsən və Allahü təalanın zikrindən qafil olursan. Halbuki, sən üç gün sonra qəbirdə olacaqsan” buyurdu. Gənc bu sözləri eşidincə ədəbsizlikdən  imtina etdi. Sonra yemək yeyib dağılışdılar. Ertəsi gün o gənc xəstələndi və üç gün sonra vəfat etdi.

         Yenə bir toy yeməyində idilər.  Samirə şəhərinin əhalisindən bir şəxs boş sözlər söyləyir, İmam Hadi həzrətlərinə lazımi hörməti göstərmədi. İmam Hadi (radıyallahü anh) həzrətləri, “Bu kimsənin evindən acı bir xəbər gələcək. Bu yeməklərdən yeyə bilməyəcək” buyurdu. Yeməklər hazırlanınca o  şəxs əllərini yuyub yeməyi yeyəcəyi sırada xidmətçisi ağlayaraq içəri girdi. O kimsəyə, “Anan damdan düşdü. Ölmək üzrədir, dərhal yetiş, ölmədən əvvəl onu gör” dedi. O şəxs yemək yeyə bilmədən qalxıb getdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину