Özü üçün bir xidmətçi istəmədiyi müddətcə qul, quldur. Özü üçün bir xidmətçi istədisə, yüksək dərəcəsindən düşmüş və qulluğun ədəblərini tərk edib sərhədlərini aşmış olar, çünki başqasının ona xidmət etməsini istəyəcək qədər nəfsini böyük görmüşdür.
Sahib olduğumuz zamanların ən üstünü, nəfsimizin istək və arzularından qurtulduğumuz və insanlar haqqında pis düşünmədiyimiz vaxtdır.
İşlədiyimiz fəzilətli əmələ güvənərək, əzab olunmaqdan qorxmasaq həlak olarıq.
Kim Allahü təalanın rizası üçün nəfsini ayıblayarsa, Allahü təala onu qəzəbindən qoruyar.
Pis və yanlış sözləri çox dinləmək, taətin, ibadətin dadını qəlbdən silər.
Sabah bizə zərər verəcək şeylər üçün kədər və qəm içində olaq. Axirət səadətini viran edən şeylər üçün kədərlənək. Sabah bizə fayda verməyəcək şey üçün sevinməyək!
Ən faydalı qorxu, insanı günahlara və pisliklərə yaxın qoymayanıdır. İnsana, boşuna keçən ömrü üçün kədərlənmək yaraşar. Qalan ömrünü də yaxşı dəyərləndirməsi lazımdır.
İnsanın malayanini (boş və faydasız şeyləri) tərk etməsi, onun Müsəlmanlığının gözəlliyindəndir.
Yaxşı insanların gözəl adətlərindən biri, Allahü təalanı gecə-gündüz anmalarıdır. Onu anmaq, zikr, qəlb və dillə olur. Ancaq qəlbin zikri daha üstündür. Qəlblərimizi, Allahü təalanı anmaqla dirildək. Onun qorxusuyla dolduraq. Onun sevgisilə nurlandıraq. Ona qovuşmaq arzusu ilə şənləndirək və bilək ki, Ona olan sevgimiz dərəcəsində yüksələr, niyyətlərimizin doğruluğu ilə nəfsimizi qəhr edər, şəhvətləri yenib əməllərimizi təmiz qıla bilərik.
Sözlərin böyüyü, böyüklərin sözüdür. O böyüklərin sözündə İlahi təsir vardır.
Gücümüzün yetdiyi və əlimizdən gəldiyi qədər, dünyalıq bir şey səbəbilə hirslənməməyə cəhd göstərməliyik.
İnsanlar ədəbə elmdən xeyli daha çox möhtacdırlar.
Daim utanmaqdan və sıxılmaqdan bəhs edən, amma Allahü təaladan utanmayan kimsəyə, nə qədər də təəccüb edilir!
Ehtiyacı olmayan bir şeyə möhtac kimi görsənən, möhtac olduğu bir şeyi itirər.
Allahü təala müxtəlif ibadətləri bildirdi. Səbri, sidqi, namazı, orucu və səhər vaxtları istiğfar, tövbə etməyi buyurdu. İstiğfarı ən sonra söylədi. Beləcə, qula, bütün ibadətlərini, yaxşılıqlarını qüsurlu görüb, hamısına əfv və məğfirət diləməsi lazım oldu.
В корзине: 0 шт.
на сумму: 0