Facebook Twitter WhatsApp

Başqasının malından icazəsiz istifadə etmək

Başqasının malından icazəsiz istifadə etmək

Sual: Səmimi bir yoldaşın malından ondan xəbərsiz istifadə etmək və ya yemək caiz olar?

CAVAB

Başqalarının malından icazəsiz istifadə etmək haramdır. Məsələn, yoldaşının qələmini ondan xəbərsiz götürüb, o qələmlə bir məktub yazmaq haram olar.

Yoldaşının cibindəki və ya masasındakı şəkər kimi şeyləri yemək də belə caiz olmaz. Ancaq, çox səmimi olduğu və yüz faiz icazə verəcəyini bildiyi bir yoldaşının malından istifadə etmək  və ya yemək caizdir.  Lakin, bu gün belə yoldaşlar tapmaq çox çətindir. Bunun üçün sui-zənnə səbəb olacaq şeylərdən qaçmaq lazımdır.

Fəthi Musuli həzrətləri bir yoldaşının evinə getdi. Yoldaşı evdə yox idi. Xidmətçisi vardı. Ondan sandığın açarını istədi. Xidmətçi də tanıdığı üçün açarı verdi. Fəthi Musul həzrətləri sandığı açıb ehtiyacı qədər pulu götürüb getdi. Yoldaşı bunu eşidəndə çox sevindi. Dərhal xidmətçisini (köləsini) azad etdi.

Bu yüksək dərəcəyə çatan əvvəlki böyük şəxslər pula ehtiyacı olanda yoldaşına vəziyyəti bildirərlər. Yoldaşları da, “Nə qədər ehtiyacın var?” deyə soruşmaz, pulqabını çıxarıb verərdilər. Yoldaşları da ehtiyacları qədərini pulqabından götürərdilər. Hətta bəziləri, bir yoldaş ondan pul istəsə, “Niyə bunun ehtiyacı olduğuna daha əvvəl fikir vermədim, niyə onu istəməyə məcbur buraxdım” deyərək kədərlənib ağlayardı. Tez-tez yoldaşına ehtiyacının olub olmadığını soruşardı. Onsuz da yoldaşa “Necəsən?” demək “Nə ehtiyacın varsa söylə, mümkünsə çarəsinə baxım”  deməkdir. Söz olsun deyə necəsən demək həqiqi yoldaşlığa yaraşmaz.

Başqasının məktubunu oxumaq

Sual: Bəzi yoldaşların kiminlə məktublaşdığını, nələr yazdığını maraqlanıram. Hər hansı bir yolla və ya şifrəsini qıraraq başqasının elektron məktublarına, kompyuterindəki digər yazılara və xüsusi rəsmlərinə baxmaq günahdırmı, qul haqqına girərmi?

CAVAB

Sizə icazə verilibsə günah olmaz. İcazəsiz baxılarsa böyük günahdır, qul haqqına da girər. Ümumi icazə verilsə belə kompyuterində xüsusi şeylər olacağı üçün ehtiyac qədər baxmalı, başqa nə var, nə yox deyə araşdırmamaq lazımdır. Dört hədisi-şərif məali belədir:

“Yoldaşının yazısına icazəsiz baxan Cəhənnəm atəşinə baxmış olar.” (Tabərani)

“Yoldaşının məktubuna icazəsiz baxan atəşə baxmış olar.” (Əbu Davud)

“İcazəsiz bir evin içinə baxan haram iş görmüş olar.” (Əbu Davud, Tirmizi)

“Birinin evinə icazəsiz baxanın gözü çıxarılsa yeridir.” (Müslim)

Başqasının şəxsi məlumatlarına icazəsiz baxmaq qul haqqı olduğu kimi, onu bir başqasına göstərmək də söz gəzdirməyə, qeybətə girər. Bunlar da haramdır. Bir kimsəyə mail göndərərkən, o maildə öz yazdıqlarımızdan başqa, başqasının yazıları daha əvvəl verdikləri  cavablar da varsa, gizli (bcc) qismə başqalarının mail adresini yazaraq, onlara da gizlicə göndərmək, o yazıları başqalarına göstərmək olur.

Belə bir şey edilmişsə tövbə edib o kimsəylə halallaşmaq lazımdır.

Sual: İş yerində məlumat-əməliyyat üzrə məsul şəxsəm. Başqasının yazısına, kompyuterinə icazəsiz baxmaq caiz olmadığına görə, mənim baxmağım da günah olar?

CAVAB

İş üçün lazım olmadan baxmaq günah olar. Ehtiyac varsa ehtiyac qədər baxıla bilər.

Şəxsi işdə istifadə etmək

Sual: Özəl iş yerlərində iş üçün istifadə etdiyimiz bir aləti səlahiyyətlisindən icazə almadan, şəxsi işimizdə istifadə etməyimiz caiz olar?

CAVAB

Heç bir alətdən icazəsiz istifadə etmək caiz olmaz. Ancaq iş yerinə zərəri olmayacaqsa  və adət olan bir şeydirsə, məsələn telefonu şarj etmək, iş yerinin cərəyanından istifadə etmək, elektrikli təraş maşınıyla təraş olmaq, dəstəmaz üçün və ya qüsul üçün iş yerinin suyundan istifadə etmək, kompyuterində xüsusi mail yazmaq  kimi şeylərə ümumi icazə verilir. Buna görə də icazəsiz istifadə edilə bilər.