Facebook Twitter WhatsApp

Qumar və oyunlar

Sual: “Qumarın haram qılınma səbəbi, insanı namazdan ayırması və insanları bir-birinə düşmən etməsidir. Bunun üçün də qumar sayılsa da, hər növ lotereya haram deyil, məkruhdur” deyənlər olur. Namaza mane olmazsa, kimsəni düşmən etməzsə qumar halal olur?

CAVAB

Lotereya qumardır. Qumar isə qəti olaraq haramdır. İki ayəti-kərimə məali:

"Ey iman edənlər, hamr [spirtli içki], qumar, bütlər və fal oxları şübhəsiz şeytan işi olan pisliklərdir, bunlardan çəkinin ki, səadətə çatasınız.” [Maidə 90]

"Şeytan, hamr və qumarla aranıza düşmənçilik və kin salmaq istəyər. Sizi, Allahı zikrdən və namazdan ayırmaq istəyər. Siz [zərərləri bilinərkən] bunlardan hələ çəkinmirsiniz?” [Maidə 91]

İkinci ayəti-kərimədə içki və qumarın zərərlərindən tək ikisi bildirilir. “Şeytan, bunlarla aranıza düşmənlik və kin soxmaq, Allahı zikrdən və namazdan ayırmaq istəyər”, deyilir. Elə deyənlərin fasid müqayisələrinə  görə, namazdan ayırmazsa, kimsəni bir-birinə düşmən etməzsə, içki də halal olar. Halbuki bir kimsə evində bir qurtum şərab içsə, yəni içdiyi içki namaza mane olmasa və kimsəyə zərəri toxunmasa da, yenə haramdır, böyük günahdır. İki hədisi-şərif:

“Çoxu sərxoş edən şeyin, azını da içmək haramdır.”  [Nəsai, Tirmizi]

“Bir zaman gələcək, içkinin adı dəyişdiriləcək və halal sayılacaqdır.” [İ.Əhməd]

Müasir dövrümüzdə müxtəlif içkilərə halal deyənlər olduğu kimi, qumar olan lotereyaya da halal deyənlər çıxa bilər. Spirtli olan hər içki və lotereyanın hər növü haramdır.

Rəsulullah (sallallahu aleyhi və səlləm) içkini, qumarı və çalğını qadağan etdi. (Əbu Davud)

Yaxşı, qumar nədir, nə edilərsə qumar olar?

İbni Abidin həzrətləri buyurur ki: Qumar sözü, qamr kəliməsindən gəlir. Qumarçılardan hər birinin malının çoxalma və azalma ehtimalı vardır. Yalnız birinin malının çoxalması, yalnız o birinin azalma  ehtimalı varsa, qumar olmaz. (S.Əbədiyyə)

Bir neçə adam, aralarında pul, mal yığaraq lotereya çəkib, isabət etməyənlərin, isabət edənlərə mal, pul vermələrini razılaşması qumardır. (Məcəllə 2169)

Qumarın haram olması üçün namaza mane olması, düşmənçiliyə səbəb olması kimi bir şərt yoxdur. Düşmənliyə səbəb olsa da, olmasa da, lotereya qumardır, hər qumar haramdır.

Sual: Dünyadakı müsəlmanlara göndərilən Qumar Oyunları haqqındakı bəyanata necə cavab verərsiniz?

CAVAB

Dinimizdə bir şeyin haram və küfr olduğu dörd dəlil ilə bilinər. Bunlar Kitab, Sünnət, İcma və Qiyas. Bundan başqa dəlil yoxdur. Göndərilən bəyanatda müxtəlif qumar oyunlarının kağız sayısından ötəri haram və ya küfr olduğu bildirilir. Halbuki İbni Abidin həzrətləri buyurur ki:

“Oyun ilə vaxt keçirmək, nərd, 14 daş və bənzəri oyunlar tahrimən məkruhdur. Bunlar, pul ilə mal ilə edilərsə qumar olar, haram olar.”  [Rədd-ül Muxtar c.5, s.253]

Demək ki, nə cür oyun olursa olsun, çay puluna belə olsa, oynananda haram, pulsuz oynananda tahrimən məkruhdur. Heç bir kitabda, qumar oynayan dindən çıxar deyə yazılmaz.

Bəyanatda, “Kart oynayarsan 54 fərzlə oynayarsan, nərd oynayarsan İslamın 32 şərti ilə oynayarsan” kimi şəxsi fikirlər vardır. Dinimizdə rəqəmlər üzərindən mənalar çıxarmaq doğru deyildir. Amerikada peyğəmbər olduğunu söyləyən R.Khalife adlı bir din düşməni də, 19 rəqəminin müqəddəsliyindən bəhs etmişdir. 19 rəqəmi üzərinə başqa nömrə çevirənlər də olmuşdur.  

İslamın şərti 32 deyil, beşdir. Dominodakı ədədlər farscadır. Yəhudiliklə, Xristianlıqla bir əlaqəsi yoxdur. Dəstəmazın fərzi Hənəfidə dörd isə də, digər məzhəblərdə fərqlidir.  

Belə bəyanatlar, ya xaricilərin bir oyunu və ya cahil kəslərin bir uydurmasıdır. Qumarın haram olduğu ədilləyi-şəriyyə ilə də sabitdir. Rəqəmlərə görə haram olduğunu söyləmək çox səhvdir. Qumar oyunları, bəyanatda açıqlanan rəqəmlərlə deyil, başqa rəqəmlərlə oynansa haram olmaqdan çıxacaqmı? Əlbəttə çıxmaz. Xurafatlardan uzaq dayanmaq lazımdır.

Sual: Top yarışı təşkil etmək, topu ən uzağa atana hədiyyə vermək caizdirmi, qumardırmı? Hansı şans oyunları, hansı yarışlar qumardır, hansıları qumar sayılmaz? Püşk çəkmək, lotereyaya daxildir?

CAVAB

Bir şeyin qumar ola bilməsi üçün bəhsə girən iki və ya daha çox adamın zərər və ya mənfəət etmə ehtimalının olması şərtdir. Məsələn “Sən qazanarsansa mən sənə verəcəyəm, mən qazansam sən mənə  verəcəksən” şəklində bəhsə girmək qumar olur. “Sən qazansan da, mən qazansam da mən verəcəyəm  və ya sən verəcəksən” şəklində olarsa qumar olmaz. Yaxud, biri, ortaqlardan pul almadan “Hansınız qazansa ona pul və ya avtomobil verəcəyəm” desə qumar olmaz. Qazanma olmadan, “Püşk çəkəcəyəm. Kim püşkdə çıxarsa ona verəcəyəm” demək də qumar olmaz.

Mübah olan hər hansı bir şey ilə yarışmaq caizdir. Yarışan iki kimsədən tək birinin, “Məni keçsən, sənə bunu verəcəyəm. Mən keçsəm, səndən bir şey istəmirəm” deməsi və ya yarışmağa qarışmayan birinin, “İkinizdən hansı qalib gəlsə bunu verəcəm. Qazanmayana bir şey verilməyəcək” deməsi caizdir. “Qazanmayan, qazanana bunu verəcək” deyilirsə, qumar olar. Qumarçılardan hər birinin malının çoxalma və ya azalma ehtimalı vardır. Əgər, üçüncü bir kimsə, ikisinin atlarını keçməsi şübhəli olan bir at ilə yarışa qatılıb, “Sizi keçsəm, ikinizdən də alaram. Siz məni keçsəniz, sizə bir şey vermərəm, hansınız o birini keçərsə, ondan alar” deməsi də caiz olar. (Rədd-ül Muxtar)

TV-dəki çəkilişlər

Sual: Televiziyalardakı proqramlarda çox xal alana, qapını əvvəl açana, minanı partlatmayana müxtəlif hədiyyələr verirlər. Oyunçulardan heç pul almırlar. Bu qumar sayılır?

CAVAB

Sayılmır. İştirak edən hər kəsdən az da olsa pul alsa, qumar sayılardı. Bu barədə, mötəbər əsərlərdən aldığımız yazı aşağıdakı kimidir:

Hər şey ilə yarış etmək və puzzle həll etmək halaldır. Bunları qumar ilə etmək haramdır. Qaçaraq və ya at ilə silah ilə, ox ilə hədəfə atmaq kimi hərbdə istifadə edilən şeylərlə edilən yarışlarda, bir tərəfdən mal şərt etmək də caiz olur. Yəni, iki adamdan yalnız biri, “Sən qazanarsan mən sənə verəcəyəm. Mən qazanarsam, sən mənə verməyəcəksən” deyərsə və ya bir üçüncü kimsə, “Yarışa qatılanlar arasından qazanana mən verəcəyəm” deyərsə caiz olar. İki tərəfin də mal verməsi şərt edilərsə, qumar olar. Bir üçüncü kimsə də yarışa qatılıb, ikisini də keçərsə, ikisindən də alması, ikisini də keçə bilməzsə, ondan bir şey alınmaması şərti ilə, ikisindən geridə qalanın, keçənə mal verməsini şərt etməsi caiz olar.

Püşk atmaq caiz və sünnətdir. Mülk sahiblərinin haqlarının miqdarlarını dəyişdirmək və ya ortaqlardan birinin haqqını yox etmək, yaxud haqqı olmayana pay vermək üçün edilən püşk, lotereya olur, haram olur.

Qumar, yarışlarda olduğu kimi nərd ilə, dama daşları ilə, kart kağızları ilə edilən hər oyunda, futbol oyunlarında da olur. Bunların hamısında və elm adamları arasındakı qumarda sözləri, təxminləri səhv çıxanlar, təxminləri doğru çıxanlara mal, pul verir. Qumara qatılanların hər birində həm almaq, həm də vermək ehtimalı vardır. Qumar oynatmaq, yarışmaq demək deyil, təxmində yanılıb yanılmamaq deməkdir. 

Qumarla istismar edənlər

Qumarda sonu təxmin edilən işin oyun olması, qazanclı, uğurlu olması və ya zərərli olması arasında fərq yoxdur. Kəndirbazın düşüb düşməyəcəyini, gəminin batıb batmayacağını təxmin edənlərin, bir-birlərinə pul vermək üçün bəhsə girmələri də qumar olur. Bunun üçündür ki, oyun, yarış olmadan, qumar oynayanların adları və ya pul ilə aldıqları biletlərin nömrələri arasında lotereya çəkərək, çəkilən nömrə sahiblərinin biletlərdə yığılan pulların hamısını və ya bir miqdarını paylamaq qumar olur. Çünki, lotereyaya qatılanların hamısı öz nömrəsinin çəkiləcəyini ümid edir. Bu təxminləri doğru çıxanlar, səhv çıxanların əvvəldən vermiş olduqları pullardan alırlar. Aldıqları pul ilə əvvəlcədən biletə verdikləri pulun fərqini, təxminləri səhv çıxanlardan almış olmaqdadır. Təxminləri səhv çıxacaqlardan pul toplamaq çətin olacağı üçün və bunlar əvvəlcədən bəlli olmadıqları üçün, lotereyaya qatılanların hamısından, əvvəldən bilet ödənişi adı altında pul toplanır, təxmini doğru çıxanların vermiş olduqları, sonra özlərinə qaytarılır. Əvvəlcədən toplanan pulların hamısı lotereya sahibi alır, bundan öz payını ayırıb, geri qalanını doğru çıxanlara verir.

Lotereya sahibi qumarda iştirak etməsə belə, harama səbəb olduğu üçün, böyük günah işləyir, iştirak edənləri istismar edir. (Rədd-ül Muxtar, Ə.Səadət, İ.Əxlaqı)

Sual: Qəzetin püşk ataraq avtomobil verməsi ilə lotereya arasında fərq varmı?

CAVAB

Lotereya bileti alanda verilən pula qarşılıq bir mal alınmır. Kuponsuz olaraq qəzetin təşkil etdiyi püşkatmaya qatılan şəxs verdiyi pul ilə qəzetin yanında ayrıca ensiklopediya və kaset də alır. Oxucuların qəzetdən bir alacaqları qalmır. Qəzet artıq olaraq püşk ilə avtomobil və s. verir. Qəzet bunu da təqdim etdiyi sualları bilənə verir. Bunun lotereya ilə heç bir əlaqəsi yoxdur. Üç növ püşk vardır:

1. Haram olan püşk. “Ortaqlardan bir neçəsi xaric, hamısı zərər edir. Hər növ lotereya çəkilişi belədir.”

2. Caiz olan püşk. “Ortaqlardan heç birinin zərər etmədiyi püşk. Qəzetin verdiyi avtomobillər, soyuducular və paltaryuyan maşınlar belədir.”

3. Müstəhəb olan püşk. Müştərək haqqa sahib olanlar arasında çəkilən püşk. “Qurban ətini tərəzidə çəkdikdən sonra ortaqların püşk ilə hissələrini almaları belədir.” [Məcəllə Şərhi]

Sual: Haram bir şeyi sevmək, “Qumar haramdır, amma sevirəm” demək küfr olar?

CAVAB

İnsanın nəfsi haramlardan xoşlanır. Haramlardan xoşlanmaq insanın əlində olmadığı üçün küfr və günah olmaz. Haram işləmək günah olar. “Haramdır, amma sevirəm” demək surətiylə günahı eşitdirmək, elan etmək, təşviq etmək də günahdır. (Hadiqa)

Sual:  Bir kilo paxlavanı yeyə bilərsənsə, qiymətini mən ödəyəcəyəm. Yeyə bilməzsən özün ödəyərsən, deyərək bəhsə girmək qumar sayılar?

CAVAB

Qarşılıqlı zərər etmə olduğu üçün qumar olur. Özünün gətirdiyi paxlavanı yoldaşına “Hamısını yeyə bilsən sənə bu qədər pul verəcəyəm. Yeyə bilməzsənsə bir şey yoxdur” desə, qumar olmaz. İki tərəfdən birinin zərər etmə ehtimalı varsa, qarşılıqlı bəhslər qumar olur.

Sual: Böyük hədiyyəli yarışlara qatılıb oradan qazanılacaq pulu yemək caiz olar?

CAVAB

Pul vermədən yarışmağa qatılma imkanı varsa zərəri yoxdur. Az da olsa pul veriləndə qumar olur, haram olur. 

Sual: Oyunlar, çay puluna və ya vaxt keçməsi üçün oynanıldığı üçün günah olur?

CAVAB

Çayına oynamaq da qumardır və haramdır. Bu oyunları oynamaq tahrimən məkruhdur. Davamlı oynanarsa haram olar. Oyun oynamaq boş işdir.

İnsan, dünyaya oyun və əyləncə üçün gəlməmişdir. Dünya iş və qazanc yeridir. Dünya axirətin tarlasıdır. Burada nə əkilərsə, axirətdə o biçiləcəkdir. Boş vaxt fürsət və qənimətdir. Faydalı iş görmədən vaxt keçirmək vaxtı öldürmək olur. Dünyada edilən hər işin, hər nəfəsin hesabı qiyamətdə soruşulacaqdır. Hədisi-şərifdə buyuruldu ki:

"Qiyamət günü, hər kəs ömrünü və gəncliyini haralarda keçirdiyindən, malını haradan qazanıb, haralara xərclədiyindən və elmi ilə əməl edib-etmədiyindən sorğuya çəkiləcəkdir.”  [Tirmizi]

Ömür, elm, mal və bədən Allahu təalanın qullarına verdiyi bir sərmayədir. Bu sərmayəni Allahu təalanın bildirdiyi yerlərdə xərcləmək lazımdır. Vaxt keçdikdən sonra peşmanlığın faydası olmaz. Onun üçün gəncliyin, malın, sağlamlığın qiymətini bilmək və dünyada axirəti qazanacaq işlər görmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

"Beş şeydən əvvəl beş şeyin qiymətini bil! Qocalıqdan əvvəl gəncliyin, xəstəlikdən əvvəl sağlamlığın, məşğuliyyətdən əvvəl boş vaxtın, kasıblıqdan əvvəl zənginliyin və ölümdən əvvəl həyatın qiymətini bil!” [Əbu Nuaym]

Peyğəmbər əfəndimiz nərd oynayan bir qrup insana buyurdu ki:

“Oyunla məşğul olan əl və qəlblərə, boş və batil sözlərə təəssüflər olsun!” [Beyhəqı]

Belə oyunları pulsuz, əyləncə üçün oynamaq da uyğun deyildir. Çünki hədisi-şəriflərdə buyuruldu ki:

“Şahmat və dama oynayan, əllərini donuz qanına bulaşdırmış kimi olur.”  [Müslim]

"Nərd oynadıqdan sonra qalxıb namaz qılan, irin və donuz qanı ilə dəstəmaz alıb namaz qılana bənzəyir.” [İ.Əhməd]

“Şahmat, nərd və bənzəri haram olan oyunları oynayanlara rast gəldiyiniz vaxt, salam verməyin! Salamlarını da almayın!” [Deyləmi]

Yuxarıdakı hədisi-şəriflərin şərhi olan fiqhi hökm isə belədir:

“Nərd, şahmat, 14 daş kimi oyunları oynamaq tahrimən məkruhdur. Davamlı oynanarsa haram olar. Əgər bir fərzi yerinə yetirməyə mane olarsa, yaxud pul üçün oynanılarsa yenə haram olar.” [Rədd-ül Muxtar 5/253]

Görüldüyü kimi pulsuz olaraq arabir oynamaq harama yaxın məkruh, davamlı oynanarsa haramdır.  Çay pulu üçün oynamaq qumar olduğu üçün yenə haramdır.

Hədisi-şərifdə buyuruldu ki:

“Bir kimsənin boş şeylərlə vaxt keçirməsi, Allahu təalanın onu sevmədiyinin əlamətidir.” [Məktubatı Rəbbani]

İmam Malik həzrətləri buyurdu ki:

“Şahmat və dama oynayan Allah və Rəsuluna üsyankar olmuş sayılar.” [U.Kübra]

İmam Qəzali həzrətləri ilə İmam Şafii həzrətləri hərdənbir şahmat oynamağın mübah, davamlı oynamağın isə tənzihi məkruh olduğu bildirdilər. Necə ki, İmam Şafii həzrətləri, “Şahmat oynamaq din və mürüvvət sahiblərinin adəti deyildir”  buyurdu.

Bu yazılardan aydın olduğuna görə, Hənəfilərin şahmat daxil bütün oyunları oynamaları doğru deyildir. Şafilərin isə hərdənbir tək şahmat oynamaları caizdir.

Sual: İctihad qapısı bağlı olduğu deyilir. Məsələn, indiki dövrdə ortaya çıxan bəzi oyunlar, at yarışı, lotereya və digər mövzular haqqında dinimizin bildirdikləri söylənərkən qiyas (Qurani-kərim və hədisi-şərif) və ya icma edilmiş olur, yoxsa İslam alimlərinin bildirdiklərinə uyğun hökm verilir?

CAVAB

Qumarı təsvir etmişdirlər, adına lotereya da, loto da, at yarışı da, fərq etməz, yəni yeni bir şey yoxdur. Qiyas filan edilmir. İçki, qumar və digər haramların adı dəyişdirilsə də yenə haramdır. Bunlar üçün yeni ictihada ehtiyac yoxdur. 

Şans oyunu

Sual: Bəzi kazino oyunları tamamilə təsadüfə söykənmir, bilgi və qabiliyyət də tələb edir. Öz bilgimizdən istifadə etdiyimiz üçün görəsən bu cür kazino oyunları caiz olar?

CAVAB

Xeyr, caiz olmaz. Ölçü, bilgidən istifadə edilib-edilməməsi deyil, oyunda pul verilib verilməməsidir. Bilgi yarışması da edilsə, qatılmaq üçün pul verilərsə, yenə qumar olur, caiz olmaz.

Sual: Bir şey üçün toyuğun sümüyündən istifadə edərək bəhsə girmək caiz olar?

CAVAB

Xeyr, caiz olmaz, qumar olar.

Sual: Futbol və ya başqa oyunları, idman məqsədiylə oynamaq günahdır?

CAVAB

Övrət yeri açıq olarsa və ya namaza mane olarsa hər oyun haram olar.

Oyunla vaxt keçirmək, nərd, 14 daş və bənzəri oyunlar təhrimən məkruhdur. Bunlar, pulla, malla edilərsə qumar olar, haram olar. (Rədd-ül-muxtar)

Demək ki, nə cür oyun olursa olsun, çay puluna belə olsa, pulla oynanılarsa haram, pulsuz oynanılarsa tahrimən məkruhdur. İdman olaraq başqa faydalı işlər görmək, məsələn, yerimək, qaçmaq, dənizdə üzmək, evdə müxtəlif gimnastika alətləriylə idman edilə bilər. Müxtəlif oyunlara bağlanıb, kitab oxumaqdan məhrum qalanlar, hətta yemək yeməyi belə unudanlar olur. Məktəbdəki dərslərinə belə çalışa bilmirlər.

Lotereya bileti tapmaq

Sual: Yolda bir lotereya bileti tapılsa, bu biletlə bir miqdar pul qazansa, bu pulu alıb xərcləmək caiz olar?

CAVAB

Özü satın almadığı üçün, luqata yəni, yerdə tapılan pul, mal hökmdədir. Müsəlman bir kasıba verilə bilər və ya kasıbsa özü istifadə edə bilər.

Lotereyadan çıxan avtomobil

Sual: Lotereyadan çıxan avtomobili satın almaq caizdir?

CAVAB

Avtomobil dinən mülkü olmadığı üçün sata bilməz, bir kasıba hədiyyə edər, kasıb təslim aldıqdan sonra, öz malı olduğu üçün digərlərinə satar və ya bağışlayar.

Qumarda qazanılan pul

Sual: Bir kimsə qumardan qazandığı pul ilə çay ismarlasa, içmirəm demək də o anda mümkün olmasa, belə əmri-vaki qarşısında içmək caiz olar?

CAVAB

Əmri-vaki olanda, cibindəki puldan vermiş qəbul edərək içilə bilər.

Bəhsə girmək

Sual:  Bir yoldaşıma, “Satın aldığım bu bir kilo paxlavanı yeyə bilsən səndən pul almaram, yeyə bilməsən, sən mənə yüz manat verərsən!”, dedim. Belə bir şərtlə edilən razılaşma qumar hökmünə girər, yəni haram olar?

CAVAB

Qumardır, haramdır. Belə bəhslərdə, iki tərəfdən birinin mənfəət və ya zərər etmə ehtimalı varsa qumar olar. Burada, yoldaşınız qazanarsa, yediyi paxlavanın pulunu verməyəcək, paxlava ona mənfəət olaraq qalacaqdır, itirərsə, 100 manat zərərə girəcəkdir. O yeyərsə, siz satın aldığınız paxlavanı itirmiş olacaqsınız, qazanarsanız 100 manat alacaqsınız. Tam qumardır.

Yığıncağa gec qalan

Sual: “Yığıncağa kim gec qalarsa, on manat pul verəcək və ya bir kilo paxlava gətirəcəkdir” kimi bir razılaşma etmək caizdir?

CAVAB

Bəli, caizdir, qumara girməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину