Sual: “Dəccal və Dabbətül-arz haqqında hədislərə təvil etmədən inanmaq gülünc olduğu kimi, o şəkildə inanmaq insanları dindən çıxarır, çünki hədislərdə bildirildiyi kimi meydana gəlməsi mümkün deyil. İmtahana da ziddir. Belə bir şey olsa hər kəs Müsəlman olardı. Dəccal, gözü kor olan bir insan deyil, ateizmdir. Dabbətül-arz isə yerdən çıxacaq bir heyvan deyil, telefonlardır” deyənlər var. Hədislərə inanmaq insanı dindən çıxarır demək, Rəsulullah yanlış söyləmişdir demək deyildirmi?
CAVAB
Hədisi-şəriflərə inanmaq imandandır, inkar etmək məqsədilə təvilə təşəbbüs etmək azğınlıqdır. Hələ mütəvatir olan bir hədisi-şərifi inkar etmək küfürdür. Bu hədisi-şəriflərə heç kim inanmaz demək, əsrlərdən bəri gələn alimlərə və Müsəlmanlara çox çirkin bir iftiradır. Bu çirkin təvilin səbəbi budur:
Həzrəti Mehdi gəldikdə, Dəccal və Dabbətül-arz da çıxacağı üçün, Mehdi gəldi deyə bilmək üçün bunları təvil etmək məcburiyyətində qalırlar. Təvil etməsələr özlərinin və ya xocalarının Mehdi olduğunu necə söyləyəcəklər?
Günəşin qərbdən çıxması, Dəccal və Dabbətül-arz kimi əlamətlər qeyri-adi, yəni xariqüladə hadisələrdir. Əlbəttə ağılla izah edilə bilməz. Peyğəmbər əfəndimizin minə qədər möcüzəsi görülmüşdür, amma yenə də Əbu Cəhil kimilər inanmamışdır. İbrahim əleyhissalamı atəş yandırmadığı halda, Nəmrud və havadarları iman etməmişdilər. Musa əleyhissalamın əsası böyük bir ilan olduğu halda, Firon və tərəfdarları iman etməmiş, sadəcə sehirbazlar iman etmişdilər. İsa əleyhissalamın bir çox möcüzəsi olmuşdur. Korları sağaltması, ölüləri diriltməsi kimi möcüzələri görüldüyü halda, 12 nəfərdən başqa iman edən olmamışdı. Bu 12 nəfər də sadəcə möcüzə gördükləri üçün deyil, Peyğəmbər olduğuna inandıqları üçün iman etmişdilər. Saleh əleyhissalamın dəvəsi hər qapıya gedərək südünü sağdırmış və südü heç əksilmədiyi halda, inanmayıb dəvəni kəsmişdilər. Övliyayı kiramdan da minlərlə kəramət zühur etdiyi halda, bunları görən qeyri-müsəlmanlardan iman etməyən çoxdur. Deməli, möcüzə və kəramət kimi hadisələr imtahanı pozmur.
Qiyamətin bu böyük əlamətlərlə, «Ağla batan şey deyil» deyə lağ etmək böyük fəlakətdir. Həm də Allah belə şeylər yarada bilməz anlamı çıxır ki, bu da Onun qüdrətindən şübhə etmək sayılır. Qeyri-adi hadisələr olduğu üçün bu əlamətləri təvil etmək çox səhv olur. Dabbətül arz, Dəccal və günəşin qərbdən çıxması kimi qiyamətin böyük əlamətləri görüldükdən sonra, “İman edin” deyilmir ki, əksinə imtahan müddətinin bitdiyi, bundan sonra imanın qəbul edilməyəcəyi bildirilir. Bir ayəti-kərimə məali belədir:
“Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün əvvəldən iman etməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə o günkü imanı fayda verməyəcək.” [Ənam 158]
Bu ayəti-kəriməni açıqlayan iki hədisi-şərif məali belədir:
“Bu üç şey ortaya çıxdıqda, iman etməmiş və ya imanından xeyir görməmiş olana imanı fayda verməz: Günəşin qərbdən çıxması, Dəccal və Dabbətül-arz.” [Müslim, Tirmizi, Beyhəki] (Bunların ard-arda çıxacağı aşağıda açıq-aydın bildirilir. “Dəccal və Dabbətül-arz çıxdı, amma günəş 100 il sonra qərbdən çıxacaq” da deyilə bilməz.)
“Dabbə, ayədə və hədisdə bildirildiyi kimi heyvan deyil” demək, ayələri və hədisləri təvil yoluyla inkar etmək deməkdir. Bu Batiniliyin batil yoludur. “Bunun Batini mənası var” yaxud “Bunlar mütəşabehdir” demək, həqiqi mənasını inkar etməkdir. Nələrin mütəşabeh olduğunu dinimiz bildirmişdir. Bunlar da adətən Allahü təalanın zatı haqqında olan ayəti-kərimə və hədisi-şəriflərdir. Yoxsa hər kəs öz ağlına görə, bu da mütəşabehdir deyə, istədiyi ayə və hədisi təvil etsə, ortada din adlı bir şey qalmaz. Məalçi adlanan məzhəbsizlər də, “Salət dua deməkdir, namaz dinimizdə yoxdur, dua vardır” deyirlər. Beləcə namazı inkar edirlər. Salət - dua deməkdir deyərək salətin namaz olduğunu inkar etməklə, Dabbənin heyvan olduğunu inkar etmək arasında fərq yoxdur.
Mötəzilə adlanan firqə də, Sirat, Mizan kimi ağılla çətin anlaşılan xüsusları, səhih hədislərlə bildirilməsinə baxmayaraq, başa düşmədikləri üçün inkar etmişlər. Hədisi-şərifdə, “Sirat körpüsü qıldan incə, qılıncdan kəskindir” buyuruldu. (İ. Əhməd)
Yenə hədisi-şəriflərdə, Mizanda əməllərin tərəzidə ölçüləcəyi bildirilmişdir. Mötəzilə firqəsi, “Əməlin ağırlığı olmur” deyərək qəbul etməmişdir.
Dəccal və Dabbətül-arzı təvil edənlər olduğu kimi, günəşin qərbdən çıxmasını, Həzrəti İsa və Həzrəti Mehdini də təvil edərək, “Günəşin qərbdən çıxması, İslamiyyətin qərbdən yayılmasıdır. İsa və Mehdi də bir cərəyan kimi, şəxsi-mənəvi olaraq gələcək” deyən bidət əhli azğınlar da çıxmışdır. Görüldüyü kimi, təvilin yolu açıldıqda, bunun sərhədi olmaz. Hər kəs hər şeyi istədiyi kimi təvil etsə, ortada din deyə bir şey qalmaz.
İbni Abbas həzrətləri, Həzrəti Ömərin belə buyurduğunu bildirmişdir:
“Rəcmi, Dəccalı, günəşin qərbdən çıxışını, qəbir əzabını, şəfaəti və möminlərin günahları qədər yandıqdan sonra, Cəhənnəmdən çıxardılmasını yalanlayan kəslər çıxacaq.” [İbni Abdilbərr, Qurtubi]
Həzrəti Ömər kəramətlə söylədiyi bu sözü ilə, bunları inkar edən bir çox məzhəbsizə cavab vermişdir. Təvil yoluyla inkar məzhəbsizlərin ortaq xüsusiyyətidir. Təvil edərək, Merac, Şaqqul-qəmər kimi bir çox möcüzəni inkar etmişlər. Açıq-aşkar “Dəccal gəlməyəcək” və ya “Günəş qərbdən çıxmayacaq” deməsələr də, təvil yoluyla inkar edən azğınlar çoxdur. Həzrəti Ömərin də bunları kəramətlə bildirdiyi aydındır. Həmin təvilcilər, yəni qiyamət əlamətlərini təvil edənlər; rəcmi, şəfaəti, qəbir əzabını və əfvə, şəfaətə düşməyən möminlərin günahları qədər yandıqdan sonra Cəhənnəmdən çıxıb Cənnətə girəcəyi kimi bir çox xüsusu inkar edirlər. İmam Əzəm həzrətləri də buyurur ki:
Yəcüc və Məcücun ortaya çıxması, günəşin qərbdən çıxması, Həzrəti İsanın səmadan enməsi, Dəccalın və digər qiyamət əlamətlərinin hamısının eynilə hədisi-şərifdə bildirildiyi kimi, [təvilsiz olaraq] zamanı gəldikdə həyata keçəcəyinə inanırıq. (Fiqhi-əkbər)
Heç bir Əhli-sünnət alimi də bunları təvil etməmiş, mütəşabeh olduğunu söyləməmişdir. Haşa Rəsulullah tapmaca kimi sözlər danışıb? Belə təvil etmək, uşaqların oyunda “Alma desəm çıx, armud desəm çıxma” demələrinə bənzəyir. “Mən heyvan desəm sən telefon anla, insan desəm ateistliyi anla” demək, dini dəyişdirməklə məhv etməkdir.
İmam Əzəm həzrətlərinin bildirdiyi kimi, qiyamətin bütün əlamətlərinin, hədisi-şəriflərdə bildirildiyi şəkildə, eynilə həyata keçəcəyini qəbul etməli və təvil edən inkarcılardan olmamalıyıq.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0