Facebook Twitter WhatsApp

Qiyamət əlamətləri və imtahan

Sual: Bəziləri, “Bizlər bu dünyaya imtahan edilmək üçün göndərilmişik. Bu imtahanı pozacaq dərəcədə açıq dəlillər gələ bilməz. Məsələn, günəş qərbdən çıxmaz. İslamiyyətin qərbdən yayılacağı haqqında təvil lazımdır. Dabbət-ül-arz isə hədislərdə bildirildiyi kimi insanların alnına möhür vuran bir heyvan deyil, QİÇS xəstəliyinin virusu şəklində təvil olunmalıdır. Mehdinin gəldiyini hər kəs bilə bilməz. Zurna-balabanla gələcək deyil ki.. İsanın və Mehdinin gəlişi kimi qiyamət əlamətləri ilə bağlı bütün hədislərin sübutları səhih olsa da, Quranın ruhuna ziddir. Bütün hədisləri Quranın ruhuna uyğunlaşdıraraq təvil etmək lazımdır” deyirlər. Həm hədislərin sübutları səhih olsa da, etibar edilməməlidir, bir yandan da onları təvil etmək lazımdır deyirlər. Bu bir ziddiyyət deyilmi?
CAVAB
“Sübutu səhih olsa da etibar edilməməlidir” demək, bu sözü Allah Rəsulu söyləmişdir, amma yanlış söyləmişdir deməkdir. Sübutu səhih olan məşhur hədisi-şəriflərə inanmamaq küfrə qədər aparır. İkincisi, hədis alimləri hədislərin haşa, Qurana zidd olduğunu, imtahan üçün göndərildiyimizi anlamayıblar, amma indiki törəmələr bilir? Dini məhv etmək üçün ayələri və hədisləri yalan-yanlış təvil etməyə çalışırlar.


Hədisi-şəriflərlə bildirilən qiyamət əlamətləri niyə imtahanı pozsun? Bir qeyri-adi hadisə olduqda və ya bir kəramət görüldükdə, yaxud möcüzələr meydana çıxdıqda imtahan pozulurmu? Din kitablarında bildirilir ki, Peyğəmbər əfəndimizin minə qədər möcüzəsi görülmüşdür. Buna baxmayaraq, Əbu Cəhillər, Əbu Ləhəblər və bir çox müşrik iman etməmişdi. Deməli, möcüzə və kəramət kimi hadisələr imtahanı pozmur. Həmçinin bunlar olduqda iman edin deyilmir ki, əksinə imtahan müddətinin bitdiyini, bundan sonra imanın qəbul edilməyəcəyi bildirilir.

Qurani-kərimdə məalən buyurulur ki:
Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün, əvvəldən iman etməmiş və ya imanında xeyir qazanmamış olana, [o günkü] imanı fayda verməyəcək.” [Ənam 158]

Ayəti-kərimədə bildirilən əlamətlərdən üçünü Peyğəmbər əfəndimiz belə izah edir:
“Günəş qərbdən çıxmadıqca, Qiyamət qopmaz. O zaman hər kəs iman etsə də imanı fayda verməyəcək.” [Buxari, Müslim]

“Bu üç şey ortaya çıxdıqda, iman etməmiş və ya imanından xeyir qazanmamış olana, imanı fayda verməz: Günəşin qərbdən çıxması, Dəccal və Dabbət-ül-arz.”
 [Tirmizi]


Qiyamət əlamətlərindən günəşin qərbdən doğmasını, Avropanın Müsəlman olması formasında təvil etmək lazımdır deyirlər. Avropa Müsəlman olduqda, iman fayda verməyəcəkmi?

Günəşin qərbdən çıxması həm ağıl, həm də elmi cəhətdən mümkündür. Təvilə ehtiyac yoxdur. Allahü təala dünyanı indiki oxundan çıxaracaq, başqa ox üzrə hərəkət etdirəcək. Fırlanması dəyişdikdə, günəş qərbdən çıxmış görünəcək.

Peyğəmbər əfəndimiz, o hədisi-şərifi Ərəbistanda söyləmişdir. Ərəbistana nəzərən Qərb Avropa deyil, Afrikadır. Afrika Müsəlman olacaq deyilsə, bir az daha az yanlış olar. Türkiyəyə nəzərən Avropa Qərbdədir. Asiyaya nəzərən isə Türkiyə Qərbdədir. Hər ölkənin qərbində başqa bir ölkə vardır. Qərbin Müsəlman olması demək, bütün dünyanın Müsəlman olması deməkdir. Qərbdə olmayan ölkə yoxdur. Çünki dünya dairəvidir. Bu təvilin nə qədər məntiqsiz və cəfəngiyat olduğu meydandadır.

Hədisi-şərifdə, “Günəş Qərbdən çıxdığı zaman tövbə qapısı bağlanacaq, iman edənin imanı fayda verməyəcək” buyurulur. İndi, məntiqsiz təvilə görə, Afrika və ya Avropa, yaxud bütün dünya Müsəlman olsa, tövbə qapısı niyə bağlansın ki? Tövbə qapısı bağlı olsa, iman edənə imanı fayda vermir, bunlar necə Müsəlman olacaq? Buna ya digərinə təvil tapan buna da bir qulp qoya bilər. Peyğəmbər əfəndimizin hədisləri tapmaca kimi deyil. Mütəşabeh olanlar istisna olmaqla, hamısı deyildiyi kimidir, ‘Mən alma desəm, sən armud anla, mən qoca qarı desəm sən qız anla’ cinsindən deyil. Haşa Rəsulullah əfəndimiz, tapmaca kimi sözlər söyləyərmi?

Bunun kimi, “Salət duadır, namaz deyə bir şey yoxdur” deyənlər çıxmışdır. Təvil edərək dini məhv etməyə çalışırlar.

QİÇS xəstəliyinə Qurani-kərimdə bildirilən heyvan olduğunu söyləmək də səhvdir.

“O söz başlarına gəldiyi zaman, [Qiyamət əlamətləri zühur etdikdə], onlara yerdən bir heyvan çıxaracağıq, bu heyvan onlara, insanların ayələrimizə qəti iman etməmiş olduqlarını söyləyəcək.” [“Nəml” 82, Təfsiri Kurtubi]

Dabbət-ül-arz haqqında bir çox hədisi-şərif vardır. “Fəraid-ül fəvaid”, “Müxtəsəri Təzkirəyi Qurtubi”, “Məqaribüz zaman” və “Əl qavlül müxtəsər fi əlamətil Mehdil müntəzər” adlı kitablardakı hədisi-şəriflərdən ikisi bunlardır:
“Dabbət-ül arzın dəvə ayağı kimi dörd ayağı və quş kimi qanadları vardır. Başı öküz başına, qulağı fil qulağına, quyruğu isə qoç quyruğuna bənzəyəcək.”

“Dabbət-ül arz, əsayi-Musa ilə möminə toxunar, alnına “Cənnətlik” yazılar, üzü nurlanar. Kafirə, möhrü-Süleymanı vurar, “Cəhənnəmlik” yazılar, üzü qapqara olar.”

Həzrəti Mehdi zurna-balabanla gəlməyəcək , amma səmadan bir mələk bunu xəbər verəcək və bütün dünya eşidəcək. İki hədis-şərif məali:
“Mehdinin başı hizasında bir bulud olacaq, buluddan bir mələk, “Bu Mehdidir, sözünü dinləyin” deyəcək.” [Əbu Nuaym]

“Əhli-beytimdən bir şəxs yer üzünə hakim olmadıqca qiyamət qopmaz. Onun alnı açıqdır, kəmər burunludur. Yer üzü zülümlə dolanda, o, dünyanı ədalətlə dolduracaq. İdarəsi yeddi il sürəcək.”
 [Müslim] (Mehdiyəm deyənlər gəlib hansı dünyanı ədalətlə doldurdu?)


İmam Əzəm həzrətləri buyurur ki:
Yəcüc və Məcucun ortaya çıxması, günəşin qərbdən çıxması, Həzrəti İsanın səmadan enməsi, Dəccalın və digər qiyamət əlamətlərinin hamısı eynilə hədisi-şərifdə bildirildiyi kimi, [təvilsiz olaraq] vaxtı gəldikdə həyata keçəcəyinə inanırıq. (Fiqhi əkbər)

Qiyamət əlamətlərini təvil etmək, İmam əzəmin sözünə ziddir. Heç bir İslam alimi qiyamət əlamətlərini təvil etməmişdir. Buna baxmayaraq təvil etməyə çalışmaq, biz bunlara inanmırıq, amma bunu da açıq-aşkar deyə bilmirik deməyin başqa bir şəklidir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину