Sual: Dünyanın müxtəlif yerlərində minlərlə, hətta milyonlarla insan avtomobil qəzası, zəlzələ, müharibə kimi səbəblərlə eyni anda ölür. Ölüm mələyi bir anda bunların canını necə alır?
CAVAB
Əzrayıl əleyhissalamın qüdrətindən şübhə etmək, Allahü təalanın qüdrətindən şübhə etməyə qədər gedib çıxa bilər. Allahü təalanın qüdrətinin böyüklüyünü bilən insan səbəbini bilməsə də İslama təslim olub, Allahın hər şeyə gücü yetə biləcəyinə inanmalıdır.
Müasir dövrdə bir düymə ilə bir və ya bir neçə şəhərin bütün elektrik enerjisini eyni anda söndürmək mümkündür. Ölüm mələyi də ruhları bundan daha tez ala bilir.
İbrahim əleyhissalam ölüm mələyinə sual etdi ki:
- Ey ölüm mələyi, əcəli gələn insanların bir qismi şərqdə, bir qismi qərbdə olsa, yaxud şimalda və cənubda eyni anda zəlzələ olub ölsələr, yaxud da dünyanın müxtəlif yerlərində müharibə olsa, eyni anda minlərlə, milyonlarla insan ölsə, eyni anda bunların hamısının ruhlarını necə alırsan?
Ölüm mələyi cavab verdi:
- Allahın izniylə onların ruhlarını çağırıram, dərhal ovucumun içində olurlar.
Süleyman əleyhissalam ölüm mələyinə sual etdi:
- İnsanların ruhlarını kimini gənc yaşda, kimini körpə ikən, kimini qocaldıqda alırsan. Ruhları almaqda ölçün nədir?
Ölüm mələyi dedi ki:
- Mənə əcəli gələnlərin siyahısı verilir. Mən verilən siyahını tətbiq edirəm. Başqa işə qarışmıram.
Ölüm mələyi gəlib, Süleyman əleyhissalamın yanında oturan bir şəxsə diqqətlə baxmağa başladı, sonra çıxıb getdi. O şəxs Süleyman əleyhissalama sual etdi:
- Kim idi o mənə elə can alacaq kimi baxan?
- Ölüm mələyi idi.
- Məni onun pəncəsindən xilas et! Küləyə əmr et, məni Hindistana aparsın!
O şəxsin bu istəyi dərhal yerinə yetirildi. Ölüm mələyi ikinci dəfə Süleyman əleyhissalamın yanına gəldikdə, Həzrəti Süleyman sual etdi:
- Keçən gəlişində yanımdakı adama nə üçün elə baxmışdın?
- İndi onun ruhunu alıb gəldim. Mənə onun ruhunu Hindistanda almaq əmr olunmuşdu. Ömrü bitərkən, hələ də burada olduğu üçün elə baxmışdım. (Məsnəvi)
Həyatiyyətin isbatı
Sual: Quranda, “Hər canlı ölümü dadacaqdır” deyilir. Ölənin dadması necə olur?
CAVAB
Bu ayəti-kərimə ruhun ölmədiyini, sadəcə ölümü daddığını bildirir. Ölümdən sonrakı həyatiyyəti, yəni canlılığı isbat edir. Ölmək, yox olmaq demək deyildir. İnsan öldükdə, ruhu bədəndən ayrılır və yeni bir həyat başlayır. “İnsanlar yuxudadır, öldükdə oyanırlar” məalindəki hədisi-şərif də ruhun ölmədiyini göstərir.
Ölərkən
Sual: insan ölərkən küfrə salan söz söyləyib ölsə, kafir olaraq ölmüş sayılır?
CAVAB
Xeyr, ölüm halında küfrə səbəb olan şey söyləyən müsəlman, mömin qəbul edilir, çünki o anda ağlı başında deyildir. (Səadəti Əbədiyyə)
Sual: Ölməkdə olan bir insanın görməsi, eşitməsi bir anda bitir?
Cavab: Ölünün hiss duyğularından ən son itirdiyi şey eşitməsidir. Belə ki, ruh qəlbdən ayrıldığı vaxt yalnız görməsi pozulur. Lakin eşitməsi ruh qəbz olana qədər itmir. Buna görə Peyğəmbər əfəndimiz:
“Ölüm xəstəliyində olanlara şəhadəteyni-kəliməteyn ki, La ilahə illəllah Muhammədün Rəsulullahdır. Bu kəliməni təlkin edin!” buyurmuşdur. Ölüm halında olanın yanında çox söz danışmağı qadağan etmişdirlər. Çünki o zaman insan şiddətli sıxıntı içində olur.
Sual: “İnsan öldükdə, yox olub gedir” deyənlər var. Həqiqətən insan öldükdə yox olur?
Cavab: Ölmək, yox olmaq deyil. Varlığı pozmayan bir işdir. Ölmək, ruhun bədənə olan bağlılığının sona çatması, ruhun bədəndən ayrılmasıdır. Ölmək, insanın bir haldan başqa bir hala düşməsidir. Bir evdən, bir evə köç etməkdir. Ömər ibn Abdüləziz həzrətləri buyurdu ki:
“Sizlər, ancaq əbədiyyət, sonsuzluq üçün yaradıldınız! Lakin bir evdən başqa bir evə köç edirsiniz!”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0