Sual: Ateistlər, “İslamiyyət, isti iqlimli bölgədə fəaliyyət göstərdiyi üçün, insanlar həmişə odla, atəşlə qorxudulmuşdur. Qütblərdə olsaydı, soyuq əzablardan bəhs edilərdi. İndi din kitablarında niyə soyuqla əzab edilməkdən bəhs edilmir?” deyirlər. Bəzi insanlar da, “Şeytan oddan yaradıldığı üçün Cəhənnəm atəşi onu yandıra bilməz, ona görə də şeytan açıq-aşkar meydan oxuyur” deyirlər. Yenə bir yazıçı da, “Kafirlər Cəhənnəmdə tədricən atəşə öyrəşərlər və artıq atəş onlara əzab verə bilməz” deyir. Bu mövzu haqqında dinimizin hökmü nədir?
CAVAB
Əvvəlcə bunu bilmək lazımdır: Allahü təalanın qüdrəti sonsuzdur. Qüdrətinin sərhədi olan ilah ola bilməz. Allahü təala şeytana və digər kafirlərə əzab etməkdən aciz deyil. Kafirlərin əzabları yüngülləşməz, əksinə artar. Bu mövzu haqqında ayələrdən bir neçəsinin məali belədir:
“Kafirləri ən şiddətli əzabla cəzalandıracağam.” [Ali İmran 56]
“Onların əzabları heç vaxt yüngülləşdirilməz.” [Bəqərə 86]
“Allahın, mələklərin və bütün insanların lənəti kafir olaraq ölənlərin üzərinədir. Lənətdə əbədi qalarlar, əzabları da yüngülləşdirilməz və gecikdirilməz.” [Bəqərə 161, 162]
“Onların əzabları yüngülləşdirilməz və təxirə də salınmaz.” [Nəhl 85]
“Orada davamlı qalarlar, əzabları yüngülləşdirilməz, qurtuluş ümidləri də yoxdur.” [Zuxruf 75]
Cəhənnəmdə sadəcə atəşlə əzab edilməz. Bir çox əzab növləri vardır. Bir neçəsi bunlardır :
1- Dondurucu soyuqla əzab,
2- İlan, əqrəb kimi heyvanların sancması,
3- Başına topuzlarla vuraraq beynini parçalamaq,
4- Ac saxlanılmaq,
5- Zəqqum yedirərək bağırsaqları parçalamaq,
6- Bədənlər çox böyüdülərək əzabın şiddətləndirilməsi,
7- İrinli su içirmək,
8- Qayya quyusuna atılmaq,
9- Uçurumlardan yuvarlanmaq,
10- Zifiri qaranlıqda əzab,
11- Böyük əzab verən pis qoxulara məruz buraxılmaq,
12- Əzabların hər gün qatlanaraq çoxaldılması və sonsuza qədər davam etməsi,
13- Ən böyük əzab da Allahü təalanın qəhr sifətilə görülməsidir. Bu əzab, digər Cəhənnəm əzablarından çox daha şiddətli olacaqdır.
Qadızadə Əhməd Əfəndi buyurur ki: Cəhənnəmin bir hissəsinə “Zəmhərir” (Zəmhəri) deyilir. Çox soyuq Cəhənnəmdir. Soyuqluğu çox şiddətlidir, bir an dayanılmaz. İmansızlara bir soyuq, bir isti, sonra soyuq, sonra atəşə atılaraq şiddətli əzab olunacaqdır. (Fəraidül-fəvaid)
Cəhənnəmdə çox soyuq Zəmhərir əzabları olduğu, “Kimyayi-səadət” və “Dürrətül-fahirə” kitablarında yazılıdır. Buxari, Müslim, İbni Macə və digər hədis kitablarında, yayın istiliyi isti Cəhənnəmin nəfəsindən, qışın soyuqluğu da Zəmhərir Cəhənnəminin nəfəsindən olduğu bildirilir. “Rəşahat” kitabında da, “Zəmhərir adlanan soyuq Cəhənnəmin əzabı çox şiddətlidir” qeyd edilir.
İlk insan torpaqdan yaradıldı. Digər insanların bədənləri torpaq maddələrindən əmələ gəldi. Lakin insan, ət və sümükdür, torpaq deyildir. Cin də belədir, o, atəş və havadan əmələ gəlsə də, atəş və hava deyildir. Şeytan da atəş və havadan yaradılsa da, atəş və hava deyildir. (Əşbah, Akamil-Mərcan)
Allahü təalanın, şeytana soyuq Cəhənnəmdə də, isti Cəhənnəmdə də əzab etməyə əlbəttə gücü çatar. Aciz insanın hazırladığı dəmir mişar, dəmiri kəsdiyi kimi, atəş də atəşi yandırar. Bu gün fənn elminə vaqif olanlar, cisimlərin elementlərdən əmələ gəldiyini bilir. Məsələn, yanan hidrogen qazı ilə yandırıcı oksigen qazının tərkibiylə su əmələ gəlir. Su isə özünü əmələ gətirən oksigen və hidrogenə heç bənzəmir. İnsan torpaqdan, cin və şeytan da atəş və havadan yaradıldığı halda, yaradılış maddələrinə bənzəməz. Mələklər nurdan yaradılmışdır. Qar və atəşdən yaradılanları da vardır. “Məktubatı-Rabbani”dəki bir hədisi- şərifdə, “Mələklərin bir qismi atəşdən və qardan yaradılmışdır. Bunlar, “Atəşlə qarı bir yerdə olduran Rəbbimizdə heç bir nöqsanlıq yoxdur” deyilir, buyuruldu. (m. 260)
Bu mələklər atəş və qardan yaradıldığı halda atəş və qar deyildir.
Cəhənnəm mələkləri olan Zəbanilər, Cəhənnəmdə əmr olunan vəzifələrini yerinə yetirirlər. Cəhənnəm atəşi bunlara zərər verməz. Dənizin balığa zərərli olmaması kimidir. (Hər kəsə Lazım Olan İman)
Qurani-kərimin bir çox yerində, “Və hüvə ala külli şey-in qadir = Onun hər şeyə gücü yetər” buyurulur. İki ayəti-kərimə məali belədir :
“Göylərin və yerin hökmranlığının Allahın olduğunu əlbəttə bilirsən. O dilədiyinə əzab edər, dilədiyini bağışlayar. Allah hər şeyə qadirdir.” [Maidə 40]
“Allah sənə bir sıxıntı versə, Ondan başqası azad edə bilməz. Sənə bir yaxşılıq versə, ona başqası mane ola bilməz. O, hər şeyə qadirdir.” [Ənam 17]
Cəhənnəm əzabları müxtəlifdir. Qurani-kərimdə məalən buyurulur ki:
“Zəqqum ağacı, günahkarların yeməyidir. O, qarınlarda metal ərintiləri kimi, suyun qaynaması kimi qaynayar. “Cinayətkarı yaxalayın, Cəhənnəmin ortasına sürükləyin, sonra başına əzab olaraq qaynar su tökün” deyildi.” [Duhan 43-48]
“Əlbəttə zəqqum ağacından yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız, qaynar sudan içəcəksiniz, susamış dəvələrin suya dalması kimi içəcəksiniz. Cəza günündə onlara bu cür ziyafət veriləcək!” [Vaqiə 52-56]
“Cəhənnəmdə ona irinli su içirilər! O suyu yudumlayar, amma uda bilməz. Ölüm [öldürücü əzab] ona hər yöndən gəlsə də, ölüb qurtula bilməz, arxasından çətin bir əzab gələr.” [İbrahim 16, 17]
“Kafirlər üçün hazırlanan, yanacağı insan və daş olan atəşdən uzaq durun!” [Bəqərə 24]
“Ayələrimizi inkar edənləri atəşə atarıq, onların dəriləri yandıqca, daha çox ağrı-acı hiss etmələri üçün dərilərini dəyişdirərik. Allah güclü və hakimdir!” [Nisə 56] (Onların dəriləri dəyişməsə də, Allahü təalanın əzab etməyə gücü çatar. Ancaq yeni dərilər yaradaraq əzabları artar.)
“Onların əzablarını qat-qat artıracağıq.” [Nəhl 88] (Cənnətdə, möminlərə nemətləri hər gün qat-qat artırıldığı kimi, Cəhənnəmdə də kafirlərə hər gün əzabları qatlanar. Qatlanaraq çoxalan əzablar sonsuza qədər belə davam edər. Bu, Allahü təala üçün çətin bir şey deyil. Ol deməsi kifayətdir.)
Kafirlərə belə əzab edilərkən möminlər rahatlıq içindədir. Bir ayəti- kərimə məali belədir :
“Müsəlmanlar, Cənnətdə taxtlara qurulmuş halda olacaqlar, orada nə yandıran isti görülər, nə də dondurucu soyuq.” [İnsan 13] (Yandıran isti, dondurucu soyuq, Cəhənnəmdir.)
“Özünüzü və ailənizi, yanacağı insan və daş olan atəşdən qoruyun.” [Tahrim 6] (Daşı yandıran axirət atəşinə, zamanla insanın dərisi necə öyrəşə bilər? Dünya atəşinə belə hansı odun, hansı taxta öyrəşə bilər ki? Atəş yandırır, odun yanır. Atəşə öyrəşmək ifadəsi çox səhvdir.)
Bu ayəni dinləyən bir gənc, bu necə daşdır deyə soruşduqda, Rəsulullah əfəndimiz, “O daşlardan biri bir dağ üstünə atılsa, bütün dağlar [bütün dünya] kül olar” buyurdu. (İbni Əbid-dünya)
Yuxarıdaki ayəti-kərimələri izah edən hədisi-şəriflərdən bəziləri belədir :
“Kafirlər, Cəhənnəm istəklərinin heç biri qarşılanmadıqda, “Ya Malik, Rəbbin heç olmasa canımızı alsın” deyərlər. O da “Siz ölmədən, daim belə əzabda qalacaqsınız” deyər.” [Tirmizi] (“Zuxruf” surəsinin 77, “Mömin” surəsinin 49 və 50-ci ayələri də eyni məaldədir.)
“Cəhənnəmliklərə atəş toxunduqda, yandırıb kömür edər.” [Müslim]
“Cəhənnəmdən bir damcı su gəlsə, dünyanı zəhər edər.” [Bəyhəki]
“Cəhənnəm ilanının sancdığı kafirin bütün ətləri tökülər. Cəhənnəm əqrəbləri kafiri sancdığında, zəhərinin acısı, Cəhənnəm atəşini unutdurar.” [Hakim]
“Cəhənnəm xalqının qidası olan zəqqumdan bir damcı sulara qarışsa, hamısını zəhərləyər, içilməz hala salar. İndi bütün yeməkləri zəqqum olanların halını düşünün!” [Hakim, Tirmizi]
“Cəhənnəm ilanının sancdığı kəs, 70 il ağrısını çəkər.” [İ. Əhməd, Tabərani, Hakim]
“Cəhənnəmin dəmir toppuzuyla bir dağa vurulsa, dağ parçalanar külə dönər.” [Hakim]
“Allahü təala, atəşə iki dəfə nəfəs almağa izn verdi. Biri yayda, biri qışda. Yayda ən şiddətli isti ilə qışda zəmhəri soyuğu onun iki nəfəsidir.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbni Macə, Nəsai]
Yuxarıdakı ayəti-kərimə və hədisi-şəriflər, Allahü təalanın hər şeyə gücü çatdığını, əzab etməkdən aciz olmadığını, şeytana və kafirlərə artıraraq sonsuza qədər müxtəlif şəkillərdə əzab edəcəyini göstərir. Bəzi şeylərə gücü çatmayan, ilah ola bilməz.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0