Sual: Ümumiyyətlə kimlər Cənnətlik, kimlər Cəhənnəmlikdir?
CAVAB
Allahü təalaya inanan, Onun əmr və qadağalarına riayət edən, hamısını bəyənən şəxs, yəni Müsəlman olaraq ölən Cənnətə gedər. Bunun əksi olan da Cəhənnəmə gedər. Ümumiyyətlə gözəl xasiyyəti olanlar Cənnətə, pis xasiyyətlilər Cəhənnəmə gedər. Bir hədisi-şərif məali belədir:
“Cənnətə gedəcək olanları xəbər verirəm, diqqətlə dinləyin. Zəifdirlər, məzlumdurlar, gücləri çatmaz. Bir şey üçün and içsələr, Allahü təala bu Müsəlmanların andlarını mütləq yerinə gətirər. Cəhənnəmə gedəcək olanları da bildirirəm: Sərtlik göstərirlər və özlərini üstün görürlər.” [Tirmizi, Əbu Davud]
Cənnət, yoxsa Cəhənnəm daha asandır?
Sual: Cənnətə getməkmi, yoxsa Cəhənnəmə getməkmi daha asandır?
CAVAB
İkisi də asandır. Doğru inanan, Müsəlman olaraq ölən Cənnətə, inanmayan, kafir olaraq ölən Cəhənnəmə gedər.
Nəfsinə aldananın Cəhənnəmə getməsi çox asan, Cənnətə getməsi isə çox çətindir. Cəhənnəmə getmək üçün heç bir qadağaya riayət etməyə ehtiyac yoxdur, amma Cənnətə getmək üçün bir çox qaydalar vardır. Əvvəlcə doğru iman, sonra haramlardan çəkinmək və ibadətləri etmək... İki hədisi-şərif məali:
“Cəhənnəm, nəfsə xoş gələn, Cənnət isə nəfsin xoşuna gəlməyən şeylərlə əhatələnmişdir.” [Buxari]
“Cənnəti istəyən də, Cəhənnəmdən qorxan da yata bilməz. Cənnət çətinliklərlə əhatələnmişdir, dünya isə ləzzət və şəhvətlərə bürünmüşdür. Onun ləzzət və şəhvətləri sizi Cənnətdən məhrum qoymasın.” [Ramuz]
Cənnətə girəcək heyvanlar
Sual: İstisna olaraq Cənnətə girəcək heyvanlar hansılardır?
CAVAB
Cənnətə girəcək olan heyvanlar:
1- Saleh əleyhissalamın dəvəsi,
2- İbrahim əleyhissalamın danası,
3- İsmayıl əleyhissalamın qoçu,
4- Musa əleyhissalamın inəyi,
5- Yunus əleyhissalamın Yunus adı verilən balığı (Delfin),
6- Üzeyr əleyhissalamın uzunqulağı,
7- Süleyman əleyhissalamın qarışqası,
8- Bəlkisə göndərilən hüdhüd quşu,
9- Əshabı-Kəhfin Qıtmir adlı iti,
10- Muhamməd əleyhissalamın dəvəsi.
Bu heyvanların, Cənnətə qoç şəklində girəcəyi bildirilmişdir. (“Mişkatül-Ənvar”, “Şiratül-islam şərhi”)
Dəli Cənnətə gedə bilərmi?
Sual: Dəli axirətdə hara gidəcək? Anadangəlmə dəli olan və ya sonradan dəli olanın axirətdə aqibəti necə olacaq?
CAVAB
Allahü təala, iman və ibadətdə qullarından gücü çatmadığı şeyləri istəməmişdir. Bunun üçün Müsəlman ikən dəli olan, yuxuda ölən kimsə, bu halında imanlı olduğunu təsdiq etməsə də, Müsəlmanlığı davam edir. Kafir ikən dəli olan da küfrünü elan etməsə də, öncəki küfür halı davam edir.
Anadangəlmə dəli olan Müsəlman övladı Cənnətə gedər. Kafir uşaqları üçün yeddi cür fərqli qövl vardır. O qövllərdən biri, onlar da Cənnətə gedəcəkdir. O qövllərin birinə görə isə, hesabatdan sonra torpaq olacaqlar.
Son sözün əhəmiyyəti
Sual: “Son sözü La ilahə illəllah olan Cənnətə girər” hədisi-şərifindən murad nədir? Bir mömin qəfildən ölsə, Allah deyə bilməsə Cəhənnəmə gedər?
CAVAB
Son sözün kəlimeyi-tövhid olması şərt deyil. İmanlı ölən hər kəs gec-tez Cənnətə girəcəkdir. “Son sözü La ilahə illəllah olan Cənnətə girər” hədisi-şərifindən murad, Cəhənnəmə heç girmədən Cənnətə girəcəyinin müjdəsidir. Yoxsa hər Müsəlman, hətta fasiq də olsa, günahlarının cəzasını çəkdikdən sonra da Cənnətə girəcəkdir. (İbni Abidin)
Deməli, son sözün kəlimeyi-tövhid olması ayrı bir müjdədir.
Cənnətə girə bilməz
Sual: Fiqh kitablarında camaatla namaz qılmağın əhəmiyyəti haqqında bəhs edilərkən, “Camaatı üzrlü səbəb olmadan tərk edən Cənnətin qoxusunu hiss etməz” qeyd edilir. Qoxusunu hiss etməz nə deməkdir? Yəni camaat sünnətini tərk edən kafir olmayacağına görə, Cənnətə gedəcək, amma Cənnətdəki qoxunu hiss etməyəcəkmi?
CAVAB
“Cənnətin qoxusunu hiss etməz” demək, Cənnətə heç vaxt girməz, qoxusunu duya biləcəyi yerlərdən belə keçə bilməz deməkdir. Yəni camaatı qəsdən tərk edən, əhəmiyyət verməyən kafir olar. Sadəcə camaat sünnətini deyil, digər sünnətlərə də əməl etməyən deyil, onlara əhəmiyyət verməyən kafir olur. Əməl etməyən savabından məhrum qalır. Amma “Sünnətin nə əhəmiyyəti var?” desə, sünnətə dəyər verməmiş sayılır ki, bu da küfürdür. Bir üzrlü səbəbdən və ya tənbəlliklə camaata getməyən kafir olmaz.
Cənnətin qarşılığı
Sual: Deyləmidə bildirilən hədisə görə, “Cənnətin qarşılığı La ilahə illəllah, nemətin qarşılığı da Əlhamdülillahdır”. Bir qeyri-müsəlman, la ilahə illəllah desə, Cənnətin qarşılığını ödəyib, onu satın almış sayılmazmı?
CAVAB
Qurani-kərimin bəzi ayələri digərlərini izah etdiyi kimi, hədisi-şəriflərin bir qismi də digərlərini izah edir. “Şərtsiz bildirilən xəbərlər, şərtli olaraq anlaşılır” ifadəsi, dinimizdə bir qaydadır. Müsəlman olmayan şəxs, qətiyyən Cənnətə girə bilməz. Bir qeyri-müsəlman, la ilahə illəllah desə də Cənnətə girə bilməz. İmanın altı şərtinə inanma məcburiyyəti vardır. İnanmaq da kifayət etmir, həmçinin bəyənərək söyləməsi lazımdır. Dillə söyləmək də yetməz, qəlblə təsdiq etmək də şərtdir.
İxlas da şərtdir, “Ancaq ixlasla, la ilahə illəllah deyən Cənnətə girər” hədisi-şərifi ixlassız söyləməyin dəyərsiz olduğunu göstərir. Bəs, ixlas nədir? Bunu da Peyğəmbər əfəndimiz açıqlayır, “İxlas, sizi haramlardan uzaqlaşdırmasıdır” buyurur. (Bəzzar, Hatib)
İmanın əlaməti fərzlərə riayət edib haramlardan çəkinməkdir. Haramlardan çəkinmək yoxdursa, ixlas da yoxdur. Sadəcə ixlas yetmir, qəlblə təsdiq də gərəkdir. Bir hədisi-şərif məali:
“Qəlblə təsdiq edib, ixlasla kəliməyi-şəhadəti söyləyən Cənnətə girər.” [Tabərani]
Bir də bunları bəyənmək şərti vardır. Bir hədisi-şərif məali belədir :
“İnanaraq, bəyənərək, ixlasla La ilahə illəllah deyənə Cənnət vardır.” [İbni Hibban]
Qəlblə təsdiq, ixlas, haramlardan qaçmaq və bəyənmək də yetməz. Bir hədisi-şərif məali:
“İxlasla, “Rəbbimin Allah, dinimin İslam və Peyğəmbərimin Muhamməd əleyhissalam olduğuna razıyam” deyən Cənnətə girər.” [İ. Əhməd]
Deməli, qeyri-müsəlman digər bütün dinləri batil, İslamiyyəti də tək haqq din olaraq qəbul etməsə, Muhamməd əleyhissalamı öz peyğəmbəri olaraq qəbul etməsə, Cənnətə girə bilməz. Həmçinin, Əməntüdə bildirilən imanın altı əsasına da inanması şərtdir. Biri əksik olsa, iman sayılmaz.
“Nemətin qarşılığı Əlhamdülillahdır” əmrinə tabe olaraq, sadəcə Əlhamdülillah deməklə nemətin əvəzini vermiş sayılırıqmı? Bir kimsənin əlinə bir qədər pul keçsə, onunla şərab alıb içsə, “Əlhamdülillah, əlimə pul keçdi, şərabımı ala bildim” desə, nemətin şükrünü əda etmiş ola bilməz. O neməti dinimizin qadağan etmədiyi yerdə, hətta dinimizin əmr etdiyi yerlərdə istifadə etsə, ancaq o zaman şükür etmiş sayılar.
İmansızın Allah deməsi
Sual: “La ilahə illəllah deyən Cənnətə girər” hədisinə, kafir, münafiq, mürtəd, bidət əhli də daxildirmi?
CAVAB
Ölçü budur: İmansız olaraq ölən Cənnətə girə bilməz. İslamiyyəti haqq din bilmədikdən sonra, nə edərsə-etsin faydası olmaz. Deməli, bir şəxs digər bütün dinləri batil, İslamiyyəti də tək haqq din olaraq bilməsə, Muhamməd əleyhissalamı öz peyğəmbəri olaraq qəbul etməsə, Cənnətə girə bilməz.
Sual: İnsan, iman etməklə, yoxsa çox əməl, ibadət etməklə Cənnətə girə bilər?
Cavab: “Miftahul-Cənnət” kitabında bu mövzu haqqında deyilir ki:
“Yalnız iman etməklə Cənnətə girmək olur, lakin yalnız əməl, ibadət etməklə, Cənnətə girmək olmaz. Əməlsiz iman məqbuldur, imansız əməl isə, məqbul deyildir. İmanı olmayanların ibadətləri, xeyirli işləri, sədəqələri Qiyamətdə heç bir işə yaramaz. İman, başqasına hədiyyə verilməz, əməlin, ibadətin savabı isə verilir. İman vəsiyyət edilməz, amma bir şəxs, özü üçün xeyir əməllər olunmasını vəsiyyət edə bilər. Əməli, ibadəti tərk edən kafir olmaz, lakin imanı tərk edən və əmələ dəyər verməyən, kafir olur. Üzrlü olandan, aciz olandan əməl əfv edilir. İman isə, heç kimdən əfv olunmaz.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0