Bu maili hər kəsə göndərin!
Sual: Bir çox maildə, bu maili, filan qədər adama göndərin kimi ifadələr olur. Xüsusilə qadınlar arasında çox rəğbət görür. Məsələn deyilir ki:
1- Göndərsəniz bir möcüzəylə qarşılaşacaqsınız, göndərməsəniz başınıza bu fəlakətlər gələcək.
2- Şəhidlərimiz üçün Fatihə zənciri təşkil edirik. Bu maili qəbul edən hər kəs 3 Fatihə oxusun və bu maili 3 nəfərə göndərsin.
3- Bu mesajı almısınızsa, artıq siz də salavat zəncirinin bir hissəsi oldunuz deməkdir. İndi, 5 salavat gətirməli və bunu ən az 20 nəfərə göndərməlisiniz.
4- Allah heç bir zaman yanıltmaz, Allahın adlarının yazılı olduğu bu mesajı 9 nəfərə göndərsəniz, sabah gözəl xəbər alacaqsınız, əgər göndərməsəniz bədbəxtlik 9 il sizdən əl çəkməyəcək. Gecikdirməyin, bunlar Allahın adlarıdır. Allahın adı keçdi, artıq göndərmək məcburiyyətindəsiniz.
5- Rəsulullahı yuxuda gördüm, bunu hər kəsə bildirin! Bildirən bu nemətlərə qovuşacaq, inanmayan bəlalara məruz qalacaq.
6- Bu hədisi-şərifi hər kəsə göndərin; çünki Peyğəmbərimiz, (Bir cümlə də olsa, məndən eşitdiyiniz her şeyi başqalarına da çatdırın) demişdir. [Hələ onun hədis olduğu da məlum deyil. Hədis olsa belə, hər hədisin internetdə gəzməsi doğrudurmu?]
7- Bu duanı 7 qapıya paylayanın muradı çin olar, inanmayan isə müsibətə düçar olar. 1251-ci ildə bir nəfərin əlinə keçibmiş, 7 qapıya paylayıb zəngin olubmuş. Sonra bir yoxsulun əlinə keçib, inanmayıb, evi yanıb və uşağı ölübmüş.
8- Bu mail 13 nəfərə göndərilərsə, 13 gün sonra murada qovuşular. Göndərilməzsə başına bu bəlalar gələr.
9- Bu maili filan qədər adama göndərmək milli və dini bir mübarizədir. Göndərməyən bizdən uzaq olar.
10- Leykemiya xəstəsi olan qızımın dərman pulu üçün köməyə ehtiyacım var. Lütfən kömək edin və bu maili hər kəsə göndərin. Bu maili başqalarına göndərməyənlərə ar olsun!
11- Bu yaxınlarda bəzi mail adresləri ödənişli olacaq, ancaq bu maili filan qədər adama göndərsəniz o zaman sizinki ödənişsiz olacaq.
12- Bu maili mütləq oxu və hər kəsə göndər! Doğrudursa sən də yaşadın. Doğru olmasa da nə itirəcəksən ki? Yoxlamaqda, tədbirli olmaqda bir zərər olmaz. Bu maili paylaşan hər kəs üçün Microsoft 245 Avro verəcəkdir. Nə qədər çox adama göndərsəniz, o qədər çox pul qazanacaqsınız.
13- Bir haker rekord üçün ölkəmizdəki bütün istifadəçilərin adreslərini siləcəkdir. Qətiyyən siyahınıza rea adlı bir msn adresi qəbul etməyin! Siyahınızdan biri qəbul edərsə siz də heklənəcəksiniz. Qətiyyən qəbul etməyin və bu maili hər kəsə göndərin!
14- … başlıqlı bir mail adresi sizi əlavə edərsə heç bir halda qəbul etməyin! Bu virus Meksikadan yayılmışdır. Son 2 gündə 5000 insanın Messengerinə daxil olaraq, kompyuterini çökdürmüşdür. Bu maili hər kəsə göndərin!
15- Virus tələləri durmaq bilmir. Yenə bir mail zənciri ilə yeni bir virus, kompyuterlərə dadandı. Ona görə də qətiyyən bu maili açmayın! Əsli olmasa da, bu xəbərdarlığı bütün sevdiklərinizə göndərin! Çünki tədbirli olmaqda fayda var.
16- Kimsə, “Filan firmadan zəng vururuq, telefonunuzu yoxlamalıyıq. Buna görə də 9090-a zəng etməlisiniz” desə siz də zəng etsəniz, bütün şəxsi məlumatlarınızı əldə edəcək və özlərinin telefon danışıqlarını sizin hesabınıza keçirəcək. Bu maili yaxın dostlarınıza çatdırın!
17- Bütün xəstəxanalar ölkəmizin hər yerindən əlaqə saxlanılan tək bir telefon nömrəsində birləşdilər. Bu telefona zəng etdiyiniz təqdirdə, ən yaxın təcili yardım, hadisə yerinə göndərilir. Sizin ehtiyacınız olmasa belə, sevdiklərinizə bir gün lazım ola bilər.
18- Qızım xərçəng xəstəliyinə tutuldu. Amma xəstəxana xərclərini ödəyə bilmirəm, xahiş edirəm mənə yardım edin! [Bu yolla da dələduzluqlar olurmuş.]
19- Bu maili hər kəsə göndərib, linkdəki anketə qoşulmasanız vəbal (günah) altında qalarsız.
Belə mailləri hər kəsə göndərmək lazımdır?
CAVAB
Xeyr. Bunları göndərməməklə heç kim vəbal altına girməz. Əksinə, göndərərək bunlara alət olmaq, bizi vəbal altında qoya bilər. Milli və dini mübarizə adlanan mailləri çox adama göndərməklə, heç kim edəcəyi işdən imtina etməz. Anketlər də belədir. Yardım istəyən maillər də çox vaxt yalan çıxmaqdadır.
Bunların hamısında, müxtəlif mənfəətlər və ya qərəzlər vardır. Xüsusilə də, dini məzmunlu olan, göndərməsəniz başınıza fəlakətlər gələcək məzmunlu maillər, missionerlərin əvvəllər məktub yoluyla yaydıqları Şeyx Əhməd Vəsiyyətnaməsi cinsindən olan xurafatlara bənzəyir.
Möcüzəylə qarşılaşacaqsınız deyə göndərilən maillərin nə qədər cahil insanlar tərəfindən yazıldığı açıq-aşkardır. Möcüzələr yalnız və yalnız Peyğəmbərlərdə görülür. Möcüzə kəlməsini başqa mənada istifadə etmək səhvdir.
Fatihə və ya salavat zənciri təşkil edirik demək də doğru deyildir. Hər kəs istədiyi qədər oxuya bilər. Oxumaq və insanlara göndərmək üçün bəlli bir say təyin etmək, bidətlərin ortaya çıxmasına və yayılmasına səbəb olar. Allahın adı keçdi deyə və ya hədisi şərifdir deyə göndərmək lazım deyil, əksinə göndərməmək lazımdır. Allahu təalanın və Peyğəmbər əfəndimizin adını belə işlərə alət etmək çox çirkin bir işdir.
Hər kəsə göndərin adlı bütün bu maillərdə, siyasi və ya maddi mənfəətlər də vardır. Bu cür mailləşmələrlə, mail adreslərinin reklamı olunur, spam mail axtaranlara, mail adresləri köçürülür. Bunların və mail göndərdikcə pul qazanacaqsınız adlı maillərin də yalan olduğu və altında müxtəlif məqsədlərin olduğu açıq-aydındır.
Övladının və ya bir yaxınının xəstə olduğunu söyləyib maddi yardım istəyən maillər çox vaxt yalan çıxır. Bu cür mailləri heç kimə göndərməmək lazımdır. Çünki çoxunda yalan-yanlış məlumatlar olur. Bunlar dərhal silinməli, yox edilməlidir. Bunları göndərən adam sözümüzü qəbul edəcək biridirsə, ona da xəbərdarlıq edərək, bunlara alət olmamasını söyləməliyik!
В корзине: 0 шт.
на сумму: 0