Gözəl İslam / Övrət yeri nə deməkdir

Övrət yeri nə deməkdir

Sual Övrət yeri nə deməkdir, namazda nəyə diqqət etmək lazımdır?

CAVAB

Bir insanın açması, başqasına göstərməsi və başqasının baxması haram sayılan yerlərinə “Övrət yeri” deyilir. Kişilərin övrət yeri göbəkdən diz altına qədərdir. Diz övrətdir. Bu yerləri açıq olarkən qılınan namaz qəbul olmaz.  Namaz qılarkən bədənin digər hissələrini [qolları, başı, ayaqları] örtmək kişilərə sünnətdir. Buraları açıq namaz qılmaları məkruhdur.

Qadınların ovuc içlərindən və üzlərindən başqa hər yerləri, əllərinin üstü, saçları və ayaqları dörd məzhəbdə də övrətdir. Buna görə qadınlara “Arvad” deyilmişdir. Buralarını örtmək fərzdir. Övrət üzvlərindən hər hansısa birinin dörddə biri bir rükn açıq qalsa, namaz pozular. Azı açılarsa, pozulmaz, namaz məkruh olar. İçindəki əzaların forması və ya rəngi görünən nazik parça yox deməkdir.

Yorğanın altında çılpaq yatan bir xəstə başı yorğanla örtülü halda namaz qılarkən, çılpaq qılmış sayılır. Başını yorğandan çıxarıb qılarsa, yorğanla örtülü qılmış olar və caizdir.

Qadınların namaz xaricində, tək olduqları zaman diz və göbək arasını örtməsi fərz, kürəyini və qarnını örtməsi vacib, başqa yerlərini örtməsi ədəbdir.

Kişi kişinin, qadın qadının övrət yerinə baxması da haramdır. Kişilərin qadınlara, qadınların isə kişilərin övrət yerlərinə baxması haram olduğu kimi, kişilərin kişinin övrət yerinə və qadınların qadının övrət yerinə baxması da haramdır. Kişinin kişi və qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Hənəfi məzhəbində diz övrətdir, göbək isə övrət deyildir. Qadının qadın üçün övrət yeri də belədir. Qadının yad kişiyə görə övrət yeri isə əllərindən və üzündən başqa bütün bədənidir. Yad qadının övrət yerinə şəhvətsiz baxmaq da haramdır.

Bir kişi nikahla alması əbədi haram olan on səkkiz “məhrəm” qadının başına, üzünə, boynuna, qollarına, dizdən aşağı ayağına şəhvət hissindən əmindirsə, baxa bilər. Bu şəxs həmin qadınların sinəsinə, qoltuğuna, buduna, dizlərinə və kürəyinə baxa bilməz.

Bir qadın üçün əmi, xala, bibi və dayı uşaqları da yad kişi kimi sayılır. Qayın və yeznə də yad kişidir. Onlarla danışmaq, zarafatlaşmaq və bir yerdə qalmaq haramdır. Kişilərin də əmi, dayı, xala, bibi qızları, baldızla danışması haramdır.

Bir kişi ölənə qədər 18 məhrəm qadınla evlənə bilməz. Onlarla danışa bilər, tək olaraq bir yerdə qala bilər. Qadın da 18 kişi ilə evlənə bilməz.

Baxmaq günah olan yerlər

Sual: Qadının qadına, kişinin kişiyə övrət yeri harasıdır?

CAVAB

İbni Abidin həzrətləri buyurur ki: İnsanların bir-birinə görünməsi və baxması dörd cürdür:
1- Kişinin qadına,

2- Qadının kişiyə,

3- Kişinin kişiyə,

4- Qadının qadına baxmasıdır.


Kişinin qadına baxması da dörd növə ayrılır:

1- Kişinin yad azad qadına,

2- Öz xanımına,

3- Öz cariyəsinə,

4- Baxması caiz olan 18 qohumuna və başqasının cariyəsinə baxması.


Dörd məzhəbdə də kişilərin yad qadınların üzündən, ovuclarının içi və çölündən başqa yerinə baxması haramdır. Qızların üzünə şəhvətlə baxmaq da haramdır. Haldan düşmüş yaşlı və xədim edilmiş olan kişilərin qadınlara baxması da haramdır.

Öz xanımına təpədən dırnağa, xanımın da ərinə baxması caizdir.

Kişinin kişiyə ancaq göbəklə diz arasına baxması haramdır.

Üç məzhəbdə kişinin övrət yeri göbəklə diz arasıdır. Hənəfidə diz övrətdir, göbək övrət sayılmır. Şafidə göbək övrətdir, diz övrət deyil. Malikidə hər ikisi də övrət sayılmır. Hənbəli və Malikinin bir rəvayətinə görə kişinin ancaq səvəteyni övrətdir. [Mizan-ül-kübra] [Səvəteyn ön və arxa övrət yerinə deyilir.]

Hədisi-şəriflərdə buyuruldu ki:

“Allaha və axirətə inanan hamama dəsmal ilə örtülü girsin, dəsmalsız girməsin!” [Nəsai]

“Axır zamanda kişilərin hamama getməsi haram olur. Hamamlarda övrət yerləri açıq olanlar var. Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət eləsin!” [F. Bilgilər]

“Kişilərin dizləri ilə göbəkləri arası övrətdir.” [R. Nəsihin]


Peyğəmbər əfəndimiz hamamdan çəkinməyi buyuranda, oradakılar: Ya Rəsulallah, hamam kirləri təmizlədiyi kimi, xəstələrə də şəfalıdır” dedikdə, onlara: “Hamama övrət yerləri örtülü olaraq girin!” buyurdu. [Hakim]

Qadınların da müalicə məqsədi ilə hamama örtülü olaraq girməsi caizdir.

[İbni Macə]

Sual Qadınların bir-biri üçün övrət yeri nədir? Hörməti-müsahərə yadlarla da olurmu?

CAVAB

Qadınların bir-biri üçün övrət yeri, kişinin kişiyə övrət yeri kimidir. Müsəlman qadının qeyri-müsəlman və fasiq qadınların, dinsiz əmi və dayının yanında örtünməsi üç məzhəbdə fərzdir, Hənbəlidə caizdir.

Maliki Hənbəli məzhəbində kişinin övrət yeri yalnız səvəteyndir. Hənəfi Şafii məzhəbində isə göbəklə diz arasıdır. Hənəfidə diz, Şafidə isə göbək övrətdir. Hənbəlinin fərqli tərəfi belədir: Kişinin kişiyə övrət yeri dizlə göbək arası deyil, sadəcə səvəteyn, yəni ancaq iki övrət yeridir. Qadının qadına övrət yeri digər məzhəblər kimi dizlə göbək arasıdır. Lakin digər məzhəblərdən fərqli olaraq kafir qadınlarına da göbək ilə diz arasından başqa, digər yerlərini göstərməsi caizdir. Digər üç məzhəbdə caiz deyildir.

Hörməti-müsahərə ata-ana ilə olduğu kimi yad insanlarla da olur. Məsələn, yanlışlıqla belə olsa, yad qadına şəhvət hissi ilə toxunmaq hörməti-müsahərəyə səbəb olar. Yəni bu qadının anası və qızları ilə o kişinin evlənməsi Hənəfi Hənbəli məzhəbinə görə haramdır. Bir qız da bir kişiyə şəhvət hissi ilə toxunsa, o kişinin atası və oğlu ilə evlənməsi haramdır. Şafii Maliki məzhəbində hörməti-müsahərə yoxdur.

Sual Bud haradır?

CAVAB

Diz ilə göbək arasındakı yerə bud deyilir. Yəni ayağın qalın olan yeri. Bəzi yerlərdə yalnış olaraq baldır deyilir. Halbuki, baldır dizlə ayaq arasıdır. Kişilər də, qadınlar da bir-birinin buduna baxa bilməzlər.

Tək olanda övrət yerini açmaq

Sual: Heç kim olmayanda kişi şortda gəzə bilərmi?

CAVAB

Xeyir, gəzə bilməz. Zərurətsiz şortda qalmaq haramdır.

Heç kim olmadıqda belə, lazımsız övrət yerini açmamalıdır. Məsələn, paltar dəyişərkən, dəsmal kimi bir şeyi büküb dəyişməlidir. Yaxud da Hənbəli məzhəbində kişilərin övrət yeri ancaq səvəteyn ön və arxa ədəb yeri olduğu üçün buralar örtülüdürsə, Hənbəli məzhəbini təqlid edərək geyinməlidir.

Hamamda belə dəsmalla örtünməlidir. Dəsmal yoxdursa, Hənbəli məzhəbini təqlid edərək şortla da yuyunmaq olar.

Sual: Övrət yeri nədir? Qadın evində tək olanda şort geyinə bilərmi?

CAVAB

Müsəlmanın namaz qılarkən açması və ya daima başqalarına göstərməsi, başqasının da baxması haram olan yerlərinə Övrət yeri deyilir. Namazdan kənar da övrət yerini özündən və başqalarından örtmək fərzdir.

Qadınların namazdan kənar, tək olanda dizlərini və göbək arasını örtmələri fərz, kürək və qarınlarını örtmələri vacib, başqa yerlərini örtmələri ədəbdir. Evdə tək olarkən başı açıq gəzmək olar. Görünməsi caiz olan 18 kişinin yanında nazik baş örtüsü örtmələri məqbuldur, yaxşı olar. Tək olanda övrət yeri yalnız üzrlü açıla bilər. Məsələn, tualetdə açılar. Tək qüsl alarkən açmaq məkruh, caiz və ya kiçik yerdə caiz olduğu deyildi. Namazdan başqa, natəmiz paltarla da örtünmək olar. [Rədd-ül muxtar]

Sual: Uşaqlarda neçə yaşdan sonra göbəklə diz arasına baxmaq caiz deyil?

CAVAB

Oğlan uşaqların on yaşına qədər, qızların isə diqqətçəkən vaxtı olana qədər qaliz, yəni qaba övrət yerlərinə, daha sonra bütün övrət yerlərinə baxmaq caiz deyildir.

Sual: Müsəlman qadınların bir-birinə olan övrət yeri ilə qeyri-müsəlman qadınlara qarşı olan övrət yeri fərqlidirmi?

CAVAB

Fərqlidir. Müsəlman qadınların bir-birinə övrət yeri, kişinin kişiyə övrət yeri kimidir, yəni diz ilə göbək arasıdır. Qeyri-müsəlman qadın yad kişi kimidir. Müsəlman qadının kafir, mürtəd və ya fasiq qadının yanında da örtünməsi fərzdir. Onların yanında saçlarını və qollarını açmaq məcburiyyətində qalanda Hənbəli məzhəbini təqlid etmələri lazımdır. Hənbəli məzhəbində kafir qadınların qarşısında örtünmək lazım deyil. Yalnız diz ilə göbək arasını örtmək kifayətdir.

Sual Müsəlman qadın yad kişilərdən başqa kimlərin yanında başını və qollarını aça bilməz?

CAVAB

Müsəlman qadın mürtəd əmi və dayının, kafir və fasiq qadınların yanında açıq gəzə bilməz. Örtünməsi fərzdir. Müsəlman qadınların yanında isə göbək ilə diz arasını örtməsi fərzdir.
Kafir və fasiq qadınların yanında açıq gəzməyə məcbur olan qadın Hənbəli məzhəbini təqlid edərsə, saç və qollarını açması günah olmaz.

Sual Ana, xala, bibi və yaxın qohumların harasına baxa bilərik?

CAVAB

Kişi nikahla alması əbədi, sonsuz haram olan [məhrəm qohum olan] 18 qadına şəhvət hissindən əmindirsə, onların başına, üzünə, boynuna, qollarına, dizdən aşağı ayağına baxa bilər. Sinəyə, qoltuq və yanlarına [böyrünə], bud və dizinə, kürəyinə baxa bilməz. Qadınların bu hissələrinə qəliz, yəni qaba övrət yerləri deyilir. Bütün qadınların bu hissələrini namazda, yad kişilərin yanında forması bilinməyəcək dərəcədə örtmələri lazımdır. [S. Əbədiyyə]

Səvəteyn [ön və arxa] dörd məzhəbdə də qəliz [qaba] övrətdir. Dörd məzhəbdə də buraları örtmək fərzdir. [İbni Abidin]

Uşaqların övrət yeri

Sual: Həddi-büluğa çatmamış uşaqlara baxmağın caiz olmadığı övrət yerləri harasıdır?

CAVAB

Danışmağa başlamamış azyaşlı uşaqların övrət yeri ancaq səvəteyn, yəni ön və arxa övrət yeridir. Danışan uşaqların övrət yerlərinə ehtiyacsız yerə baxmaq məkruhdur. Oğlan uşaqlarının qaba övrət yerlərinə 10 yaşına qədər, qızların isə göstərişli vaxtlarına qədər, bundan sonra isə bütün övrət yerlərinə baxmaq caiz deyildir. [S.Əbədiyyə]

Qız uşaqları yeddi yaşından sonra göstərişli sayılır.

Yataq xəstəsi olan anaya xidmət

Sual: Anası yataq xəstəsi olan bir kişinin anasının altını təmizləməsində bir zərər vardırmı?

CAVAB

Belə xidmətləri bir qadına etdirmək lazımdır. Əgər imkan olmasa, oğlu da edə bilər.

Qollarına baxmaq

Sual: Yad qadınların sıx, dar olan, qaba olmayan övrət yerlərinə, məsələn, qollarına, dizdən aşağı hissəsinə baxmaq da haramdırmı?

CAVAB

Bəli, bu hissələrə də şəhvətlə baxmaq haramdır.

Ayaq dırnaqları və saçları

Sual: Qadınların ayaq dırnaqları və saçları bədəndən ayrıldıqdan sonra onlara yad kişilərin baxması caizdirmi?

Caiz deyildir. Onları basdırmaq lazımdır.

Qadın məclisi

Sual: Yayda qadınlar bir-birilərinin yanında oturarkən ipli, kürəyi açıq paltar geyinərsə bir ziyanı vardırmı?

CAVAB

Qadınların namazdan sonra tək olanda diz və göbək arasını örtməsi fərz, kürəyini və qarnını örtməsi vacib, digər yerlərini örtməsi ədəbdir. Evdə tək olan zaman başı açıq gəzmək olar. [Tam Elmihal Səadəti-Əbədiyyə]

Anaya toxunmaq

Sual: Bir oğul olaraq anamın kürəyi kimi baxmağım haram olan yerlərinə masaj etməyim və onun döşünün altındakı yaraya dərman vurmağım günahdırmı?

CAVAB

Kitablarda buyurulur: “Baxmaq haram olan yerə, zərurətsiz toxunmaq da haramdır”. Zərurət olmadan kürəyinə masaj edə, sinəsinə də dərman vura bilməzsiniz.
Kişi nikahla alması əbədi, sonsuz haram olan on səkkiz qadının sinəsinə, qoltuq və yanlarına [böyrünə], bud və dizlərinə, kürəyinə baxa bilməz. [S.Əbədiyyə]

Fasiq məhrəmlər

Sual: Qadın fasiq qadınların yanında başı açıq gəzə bilmir. Fasiq olan qardaş, əmi, dayı kimi məhrəm qohumların yanında açıq gəzə bilərmi?

CAVAB

Fasiq olan, yəni imanı olduğu halda, açıq-aydın günah işləyən, amma bunun günah olduğunu bilən əmi, dayı, qardaş kimi məhrəm qohumların yanında başı açıq gəzə bilər. Əgər onlar müsəlmalığa inanmırlarsa və ya müsəlmanlığın bəzi hökmlərini bəyənmirlərsə, yanlarında başı açıq gəzmək olmaz.

 

Sual: Övrət yeri nə deməkdir?

CAVAB

Kişilərin və qadınların namazda və hər yerdə örtmək lazım olan yerlərinə Övrət yeri deyilir. Övrət yerini açmaq və başqasının övrət yerinə baxmaq haramdır, günahdır.

13-04-2023, 16:57
Geri