Gözəl İslam / Dinimizdə təsəttürün əhəmiyyəti

Dinimizdə təsəttürün əhəmiyyəti

Sual: Təsəttürü kimlər inkar edir?
CAVAB
Qurana inanmadıqları halda, “Yalnız Quran” deyən yalançılarla, on doqquzçuluq adlanan batil dinə sarılanlar təsəttürü inkar edirlər. Halbuki, Qurani-kərimdə məalən buyurulur ki:

“Mömin qadınlara söylə, gözlərini çəkindirsinlər, namuslarını qorusunlar, görünən qismi xaric, zinətlərini göstərməsinlər, baş örtülərini yaxalarına qədər örtsünlər!” [Nur 31]

Bu ayədə bəzi xüsuslar açıq deyil. Məsələn, qadın gözünü nədən çəkəçək, namusunu necə qoruyacaq, zinətdən məqsəd nədir? Xına, sürmə, qızıl, gümüş, yoxsa sırğa, boyunbağı, qolbaqmı? Bu xüsuslar tam açıq deyildir, bunlar hədisi-şəriflə açıqlanaraq bildirilmişdir. Allahü təala, “Rəsula itaət Allaha itaətdir”  “Sənə endirdiyim Quranı anlamaları üçün insanlara açıqla” buyurur. (Nəhl 44)

Rəsulullah əfəndimizin açıqlamaları ilə ayənin mənası belə olur:
“Mömin qadınlara söylə, gözlərini [yad kişilərə baxmaqdan] çəkindirsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən qismi xaric, [boyunbağı, sırğa, qolbaq, xına, sürmə kimi] zinətlərini [və zinət taxdıqları baş, qulaq, qol və ayaqlarını] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31] (Cəlaleyn, Mədarik)

Məcmaul-ənhürdəki, “Qadının [üz və iki əli xaric] bütün bədəni övrətdir” hədisi-şərifi də təsəttürü açıqlayır. Həzrəti Əsma nazik paltarla gəldikdə, Rəsulullah əfəndimiz baldızına baxmadı. Mübarək üzünü çevirib “Ya Əsma, bir qız namaz qılacaq yaşa gəldikdə üz və iki əli xaric bədənini kişilərə göstərməməlidir” buyurdu. (Əbu Davud)

Həzrəti Aişə validəmiz də bildirir ki:
“İlk mühacir qadınlara Allah rəhmət etsin! Təsəttür ayəsi gəldikdə, əmri gecikdirməmək üçün dərhal önlüklərini yırtıb başlarını örtdülər” buyurdu. (Buxari, Nəsai) [Həzrəti İbrahim də, sünnət ol, əmrini gecikdirməmək üçün bıçaq, həkim axtarmadan, dərhal yanındakı balta ilə özünü sünnət etmişdi.]

Dinimizdə iki cür qadın geyimi vardır: Hürr və cariyə [kölə] geyimi.
Cariyələr başlarını örtməzdilər, örtmək məcburiyyətində də deyildilər. Örtünmək məcburiyyəti hürr qadınlara aid idi. Təsəttür ayəsi gəlmədən əvvəl hürr qadınlar da başları açıq gəzərdilər. Münafiqlər cariyələrə təcavüz edirdilər. Həmçinin, açıq olan hürr qadınlara da sataşırdılar. Hadisə aşkar olduqda, “Biz bunu cariyə zənn etdik” deyərdilər. Allahü təala, “Hürr qadınlar cariyələr kimi geyinməsinlər, bədənlərini tamamilə örtsünlər, beləliklə cariyə olmadıqları da aşkar olsun və münafiq kişilər tərəfindən də təcavüzə məruz qalmasınlar” buyurdu. Bu ayənin məalı belədir:
“Ey Nəbi, xanımlarına, qızlarına və möminlərin qadınlarına [çölə çıxarkən] üst geyimlərini geyinmələrini söylə! Bu, onların tanınıb, əza görməmələri üçün ən uyğun geyimdir.” [Əhzab 59]

Bəzi məzhəbsizlər, “Heyzdən kəsilmiş yaşlı qadınların saçlarını göstərmələri günah olmaz” deyirlər. Amma Quranda məalən buyurulur ki:
“Evlənmə arzusu qalmayan yaşlı qadınların zinətlərini [zinət yerlərini, baş, qulaq, boyun, qol və ayaqlarını] göstərməmək şərtilə, küçəyə çıxarkən geyindikləri [manto kimi] üst geyimlərini çıxarmalarında bir məsuliyyət yoxdur, amma çəkinmələri daha yaxşı olar.” [Nur 60]

Diqqət edilərsə, zərgərdə təşhiri, satılması sərbəst olan zinətlərin belə qadında olduqda göstərilməsi qadağan edilir. Möminlərin anaları üçün belə, “Siz digər qadınlar kimi deyilsiniz, [yad adamlarla] mülayim danışmayın, qəlbində fəsad olanlar pis ümidə qapıla bilərlər. Evlərinizdə oturun, keçmiş cahiliyyə dövrünün qadınları kimi açılıb-saçılmayın” buyurulur. (Əhzab 32-33)

Bu sübutlardan sonra, “İslamiyyətdə təsəttür yoxdur” deyənlərin pis niyyətli olduqlarında şübhə qalmaz.

Qarşı cinsdən şəhvətlənmək
Sual: Feminist bir qadın, “Biz qadınlar açıq gəzəndə kişilər şəhvətlənirmişlər. Bizə nə var, o kişinin öz problemidir, adam olsunlar şəhvətlənməsinlər. Niyə onların hesabını biz veririk ki?” deyir. Həqiqətən hesabı niyə qadınlara kəsilir?
CAVAB
Bu düşüncə çox səhvdir. Qadın, təsəttürü Allahın əmri qəbul edirsə, Allahı təqsirləndirməsi çox çirkindir. Ateist isə Allahın əmrinə nə haqla qarışır? Ona örtün deyən var? Təsəttür, ateistə aid deyil, Müsəlmana fərzdir.

“Kişilər şəhvətləndikləri üçün qadınlar örtünməlidirlər” sözünün dində yeri yoxdur. Allahın əmrində səbəb və hikmət axtarmaq olmaz. Bəzi məzhəbsizlər, “Bu ibadətin bu hikməti var” deyərək ateistlərə belə fürsət verirlər. Məsələn, “Donuz, içindəki trişin, yağ kimi bəzi maddələrə görə haram edilmişdir” deyirlər. Ateistlər də, “Əgər trişin yağ kimi şeylərə görə haram edilibsə, biz trişinləri öldürüb, yağlarını çıxarıb yeyirik” deyə qarşılıq verirlər. Bu qadın da, “Mənim açıq gəzməyimdən kişilər şəhvətlənirsə, məni maraqlandırmaz” deyir. Bir şeyin haram olması, mütləq zərərli olmasından ötrü deyildir. Məsələn, Bəsmələsiz kəsilən quzu ətinin haram olması, sağlamlığa zərərindən deyil, Allahın əmri olduğu üçündür. Qadının açıq gəzməyinin haram olması da, kişilərə şəhvətlənməsinə görə deyil, Allahın əmri olduğu üçündür. Qadın qadınlar arasında, hətta öz evində yalnız olarkən belə çılpaq gəzə bilməz. Bunun şəhvətlənməklə nə əlaqəsi var?

Feministin dediyi kimi qadının örtünməsi sırf kişilərin şəhvətlənməsi, ümumiyyətlə kişilərin günaha girməsi ilə əlaqədar belə olsa, onun dediyi yenə səhvdir. Dinimizdə, “Xeyrə səbəb olan xeyir, pisliyə səbəb olan da, pislik etmiş kimi günah qazanır” qaydası vardır. Müsəlman qadın kişiləri günaha salmaqdan çəkinər. Qadının kişilərə təsir etmək niyyəti yoxdursa, niyə elə açılıb-saçılır ki?

Sadəcə kişi şəhvətlənir? Qadın şəhvətlənmir? Kiçik, dar bir yerdə toxunma olsa, qadın şəhvətlənsə, “Qadın şəhvətlənməsin” deyilərmi heç? Şəhvətlənmək insanın təbiətində vardır. Acmaq, susamaq kimi təbii [normal] bir şeydir. “Kişi kişiliyini bilsin, qadın qadınlığını bilsin və şəhvətlənməsin” demək əşyanın təbiətinə ziddir.

Atəşlə barıta yaxınlaşıb, “Amandır barıtı yandırma!” demək olmaz. Atəşin xüsusiyyəti yandırmaqdır. Barıta, “Niyə alovlanıb yanırsan?” demək olarmı? Atəşə su tökülsə sönər. Atəşə, “Niyə sudan söndün?” deyilməz. Əlimizi ilanın ağzına salsaq, ilan da vursa, ilana, “Niyə məni vurdun?” deyilərmi? İlan vurar. Kişi də, qadın da şəhvətlənir. Qurdun yanına quzu qoyulsa, qurd quzunu yeyəcək. “Qurd, quzunu niyə parçaladı ki?” demək olarmı? Tülkünün yanına çolpa qoyulsa, tülküyə “Ağzının suyunu axıdıb çolpanı yeməyəsən ha!” deyilərmi? Bu nümunələr feministin görüşünün səhv olduğunu açıq göstərməkdədir.

Baş örtüsündən narahat imiş
Sual:
 Aristokrat bir qadın, “Bəzi qadınlar cəmiyyətin təzyiqinə görə baş örtüsü taxırlar. Mən baş örtülü qadınları gördükdə çox narahat oluram” deyir. İmansız kişi və ya qadının narahat olması təəccüblü deyil. Amma demokratik bir ölkədə yaşayan insan narahat olsa belə, başqalarını məyusedici söz söyləməkdən çəkinməlidir. Məsələn, mən bir qadın olmağıma baxmayaraq, mini ətəklə, bikini ilə gəzən qadınlardan narahat oluram. Öz etiqadıma görə qadınların budlarına baxmaq haramdır. Mən narahat olduğum halda, qarşımızdakıları incitməmək üçün bir şey söyləmirəm. O niyə bizim etiqadımıza hörmət etmir? Azərbaycanda heç bir qadın ailə, cəmiyyət təzyiqindən ötrü örtünmür, dininin əmri olduğu üçün örtünür. Cəmiyyətin təzyiqindən açıq gəzənlərə biz örtülü qadınlar etiraz edirikmi? Müsəlman qadınlar cəmiyyətin təzyiqindən ötrü örtünsələr belə, o açıq qadın niyə narahat olur?

CAVAB
O və onun kimilər qadınların baş örtüsündən deyil, Müsəlmanın etiqadına qarşı olduqları üçün narahat olurlar. Keçən günlərdə üniversitetə örtülü girənlərə belə mane olmağa çalışdılar. Baş örtülü rahibələrə və kilsə zınqırovuna bir şey deməzlər, amma azandan narahat olurlar. Örtülü xanımların mini ətəkli qadınlara göstərdiyi tolerantlığı, açıq olanlar da örtülü olanlara göstərərsə, ortada problem qalmaz. Ancaq qurd dumanlı havanı sevdiyi kimi, bunlar da qəsdən, ortalığı qarışdırmaq üçün, imanlı olanlara bir bəhanə ilə sataşmağa davam edir, ortalığı qarışdırmağa çalışırlar. Müsəlmanlar belə provakatorların oyunlarına gəlməməlidirlər.


Təsəttür qəlbdə olmalıymış
Sual:
 Dindən, təsəvvüfdən bəhs edən aristokrat bir qadına, nə üçün təsəttürə riayət etmədiyi sual olunduğunda, “Əlhamdürüllah mən təsəttürü qəlbimə yerləşdirdim” deyir. Daha Əlhamdülillah deməyi bilməyən, yəni kifayət qədər dini biliyi olmadığı anlaşılan bu qadın guya qəlbini təmizləməklə, təsəttürü qəlbinə qoymaqla necə Müsəlmanlığa tabe olmuş olur?

CAVAB
Təsəttür, namaz, oruc, yəni ibadətlər qəlbə yerləşdirilməz. Qəlbə iman yerləşdirilir, bundan sonra ibadətlərin sevgisi qəlbə dolar. İman yerləşdirildikdə, yəni insan Müsəlman olduqda, artıq bədən üzvləri də ibadətlərlə şərəflənirlər.

Qəlbin təmiz olması dinimizə tabe olmaqla olur. Dinə tabe olmayanın qəlbi heç vaxt təmiz ola bilməz. Qəlbin necə təmiz olacağını hər şeyi yoxdan yaradan Allahü təala və Onun son peyğəmbəri Muhamməd əleyhissalam bildirmişdir. Onların bildirdiklərinə uyğun yaşayanın qəlbi təmizdir, onların əmrlərinə tabe olmayanın qəlbi təmiz ola bilməz. Günah işləmək qəlbin pozğun olmasının əlamətidir. Günah işləyənlərin, məsələn, açıq gəzənlərin “Sən qəlbimə bax, qəlbim təmizdir” demələri çox yanlışdır. Allahü təalanın Rəsulu buyurur ki:
“Günah işləyənin qəlbində qara bir nöqtə əmələ gəlir. Tövbə etməyib təkrar günah işləyərsə, o ləkə böyüyüb qəlbi tamam tutar, qəlb qap-qara [kirli, natəmiz] olur.” [Haraiti]

Təsəttürsüz gəzən qadın günahına tövbə etmir. Tövbə etmədiyi üçün qəlbi qaralır. Günah işləyərək qəlbi qaralan kimsənin, “Qəlbim təmizdir” deməsi yanlışdır. Bunu söyləyən özünü aldadmaqla qalmaz, dinin əmrini də inkar etmiş sayılır. (Hadika)

Müsəlman, haramdan qorxar, münafiq, yəni Müsəlman görünən kafir isə heç əhəmiyyət verməz. Bir hədisi-şərif:
“Mömin günahını baş ucunda hər an üstünə yıxılacaq bir dağ kimi görər. Münafiq isə burnuna qonmuş indi uçacaq olan milçək kimi görər.” 
[Buxari]

Qəlbin təmiz olması kifayətdir, amma “Qəlbim təmizdir” deməklə qəlb təmiz olmadığı kimi, “İmanım güclüdür” deməklə iman güclü olmaz. Təsəttürə riayət etməyənin və ya digər günahları işləyənin qəlbi təmiz və imanı güclü olmaz. İmam Rəbbani həzrətləri buyurur ki:
Saleh əməl etmədən [Əhli-sünnətə uyğun iman etdikdən sonra namaz qılmadan, oruc tutmadan, günahlardan çəkinmədən] “Qəlbim təmizdir, sən qəlbimə bax” demək batildir, boşdur, özünü aldadmaqdır. Bədənsiz ruh olmadığı kimi, bədən ibadət etmədən və günahlardan çəkinmədən, qəlb təmiz olmaz. (1/39)

İmam Muhamməd Məsum Faruki həzrətləri də buyurur ki:
Cüneyd Bağdadi həzrətlərinin tələbəsi olan, övliyanın böyüklərindən Əbu Əli Rodbari həzrətləri, “Çalğı dinləyən və digər günahlardan çəkinməyən bir din adamı, “Qəlbim təmizdir. Sən qəlbimə bax!” deyirsə, onun gedəcəyi yer Cəhənnəmdir” buyurur. (2/110)

“Namaz qılmıramsa, təsəttürə və dinin digər əmrlərinə riayət etmirəmsə nə olacaq ki? Sən qəlbimə bax. Qəlbim təmizdir” demək, yaxud “Əvvəlcə çörək pulu qazanmaq, hamıya yaxşılıq etmək, ondan sonra namaz” kimi sözlər dini əmrlərin bir qismini bəyənib, bir qismini bəyənməməkdir. Hər Müsəlmanın bu incəliyə diqqət etməsi, dinin əmr və qadağalarına riayət etməyənlərin imanlarının getməməsi üçün oyaq olmaları lazımdır. (Haqq Sözün Vəsiqələri)

Pis vərdişlər, günahlar qəlbi xəstə edirlər. Bu xəstəliyin artması, qəlbin ölümünə, yəni küfrə səbəb olur. Küfr isə qəlbi öldürən ən böyük zəhərdir. (İslam Əxlaqı)

19-12-2022, 20:03
Geri