Gözəl İslam / İki namazı cəm etmək(birləşdirmək)

İki namazı cəm etmək(birləşdirmək)

Sual: İki namazı hansı hallarda birləşdirmək caizdir?
CAVAB
Bəzən iki namazı birləşdirib bir vaxtda qılmaq olar. Əməliyyatda olan həkim, doğum əsnasındakı mamaça və həmçinin boğulmaqda olan birisini xilas edən, həmin vaxtda bir imtahanda olan və ya xəstə, namaz qıla bilmədiyi halda bəzi məzhəblərdə iki namazı birləşdirib bir vaxtda qıla bilər. Əsri zöhrün vaxtında, zöhrlə birlikdə və ya işanı şamın vaxtında, şamla birlikdə qılmağa cəm təqdim deyilir. Zöhrü əsrin vaxtında, əsrlə və ya şamı işanın vaxtında, işa ilə birlikdə qılmağa cəm təxir deyilir. Sübh namazı cəm edilməz.


Hənəfi məzhəbində:
Hacılar Ərəfatda xütbə oxuyan imamın arxasında zöhrlə əsri zöhrün vaxtında cəm təqdimlə qılar. Çadırda camaatla və ya tək qılarkən cəm edilməz. Müzdəlifədə isə şam ilə işa işanın vaxtında təxir edib qılınır. Müzdəlifədə cəm etmək üçün camaatla qılmaq şərt deyil, tək qılan da cəm edə bilər. Başqa yerdə, başqa vaxt iki namazı cəm edə bilməzlər. Ancaq ehtiyac və zərurət olanda digər məzhəblərdən birini təqlid etməklə birləşdirmək olar.


Maliki məzhəbində:
Ərəfatda zöhrlə əsri, Müzdəlifədə isə şamla işanı imamın arxasında qılarkən cəm etmək sünnədir. Səfərdə birləşdirmək caizdir, lakin dəniz səfərində cəm caiz deyil. Cəm etmək üçün ehtiyac hasil olsa, digər üç məzhəbdən birini təqlid etmək olar.


Mukim ikən önəmli bir xəstəlikdə və qocalıqda cəm edilə bilər. Ayrıca, məsciddə camaatla qılarkən qaranlıqla bərabər şiddətli yağış və palçıq olarsa, cəm təqdim caiz olar, lakin evdə bu caiz olmaz. Cəm ediləndə vitr vaxtında qılınır.

Malikidə iki namazı birləşdirərkən zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq, birinci namaza durarkən cəm etməyə niyyət etmək, iki fərzi ardıcıl qılmaq lazımdır. İki fərzin arasında dəstəmaz almağın və iqamə oxumağın zərəri yoxdur. Sünnə qılmaq məkruhdur. Bəzi alimlərə görə, toy kimi bəzi ehtiyac hallarında da mukim olarkən cəm etmək caizdir. Plomb dişi olan Hənəfi xəstə ikən Hənbəlini deyil, Malikini təqlid edərək cəm edə bilər.

Şəfii məzhəbində:
Mübah olan səfərdə, Ərafat və Müzdəlifədə zöhr əsrlə, şam işa ilə cəm edilir. Şiddətli yağışda yalnız məsciddə camaatla cəm təqdim caiz, cəm təxir caiz deyil. Başqa bir qövlə görə, tək qılan cəm edə bilər. Bir qövlə görə, xəstəlik halında da cəm etmək caizdir. Bir qorxu səbəbiylə cəm etməyin caiz olduğu kimi, önəmli ehtiyac hallarında mukim ikən birləşdirmək caizdir. İmam Nəvəvi və İbni Munzir də belə demişdir. Şəfiidə cəm edərkən zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq, birinci namaza durarkən birləşdirməyə niyyət etmək və ikisini ardıcıl qılmaq lazımdır. İki fərzin arasında sünnə qılınsa, cəm caiz olmaz, lakin dəstəmaz almağın və iqamə oxumağın zərəri yoxdur.


Hənbəli məzhəbində:
Ərəfat və Müzdəlifədə, mübah olan səfərdə, xəstəlik vaxtı və həmçinin istihazə, sidik və yel kimi dəstəmazı pozan üzrlərə görə iki namazı birləşdirmək olar. Dəstəmaz və təyəmmüm üçün çətinlik çəkən, əmzikli qadın, kor olan, yerin altında işləyib namazın vaxtını öyrənməkdə aciz olan və həmçinin can, mal və ismətindən qorxan, həyatına zərər gələcək olan da iki namazı cəm edə bilər. Soyuq, qış, yağış, palçıq, fırtınada işanı şamla evdə də cəm etmək caiz, zöhrlə əsr caiz deyil. Cəm edərkən zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq, birinci namaza durarkən cəm etməyə niyyət etmək, ikisini ardıcıl qılmaq lazımdır. Dəstəmaz alıb iqamə oxumağın zərəri yoxdur. Sünnə qılınsa, cəm səhih olmaz. Dişində plombu olan Hənəfi xəstə ikən iki namazı cəm etmək üçün Hənbəlini deyil, Malikini təqlid etməlidir. Çünki Malikidə təqlid imkanı vardır. Malikidə təqlid imkanı olmayanda Hənbəli təqlid edilir.


Mukim ikən iki namazı birləşdirmək
Müəyyən çətinlik olarsa, iki namaz Hənbəli məzhəbi təqlid edilərək cəm edilə bilər, çünki “Əbədi səadət” kitabında “Namaz qılmaq üçün işlərindən ayrılmaları mümkün olmayanların Hənbəli məzhəbini təqlid edərək iki namazı cəm etməyi caizdir” deyilir. Namaz qıldığı üçün həyatına zərər gəlməsə belə, rəisinin əmriylə şəxsi işinə yazılacaqsa və ya başqa zərəri varsa, rəhbərin gözünün qarşısında qılmamaq üçün iki namazı mukim ikən cəm etməsi caizdir. Caiz olan durumlardan bir neçə nümunə göstərək:

1-Mamaçanın doğum vaxtı namazı qəzaya qalacaqsa, iki namazı cəm edə bilər.

2-Əməliyyatda olan həkimin namazı qəzaya qalacaqsa, iki namazı cəm etməsi caizdir.

3-Şagirdin imtahanda olarkən namazı qəzaya qalacaqsa, iki namazı cəm etməsi caizdir.

4-Dəstəmaz və namaz qılmaqda çətinlik çəkən xəstə və ya yaşlı iki namazı cəm edə bilər.

5-Təyyarədə dəstəmaz alıb namaz qılmaq çətin olarsa, iki namazı cəm etmək caizdir.

6-Dəstəmaz və ya namaz üçün yer olmazsa, iki namazı cəm etmək caizdir.

7-Dəstəmaz və təyəmmüm üçün çətinlik varsa, iki namazı cəm etmək caizdir.

8-Təhlükəsizlik işçisinin namaz qılmaq imkanı yoxdursa, iki namazı cəm etməsi caizdir.

9-Dağda, qürbətdə olanda və qış vaxtı vaxtları öyrənmək çətin olsa, iki namazı cəm etmək caizdir.

10-Yağış və fırtına kimi səbəblə namaz qılmaq mümkün olmazsa, iki namazı cəm etmək caizdir.

11-Namazı tualetdə belə qılmaq imkanı yoxdursa, iki namazı cəm etmək caizdir.

12-Məscidi olmayan otel, restoran, hava limanlarında, beynəlxalq yığıncaqlarda namaz qəzaya qalacaqsa, iki namazı cəm etmək caizdir.

13-Müsəlman olmayanların da qatıldığı iftar yeməklərində namaz qılmaq fitnəyə səbəb olacaqsa, iki namazı cəm etmək caizdir.

14-Önəmli toplantıda olan bir məmurun yığıncağı buraxdığında iş və həyatına zərər gələcəksə, iki namazı cəm etməsi caizdir.

15-Şəhərlərarası səfərdə avtobus dayanmayacaqsa, yolçunun yanında xəstəsi varsa, yaxud ikinci avtobus üçün pulu yoxdursa, bunun kimi səbəblərlə iki namazı mukim ikən də cəm etmək caizdir.

16-İstanbulun mərkəzi kimi nəqliyyat tıxacı problemi olan bir yerdə şəhərin içində xüsusi avtomobillə gedərkən tıxac yaranıb namaz qəzaya qalacaqsa, mukim ikən də cəm etmək caizdir.

17-Boğulanı xilas edərkən namaz vaxtı çıxacaqsa, iki namazı cəm etmək caizdir.

18-Namaz qılarkən düşmənin, anarxistin və ya quldurun zərər vermək ehtimalı varsa, iki namazı cəm etmək caizdir.

19-Yeni müsəlman olan namaz qıldığı görüldüyündə zərərə uğrama ehtimalı varsa, iki namazı cəm edə bilər.

20-Dəstəmaz pozucu üzrü olan, məsələn, ishalını və ya sidiyini saxlaya bilməyən, çiban və yarasından və babasilindən qan çıxan, həmçinin fistul və göbəyindən axıntı çıxan, əlində olmadan qaz qaçıran, ağız dolusu qusan və bunun kimi dəstəmazı pozan bir üzrü olan şəxsin iki namazı cəm etməsi caizdir.

21-İşa vaxtının heç girmədiyi yerlərdə vaxt namazın şərti olduğu üçün, işa qılmaq lazım deyil. Bəzi alimlərə görə lazım olduğu üçün, ən son girdiyi gündəki vaxtda qılmaq yaxşıdır, amma bu da çox gec olduğuna görə, bir çoxları namazını qılmayıb qəzaya saxlayır. Sübh saat 03:00 vaxtı kimi olur. Sübhü qılan işə gecikir və həyatına zərər gəlir. İşə vaxtında gedə bilmək üçün namaz qəzaya saxlanır. Yaxud namazları vaxtında qılan işə gedə bilmir və həyatına zərər dəyir. Namazı qəzaya saxlamaq və ya həyatına zərər gəlmək kimi bir çətinliyi olur. Bu çətinliklə Hənbəlini təqlid edərək iki namazı cəm etmək caizdir. “Əbədi səadət”də deyilir:
Soyuq, qış, yağış, palçıq və fırtınada işanı şamla evdə də cəm etmək caizdir. Vəzifə və iş vaxtı zöhrü, əsri və şamı vaxtında qıla bilməyən Hənbəlini təqlid edərək əsri zöhrlə və şamı işa ilə cəm edib vəzifəsini buraxmamalıdır. (s. 271)

Diqqət yetirdikdə soyuq, yağış, palçıq deyildiyi anlaşılır. Bunlar da cəm etmək üçün çətinlik və üzr sayılır. Həm də öz evində. Yəni belə bir çətinlik cəm etməyi caiz edərkən, səhər məktəbə və işə gecikmək, dolayısı ilə həyata zərərin dəyməsi, əlbəttə, bir məşəqqətdir.

Bu cəm işinə vərdiş edən çətinlik olmadan da iki namazı cəm etməyə cəhd edə bilər. Buna görə, həqiqətən bir çətinlik olmadan iki namazı cəm etmək olmaz. Məşəqqət zərurət deyil, bir ehtiyac və çətinlikdir.

Sual: Avtobusla səyahət vaxtı namazı buraxmamaq üçün birləşdirmək caizdirmi?
CAVAB
Bəli.


Sual: Səfərdə və ya mukim ikən bir ehtiyacdan ötrü şamın vaxtında şamla işanı cəm edərkən vitri də cəm etmək caizdirmi? Bir də “İslam əxlaqı” kitabında “Malikini təqlid edənin çətinlik olunca vitr namazını tərk etməsi caizdir” deyilir. Çətinlik zərurət deməkdir?
CAVAB
Çətinlik zərurət demək deyil. Bir məşəqqətin və ya sıxıntının olması deməkdir. Çətinlik olmadan iki namazı cəm etmək olmaz. Çətinlik varsa, səfərdə digər üç məzhəbdən birini təqlid edərək şamla işa cəm edildiyi kimi, mukim ikən də Hənbəli təqlid edilərək cəm edilə bilər. Lakin vitr cəm edilməz, imsaq vaxtına qədər qılınar. Əgər bu vaxta qədər də qılma imkanı olmazsa, bir üzrlə qəzaya qaldığı üçün günah olmaz. İmameynə görə və digər üç məzhəbdə vitr sünnədir. Məşəqqət olduğu zaman digər üç məzhəbdən biri təqlid edilsə, vitri qəzaya saxlamaq, hətta tərk etmək də caizdir. Səfərdə və ya mukim ikən məşəqqət olarsa, imameynin qövlünə də tabe olub vitri qəzaya saxlamaq və ya tərk etmək olar. Ancaq bunlar çətinlik olmadan edilməz.


Sual: Səfəri olan şəxs camaatla şamı qıldıqdan sonra, dərhal arxasından işanı təqdim edib qıla bilərmi?
CAVAB
Bəli.


Sual: Qonaq səfərdə Şəfiini və ya Malikini təqlid edərək iki namazı cəm edə bilərmi?
CAVAB
Bəli, edə bilər, amma hər hansısa bir ehtiyac olmalıdır. Ehtiyacsız cəm edilməz.


Səfərdə qatarla gedən bir şəxs qatarda namazlarını ayaq üstə qıla bilməzsə, qatar dayananda təqdim və təxirlə qılar.

İstər yolda və istərsə də səfərdə ehtiyac hasil olmadan təqdim və təxirlə namaz qılınmaz. Çünki asan hökmləri toplamağa təlfiq deyilir ki, bu da caiz deyil.

Sual: Zöhrlə əsri cəm etmək üçün zöhrün vaxtı çıxdıqdan sonra, cəm etmək üçün niyyət edilirmi?
CAVAB
Zöhr çıxmamışdan əvvəl, cəm etmək üçün niyyət edilir.


Sual: Səfərdə namazı cəm edərkən o məzhəbin şərtlərinə tabe olmaq şərtdirmi?
CAVAB
Məzhəb təqlid edərkən şərtlərinə uymaq şərtdir.


Sual: Səfəri olan namazı cəm etmək üçün nə vaxt niyyət edər?
CAVAB
Qılacağı vaxt. Yola çıxmamışdan əvvəl cəm edilməz.


Sual: Əsr vaxtı mukim olacağını bilənin zöhrlə əsri cəm edib əsr vaxtında qılması caizdirmi?
CAVAB
Zərurətsiz təxir etmək günahdır.


Sual: Səfərdə əsr vaxtı namaz qılmaq imkanımız olmaz deyə Maliki məzhəbini təqlid edərək zöhrlə əsri zöhrün vaxtında cəm etdikdən [birləşdirib qıldıqdan] sonra əsr vaxtı namaz qılmağa vaxtımız olsa, əsri təkrar qılmağımız lazımdırmı?
CAVAB
Namaz qılınmışdır, təkrar qılmaq lazım deyil. Ancaq ehtiyatlı olmaq yaxşıdır. Bəlkə, cəm etməyi tələb edəcək səbəb olmaya bilərdi və ya iki namazı cəm edərkən lazımlı şərtlərə riayət etməmiş ola bilərdiniz. Bunun kimi səbəblərlə cəm səhih olmamış ola bilər. Buna görə “Vaxtına çatıb qıla bilmədiyim son əsr namazının fərzini qılmağa” deyərək bir namaz qılmaq yaxşı olar. Əsr səhih olmuşsa, bu qıldığınız qəza namazının yerinə keçər. Əsr səhih olmamışsa, onun yerinə keçər.


Sual: Zöhrü təxir etdikdən sonra əsrin məkruh vaxtı girmişsə, yenə də əsrlə cəm edib qılmaq olarmı?
CAVAB
Əlbəttə, olar.


Sual: İki namazı cəm etmək məcburiyyətində qaldığım zaman iki namazın arasında "Allahummə əntəssəlamu..."nu oxuyuram. Caizdirmi?
CAVAB
"Allahummə əntəssəlamu..." namazdan sayılır, zərəri yoxdur.


Sual: Ehtiyac halında namazı Hənbəliyə görə cəm edərkən plomb üçün Malikini təqlid edən adam həm Malikini və həm də Hənbəlini təqlid etdiyini xatırlaması lazımdırmı?
CAVAB
Bəli, cəm etdiyi iki namazda da belə niyyət edər.


Sual: Tam elmihalda deyilir ki, “Hənbəli məzhəbində səfərdə olanın, xəstənin, əmzikli və ya istihazəli qadının, korun, yerin altında işləyənlər kimi namaz vaxtını öyrənməkdə aciz olanın və həmçinin canından, malından və namusundan qorxanın, həyatına zərər gələcək olanın, dəstəmaz və təyəmmüm üçün çətinlik çəkənlərin və dəstəmaz pozucu üzrləri olanın iki namazı cəm etməyi caizdir”. İstihazə halında olan qadın niyə namazlarını cəm edə bilər?
CAVAB
İstihazə normal adətdən sonra gələn qan deməkdir. İstihazəli qadının hər namaz vaxtında təkrar dəstəmaz alması çətin olur. Həm paltarını dəyişdirəcək, həm də ikinci vaxtda təkrar dəstəmaz almaq çətinliyi var. Bu çətinlikdən ötrü iki namazı cəm etmək caizdir. Onsuz da məzhəb təqlidi zərurət olduğu zaman deyil, ehtiyac, məşəqqət və bir çətinliyin olduğu vaxt edilir. Zərurət olanda başqa məzhəbdə də asanlıq yoxdursa, öz məzhəbi əfv edir. Əgər başqa məzhəbdə bir qurtuluş varsa, o təqlid edilir. Diş plombu belədir. Çünki başqa bir məzhəbdə qurtuluş yolu vardır. Heç bir məzhəbdə qurtuluş yolu olmasaydı, onda öz məzhəbi onu əfv edərdi, yəni etdiyi şey caiz olardı.


Maliki məzhəbini təqlid edən istihazəli qadının iki namazı cəm etməsi lazım deyil. Çünki istihazə halı onun dəstəmazını pozmaz. Eyni dəstəmazla ikinci vaxtdakı namazı da qıla bilər. Məzhəb təqlidi bir ilahi rəhmətdir. Bu rəhmətdən faydalanıb təəssübə qapılmamaq lazımdır.

Sual: Maliki məzhəbini təqlid edən bir şəxsin namazları cəm edə bilməsi üçün nə səbəb olmalıdır?
CAVAB
Eynilə Hənəfi kimidir, fərqi yoxdur. Hənəfidə cəm edə bilmək üçün nə şərtlər lazımdırsa, təqlid edəndə də o şərtlər olmalıdır. Təqlid edən öz məzhəbindən çıxmış sayılmaz. Cəm edə bilmək üçün təqlid edənlə təqlid etməyən arasında fərq yoxdur.


Sual: Ağzında plombu olan mukim ikən ehtiyac halında Hənbəli məzhəbini təqlid edib iki namazı cəm edə bilərmi?
CAVAB
Hənbəlidə qüsldə ağzın içini yumaq fərz olsa da, ehtiyac olanda Hənbəlini təqlid edərək iki namazı mukim ikən cəm etmək caizdir, təlfiq olmaz. Təlfiq ehtiyacsız başqa məzhəbin asan qövllərini götürməkdir ki, bu da haramdır. Bir ehtiyac olarsa, təlfiq olmaz, caizdir.


Yol problemi və rüsxət
Sual:
Bir yazıda "İstanbul kimi yol problemi olan bir yerdə avtomobillə gedərkən maşın tıxacından ötrü evinə çata bilməyib, yolda da dəstəmaz alıb namaz qılacaq yer tapa bilməyən iki namazı cəm edə bilər" deyilir. Bu namaza əhəmiyyət verməməyi və namazı xəfifə almağı göstərmir?

CAVAB
Tam tərsinə, namaza çox əhəmiyyət verməyi göstərir. Çünki namazı zərurətsiz qəzaya saxlamaq haramdır, böyük günahdır. İçki içməkdən və başqa haramlardan daha böyük günahdır. Belə bir günaha düşməmək üçün haqq olan başqa bir məzhəbi təqlid etmək lazımdır. Bu əhəmiyyətli rüsxətdən faydalanmaq lazımdır. Çünki bir hədisi-şərif tərcüməsi belədir:

“Rüsxətlərdən faydalanmayan Ərəfat dağı qədər günah işləmiş olar”. [Təbərani]

Bir ayəti-kərimə tərcüməsi də belədir:
“Allah sizə asanlıq istəyər, çətinlik istəməz”. [Bəqərə, 185]

Sual: Bir yolçu zöhrlə əsri əsrin vaxtında cəm etməyə niyyət edib əsr vaxtı girəndə mukim olsa, zöhrü qəzaya saxladığı üçün günaha girmiş olarmı?
CAVAB
Qəsdən qəzaya buraxmadığı üçün günah olmaz. (Fətavayi-fiqhiyyə)


Belə vəziyyətlərdə Hənbəlini təqlid edərək mukim ikən cəm edə bilər.

Sual: İki namazı, məsələn, zöhrlə əsri zöhrün vaxtında cəm edərkən zöhrün fərzini camaatla, əsrin fərzini tək qılmaq caizdirmi? Yaxud cəmi əsr vaxtı qılarkən zöhrü tək, əsri camaatla qılmaq caiz olarmı?
CAVAB
Bəli, ikisi də caizdir. Yalınz iki fərzi ard-arda qılmaq lazımdır, arada başqa namaz, məsələn, sünnə qılınmaz.


Zöhrlə əsri cəm etmək
Sual:
Bəzən zərurət olanda zöhrü qıla bilmirəm, əsr vaxtı girəndə əsrlə birləşdirirəm. Əsrlə birləşdirə bilmək üçün necə niyyət etməliyəm?

CAVAB
Əsrlə zöhrü birləşdirə bilmək üçün əvvəl “Zöhrü vaxtında qıla bilməzsəm, əsri-əvvəldə qılaram, əsri-əvvəldə də qıla bilməzsəm, əsri-sanidə əsrlə cəm edərəm” deyə düşünmək lazımdır. Sonra da zöhrü qanuni bir səbəblə öz vaxtında qıla bilmədikdə imami-əzəm həzrətlərinin qövlünə uyub əsri-əvvəldə qılmağa çalışmaq lazımdır. Əsri-əvvəldə də qılmaq imkanı olmazsa, onda əsri-sanidə Hənbəli məzhəbini təqlid edib əsrlə cəm edilər. “Bu günkü zöhr namazını cəm edib əsr namazıyla qılıram” deyə niyyət edilir.


Şamı vaxtında qıla bilməyən də işa ilə cəm edə bilməsi üçün belə niyyət edər. Əsrdə olduğu kimi, işada da iki vaxt var. Buna işayi-əvvəl və işayi-sani deyilir. İşayi-sani işayi-əvvəldən sentyabrdan mart ayına qədər 10-12 dəqiqə sonradır. Apreldə 12-14, mayda 14-18, iyunda 18-19, iyulda 15-19, avqustda isə 12-15 dəqiqə sonradır. Həm imami-əzəm həzrətlərinin, həm də imameynin qövlünə tabe olmaq üçün əsri əsri-sanidə, işanı da işayi-sanidə qılmaq yaxşıdır.

Avtomobildə namaz
Sual:
Qış günü əsri qılıb, şamı da evdə qılacağını düşünüb yola çıxan və işa vaxtına evinə çata bilməyən yolda avtomobilində namazını işarə ilə qıla bilərmi?

CAVAB
Namazı cəm etmək avtomobildə işarə ilə qılmaqdan əvvəl gəlir. Evə gedincə işa ilə cəm etmək imkanı varsa, “Namazı işa ilə cəm edəcəyəm” deyə niyyət edər və evə gedincə də cəm edər. İşa vaxtında da evə getmək imkanı yoxdursa, onda məcbur qalıb avtomobilin içində işarə ilə namaz qılar.


Namazları cəm edərkən
Sual:
İş yerində namaz qılmaq imkanı olmayan namazı qəzaya saxlamalıdır, yoxsa zöhr və əsri cəm etməlidir?

CAVAB
Namazı qəzaya saxlamaq böyük günahdır. Əvvəlcə, öz məzhəbimizə görə vaxtında qılmaq üçün bütün imkanlar araşdırılır. Hətta ayaqyolunda belə qılınar. Bu da mümkün olmazsa, Hənbəli məzhəbində belə vəziyyətlərdə mukim ikən də zöhrlə əsri və ya şam ilə işanı cəm etmək caizdir. Zöhrlə əsr zöhrün və ya əsrin vaxtında cəm edilib, yəni birləşdirilib qılına bilər. Cəm edəndə iki namazın fərzi ard-arda qılınır. Arada sünnə və ya qəza namazı qılınmaz.


Zöhrün vaxtında qılınacaqsa, zöhrün fərzi qılındıqdan sonra “Niyyət etdim, Hənbəli məzhəbinə uyub əsri təqdim edərək zöhrün vaxtında qılmağa” deyə niyyət edərək əsr namazı qılınar.

Zöhrü zöhrün vaxtında qılmaq imkanı yoxdursa, “Əsr vaxtı əsrlə cəm edərəm” deyə düşünmək lazımdır. Əsrin vaxtında qılınarkən “Niyyət etdim, Hənbəli məzhəbinə uyub zöhrü təxir edərək əsrin vaxtında qılmağa” deyə niyyət edib zöhr namazı qılınar. Sonra əsr namazı qılınar.

Çətinlik olmadan cəm edilməz
Sual:
Diş plombu və ya başqa bir səbəblə Maliki məzhəbini təqlid edən çətinlik olmasa da, səfərdə zöhrlə əsri və şamla işanı cəm edərək qıla bilərmi?

CAVAB
Xeyr, çətinlik olmadan cəm edilməz. Malikini təqlid edən öz məzhəbindən çıxmış sayılmaz. Çətinlik olmadan Hənəfi məzhəbinə zidd olan hökmlərə uymaq olmaz.


Maliki təqlid edilməsə də, çətinlik olanda o anda üç məzhəbdən biri təqlid edilərək cəm edilə bilər. Cəm etmək üçün çətinlik şərtdir.

Cümə günü cəm etmək
Sual:
Cümə günü zöhrlə əsr namazını cəm etməli olan adam necə cəm etməlidir?

CAVAB
Səfərdədirsə, səfəri olana cümə qılmaq fərz deyil, zöhrü qılmaq fərzdir. Digər üç məzhəbdən birini təqlid edib cüməni qılmaz və zöhrlə əsri cəm edə bilər. Mukim ikən cəm etmək lazım gələrsə, Hənbəli məzhəbi təqlid edilərək cəm edilər.


Mukim ikən cümə namazını qılmamışdan qabaq cəm etməyi tələb edən vəziyyət ortaya çıxarsa, onda cümə namazının fərzini camaatla qıldıqdan sonra cümənin fərzi əsrin fərziylə cəm edilər, arada başqa namaz qılınmaz, başqa şeylər oxunmaz.

Mukim olmaq və cəm
Sual:
Maliki məzhəbində bir ehtiyac olarsa, səfərdə zöhrlə əsr və şamla işa namazlarını cəm etmək caiz olduğuna görə, 10 gün üçün səfərə çıxan Hənəfi ehtiyac halında Malikini təqlid edərək cəm edə bilərmi?

CAVAB
Başqa bir məzhəbi təqlid edən o məzhəbin o xüsusdakı digər şərtlərinə də tabe olmalıdır. Malikidə səfərdə cəm etmək caiz olsa da, giriş-çıxış günləri xaric 4 və ya daha çox günlüyünə səfərə çıxan Malikidə səfəri olmaz. 10 günlük səfərə çıxan da Malikiyə görə səfəri olmayacağı üçün Malikini təqlid edərək cəm edə bilməz. Hənbəlidə isə ehtiyac halında mukim ikən də cəm caizdir. Malikiyə görə səfəri ola bilməyən Hənbəlini təqlid edərək cəm edər. Mukim olacağı üçün cəm edərkən dörd rükət olan fərzləri yenə dörd rükət olaraq qılar.


Mukim ikən cəm
Sual:
Bir zərurət və ya ehtiyac olarsa, mukim ikən Hənbəlidən başqa iki namazı cəm etməyi caiz görən başqa məzhəb vardırmı?

CAVAB
Şəfii və Maliki məzhəbində bəzi vəziyyətlərdə mukim ikən cəm caizdir.


Şəfii məzhəbində:
Şiddətli yağışda yalnız məsciddə camaatla cəm təqdim caiz, cəm təxir caiz deyil. Başqa bir qövlə görə, tək qılan da cəm edə bilər. Bir qövlə görə, xəstəlik halında da cəm etmək caizdir. Bir qorxu səbəbiylə cəm etməyin caiz olduğu kimi, əhəmiyyətli ehtiyac halında mukim ikən də cəm etmək caizdir.


Maliki məzhəbində:
Önəmli xəstəlikdə, qocalıqda cəm edilə bilər. Ayrıca məsciddə camaatla qılarkən qaranlıqla bərabər şiddətli yağış və palçıq olarsa, təqdimlə cəm caizdir, lakin evdə bu caiz olmaz. Cəm edəndə vitr vaxtında qılınar. Vaxtında qılmaq mümkün olmazsa, vitr Malikiyə görə sünnə olduğu üçün qəzası lazım deyil.


Sual: Diş plombu olan xəstə iki namazı cəm etmək üçün niyə Hənbəlini deyil, Malikini təqlid etməlidir?
CAVAB
Çünki qüsldə Hənbəlidə ağzın içini yumaq fərzdir. Plombu olan Hənəfi bu vəziyyətdə Hənbəlini təqlid edə bilməz. Malikidə caiz olduğuna görə, Hənbəlini təqlid etməyə ehtiyac qalmır.


Şəfiidə cəm təqdimin şərtləri
Sual:
“Əbədi səadət” elmihalında “Şəfii məzhəbində yağış səbəbiylə məsciddə camaatla cəm təqdim caiz olsa da, yeddi şərti var” deyilir. Orada bildirilməyən bu yeddi şərt hansılardır?

CAVAB
Yağış səbəbiylə cəm təqdimin yeddi şərti bunlardır:

1- Tərtibə uymaq:
Əsr zöhrün vaxtında qılınacaqsa, əvvəl zöhr sonra əsr; işa da şamın vaxtında qılınacaqsa, əvvəlcə şam sonra işa qılınmalıdır.


2- Niyyət:
Birinci namazda cəm etməyə niyyət etmək lazımdır: Zöhrlə əsr cəm təqdimlə qılınacaqsa, zöhrün vaxtında zöhrün əsrlə birlikdə qılınacağına niyyət edilməlidir. Şamla işa cəm təqdimlə qılınacaqsa, şamın vaxtında şamın işa ilə birlikdə qılınacağına niyyət etmək lazımdır.


3- Ara verməmək:
İki fərz namazı ara vermədən ard-arda qılmaq lazımdır. Aralarında sünnə qılmaq caiz deyil. Araya azan, iqamə və təharət kimi fasilələrin qoyulması caizdir. Məsələn, zöhr namazını qıldıqdan sonra əsri qılmadan dəstəmazı pozulan adamın dəstəmaz almasının cəmə zərəri yoxdur.


4- Uzaqlıq:
Yağış səbəbiylə cəm edə bilməsi üçün məscidin uzaqda olması da lazımdır.


5- Birinci vaxtın çıxmaması:
İkinci namazı qılana qədər birinci namazın vaxtı çıxmamalıdır. Məsələn, zöhrlə əsrin fərzi qılınarkən əsr vaxtı girməməlidir.


6- Birinci namazın səhih olduğunu zənn etmək:
Məsələn, birinci namaz cümə namazı olarsa, cümənin şərtlərinin olmadığı üçün səhih olmadığını bilərsə, cəm caiz olmaz.


7- Namazı camaatla qılmaq:
İmam camaata da niyyət etməlidir. Bu Şəfiidə yağış səbəbiylə cəm etməyin şərtidir. Amma səfərdə cəm edərkən camaatla qılmaq şərt deyil.


Səfəri olan ikinci namaza iftitah təkbiri gətirib başlayana qədər səfər davam etməlidir. İkinci namaza başladıqdan sonra səfər bitsə, cəmə davam edilir. Amma ikinci namaza başlamadan əvvəl səfər sona çatsa, artıq cəm etmək səhih olmaz. Belə vəziyyətlərdə Hənbəli məzhəbi təqlid edilərək cəm edilə bilər. Əgər bir üzrlə bu vaxta saxlanmışsa, günah olmaz.

İki namazı cəm etmək (birləşdirmək)
Sual:
Məzhəblərə görə iki namazı cəm etməyin şərtləri nələrdir?

CAVAB
Cəm etmək iki namazı birləşdirib qılmaq deməkdir.

Əsri zöhrün vaxtında zöhrlə birlikdə və ya işanı şamın vaxtında şamla birlikdə qılmağa cəm təqdim (təqdim edərək cəm etmək) deyilir. Təqdim etmək önə çəkmək, yəni sonrakı namazı önə çəkib əvvəlkiylə birlikdə qılmaq deməkdir.
Zöhrü əsrin vaxtında əsrlə və ya şamı işanın vaxtında işa ilə birlikdə qılmağa cəm təxir (təxir edərək cəm etmək) deyilir. Əvvəlki vaxtdakı namazı təxir edərək sonrakı vaxtdakı namazla birlikdə qılmaq deməkdir.
Sübh namazı başqa vaxtlarla cəm edilə bilməz.
Məzhəblərə görə cəm etmək belədir:

Hənəfi məzhəbində:

Hacılar Ərəfatda xütbə oxuyan imamın arxasında zöhrlə əsri zöhrün vaxtında təqdim edərək qılar. Çadırda camaatla və ya tək qılarkən cəm edilməz.
Müzdəlifədə isə şamla işa işanın vaxtında təxir edib qılınar. Müzdəlifədəki cəm üçün camaatla qılmaq şərt deyil, tək qılan da cəm edə bilər.
Başqa yerdə, başqa vaxtlarda iki namazı cəm edə bilməzlər. Ancaq ehtiyac və zərurət olanda digər məzhəblərdən biri təqlid edilərək qılına bilər.

Maliki məzhəbində:

Cəm edilə bilən durumlar:
1-Səfərdə: Mübah olmayan səfərdə cəm edilməz.
2-Xəstəlikdə: Dəstəmaz alarkən və ayaq üstə namaz qılarkən çətinlik çəkən xəstələr cəm edə bilər.
3-Qaranlıqla yanaşı yolların palçıq olması: Ancaq məsciddə camaatla qılarkən cəm etmək olar. Məsciddə tək namaz qılan adamın iki namazı cəm etməsi caiz olmaz. İmam məsciddə iqamət etsə belə, o camaatla birlikdə cəm edə bilər.
4-Ərəfatda: Həcc etməyə gələn hacıların zöhrlə əsri cəm təqdim etməyi sünnədir.
5-Müzdəlifədə: Həcc ibadətini əda edənin Ərəfatdan ayrıldıqdan sonra, Müzdəlifəyə çatana qədər şam namazını təxir etməsi sünnədir. Müzdəlifədə şam namazını təxir edərək, işa ilə birlikdə imamla cəm təxir edər.

Bu beş şərtdən başqa qocalıqda da təqdim və təxirlə cəm edilə bilər.
Vitr cəm edilməz, vaxtında qılınar. Qılmaq imkanı olmazsa, qəzaya qalması günah olmaz. Evdə qılan cəm edə bilməz. Dəniz səfərində cəm etmək caiz deyil. Ehtiyac olarsa, Şəfii və ya Hənbəli təqlid edilərək cəm edilə bilər. Diş plombu olan Şəfii məzhəbini təqlid edər.

Malikidə iki namazı cəm edərkən:
1-Niyyət: Birinci namaza durarkən cəm etməyə niyyət etmək
2-Tərtibə riayət etmək: Zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq
3-Ara verməmək: İki fərzi ard-arda qılmaq. İki fərzin arasında dəstəmaz almağın və iqamə oxumağın zərəri yoxdur. İkisinin arasında sünnə qılmaq məkruhdur.
Bəzi alimlərə görə, toy kimi bəzi ehtiyac hallarında da mukim ikən cəm caizdir. Plomb dişi olan Hənəfi xəstələnəndə Hənbəlini deyil, Malikini təqlid edərək cəm edə bilər.

Şəfii məzhəbində:

Cəm edilə bilən durumlar:
1-Mübah olan səfərdə:
Çətinlik olmasa da, təqdim və təxir caizdir.

2-Ərəfat və Müzdəlifədə: Təqdim və təxirlə qılına bilər.
3-Şiddətli yağışda: Yalnız məsciddə camaatla cəm təqdim caiz, cəm təxir caiz deyil.
4-Xəstəlikdə: Təqdim və təxirlə qılına bilər.
Bu dörd şərtdən başqa qocalıqda da təqdim və təxirlə cəm edilə bilər.

Şəfiidə cəm təqdimin şərtləri:
1-Niyyət:
Birinci namaza durarkən cəm etməyə niyyət etmək

2-Tərtibə riayət etmək: Zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq
3-Ara verməmək: İki fərzi ard-arda qılmaq. İki fərzin arasında sünnə qılınsa, cəm etmək caiz olmaz, lakin dəstəmaz alıb iqamə oxumağın zərəri yoxdur.
4-İkinci namaza başlayana qədər səfərin davam etməsi.

Şəfiidə cəm təxirin şərtləri
1-
Birinci namazın vaxtı çıxmadan namazı cəm təxirlə qılmağa niyyət etmək.

2-İkinci namaz qılınıb bitənə qədər səfərin davam etməsi.

Hənbəli məzhəbində:

Ərəfat və Müzdəlifədə, mübah olan səfərdə və həmçinin xəstəlikdə, əmzikli olanda, istihazə və sidik, yel qaçırma kimi dəstəmazı pozan üzrlü hallarda, dəstəmaz və təyəmmüm üçün çətinlik çəkəndə, kor halında, yer altında işləyib, namaz vaxtını öyrənməyə aciz qalanda, o cümlədən can, mal və ismətindən qorxu olanda və həyat təhlükədə olanda iki namazı cəm etmək caizdir. Soyuq, qış, yağış, palçıq və fırtınada işanı şamla evdə də cəm etmək caiz, zöhrlə əsr caiz deyil.

Hənbəlidə cəm təqdimin şərtləri:
1-Niyyət:
Birinci namaza durarkən cəm etməyə niyyət etmək

2-Tərtibə riayət etmək: Zöhrü əsrdən, şamı işadan əvvəl qılmaq
3-Ara verməmək: İki fərzi ard-arda qılmaq. Dəstəmaz alıb iqamə oxumağın zərəri yoxdur. Sünnə qılınsa, cəm səhih olmaz.
4-Cəmi tələb edən üzr birinci və ikinci namazın sonuna qədər davam etməlidir.
Ağzında plombu olan Hənəfi xəstə olarkən iki namazı cəm etmək üçün Hənbəlini deyil, Malikini təqlid etməlidir. Çünki Malikidə təqlid imkanı vardır. Malikidə təqlid imkanı olmayanda Hənbəli təqlid edilir.

Hənbəlidə cəm təxirin şərtləri
1-
Birinci namazın vaxtı çıxmadan namazı cəm təxirlə qılmağa niyyət etmək. Lakin vaxt dar olarsa, ikinci namazı önə çəkib birinciylə cəm etmək caiz deyil.

2-Cəm etməyi tələb edən üzr birinci və ikinci namazın sonuna qədər davam etməlidir.

8-03-2020, 07:07
Geri