Gözəl İslam / Qurban üçün vəkalət necə verilir?

Qurban üçün vəkalət necə verilir?

Sual: Qurban üçün vəkalət necə verilir?

CAVAB

Maddələr halında bildirək:

Sual: Qurbanını yardım fondlarına hədiyyə etmək istəyən kimsə necə vəkalət verər?

CAVAB

            Qurbanını bir yardım fonduna hədiyyə etmək istəyən kimsə, qurban pulunu bu işlə vəzifələndirilən şəxsə təslim edərkən, Allah rizası üçün bayram qurbanımı almağa, aldırmağa, kəsməyə və istədiyinə kəsdirməyə, ətini və dərisini dilədiyinə verməyə səni ümumi vəkil etdim deməlidir. Vəkalət məktubla, faksla, e-maillə və ya telefonla da verilir. Qurban pulu əvvəldən verilə bildiyi kimi daha sonra da göndərilə bilər. Vəzifələndirilən şəxs satın aldığı qurbana bir nömrə bağlayar. Bu nömrəni və qurban sahibinin adını dəftərə yazar. Kəsilərkən sahiblərinin adını söyləyərək qəssabları vəkil edər. Ancaq belə kəsilən qurbanlar səhih olar.

Qurban vəkaləti

Sual: Qurban satın almaq üçün ümumi vəkil olan kimsə bir başqasına, o da bir başqasına  ümumi vəkalət verə bilər?

CAVAB

  1. Əbədiyyədə, İbni Abidindən alaraq deyilir ki:

            Vəkil sahibinin icazəsi ilə başqasını vəkil edə bilər. Qurban satın almağa vəkil olan başqasını, bu da başqasını vəkil edib sonuncu vəkil satın alsa, sahibi icazə verərsə caiz olar. (Rədd-ül-muxtar)

            Demək ki, ümumi vəkil ediləndə zəncirləmə vəkalət verilə bilir. Ümumi vəkil olmayanda, sonuncu vəkilin vəkalət verəndən icazə alması lazımdır, amma ümumi vəkalət veriləndə, avtomatik olaraq sonuncuya icazə verilmiş olur. Bu incəlik bilinməyəndə, vəkalət səhih olmaz zənn edilir.  Belə səhv düşünənlərə etibar etməmək lazımdır.

Sual: 7 nəfərik. Kəsəcəyimiz qurbanı paylaşdırmanın asan bir yolu vardırmı?

CAVAB

            Asan yolu var. Ortaqlar ilk sizə vəkalət verərkən, Bayram qurbanımı kəsməyə, kəsdirməyə, ətini və dərisini istədiyin kimi istifadə etməyə səni ümumi vəkil etdim deyərlərsə, artıq ət də sizin olar, istədiyinizə istədiyi qədər verə bilər və ya verməyə bilərsiniz. Ət sizin deməkdir. Heç ayırmadan eləcə kasıblara da verə bilərsiniz. Yeddi ortağa göz qərarı ilə də verə bilərsiniz.

Sual: Bir nəfər nəzir heyvanı, biri əqiq, biri də bayram qurbanı kəsməyim üçün mənə vəkalət verdi. Alacağım inəyə bunları da ortaq etməyim caizdir?

CAVAB

            Bəli, caizdir.

Sual: Qurban vəkalətimi verdiyim adam, 3 dəfə “qəbul etdim” deməsi lazımdırmı?

CAVAB

            Xeyr, bir dəfə demək kifayətdir. Başını sallaması da kafi olar və ya etiraz etməməsi qəbul etməsi deməkdir.

Sual: 7 nəfər vacib qurbanlarını almağa, aldırmağa, kəsməyə, kəsdirməyə, əti paylamağa birisini ümumi vəkil etsə, bu 7 nəfərdən birinin vəkaləti vacib deyil nəzir olsa, bu kəsilən buğanın əti kasıblarla birlikdə zənginlərə də verilmiş olsa, nə olar?

CAVAB

            Nəzir olan payı kasıblara verməsi lazımdır.  Zənginlərə yedirərsə yedirdiyi qədərini ödəməsi lazımdır. O qədər ət alıb kasıblara verməsi lazımdır. Qurbana zərər gəlməz.

Sual: Bir kimsə vətəni-əslisinin xaricində, məsələn Bakıda yaşayan Gəncədə yaşayana  vəkalət verib orada kəsdirə bilər?

CAVAB

            Bəli, kəsdirə bilər, özü mukim (səfəri olmayan) isə vacib savabı alar, özü səfəri isə nafilə savabı alar.

Sual: Almaniyadan qurbanın pulunu Azərbaycana, vətənimə göndərdim. Onlar da qurbanlıq heyvanı alıb kasıb müsəlman bir ailəyə vermişlər. Əlbəttə, bu qurban mənim adıma kəsilir, etdiyimiz bu iş caizdir?

CAVAB

              Qurban vəkalət verənin adına kəsilirsə, əti kimə verilərsə verilsin qurban səhihdir. Kəsilməyib canlı bir heyvan birinə hədiyyə edilərsə, qurban olmaz, heyvan hədiyyə edilmiş olar. Adınıza qurban deyə kəsilmiş isə səhih olar.

Sual: Bəzi səbəblərdən vəkaləti verərkən əsl adı verilməyib ləqəb bir ad verilə bilər?

CAVAB

            Bəli, ləqəb ad da verilə bilər. Çünki Allahu təala onu kimin verdiyini bilir.

Sual: Qurban vəkaləti verərkən: Mənim qurbanımı al, kəs, payla, bu vəzifəni sənə verirəm deyilmiş, ümumi vəkalət kəliməsindən istifadə edilməmişdir. Vəkil edilən adam da mən sənin qurban işini həll edəcəyəm demiş, o da yaxşı, istədiyin kimi et demiş. Bu vəziyyətdə ümumi vəkil olmuş sayılar?

CAVAB

            Bəli, ümumi vəkil olmuş deməkdir.

Sual: Bir dərnəkdə qurban vəkaləti alırıq. Bəzi kəslərə, “Qurbanını almağa, kəsməyə, kəsdirməyə mənə vəkalət verdinmi?” deyirik. Sadəcə bəli deyirlər. O cümləni təkrar etmirlər. Belə bir vəkalət səhih olar?

CAVAB

            Səhih olar.   

Sual: Ailəcə qurbanlarımızı həmişə vəkalətlə məmləkətdə kəsdiririk. Bəzi kimsələr ağlımızı qarışdırdılar. Bir qəza keçirmişdim. “Bax, qurbanlarınızın kəsildiyini belə görmədiniz. Qurban bəlaları dəf edər. Sizinki bəlkə də qəbul olmadı. Bu il qurbanınızın qanını görün, öz əlinizlə alın kəsdirin” dedilər. Görəsən, qurbanı görmək, kəsərkən yanında olmaq şərtdir?

CAVAB

            Elə bir şərt yoxdur. Qurbanın qanını görməyəndə qurban qəbul olmaz deyə bir şey yoxdur. Vəkil, əsl kimidir. İmkanı varsa qurbanın yanında olması yaxşı olar.

Sual: Almaniyada çalışıram və qurbanımı Azərbaycanda olan bacıma göndərməyim üçün nə etməliyəm?

CAVAB

            Bacınıza bir qurban pulu göndərərsiniz. “Mənim adıma bir qurban almağa, ətini və dərisini istədiyin yerə verməyə səni ümumi vəkil etdim” deyərsiniz. O da bir qurbanlıq aldırar, istədiyinə kəsdirər. Ətini də istədiyi kimi yeyər. İstəyərsə başqasına da verə bilər.

Sual: Bir nəfər qurban vəkaləti verdi, fəqət, pulunu əskik verdi. 100 manatı sonra verəcəyəm dedi, verə bilmədi.  Başqa iki yoldaş 100 manatı verdi. Bunu aparıb verdik, bu oldumu?

CAVAB

            Bəli. Qurban vəkaləti verənin pul vermə şərti yoxdur. Əgər gücünüz çatırsa, kəsəcək pulunuz varsa, o adamdan heç pul almasanız da onun qurbanı səhih olar.

Sual: Zəngin, səfərdə ikən, qurbanını vəkilə kəsdirsə, nəzir olar?

CAVAB

            Xeyr. Nafilə olar.

Sual: Birisinə, “Mənim üçün qurban al, kəs” dedim. Alıb kəsmiş. “Alacağımı da hədiyyə etdim” dedi. Qurban səhih oldu?

CAVAB

            Bəli.

Sual: Birinə “Mənə bir qoyun gətir. Fəqət, bayramdan əvvəl gətirmə! Baxacaq yerim yoxdur” dedim. O da, mən yox ikən, bayramdan əvvəl evə buraxıb gedib. Qoyun gecə ölüb. Bu qoyunu kim ödəyər?

CAVAB

            Alış-veriş olmamışdır. Siz ödəməzsiniz.

Sual: Zəngin, bayramın ilk günü qurbanını kəsmək üzrə birinə vəkalət versə, vəkil də kəsməsə, bayram da keçmiş olsa nə etmək lazımdır?

CAVAB

            Bu heyvanı sədəqə vermək lazımdır. Heyvan alınmamışsa əvəzi qızıl olaraq yenə bir kasıba verilir. Beləcə borcdan xilas olmaq mümkün olar isə də, qurban savabına qovuşa bilməzlər.

Sual:  Xanımımdan vəkalət almadan onun adına vacib qurban kəsməsi üçün bir nəfərə vəkalət verdim. Sonra xanımdan vəkalət aldım. Belə etməyim səhih oldu?

CAVAB

            Sonra xanımınız bunu qəbul etmiş isə səhih olar.

            Birisini vəkil etmək, zərurət və qəbul ilə olar. Yəni, “Səni vəkil etdim” və “Qəbul etdim” sözləri və ya yazıları ilə olar. Vəkil, cavab vermədən işi etməyə başlayarsa, qəbul etmiş olar. İş xəbərsiz edildikdən sonra sahibinin icazə verdim deməsi ilə də vəkil etmiş olar. (S. Əbədiyyə)

Ümumi qurban alınıb kəsilərkən

Sual: Qurbanların vəkalət yolu ilə ümumi kəsiləcəyi yerlərdə qurbanları satın alarkən qurban sahibləri adına satın almaq şərtdir?

CAVAB

            Şərt deyildir.  Bu lazımsız bir iş olar. Qurban satın alınarkən, məsələn “Bayram günü kəsməsi vacib olan qurbanı almağa” deyə niyyət etmək lazımdır. Nəzirdirsə, əqiqdirsə, nafilədirsə, ona görə niyyət etməlidir. Kəsərkən təkrar niyyət etmək şərt deyildir. Satın alarkən heç niyyət etməsə də olar, fəqət, kəsəcək olanı vəkil edərkən niyyət etməlidir. İkisindən biri yetər.

Sual: Ümumi olaraq qurbanlıqları satın alan kimsənin kəsilmədən əvvəl, kəsən kimsəyə bir-bir satış etməsi lazımdırmı?

CAVAB

            Xeyr, lazım deyil. Bu da yuxarıdakı kimi lüzumsuzdur. Vəkil əsl kimidir. Vəkil, vəkalət verəndən pul alsa da, almasa da, onun adına qurban kəsərsə, qurban səhih olar. Mütləq pul alması da lazım deyildir. Vəkil heyvanları kəsənə, vəkalət verərək kəsdirə bilər. Bu yetər, amma belə edilsə də olar:

            Vəzifəli, satın aldığı qurbanlara bir-bir nömrə bağlayar. Vəkil əsl kimi olduğu üçün dəftərə yazdığı hər nömrəyə bir qurban sahibinin adını yazar. Hər nömrəli heyvan kəsilərkən, sahiblərinin adını söyləyərək qəssabları vəkil edər. Yaxud nömrə yazılı kağızı qəssablara verər, bunları bu şəxslər adına kəsməyə səni vəkil etdim deyə bilər. Kəsənə qurbanı satmaq lüzumsuz bir işdir. Əsl kimi olan vəkil, onsuz da bunları satın almışdır. Təkrar kiməsə satması lazım deyil. Satın aldığı heyvanları kəsdirməsi kifayətdir.   

Qəssaba vəkalət

Sual: Qurbanı qəssaba aparıb, “Bunu kəs!” deməklə vəkalət verilmiş olar?

CAVAB

            Bəli, olar. Bunun kimi, bir kimsə birinə, “Qurban işimi həll et!” desə vəkalət vermiş olar. Vəkil bir heyvan alıb kəsə bilər. “Qurbanı almağa aldırmağa, kəsməyə kəsdirməyə, ətini istədiyin kimi istifadə etməyə səni ümumi vəkil etdim” demək şərt deyildir. Deyilərsə daha yaxşı olar.

Qurban üçün vəkalət

Sual: Birisinə qurbanlıq heyvanı satın alıb kəsməsi üçün, “Mənim qurban işini həll et” deyilsə, vəkalət verilmiş olar? O kimsə, satın alar, kəsər və ətini bizə gətirər. Bu qurbanlıq səhih olur?

CAVAB

            Bəli, elə söyləməklə vəkalət verilmiş olar. Vəkil, onun adına bir heyvan alıb kəsə bilər. Hətta pul almasa da qurban dinə uyğun kəsilmiş olar. “Qurbanı almağa, aldırmağa, kəsməyə kəsdirməyə, ətindən istədiyin kimi istifadə etməyə səni ümumi vəkil etdim” demək şərt deyildir. Deyilərsə daha yaxşı olar. Deyilməzsə də qurban yenə səhih olar.

Qurban pulu azdırsa

Sual: Vəkalətlə qurban kəsirik. Məsələn, hər qurbana 100 manat göndərirlər. 100 manata qurban almağımız imkansızdır. 50 manat özümüz əlavə edərək 150 manata alsaq və ya bir heyvan üçün 1000 manat verən də olsa, biz ona bir dənə qurban kəssək, dinən bir zərəri olar?

CAVAB

            Vəkil, əsl kimidir. Birisinə vəkalət verəndə ona pul versək də, verməsək də az versək də, çox versək də kəsilən qurban səhih olar. Bunun kimi birinə heç pul vermədən,  “Zəkatımı ver!” desək, o da bizim adımıza zəkat versə, zəkatımız verilmiş olar. Bu işlərin pulla deyil, vəkalətlə əlaqəsi vardır. Vəkil bu işləri pulla da, pulsuz da, özü pul əlavə edərək də bilər.

Qurbanda vəkil

Sual: İbni Abidində, “Qurban satın almağa vəkil olan başqasını, bu da başqasını vəkil edib, sonuncu vəkil satın alsa, sahibi icazə verərsə caiz olar” deyilir. Buna görə bir vətəndaşın bir vəqf (fond) səlahiyyətlisini və ya səlahiyyətlərinə verdiyi vəkalətlə vəkil edilən adam başqasını vəkil edib o alsa, sahiblərindən icazə almadığı üçün o iş caiz olmur. Vəqflər, dərnəklər niyə səhv iş edirlər?

CAVAB

            Səhv edilmir. Vəqfin səlahiyyətlisinə vəkalət verən, yalnız satın almağa vəkil etmir. Qurbanı almağa, aldırmağa, kəsməyə, kəsdirməyə, ətini və dərisini istədiyi kimi istifadə etməyə ümumi vəkil edir. Vəkil edən onsuzda sonuncu vəkilə də icazə vermiş olur. Ayrıca icazə almaq lazım deyil.

14-03-2018, 16:05
Geri