Gözəl İslam / Vida xütbəsi

Vida xütbəsi

Həmd, Allahü təalaya məxsusdur. Ona həmd edir, Ondan əfv diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərlərindən və əməllərimizin günahlarından Allahü təalaya sığınırıq. Allahü təalanın doğru yola gətirdiyini azdıracaq, azdırdığını da doğru yola gətirəcək yoxdur. Şəhadət edirəm ki, Allahü təaladan başqa ilah yoxdur. O, birdir. Onun bənzəri, ortağı yoxdur və yenə şəhadət edirəm ki, Muhamməd [əleyhissalam] Onun qulu və rəsuludur.
Ey Allahın qulları! Sizə, Allahü təaladan qorxmanızı və Ona itaət etmənizi vəsiyyət edirəm.
Ey insanlar! Sözümü yaxşı dinləyin! Bilmirəm, bəlkə bu ildən sonra sizinlə burada əbədi olaraq bir daha görüşə bilməyəcəyəm.
Bu günləriniz necə müqəddəs bir gündürsə, bu aylarınız necə müqəddəs bir aydırsa, bu şəhəriniz [Məkkə] necə mübarək bir şəhərdirsə, canlarınız, mallarınız, namuslarınız da belə müqəddəsdir. Hər cür təcavüzdən qorunmuşdur.
Ey Əshabım! Sabah Rəbbinizə qovuşacaqsınız və bu gün etdiyiniz hər hal-hərəkətinizdən mütləq sorğu-sual olunacaqsınız. Amandır, məndən sonra keçmiş dəlalətlərə geri dönüb, bir-birinizin boynunu vurmayın! Bu vəsiyyətimi burada olanlar olmayanlara çatdırsın! Ola bilər ki, bildirilən kimsə, burada olub eşidəndən daha yaxşı anlayaraq mühafizə etsin.
Ey Əshabım! Kimin yanında bir əmanət varsa, onu sahibinə versin! Faizin hər çeşidi aradan qaldırılmışdır, ayağımın altındadır. Lakin borcunuzun əslini vermək lazımdır. Nə zülüm edin, nə də zülmə uğrayın. Allahü təalanın əmrilə faizçilik artıq qadağandır. Cahiliyətdən qalma bu çirkin adətin hər növü ayağımın altındadır. İlk ləğv etdiyim faiz də Abdülmuttalibin oğlu Abbasın faizidir.
Ey Əshabım! Cahiliyyət dövrində güdülən qan davaları da tamamilə ləğv olunmuşdur. Ləğv etdiyim ilk qan davası Abdülmuttalibin nəvəsi İyas ibn Rəbianın qan davasıdır.
Ey insanlar! Müharibə edə bilmək üçün haram ayların yerlərini dəyişdirmək küfürdə çox irəli getməkdir. Bu, kafirlərin dəlalətə düşürüldükləri bir şeydir. Bir il halal qəbul etdikləri bir ayı, o biri il haram elan edirlər. Cənab Haqqın halal və haram qıldıqlarının sayına uydurmaq üçün bunu edirlər. Onlar, Allahü təalanın haram qıldığını halal, halal qıldığını da haram edirlər. Əlbəttə zaman Allahü təalanın yaratdığı gündəki şəkil və nizamına dönmüşdür.
Ey insanlar! Bu gün şeytan artıq bu ərazidə əbədiyyən ona tapınmaqdan ümidini kəsmişdir. Lakin, sizin əhəmiyyətsiz gördüyünüz şeylərdə ona itaət davam edəcək, bu da onu məmnun edəcəkdir. Dininizi qorumaq üçün bunlardan da çəkinin!
Ey insanlar! Qadınların haqlarına riayət etməyi və bu xüsusda Allahü təaladan qorxmanızı vəsiyyət edirəm. Siz qadınları Allahü təalanın əmanəti olaraq aldınız, onların namuslarını və iffətlərini Allahü təala adına söz verərək özünüzə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız olduğu kimi, onların da sizin üzərinizdə haqları vardır. Sizin qadınlar üzərindəki haqqınız, onların sizə xəyanət etməmələri, xoşlamadığınız adamları izniniz olmadıqca evlərinizə buraxmamalarıdır. Əgər gəlməsinə icazə vermədiyiniz bir adamı evinizə buraxsalar, Allah, sizə onları bundan çəkindirmənizə icazə vermişdir.
Qadınların da sizin üzərinizdə haqları vardır. Onların adət-ənənəyə uyğun hər cür yemək və geyimlərini təmin etməlisiniz.
Sizə elə bir şey qoyuram ki, ona möhkəm sarıldıqca səhv yola düşməzsiniz. O da, Allahın Kitabı və Rəsulunun Sünnətidir.
Ey möminlər! Sözümü yaxşı dinləyin və yaxşı mühafizə edin! Müsəlman, Müsəlmanın qardaşıdır və beləliklə, bütün Müsəlmanlar qardaşdır. Əgər öz könül xoşluğu ilə sizə verməsə, din qardaşına aid hər hansı bir haqqa təcavüz başqasına halal deyildir.

Ey Əshabım! Nəfsinizə (özünüzə) də zülüm etməyin. Öz üzərinizdə də haqlarınız var.
Ey insanlar! Allahü təala hər haqq sahibinə haqqını vermişdir.
Ey insanlar! Rəbbiniz birdir. Atanız da birdir, hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdandır. Allah qatında ən dəyərliniz, təqvası çox olan Müsəlmandır. Ərəbin ərəb olmayana bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.
Əlil zənci bir kölə başınıza əmir olaraq təyin edilsə, sizi Allahın kitabı ilə idarə etsə, onu dinləyin və itaət edin.
Təqsirkar, öz təqsirindən başqa şeylə təqsirləndirilə bilməz. Ata, oğlunun təqsiri ilə, oğlu da atasının təqsiri ilə təqsirləndirilə bilməz.
Ey insanlar! Diqqətli olun! Bu dörd şeyi qətiyyən etməyin:
1- Allaha heç bir şeyi ortaq qoşmayın.
2- Allahın haram qıldığı canı haqsız yerə öldürməyin.
3- Zina etməyin.
4- Oğurluq etməyin.
La ilahə illallah, Muhammədün rəsulullah deyənə qədər [yəni Müsəlman olana] qədər insanlarla cihad etməklə əmr olundum. Onlar bunu söylədikləri zaman qanlarını və mallarını qorumuş olurlar. Mənfəətələri isə Allahü təalaya aiddir.
Ey insanlar! Sabah sizdən mənim haqqımda soruşacaqlar, nə deyəcəksiniz?
Əshabı-kiram, “Allahü təalanın dinini təbliğ etdin. Vəzifəni yerinə yetirdin. Bizə vəsiyyət və nəsihət etdin, deyə şəhadət edəcəyik” dedilər.

Bundan sonra Rəsuli-əkrəm (sallallahü aleyhi və səlləm) əfəndimiz, mübarək şəhadət barmağını qaldıraraq camaatın üzərinə çevirib endirdilər və “Şahid ol ya Rəbb! Şahid ol ya Rəbb! Şahid ol ya Rəbb!” dedilər.

Vida xütbəsi və vəhhabilər
Sual:
 Vida xütbəsində, “Şeytan artıq bu bölgədə, əbədiyyən ona sitayiş etmənizdən ümidini kəsmişdir” deyilir. Bir daha burada, mübarək bölgələrdə, kafirlərin hakimiyyət qurmayacağı nəzərdə tutulur?

CAVAB
Bu hədisi-şərifin şərhlərində, Məkkə və ətrafında, artıq bütə tapınmaq şəklində küfrə dönülməyəcəyi, yəni orada, keçmişdə tapınılan bütlərə, geri dönüş olmayacağı, şəklində açıqlanmışdır. O hədisi-şərifin tamamı belədir:

“Şeytan, artıq bu bölgələrdə, əbədiyyən, ona sitayiş etmənizdən ümidini kəsmişdir. Lakin, sizin əhəmiyyətsiz gördüyünüz şeylərdə, ona itaət davam edəcək, bu da onu məmnun edəcək.” [Müslim, Tirmizi]

Burada, “Şeytana itaət edənlər olacaq, bu da, onu məmnun edəcək” deyilir. Həmçinin, “önəmsiz şeylərdə” deyilmir, “sizin əhəmiyyətsiz gördüyünüz şeylərdə” deyilir. Bu da şeytana itaət ediləcək xüsusların mühüm olduğunu göstərir. Yəni, şeytana itaət edənlər, onun hiyləsinə düşüb, özlərini Müsəlman zənn edəcəklər, ibadət edəcəklər, amma etiqadlarının yanlışlığı üzündən həlak olacaqlar. Vəhhabilər, Vəhhabi olmayan Müsəlmanlara müşrik, yəni kafir deyərək, şeytanı məmnun etməyə davam edəcəklər.

23-03-2022, 13:55
Geri